Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Artıq 4 ildir ki, bütün dünya Azərbaycanın mübariz oğullarının döyüş meydanındakı cəsarətindən danışır. Hətta bir çox ölkələr hərbi təlimlərdə Azərbaycan Ordusunun taktikasından yararlanmaq üçün müraciət belə edib. Dünya gündəmini dörd il demək olar ki, Azərbaycan və Türk dünyası zəbt edib. Bu zəfərin ardı-arası kəsilmir.
Qərbin Azərbaycana təcavüzkar siyasətinin artdığı bir dövrdə, əsasən də, Fransanın Azərbaycana mövqeyinin 180 dərəcə dəyişdiyi bir halda Paris bir daha partladıldı, həm də 48 il sonra. Bu dəfə Dərviş tərəfindən yox, Hidayət tərəfindən. Sanki Mirzə Fətəli Axundov 174 il əvvəl görürdü bu günləri. Qan çanağına dönmüş, hər vəchlə neokolonializm siyasəti yürüdən Fransa bu dəfə siyasi iradə göstərə bilmədi. Eləcə öz arenasında, ayaq üstə qarşıladı Azərbaycan Himnini. Bu sevinci bizə yaşadan Hidayət Heydərovu bütün Azərbaycan xalqı ayaqda qarşıladı. Gözlərdə sevinc gözyaşı qurumadı.
Xatırladım ki, dünən, yəni 29 iyul 2024-cü il tarixdə Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kiloqram çəki dərəcəsində yer alan idmançımız finalda məhz fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbullaya (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondı (Kanada), yarımfinalda isə Akil Qyakovanı (Kosovo) üstələyib. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada idi.
Ruhun şad olsun, Azərbaycan ədəbiyyatının dahisi Mirzə Fətəli Axundov. Sənin utopik yazdığın “Paris partladı!” şüarını dünən Hidayət həqiqətə çevirdi. Doğrudan, od vurdu Parisə. Fransanın paytaxtında, olimpiada oyunlarının keçirildiyi məkanda, hətta bununla yetinməyib finaldakı rəqibi fransalı Con Benjamin Qabanı üstələməklə Azərbaycan Bayrağını zirvələrə, Azərbaycan Himnini ürəklərdən qulaqlara köçürdü. Bütün Fransanı ayaqüstə saxlatdı bu himn. Bu dövlətin qurucuları “Bir daha enməz”,– dedilər, bu bayraq enmədi. Gözün aydın, Azərbaycan. Hələ neçə sevincli günlərin, aydın sabahların səni gözləyir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)