Azərbaycan Almatı Beynəlxalq Animasiya Festivalında təmsil olunub

 

 

Qazaxıstanda 2-ci Almatı Beynəlxalq Animasiya Festivalı keçirilib. Ölkəmizi festivalda Azərbaycan Animasiya Assosiasiyasından sədri Rəşid Ağamalıyev və Assosiasiyanın üzvü Nəzrin Ağamalıyeva təmsil ediblər.

Azərbaycan Animasiya Assosiasiyasından AzərTAC-a bildirilib ki, festivalın beynəlxalq münasiflər heyətinə Rəşid Ağamalıyev rəhbərlik edib.

Açılış mərasimində festivalın direktoru Anita Chernykh, proqram direktoru Ivan Ardaşov və təsisçisi Anuar Kenzhibayev çıxış ediblər.

Sonra müsabiqə proqramı üzrə “Ən yaxşı tələbə animasiya filmi” kateqoriyasına daxil olan filmlər nümayiş etdirilib.

Üç gün davam edən festivalda yerli, xarici və Mərkəzi Asiya dövlətlərinin filmləri nümayiş etdirilib, ustad dərsləri təşkil olunub.

Festival çərçivəsində 2023-cü ildə Almatı Animasiya Festivalının “Ən yaxşı vizual həll” mükafatı alan “Hədis” animasiya filminin müəllifi Nəzrin Ağamalıyeva ustad dərsi keçib. Ustad dərsindən sonra “Hədis” animasiya filmi yenidən nümayiş olunub.

Festivalın bağlanış mərasimində beynəlxalq münasiflər heyətinin sədri Rəşid Ağamalıyev və münsiflər heyətinin üzvləri Anna Popova, Çingiz Asanaliev və Almaz Kosobaev qalibləri elan ediblər.

Qaliblər “Ən yaxşı Mərkəzi Asiya və MDB Animasiyası”, “Ən yaxşı sənədli animasiya” “Ən yaxşı tələbə animasiya”, “Ən yaxşı beynəlxalq animasiya”, “Ən yaxşı eksperimental animasiya”, “Ən yaxşı animasiyalı musiqi videosu” kateqoriyasında mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.