Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Dedilər ki, o tay da,
Bu tay da Vətənindir.
Səni məşhurlaşdıran
Bu boyda Vətənindir.
Adım iki Vətənli
Oldusa da ey həyat,
Özüm bir Vətənli də
Ola bilmədim, heyhat!
Bir Vətən ki, bölündü
Uğursuz qismətimdə,
Vətən tək parçalandı
Sənətdə qiymətim də.
Yox! Nə yanan şimşəkdən,
Nə çağlayan leysandan,
Nə qopan zəlzələdən,
Nə bağıran tufandan
Qranit Savalanın
Tərpənməz bir daşı da.
Vüqar büstünə dönər.
Qarla dolu başı da!
Bilsin neçə nəzər də,
Bilsin neçə təskin də,
Mənim məğrur səsimdə
Hiddət də var, təmkin də!
Hər zirvənin yeri var
Qarlı dağlar içində.
Hər ağacın yeri var
Barlı bağlar içində.
Mənim adımın üstdən
Kimsə qələm çəksə də,
Ya narazı, ya laqeyd,
Ya da ötkəm çəksə də,
Qiymətim parçalanmaz
Vahid söz dünyamızda.
Savalan şairiyəm
Mən də öz dünyamızda!
Təki mərd istedadım
Çağlamaqdan doymasın!
Sənətin meydanında
Məni yalqız qoymasın!
İstedad bir gözələ
Bənzəyir bu cahanda.
Heyran pərəstişkarı
Tapılar hər zamanda....
Şair var, itib-batıb
Özü ad-san içində.
Bir sözü də parlamır
Neçə dastan içində.
Ancaq belə şairə
Qibtə eləmirəm mən!
Şeirimə istiqbalsız
Tale diləmirəm mən!
Axı bilirəm sabah
Yanğılı misralarım,
İşıqlı misralarım,
Qayğılı misralarım
Vətənin özü boyda
Odlu dastan olacaq!
Milyon-milyon insana
Məhrəm ünvan olacaq.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)