Oğuz evin sonbeşiyiydi. Özündən 15 yaş böyük qardaşı hüquq fakültəsini bitirmişdi, dövlət sektorunda işləyirdi. Ondan 10 yaş böyük bacısı isə Tibb Universitetini bitirmişdi, özəl xəstəxanada həkim idi. Bu yaş fərqinə görə də ata və anası Oğuza övlad kimi yox, daha çox nəvə qayğısı ilə yanaşırdılar.
İş adamı olan valideynləri Oğuzun dərsləri ilə məşğul olması üçün ta ibtidai sinifdən hazırlıq müəllimi tutumuşdular. Oğuz iti zehni, məntiqi və hazırcavablılığı ilə fərqlənirdi. İllər bir-birini sürətlə əvəz edirdi. Oğuz sevgi və qayğı ilə böyüyürdü. Həm valideynləri, həm də qardaş-bacısı onun bütün ehtiyaclarını ödəyirdi. Ancaq valideynləri çox narahar idilər. Çünki o, hər şeydən tez bezən, dəqiq seçimi olmayan bir uşağa çevrilirdi. Bütün fənləri yaxşı oxusa da, hansı peşə sahibi olacağını müəyyən edə bilmirdi. Valideynləri onu da qardaşı kimi hüquqşünas görmək istəyirdilər.
Bu il Oğuz 10-cu sinifdə oxuyurdu. Artıq bir il idi ki, onların ailəsində bir narahatlıq və söz-söhbət var idi. Səbəb isə Oğuzun hüquqşünas yox, rəssam olmaq istəməsi idi. Onun rəsm çəkməyə marağını həmişəki kimi ötəri bir həvəs olduğunu düşünən valideynləri rəsm dərnəyinə də yazdırmışdılar. Ancaq bu həvəs artıq Oğuzun qəlbinə və ağlına nüfuz etmişdi. Hətta evdəki rahatlığını da əlindən almışdı. Elə bir gün olmazdı ki, atası ilə bu mövzuda mübahisə etməsinlər. Atası deyirdi ki, “rəssamlıq bizim ölkədə ciddi sənət kimi qəbul edilmir, sənin gələcəyin var, bacarığını və istedadını əsas fənlərə yönəlt”. Anası da atasına dəstək olurdu ki, “atan haqlıdır, bacın və qardaşın ali təhsil alıbdır, Allah şükür, yaxşı yerlərdə də işləyirlər, sabah biz qocalanda sən rəssam qazancı ilə özünə və ailənə necə baxacaqsan?”
Oğuzun tək istəyi valideynlərininin onun seçiminə hörmət edib dəstək olmaları idi. Ancaq bu alınmırdı, əksinə hər gün ailədə söz-söhbət, narazılıq artıdı. Oğuz müxtəlif heyvan şəkilləri çəkirdi. Gələcəkdə animalist rəssam olmaq istəyirdi. Hər çəkdiyi heyvan rəsmi onu başqa bir aləmə aparırdı. Həmin rəsmlərlə xəyalən söhbət edirdi, onunların dilini və istəklərini öyrənmək istəyirdi. Bir rəsmi çəkmək üçün həmin heyvan haqqında bir neçə gün internetdə araşdrıma edirdi. Heyvanın bütün xüsusiyyətlərini öyrənirdi. Ancaq onlayn araşdırma artıq Oğuza bəs etmirdi. Buna görə də bu gün hazırlığa getməyib birbaşa zooparka - rəsmini çəkəcəyi heyvanları müşahidə etməyə getdi. Necə başı qatışdısa, vaxtın necə keçdiyinin fərqinə varmadı. Özünü çox əla hiss edir, yorulmadan qeydlər götürür, heyvanlar haqqındakı lövhələri oxuyurdu. Düşünürdü ki, insan ancaq sevdiyi işi görəndə xoşbəxt ola bilər. Telefonuna gələn zəng onu sanki yuxudan ayıltdı. Anası idi: -Salam, Oğuz. Oğlum, sən hardasan, bu gün hazırlığa niyə getməmisən?
-Ana, narahat olma, hər şey yaxşıdır, evə gələndə danışarıq, - deyib telefonu söndürdü. Atası Oğuzun hazırlığa getməyib zooparka getməsi qərarını eşidəndə çox əsəbləşdi:
-Bu da hardan çıxdı, hazırlıqdan çıxmaq nədir? Deyəsən, sənin nazınla oynadıqca, əzizlədikcə təmiz xarabın çıxır, başın xarab olub? Oğuz : -Ata, mən hazırlığın hamısından çıxmıram. Sadəcə V qrupa hazırlaşıb rəssam olmaq istəyirəm-deyə bildirdi.
Atası və anası bir neçə saatdan çox danışdılar, bu qərarın onun gələcəyinə necə təsir edəcəyini izah etdilər. Atasının ürəyi soyumadı, Oğuzun otağına keçib onun çəkib öz otağının divarların yapışdırdığı rəsmləri qopardıb cırıxladı, hətta Oğuza bir şillə də vurdu. Anası tez araya girdi. “Bəsdirin, ayıb deyil? Gör nə vəziyyət qaldıq, İlahi?!” deyib ağlamsındı.
Oğuz isə başını əllərinin arasına alaraq divanda oturub ağlayırdı və tez-tez deyirdi:-Məni sevirsinizsə, seçimimə hörmət edin, nə olar?
Atası bunu eşidib daha da qəzəbləndi.
-Səni yoldan çıxardan o dərnək müəllimidir, üstü-başı həmişə boya içində olan, saqqallı o tüfeyli gədədir. O günü mənə zəng edib deyir ki, Oğuzun çox yaxşı istedadı və gələcəyi var. Yaxşı rəssam olacaq. Hələ onda başa saldım ki, biz Oğuzu rəssam olmaq üçün yox, sadəcə həvəsi olduğu üçün rəsm dərnəyinə qoymuşuq. Elə dirənib ki, övladınızın fikirlərinə hörmətlə yanaşın. Guya övladımı məndən çox istəyir. Mən indi onun payını verərəm, -deyib müəllimə zəng etmək üçün digər otağa keçdi. Bir azdan anasının gətirdiyi ürək dərmanını içən atası dedi ki, sabahdan rəsm dərnəyinə getməyi də dayandırırsan, iki ilin var, əgər ali məktəbə qəbul olmasan, səni övladlıqdan rədd edəcəm. Oğuz qulaqlarına inanmırdı, ali təhsilli, savadlı, mədəni və övladlarını göz bəbəyi kimi sevən, qoruyan ata-anası niyə belə edirdilər? Axı o bu peşəni valideynləri üçün yox, özü üçün seçəcəkdi. Axı bunu böyüklər daha yaxşı başa düşməli idi.... Oğuz: “Siz həmişə demisiniz ki, insan adını, peşəsini və həyat yoldaşını seçəndə gərək elə etsin ki, ömür böyü peşman olmasın. Aydındır ki, doğulanda heç kim özünə ad seçə bilməz. Sağ olun ki, mənə gözəl ad seçmisiniz. Ancaq peşəmi seçməyə mənə şans verin, xahiş edirəm” -deyib ata-anasına yalvarış dolu gözlərlə baxdı. Ancaq valideynləri qərarlarını vermişdilər.
-Biz qərarımız sənə dedik, vəsallam. Qardaş, bacına da ixtisası biz seçdik. İndi də şükür, peşman deyillər. Sən də oxuyub hüquqşünas olmalısan, biz sənin qabiliyyətini bilirik, - deyə anası məsələyə son nöqtəni qoydu.
*
Artıq aylar keçmişdi. Oğuz hər gün məktəbə və hazırlıqlarına gedir, proqramlaşdırılmış robot kimi valideynlərinin arzusunu yerinə yetirmək üçün gecə-gündüz çalışırdı. Ancaq ailələrində əvvəlki mehribanlıq, istiqanlılıq yox idi. Hər dəfə atası işdən gələndə qollarını açıq onun boynuna atılan, yaxşı qiymətlərinə görə tərif və mükafat alan Oğuz evdə gözəgörünməz olmuşdu sanki, ruh kimi hərlərindi. Elə valideynləri onun qanadlarını qırmışdı. Yemək saatlarında süfrəyə gəlir, sakitcə yeməyini yeyib yenidən otağına çəkilirdi. Ailənin birləşdiyi yemək süfrəsi yas süfrəsini xatırladırdı. Anası hər dəfə nəsə demək istəsə də, atasının zəhmindən qorxaraq susurdu. Bu küskünlük və soyuqluq günü-gündən artırdı. Oğuzu valideynlərindən ayıran yarğan daha da böyüyürdü. Ailədə hər kəs bunu hiss edirdi, sadəcə valideynlərin yersiz qürurü, mənəm-mənəmlik hissi, mühafizəkarlığı bu buzları qırmağa və övladına yenidən sarılmağa, isti münasibət göstərməyə imkan vermirdi. Qardaşı və bacısı da valideynləri ilə danışmaq istədilər, amma alınmadı. Çox da cəhd etmədilər, çünki valideynlərini yaxşı tanıyırdılar, onlar ortaq bir qərar verdilərsə, dünya dağılsa da, geri addım atmazlar. Bir axşam Oğuzun valideynləri axşam yeməyindən sonra xəbərləri izləyirdilər. Oğuz isə öz otağında dərslərini oxuyurdu. Ümumiyyətlə, həmin hadisədən sonra aylardır ki, Oğuz ata-anası ilə ünsiyyətdə olmur, ancaq yemək vaxtı onları görür və verdikləri suallara “bəli, xeyr”-deyə cavab verirdi. Televizora baxa-baxa anası dedi:
-Bu uşağın axırı necə olacaq, ay Kərim? Necə vaxtdır ki, elə bil, evimizdə yas düşübdür. Mən bu cür yaşa bilmirəm. Evimizin sevinci, gülüşü yoxa çıxıbdır. Xahiş edirəm, onunla söhbət edək, aramızdakı buzlar ərisin...
Elə bu vaxt televizorda Oğuzu göstərirdilər. Atası:- Bir dəqiqə, Gülnarə, bu Oğuz deyil? –Hə, hə, televizorun səsini yüksəlt, görək, hələ teleanonsdur, -deyib televizora lap yaxınlaşdı.
Diktor xanım təntənə ilə elan edirdi: -İndi isə mədəniyyət xəbərləri: Yaponiyada təşkil olunmuş “Wildlife Artist” Beynəlxalq rəsm müsabiqəsində “Valideyn övlad münasibəti” nominasiyası üzrə Azərbaycan məktəblisi Oğuz Kərimoğlunun çəkdiyi rəsm əsəri qalib olubdur, cüməgünü Bakıda- Mədəniyyət Nazirliyində mükafatlandırma olacaq, Fəxri fəman və digər mükafatlarla birlikdə qalibə 3 min dollar pul mükafatı da veriləcək və əlavə olaraq qeyd edək ki, animakist rəssam olan Oğuz Kərimoğlu Yaponiyanın Kioto Universitetinin Rəssamlıq və İncəsənət fakültəsində ali təhsil almaq hüququ qazanıbdır. Onun çəkdiyi rəsmi təqdim edirik.
Oğuzun çəkdiyi rəsm nümayiş olundu: Leyləyin digərlərindən zəif olan balasını dimdiyi ilə götürüb yuvadan atdığı məqam rəsmdə öz əksini tapmışdı.
Diktor davam etdi:
-Əməkdaşlarımız Oğuzla əlaqə yaradıbdır, ən yaxşısı, rəsminin mənasını özü sizə izah etsin. O, rəsmin mənasını belə izah edir: Bizə məlumdur ki, bir çox canlılar, əsasən də Leyləklər yumurta qoyub bala çıxardır və balaları böyüyəndə hansı bala inkişafdan qalsa, valideynlər onu yuvadan götürüb atırlar ki, digər baların qidasına şərik çıxmasın, inkişafına maneə olmasın. Bir çox bioloqlar bunu təbii seçmə adlandırırlar. Sual yarana bilər ki, bunun rəsm müsabiqəsinin mövzusu ilə nə əlaqəsi var? Mən bunu belə izah edirəm ki, bizim ölkədə əksər valideynlər həmin leyləklər kimidir. Onlar övladlarını digər bacı-qardaşlarından, qonşudan, qohumdan, sinif yoldaşlarından və həmyaşıdlarından geri qalmasını qəbul edə bilmirlər. Həmin “zəif” övladın seçiminə, fikirlərinə önəm vermirlər, onu olduğu kimi qəbul etmirlər. Ya onların istədiyi kimi olmalısan, ya da valideynlər səni arzularınla birlikdə ölümə məhkum edirlər. Kərim və Gülnarə müsahibə qurtarsa da, bir neçə dəqiqə bir-birinin üzünə baxaraq, əsl şok yaşayırdılar. Kərim, biz nə edirik?-deyə anası dilləndi,-Göz gör-görə aylardır ki, evimizdə balamıza zülm edirik, ölümünü gözləyirik, -hönkür-hönkür ağladı. Kərim tez Oğuzun otağına keçdi, həyəcanla qapını açdı,-Oğuz,oğlum, -deyib onu qucaqladı, - Bağışla, məni, bağışla, balam. Oğuz da onu qucaqlayıb ağladı. Anası da gəldi. Başını sığallayıb üz-gözündən öpdü və dedi:
-Sənin rəssamlığın və böyük ürəyin öz eqosuna və şöhrətpərəstliyinə 3 balasını qurban verən iki ali təhsilli canlıya qalib gəldi...
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)