Nemət Tahir, “Ədəbiyyat və incəsənət”in Qarabağ bölməsi
Nadir Qədimli ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmuna, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan DövlətTeleviziyasının diqqətindən yayınmır. Tamaşa AzTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.
Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötənilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib.
44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olunub. Üstəlik, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “Fəxri Diplom”una layiq görülüb.
İndi isə keçək xəbərimizə. Bu isti yay günlərində Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ”Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur. Kitabda şairin müxtəlif mövzularda olan şeirləri toplanıbdır. Həmişə Vətən həsrəti ilə yaşayan şairin şükür ki, arzuları çin oldu. 30 illik həsrət vüsalə döndü. Ancaq Nadir Qədimin bu səpkili şeirləri işğal dövrünü özündə yaşadan həsrət nəğmələri və tarixdir:
Hər çiçək gözümdə bir dərd topası,
Oydu bu içimi dərd oyum-oyum.
İstədim boylanam dağlara sarı,
Dağların boyuna, çatmadı boyum.
Hər bahar qəlbimdə ümid göyərir,
Hər bahar qəlbimdə bir ümid solur.
Deyirəm gələn yaz yurda gedərik,
Nə yazım yaz olur, nə yurd, yurd olur.
Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:
Dərd əhliyəm, dərdlər yatır sinəmdə,
Yadlar qurub alaçığın binəmdə,
Mən hansı dərdimə dərman tapmışam?
Bir danışam, bir sevinəm, güləm də!
Başqa bir şeirdə şairin iç dünyasında yaşadığı qəm, kədər, dərd və həyatın çətinlikləri poetik şəkildə təsvir olunub. Zamanın dəyişməzliyi, məhəbbətə və arzuyaçatma çətinlikləri, dost və qardaş münasibətləri qabarıq təsvir olunur:
Ömrümə çalınan qəm havasına. Yaxınım bildiyim sirdaş oynayır. Zamanın hökmünə neyləmək olar. Qardaşın qanıyla qardaş oynayır. Dünyaya gəlmişəm bilməm nə haxla.. Savaşa çıxmışam dərdlə, nahaqla.. Ay başım, başını salamat saxla.. Başının üstündə bir daş oynayır.
Şair başqa bir şeirində insanın ömrünün boşuna xərclənməsindən, həyata dair arzularının gerçəkləşməməsindən və ümumi çətinliklərdən bəhs edən şair öz həyatının çətinliklərini və ümidsizliyini ifadə edir, həyatın çətinliklərini və insanın çarəsizliyini təsvir edir, Allahdan kömək umur:
Havayı xərclənən ömür,
havada qaldı, Allahım!
Canıyla əlləşən canım
Davada qaldı, Allahım!
Yollar yolumu qucmadı,
Yolsuz yolumdan qaçmadı,
Arzular qanad açmadı,
Yuvada qaldı ,Allahım!
Dönük çıxma kökə, soya,
Kim unuda, kim də saya,
Üzlərdəki abır- həya
Obada qaldı,Allahım!
Halal-haqqı üzə dedim,
Dərdimi dənizə dedim,
Bir də gördüm son ümidim-
Adada qaldı, Allahım!
Şair Vətən müəharibəsindən sonra dağlara gedib bənövşə axtarır, ancq uşaqlığındakı, gəncliyindəki dağları görə bilmir və sanki Aşıq Ələsgərin taleyini yaşayır və öz dərdini “Bənövşə” adlı şeirdə bənövşənin təbiətdəki yoxluğunu və bunun səbəblərini təsvir edir. Şeirin müəllifi bənövşənin qar və kol altında gizləndiyini, lakin onu tapa bilmədiyini qeyd edir. Şeir bənövşənin həsrətində olan ürəyin narahatlığını və təbiətin bu gözəlliyindən məhrum olmağı vurğulayır. Bənövşə bahardan küsərək bitməyi dayandırmış kimi təsvir olunur. Bu çiçəyin taledən və boynubükük qalmaqdan yorulduğunu, insanların dərdini öz dərdlərindən üstün tutduğunu bildirir. Şeirdə bənövşənin dərdini heç kimin bilmədiyi və şəhidlərin xətrinə bitmədiyi ifadə olunur:
Gözlərim qar altında,
gözlərim kol dibində.
ürəyim hey uçunur,
bənövşə həsrətində.
ha gəzdim addım-addım,
ha baxdım maddım-maddım,
arzum kama yetmədi.
deyən bahardan küsüb,
heç bənövşə bitmədi..
o da bezdi taledən,
boynubükük qalmaqdan.
öz dərdini unudub,
bizləri ağlamaqdan.
bənövşə bəndə düşdü,
qəlbi yaman üşüdü.
bənövşə "can" bənövşə,
bənövşə."qan bənövşə"!
zaval dəydi ətrinə,
dərdi kimsə bilmədi.
Şəhidlərin xətrinə
bənövşələr bitmədi....
Ümumiyyətlə, Nadir Qədimlinin şeirləri və əsərləri, onun dərin duyğularını, vətən həsrətini və insanlıq dərdlərini ifadə edir. O, şeir və dramlarında Qarabağın ağrı-acılarını, insanların çəkdiyi əzabları və arzu dolu ümidlərini təsvir etməyi bacarıb. Qədimlinin əsərləri oxucunu onun daxili dünyasına, vətənə və insanlığa olan sevgisinə aparır. Şairin əsərləri Azərbaycan ədəbiyyatının zənginliyini və dərinliyini artırır. Onun yaradıcılığı, keçmişin ağrılarını və gələcəyə olan ümidləri canlı tutaraq oxuculara dərindən təsir edir. "Ürəyimə yağan yağış" kitabı da bu mənada dərin mənalı və təsirli əsərləri özündə cəmləşdirir. Qədimlinin şeirlərindəki duyğular, oxucunun qəlbində əks-səda taparaq, onun əsərlərinin dəyərini və əhəmiyyətini bir daha göstərir.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)