Ötən il bu gün: qazi şair Emin Pirinin şeirləri Featured

  2020-ci ilin Vətən Müharibəsi zamanı könüllü cəbhəyə yollanan Emin Piri  tağım komandiri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın  azad olunması uğrunda döyüşüb. "Vətən Müharibəsi iştirakçısı", Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad edilməsinə görə" medallarıyla təltif olunub.

Ötən ilin bugünkü günündə onun şeirlərini dərc etmişdik. “Ötən il bu gün” rubrikasını bu gün Eminə ayırdıq.

 

 

 

 

Sən azadsan!

 

(Savaş qazisinin dilindən)

 

Saçımda anamın xınası,

yolların ayaqlarımçün duası,

gözlərimdə hələ bizim olmayan uzaqlıq

deyir:

Sən azadsan!

Sən azadsan!

 

Ayaqlarım cığırlara yalvarır;

QARABAĞ,

biz sənin övladınıq,

ilk dəfə gördüyün övladlar.

Uzaq tut ayaqlarımızdan

bətnində gizlətdiyin minaları. 

 

Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...

Burda ulduzlarla deyil,

hər minamyot mərmisiylə sayırıq

yarım qalan ümidləri,

anaların göz yaşını,

bir döyüşçü sevgilisinin

bətnində ölən arzusunu.

 

Günlərdir danışmırıq.

bilirəm, narahatsan, ana.

bəlkə gecələri ağlayıb,

şəklimlə ovunursan, ana,

səni Füzulidən eşidirəm, ana,

səni Cəbrayıldan görürəm, ana,

sənə Şuşadan əl yelləyirəm, ana.

 

Formamda şəhid qardaşlarımın qanı,

gözlərimdə 44 gecənin yuxusuzluğu,

bir az həyəcan, bir az da

sevinc tərinə qarışan geyimim.

Qarabağ torpağıyla, palçığıyla

büsbütün vətənləşən bədənimiz

bizi gözləyən Azərbaycan

meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;

Sən azadsan!

Sən azadsan!

 

(Xocalı, Siqnax. Noyabr 2020)

 

 

 

Tanrılar məbədi qadın

 

(səngərdən məktub)

 

Öpüşümlə dərərəm barmaqlarını bir-bir,

çobanyastığı ləçəkləri kimi sayaram

sevir, sevir

və...

Sevir.

 

Unutmaq

yeri yaddan çıxan basdırdığın

mina kimidir.

bir gün üzər ayaqlarını həyatdan

gözləmədiyin anda.

 

Küsər,

Baxışları-

şimal buzlu okeanın sahilə vurduğu

sərt, dondurucu ləpələr kimi.

 

Yeddi yox,

bütün notların sayı cəmi birdi.

təbəssümündən qopmadı hər bəstə.

 

Gözlərin

dənizlərin şahı,

görsə

Poseydon utanardı məqamından.

Ürəyim yerindən çıxıb

düşər ovuclarına.

 

Sən Tanrı Kukulkan

mənsə yağış duası.

Qəlbim əllərində döyünər

rahib taxçasındakı ürək kimi.

 

Indi anlayırsan ki,

yollar qovuşmaq yox, ayırmaqçündü.

Bütün yolları dağıtmaq lazım,

körpüləri uçurtmaq...

 

Xatırladınmı,

Ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz 

bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.

 

Burda anlayırsan ki,

Sevmək - solunda qəlbin döyüntüsü yox,

hər sabah oyandığında

sağında

bir ürəyin yatdığını görməkdir.

 

Qurmaq istərsən

o uşaq kimi dünyanı.

Divardan endirib ata rəsmini

silib qoltuq ağaclarını onun şəklindən,

ayaq çəkirdi atasına 

Mərmilərin acığına.

 

Bilirsənmi, necə dəhşətlidir

ilk kərədən qınanmaq.

Başının üstünü kəsdirən qızın:

“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.

Deyə bilməzsən

ayaqlarının iki il öncə

mina üstündə centlmenlik etdiyini...

Protez ayağın utanar özündən

qayıda sənə:

“Xahiş edirəm, daha mənsiz get”

 

Məktəbdə kökə bölüşdürən uşaqları

burda mərmilər bölüşdürür 

öz aralarında, sevgili.

 

Bəlkə də dönərəm,

hər duamı tellərinə deyərəm,

bütün arzularımı ovcuna pıçıldayaram,

dodaqlarında alaram dəstəmazı,

Tanrılar məbədi, qadın.

 

 

Şəhid oğlunun dedikləri

 

Darıxır

anamın cehizlik ütüsü

Atamın biçənək ətirli

pal-paltarıyçün...

Ütüyə gəlmir ancaq

heç birisi!

 

Atamdan qalanlar

sandıq vətəndaşı

illərdir qırışmır

Anamın əlləri qırışıb ancaq,

ütümüz də qocalıb.

 

Atamın pal-paltarı

cəzasını çəkir

sandıq küncündə

dərsə hazırlıqsız bir şagird kimi.

 

Gözləyirəm...

iki ilə,

üç ilə ...

bəlkə nə vaxtsa...

boyum çata atama.

Geyəm paltarlarını.

yıxam özümü yerdən-yerə,

sürünəm asfalt üstdə,

bəlkə bir az qırış qatam

bəlkə bir az çirkləndirəm

sevindirəm anamın əllərini,

sevindirəm ütümüzü...

 

...Anamı heç elə görməmişdim

Atamı gətirəndə

sıxmışdı əllərini...

camaat görməsəydi

yumruqlardı atamı:

“bu iki yetimə bəs, kim baxacaq?!”

 

...Sonralar

üzümə baxıb,

saçıma əl gəzdirdi

və...

“şəhidlər ölməz” dedi...

 

Yayın gözü açılan kimi

anam yorğan-döşək çırpır

həyətdə.

Gözündə sevgi,

qolunda nifrət.

Çırpır

ürəyinin çırpıntısını,

çırpır atamın yoxluğunu.

 

...Atamın izini,

dizini döyür anam.

Sonra nəsə fikirləşib

gözünü döyür anam...

 

 

 

Şəhid məzarlarını...

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

Bu yaşıma görə

Şəhidlər Xiyabanında

18 yaşlı

başdaşları

utandırdı məni.

 

məndən kiçikdi hələ

məndən öncə doğulanlar

əmi deyib

üstümə qaçır başdaşları

bir əsgərin ölüm günü

başdaşının doğum günüymüş.

 

can qoydular

nə düşdü paylarına

sağ qalanlar

daşladılar

torpağının başını.

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.