Fiziki güc adama həm də mənəvi güc verir - NƏYİ SƏHV ETMİŞİK? Featured

Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Abdulla Atakişiyev redaksiyamıza “Fiziki hərəkət güc, enerji və həyat mənbəyidir” başlıqlı yazı təqdim edib. Yazını oxucularımıza təqdim edir, xüsusən gənc oxucularımızı ağsaqqal müəllifin tövsiyələrinə əməl etməyə çağırırıq. 

 

 

Bəşəriyyətin ən qiymətli sərvəti insan, insan üçün isə ən qiymətli sərvət onun sağlamlığıdır. Hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur. İnsanların cansağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci dərəcəli əhəmiyyəti olan işdir. Yüksək texniki nailiyyətlər heç vaxt insanların səhhətinin qorunması və möhkəmləndirilməsi ilə müqayisə edilə bilməz. İnsanların sağlamlığı hələ Hippokrat dövründən müdrik insanların diqqətini cəlb etmiş, yunan xalqı “sağlam bədəndə sağlam ruh olar” atalar sözünü yaratmışdır. Qədim Elladanın nəhəng qayalarından birində bu sözlər yazılmış və bizim dövrümüzə qədər gəlib çatmışdır: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç.”

Bədən tərbiyəsi və idmanın bütün növlərində bu və ya başqa şəkildə qaçış və fiziki hərəkət vardır. Böyük Roma şairi Horatsi qədim  Elladanın daş kitabəsini bəyənmiş və insanlara sağlamlıqlarını qorumaq naminə qaçmağı məsləhət görmüş, demişdir: “sağlam ikən qaçmasan, xəstələnəndən sonra qaçmalı olacaqsan.” 

Antik dövrün böyük filosofu Platon sağlamlığı insan üçün birinci xoşbəxtlik amili hesab edirdi. Təbabətin banisi Hippokrata görə, fiziki hərəkətsiz müalicə yoxdur. Plutarx isə deyirdi: ”Baxın, gimnastika təbiətin şəfaverici hissəsidir.” 

“Qanunlar” əsərinin müəllifi, xalq arasında Loğman adı ilə tanınan Əbu Əli ibn Sina yazırdı: 

“İdmanla yaxşıca olsan aşina, 

Çatarsan fərəhlə sən yüz yaşına.”

Makedoniyalı İsgəndər bədən tərbiyəsi və idmanla mükəmməl məşğul olduğuna görə Bosfor boğazını hələ uşaq ikən üzüb keçmiş, yeniyetmə ikən isə vəhşi atı – Busefalı ram etmişdi. 

Alman filosofu İ.Kant həyatının ilk dövrlərində çox sısqa, çəlimsiz bir uşaq olmasına baxmayaraq, fiziki hərəkətlə, bədən tərbiyəsi və idmanla məşğul olmuş, qeyri-adi dəqiqliklə həyat sürmüş, 80 il yaşamışdır. Kant gəzintiyə çıxarkən Kensberq əhalisi onunla saatını yoxlayarmış. Dahi ingilis şairi Bayron idmanla müntəzəm məşğul olmaqla, anadangəlmə ayaq qüsurunu nisbətən aradan qaldırmış, dövrünün ən məşhur idmançılarından biri kimi tanınmışdır. Böyük rus sərkərdəsi Suvorov bədəncə çox zəif olduğuna görə, onu hərbi xidmətə götürmək istəməmişdilər. Lakin o, idmanla məşğul olmaq sayəsində nəinki hərbi xidmətə getmiş, hətta dövrünün ən dözümlü sərkərdələrindən biri olmuşdur.  Fiziki tərbiyə insan həyatında böyük əhəmiyyət kəsb edir. Bədən tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafı üçün zəruri şərt hesab edilir.  Ölkəmizdə hər bir adam yüksək mənəviyyatlı, əqidəli, zəhmətkeş, əməksevər vətəndaş, habelə hər an VƏTƏNİN müdafiəsinə hazır olan möhkəm sağlamlığa, fiziki keyfiyyətə malik insan olmalıdir. 

Sağlamlıq- hər bir adamın uzunömürlüyünü, yaradıcı əməkdə iştirakını təmin edən, ailə qurmağa, uşaqların tərbiyəsi qayğısına qalmağa kömək edən fiziki və ruhi keyfiyyətlərin məcmuyudur. “Sağlamlığı aptekdən almaq mümkün deyil.”  Hər bir valideyn lap kiçik yaşlarından uşaqların sağlamlığı qayğısına qalmalıdır. Çünki yalnız sağlam adam cəmiyyətin əldə etdiyi sosial-iqtisadi imkanlardan lazımınca istifadə edə bilər və onları özünün maddi rifahının yüksəldilməsi vasitəsinə çevirə bilər.       Sağlamlığı mühafizə edən və möhkəmləndirən mühüm amillərdən ən birincisi, əsası fəal hərəkətdir, zəruri fiziki qüvvənin işlədilməsidir. Bu, təbiidir. Çünki bütün canlı varlıqlarda fitri hərəkət etmək təlabatı vardır. Hərəkət etmək təlabatının ödənilməsi üçün insan qaçmalı, yeriməli, hoppanmalı, turnikdə dartınmalı və müxtəlif fiziki hərəkətləri icra etməlidir. Fiziki hərəkət orqanizmin həyat fəaliyyəti, onun ayrı-ayrı üzvləri və sistemlərinin zəruri təbii stimuludur. 

Uşaqların fiziki təmrinləri, çalışmaları, hərəkətləri icra etmələri onlarda şən əhval-ruhiyyə yaradır, onların sağlamlığını və gümrahlığını təmin edir. Fiziki tərbiyə uşaqların sağlam və möhkəm, dözümlü böyüməsini təmin edir, onlara həyatda zəruri olan hərəkət, bacarıq və vərdişləri (düzgün yerimək, qaçmaq, tullanmaq, üzmək, təbii amillərdən düzgün istifadə etmək və sair) aşılayır, onları əmək həyatına və vətənin müdafiəsinə hazırlayır. Fiziki təmrinlər, çalışmalar sağlamlığı təmin edən təbii, habelə gigiyenik amillər də fiziki tərbiyədə mühüm rol oynayır. Yaşayış yerləri, həyətlər, məhəllələr yetişən yeni nəslin tərbiyəsində, xüsusən də fiziki tərbiyəsində əhəmiyyətli rol oynayır. Uşaq və yeniyetmələr məktəbdənkənar asudə vaxtlarının əsas hissəsini öz yaşayış yerlərində, həyətlərdə keçirirlər. Əslində yaşayış yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün dövrün tələblərinə uyğun şəraitin  yaradılması vacibdir. 

Tarixə nəzər saldıqda ölkəmizdə insan sağlamlığında özünəməxsus rol oynayan bədən tərbiyəsi hərakatını kütləvi hərakatdan ümumxalq hərakatına çevirmək işində, yaşayış yerlərində bədən tərbiyəsi-idman işinin qabaqcıl rol oynadığı daim diqqət mərkəzində olduğu nəzərə çarpır.    70-ci illərdə Mənzil İstismar Sahələrində

idman klublarının yaradılması üzrə iş bütün respublikada geniş vüsət almışdı. Bu dövrdə yaşayış yerlərində bədən tərbiyəsi və idman işinin bütün formaları ilə 50 mindən çox adam məşğul olurdu. 1979-cu ildə respublikanın mənzil-istismar  təşkilatlarının ştatlarında 110 nəfər təşkilatçı- müəllim və bədən tərbiyəsi təlimatçısı olmuşdur.

Yaşayış sahələrində 14 bədən tərbiyəsi-idman klubu yaradılmış, 310 sadə idman meydançası salınmışdır. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 4№-li Mənzil-İstismar Sahəsində təşkilatçı-müəllim işlədiyim dövrdə, yəni 1988-ci il 22 iyun tarixdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistutunun Elmi Şurasının qərarı ilə şobə müdiri, Pedaqoji Elmlər Namizədi Əjdər Ağayevin rəhbərliyi ilə “Məktəblilərin asudə vaxtının səmərəli təşkilində yaşayış sahələrində fəaliyyət göstərən uşaq klublarının iş sistemi” mövzusunda dissertasiya işim təsdiq edildi. Bununla da adı çəkilən sahə bir tədqiqat obyekti kimi uzun müddət mənim diqqət mərkəzimdə olmuşdur. 80-ci illərin sonuna qədər bu sahəyə müəyyən diqqət var idi. Çox təəssüf ki, sonralar bu sahə tamamilə unuduldu, yaddan çıxarıldı. Yaşayış sahələrində fəaliyyət göstərən uşaq klublarını, sadə idman qurğularını “daha əhəmiyyətli” obyektlər, qurğular əvəz etdi. Bu gün həyət və məhəllələrdə əvvəllər qurulmuş turniklər, paralel qollar və başqa bu kimi sadə idman qurğuları sındırılmış, məhv edilmiş və ya çürüyərək öz keyfiyyətini itirmişdir. Tək-tək qalanlar isə baxımsızlıqdan sakinlər tərəfindən yun, xalça, palaz yumaq, qurutmaq üçün istifadə olunur. 

Nəzəri və təcrubi cəhətdən uzun müddət bu sahə ilə maraqlanmış bir şəxs kimi deyə bilərəm ki, son dövrlərdə heç bir məhəllədə və ya həyətdə hər hansı bir turnik və ya başqa sadə idman qurğusu qoyulmamışdır. Bəzi yerlərdə bu işi sakinlər, özü də çox sadə və primitiv şəkildə həyata keçirmişlər.      Acınacıqlı hal ondadır ki, çox yaxından əlaqəm olan məktəblərdə əsaslı təmir işləri aparılan zaman tam yararlı olan turnik və başqa sadə idman qurğuları bərpa və təmir edilmək əvəzinə tamamilə ləğv edilmişdir.  Məlum olduğu kimi bu gün hərəkətsizlik, oturaq həyat, pis vərdişlərə aludəçilik kimi qlobal bir bəla infeksiya xəstəliyi kimi bəşəriyyəti tədricən ağuşuna alır.

Dolayı və ya birbaşa yolla biz özümüz də bu problemin, bəlanın genişlənməsinə, ayaq açmasına şərait yaradırıq. Həyətlərə, məhəllərə, küçələrə nəzər salın. Bekarçılıqdan avara-avara gəzən, küncdə, bucaqda sallağı oturaraq siqaret çəkərərək, lağ-lağı etməklə gününü başa vürmağa çalışan uşaq, yeniyetmə və gəncləri görəndə təəssüf hissi adamı bürüyür.   Turnik olan həyətlərdə gənclərin bir-birinə baxaraq müxtəlif idman hərəkətləri etdiyinin, hətta yarışdıqlarının dəfələrlə şahidi olmuşam. Canlı nümunə uşaq və yeniyetmələrin həyatında mühüm rol oynayır, onları həvəsləndirir, ruhlandırır, birbaşa və ya dolayı yolla fiziki hərəkət, idman etməyə təhrik edir.  Keçən dövr ərzində mən özüm idman hərəkətləri edən zaman yeniyetmələrin maraqla məni izlədiklərini və gördükləri hərəkətləri tədricən təkrar etməyə çalışdıqlarının dəfələrlə şahidi olmuşam. Hətta bəziləri onunla məşğul olmağım üçün məndən xahiş etmişlər. Ancaq mənim peşəkar idmançı, məşqçi olmadığımı söylədikdə inanmamış, heyrətlənmiş və təəssüflənmişlər.  Müşahidələrimə əsaslanaraq bildirmək istəyirəm ki, bu gün orta məktəbləri bitirən oğlan uşaqlarının əksəriyyəti əgər hər hansı bir idman növü ilə məşğul olmursa o, turnikdə ən sadə çəkinmə hərəkətlərini belə yerinə yetirməkdə çətinlik çəkir. Bu günün şagirdi sabahın əsgəridir. Hərbi xidmət zamanı bir çox fiziki hərəkətlər kimi turnik hərəkətləri də əsgərin yaxından gərəyi olmaqla yanaşı, eyni zamanda bir neçə turnik hərəkətlərindən ibarət hərbi normaları təhvil vermək lazımdır. Məktəb illərində lazımi fiziki vərdişlərə yiyilənməmiş əsgər həbi xidmət zamanı müəyyən çətilikəırlə qarşılaşmaq məcburiyyətində qalır.

Hərbi xidmət müddətində belə halların yaşanmaması üçün hər bir oğlan məktəb illərində hərbi xidmətə hazırlanmalıdır.

Bunun da ən asan və gərəkli yolu fiziki hərəkət, idmandır. Bu isə ancaq ailə və məktəbin birgə fəaliyyəti zamanı əldə edilir və nəticəsi də ürəkaçan olur. 

Yaxşı yadımdadır, 1975-ci ilin iyun ayında hərbi xidmətə başladığım rotada ilk fiziki hazırlıq təlimində turnikdə 12 dəfə çəkindim. Bu, komandanlığın çox xoşuna gəldi və qiymətləndirildi. Bir müddət sonra rotanın fiziki hazırlıq işinə rəhbərlik və nəzarət mənə həvalə edildi. Bu, mənim məsuliyyətimi daha da artırdı, həm də turnikdə fiziki hərəkətlərə, idmana həvəsimi bir az da çoxaltdı. Öz üzərimdə daha çox işləməyə başladım.         1976-cı ilin 1 may tarixində 2000-dən artıq əsgər və zabitin iştirakı ilə keçirilən idman yarışında turnikdə 25 dəfə çəkilmə və turnikin üzərində fırlanma hərəkəti edərək üçüncü yeri tutdum.  1977-ci ilin 1 may  tarixində isə 67 dəfə birdən qol gücünə turnikin üzərinə qalxma hərəkətini edərək birinci yerə layiq görüldüm. Medal və Fəxri fərmanla mükafatlandırıldım. Fiziki hazırlıq işində turnikin rolu əvəzolunmazdır. Çünki turnikdə bədənin demək olar ki, bütün hissələrini və əzalarını  məşq etdirmək mümkündür. Yeniyetmə və gənclərdə turnikə həvəsi artırmaq lazım və vacibdir.

Bunun ən yaxşı yolu məktəblərdə, həyət və məhəllələrdə müasur turniklərin və başqa bu kimi sadə idman qurğularının  qurulmasıdir. Buna əməl olunarsa, həvəskarların da sayı tədricən artar.  Üstündən uzun müddət keçməsinə baxmayaraq turnikdə məşq edərkən kənardan məni müşahidə edən batalyon kamandiri, mayor V. Prilipkanın yarızarafat, yarıciddi sölədiyi fikir heç vaxt məni tərk etmir: “Afərin! Atakişiyev güclü və çevik əsgərdir. Onunla zarafat etmək qorxuludur.”         Bu gün də mən hərbi xidmət zamanı qazandığım, əldə etdiyim ciddiliyi, nizam-intizamı, məsuliyyəti, fiziki hərəkətlərə, idmana olan sevgimi, məhəbbətimi qoruyub saxlamağa çalışıram.

Mümkün qədər də öz istəyimə çatıram. Ancaq bu çox böyük və gərgin zəhmət bahasına başa gəlir. Bu da məni sevindirir, ruhlandırır, gələcəyə, yaşamağa olan sevgimi, məhəbbətimi artırır.  Bu günlərdə növbəti məşqlərin birində sakit, asta-asta gəzişərək, kənardan məni izləyən 78 yaşlı Əsədulla kişi: ”Mən səni gördüm, gəncliyim yada düşdü, hisslərim coşdu. Özümü sənin yerində hiss etdim. Mən də çox istərdim həmən fiziki hərəkətləri təkrar edim, ancaq artıq bacarmaram, gecdir. Sən fəxr olunmalı, nümunə göstərilməli bir iş görürsən. Çox istərdim, övladlarım, nəvələrim səndən nümunə götürsünlər. Sən də heç vaxt həvəsdən, ruhdan düşmə, belə davam elə, UĞURLAR!”- deyə əllərimi sıxdı.   

Mənimlə salamlaşıb əllə görüşən onlarla insan əllərimdəki qabarları  hiss edəndə və ya görəndə, qabarların turnikdə edilən mürəkkəb fiziki hərəkətlər nəticəsində yarandığını yəqin etdikdə gözlərində təəccüb, heyrət hissləri oxunur.

Ancaq burada heyrət, təəccüb doğuracaq heç nə yoxdur. Əgər başqalarına baxıb heyrətlənmək, təəccüblənmək istəmirsinizsə, fəal, qıvraq olmaq istəyirsinizsə, oturaq, passiv həyatdan uzaq olun, yaşınıza, səhhətinizə uyğun olaraq güc, enerji və həyat mənbəyi olan fiziki hərəkətlə, idmanla məşğul olun. Başlamaq isə heç vaxt gec deyil. Başlayın. Unutmayın ki, “idman-güc, fəal və sağlam həyat tərzi, xoş əhval-ruhiyyə, yüksək ruh deməkdir.” Sizə uğurlar!                          

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.