“Yumurta genosidi” - NOVELLA Featured

Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz rayondan Bakıya köçməmişdən əvvəl mənim böyükəmim xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Əmimin yası olan vaxtı mənim hələ 10 yaşım var idi və mən evdə yas vaxtı gətir-götür işlərini görürdüm. Bildiyiniz "Bəyin oğurlanması" filmindəki Miriş kimi hiss edirdim özümü.

Bizim evimiz əmimin evi ilə qonşu idi və evlərin sıxlığı nəzərə alınaraq kişilər əmimgildə, qadınlar isə bizim evdə  əyləşmişdilər. Bizim ev daha əlverisli olduğu  üçün Bakıdan gələn qonaqlar bizim evdə gecələməli oldular.

 Qonaqlar Bakıya aparacaqları lazımlı olan yüklərini, "kənd məhsulları"nı bizim evdə saxlayırdılar.

Özləri üçün həm dad baxımından, həm də maddiyat baxımından daha əlverisli olan yumurta almaq qərarına gəlib anamla danışdılar, yumurta almaq istədiklərini deyəndə, anam da: - Ay qızlar, narahat olmayın, başınıza dönüm, mən tapacam sizinçün, - deyib qohumlarımızın ürəyinə sərin su səpdi ki, yumurta işini həll edəcək.  Daha haradan biləydi ki, nələr olacaq....

Anamın "böyük axtarışları" nəticəsində lazım olacaq qədər, yəni  100 ədəd yumurta tapıldı və mənim qaldığım otağın bir küncünə saxlamağa qoyuldu. Mən əl uşağı olan Miriş vəzifəmdən yorulub bir az dincəlmək üçün otağıma daxil olmuşdum ki, gözümə yimurtalara sataşdı, 100 ədəd yumurtanı gördüm. Mən o zaman bu yumurtaların bizim olduğunu sanmışdım... Qismət, belə deyilmiş. Otaqda bu qədər yumurtanı bir yerdə gördüyüm an gözlərimə işıq gəldi, əcəl girlədi məni, sanki gedib qaldım yumurtaların yanında. Bir az fikirləşdikdən sonra ikisini götürüb toqquşdurdum, bu yumurtalararası savaşdan nə qədər ləzzət aldığımı sözlə ifadə edə bilmərəm. Bu zaman mənim iki bacım da otağıma daxil olub nəsə oynamaq istəyirdilər ki, bu cür "gözəl turniri" görüb sevindilər, biri sağ, digəri də sol yanımda əyləşdilər, astaca sual verməyə başladılar

 Sağ tərəfimdə əyləşən:

-Meri qaqa, bu yumurtalar haradandır, noolar de də. Ay Meri qaqa!

 Sol tərəfimdə əyləşən:

-Meri qaqa, biz də oynaya bilərik sənlə?

Mən: -Hə, oynayaq, bacı, sən bunu tut, -deyib sola əlimi uzadaraq yumurtanı verdim.

 Sonra sağa əlimi uzadıb: -Bacı, sən də bunu tut, baxın ha, ikinizə də deyirəm, yumurtanı toqquşduranda elə vurun ki, cığallıq olmasın, düzgün oynayaq, -dedim. 

Və qıraqda hakim ədası ilə dayanıb yumurtaların bir-birinə dəyib şakkıltı ilə qırılmasını seyr edirdim. 

Bu "yarışa" sonra mən də qoşuldum. Necə maraqlı idisə 20-dəqiqəyə yumurtaların hamısın qırıb bitirdik.

Həm də ki, toqquşduranda "qayda pozuntusu" edib cox sınan yumurtanı bilinməsin deyə həyətə atırdıq. Yumurtaların axırına cıxandan sonra getdik həyətə oynamağa .

 Yarım saat keçməmişdi yuxarıdan bir çığırtı səsi gəldi ki, qulaqlarım tutuldu. Həyəcandan bilmədim nə edim, birbaşa qaçdım əmimgilin evinə.

Bir də eşitdim ki, evdən məni çağırırlar, artıq hər şeyin fərqinə rahatlıqla varırdım, həmin  vaxdı ürəyim bəlkə də dəqiqədə 300 dəfə döyünürdü. Bu həyəcanla qayıtdım evə, evdəkilər məni görcək atıldılar üstümə, şikarını görən aslanlar kimi bir sağdan, bir soldan, vurmağa başladılar. Daha məni öldürməkdən betər etdilər. Həmin iki bacımı da anam baş-başa elə vurdu ki, gözlərindən qığılcım çıxdı. Kimsə onların gözlərinə baxsa idi, o zaman "qızların gözlərindən işıq çıxır, yəqin ki, istedad işıqıdır" deyə düşünərdilər. Həmin günü ancaq yükün böyük qismi mənim çiyinlərimə düşmüşdü, bacılarım zərif cins olduqları üçün yalnız baş-başa toqquşma ilə sonlandılar, amma mən oğlan və bir az da dəcəl olduğum üçün tənbehlə şiddətli döyülmək hissini eyni anda yaşadım. Həmin günü əmimin ölümü və yumurta əhvalatından dolayı, içimdə qarışıq hisslərim var idi.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.