RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Tanınmış özəl xəstəxananın dəhlizində qaçhaqaç düşmüşdü. Zarafat deyildi, az əvvəl təcili yardım maşınında tanınmış iş adamı Fərman Gəraybəylini gətirmişdilər. Sürücüsü ondan əvvəl gəlib əvvəlcə baş həkimlə görüşmüş, sonra xəstəxananın kassasına depozit olaraq 10 000 manat ödəniş etmişdi. Bu, ilkin ödəniş idi. Əgər əməliyyata ehtiyac olarsa, lazım olan qədər əlavə ödəniş ediləcəkdi. Bu təkrar müayinələrdən sonra bilinəcəkdi. Bundan bir qədər sonra gələn Gəraybəylini baş həkimin nəzarəti altında birbaşa Reanimasiya şöbəsinə yerləşdirmişdilər.

Onunla birlikdə gəlmiş həyat yoldaşı baş həkimlə qısa söhbətdən sonra sürücünü bir kənara çağırıb dedi:

- Mən evə qayıdıram. Sən burada qal. Baş həkimə tapşırdım. Hər saatdan bir sənə Fərmanın vəziyyəti barədə məlumat verəcəklər. Sənsə məni yığarsan.

- Bəs necə gedəcəksiz? Sizi aparım qayıdaram.

- Yox, taksi ilə gedəcəm. Sən buradan ayrılma.

- Yaxşı.

Bunları deyən Sənubər sürücüdən ayrılıb tələsik çıxışa tərəf getdi.

* * *

 Axşama az qalırdı. Layiqə çoxdan Nadirlə görüşüb qayıtmışdı. Bir qədər əvvəl isə nəhayət Nadirdən zəng gəlmişdi. Qısa müddətdə, demək olar ki, bir neçə saat içərisində mümkünsüz olanı etmiş dostumun öyrəndikləri olduqca qiymətli məlumatlar idi. Onun telefonla dediklərindən sonra zənnimcə araşdırmam son fazadan əvvəlki fazasına girmişdi. Artıq araşdırmamın ilk dəqiqələrindən yaranmış şübhələrim, bu şübhələr əsasında qurduğum ehtimallarım, əldə etdiyim təkzibolunmaz sübutlarla tam təsdiqini tapmışdı. Zənnimcə final uzaqda deyildi.

Sənubərin zəngi də özünü çox gözlətməmişdi. Nadirin zəngindən təxminən bir saat sonra o da zəng etmişdi. Düşündüyüm kimi bu qadın, iki gün olmasa da, qarşı tərəfdən bir gün möhlət ala bilmişdi. Bu isə indiki vəziyyətdə az bir müddət deyildi. İnsan oğurluğu ilə məşğul olan dəstənin necə təhlükəli olduğunu, onların adətən ilkin şərtlərini dəyişmədiklərini və heç bir kompromisə getmədiklərini bilirdim. Çox vaxt tələb olunan məbləği ödəmək üçün verilmiş müddətdən sonrakı gün, oğurlanmış adamın bir barmağını kəsib göndərir, səhərisi gün ikinci barmağı göndərəcəklərini deyirlər belə cinayətkarlar. Çünki bunun qarşı tərəfə necə təsir göstərdiyini gözəl bilirlər. Təcrübəmdən bilirəm ki, ikinci barmağın gəlməsini heç kim gözləyə bilmir və tələb olunan məbləğ dərhal deyilən yerə aparılır. Məsələnin başqa bir pis tərəfi də var-bağlamadakı barmağı alandan sonra hələ nəyəsə ümid edib pulu verməyi bir qədər uzadan adamların bütün ümidləri bir anda puç olduğu kimi, bu halda şərtləri diktə edən qarşı tərəfi ələ keçirmək şansları da xeyli azalır.

Sənubər isə bir gün vaxt ala bilmişdi və dediyim kimi bunu edə biləcəyinə ümidim böyük idi. Elə, ya belə, hər halda indi qarşıda daha bir günümün olduğunu bilirdim və bu bir gündə heç kimin bizə heç bir «hədiyyə» göndərməyəcəyi məlum idi. Deyirlər, hər şeydə bir xeyir var. Bəlkə də belədir. Hər halda vaxt almaq üçün ehtiyat variant fikirləşməyimə bir lüzum qalmamışdı. Fərmanın xəstəxanaya düşməsi özü hər şeyi yoluna qoymuşdu. Çox güman ki, bu qarşı tərəf üçün inandırıcı arqument olmuşdu. Əgər Fərmanın evinin ətrafında müşahidə varsa, o zaman onun təcili yardım maşınında aparıldığını bilirlər. Yox əgər yoxdursa, Sənubərdən xəstəxananın adını soruşub bunu asanlıqla öyrənə bilərdilər. Hər halda pulu verəcək adam da, onu lazım olan yerə gətirəcək adam da Sənubər yox Fərman idi. Fərman isə reanimasiyada ola-ola bunu heç cür edə bilməz və onlar da bunu başa düşürlər.

Sənubərə telefon zəngi zamanı növbəti gün pulu sürücü vasitəsilə göndərəcəyini deməsini tapşırmışdım. Əlbəttə sürücünün bu işlərdən xəbəri yox idi. Sabah deyilən yerə mən gedəcəkdim. Ancaq əgər buna ehtiyac olarsa. Çünki mənim ehtimallarıma görə hər şey daha tez, axşam düşənə qədər başa çatmalı idi. Onlar tam bir gün əlavə vaxt verəndə pulun verilmə saatı düz sabah axşama dəyişmişdi. Mənimsə sabah axşama qədər gözləmək fikrim yox idi. Nadirdən aldığım məlumatlardan sonra növbəti gedişlərimin planı hazır idi. Böyük ehtimalla elə bu gecə, onların arxayınlaşıb tam bir sutka gözləyəcəyi bir vaxtda  hərəkətə keçəcək, gözləmədikləri anda zərbəni endirəcəkdim. Bunun üçün bəzi şeyləri dəqiqləşdirməli idim. Gedişatda hər şey məlum olacaqdı. 

Aldığım yeni məlumatları əvvəlkilərlə uzlaşdırmağıma bir saata yaxın vaxt getdi. Demək olar ki, artıq bütün daşlar yerinə oturmuşdu. Layiqənin görüşdüyü adamın böyük məbləğdə pul hesabına verdiyi məlumatlara Nadirin söylədiklərini əlavə etdikdə maraqlı bir mənzərə yaranmışdı. Verdiyim sorğularla ilk gündən yaranmış şübhələrim təsdiqini tapmış, artıq uşağı qaçıranlardan birinin adı mənə dəqiq məlum idi. Diqqət mərkəzimə düşən başqa bir nəfər də var idi ki, onun da bu işin içində olduğuna şübhəm yox idi. Təhlillərimi bitirən kimi üzümü Layiqəyə tutub dedim:

- Səninçün çətin bir tapşırıq çıxıb. Yaxın otur və məni dinlə.

Layiqə cəld stulu çəkib qarşımda oturdu.

- Mən hazır, şef.

- Sürücülük vəsiqən üstündədi?

- Üstümdədi.

- Mən bir azdan çox vacib bir görüş üçün çıxacam. Sənsə Novxanıya gedəcəksən. Amma əvvəlcə ofisə gələcək kuryeri gözləməlisən. O təxminən yarım saata gələcək. Onun gətirəcəyi zərfi aç, orada tək bir şəkil olacaq. Şəkildəki adamı yadında saxla. Yaxınlıqda kirayə maşın verən şirkət var, bilirsən. Oradan bir maşın kirayələ. Qiymətinə baxma, təzə maşın olsun. Gedəcəyin dəqiq ünvan Novxanı bağlarındadı. Bağlarda kor-koranə ünvan axtarmaq bir qədər çətin olar. Yoxlamışam, naviqator lazım olan ünvanı göstərir. Məsafə 22,8 kilometrdi. Naviqatordan istifadə edib oranı tap. Ünvandakı bağ evi küryerin gətirəcəyi şəkildəki adamındı. Mənim zənnimcə o, indi həmin evdə olmalıdır. Amma bilirsən ki, heç vaxt zənn ilə iş görmürəm. Ona görə də bunu sən tam dəqiqləşdirib oradan mənə məlumat verməlisən. Bu çox vacibdir. Əsas tapşırığın budur. Ancaq başqa nəsə də öyrənə bilsən yaxşı olar.

- Başa düşdüm.

Ayağa qalxıb pencəyimi geyindim. Layiqə də mənimlə eyni vaxtda qalxdı. Qapıya çatanda dedim:

- Silahını götür. Adam çox təhlükəlidir. Məlumun olsun ki, boyu iki metrə çatır. Özü də quduz itdən betər biridi. Son dərəcə ehtiyatlı ol. Orada gözləməyini, ya geri qayıtmağını sonra sənə deyəcəm.

- Oldu, şef, - belə desə də, Layiqənin gözlərində yaranmış sevinc işartıları aşkar hiss olundu. Riski sevməyən detektiv köməkçisi ola bilməz. Ancaq bu qızın riskə olan həvəsinin avantüra ilə qarışıq olduğunu çoxdan hiss etmişdim. Bu isə yaxşı heç nəyə gətirmir. Bunu öz acı təcrübəmdən bilirdim. Çünki özüm də vaxtı ilə onun kimi macəraya meyilli idim. Nəticədə əməliyyatların birində aldığım güllə yarasından sonra qolumda qalan ağrılara görə sevimli peşəmdən, polis sıralarından ayrılmağa məcbur olmuşdum. Al Kaponenin bir deyimi yadıma düşdü: «Güllə insanın başında çox şeyi dəyişir. Hətta o güllə onun yumşaq yerinə dəyibsə belə…» Hər halda mən yaralanandan sonra daha ehtiyatla davranmağa başlamışdım. Kaş ki, insanlar bir gecədə yatıb səhər hamısı mələk kimi yuxudan oyanaydı. Nə silaha ehtiyac olaydı, nə də kiməsə atəş açmağa. Layiqə mənim yaşadıqlarımı yaşamamış, acı reallıqlardan xəbəri yox idi. Çox illər sonra nə vaxtsa güllə ilə vurub zərəsizləşdirdiyin adamlar gecələr yuxuna gəlir, onları niyə öldürdüyünü soruşurlar. Həmin yuxularda həyatda olduğu kimi, haqlı olduğunu sübut etməyə çalışmırsan. Sadəcə gözlərinin içinə baxıb susursan. Bu sükut çox uzun çəkir, həddən çox. Uzandıqca da yavaş-yavaş havanın çatmadığını, nəfəsinin daraldığını hiss edirsən. Sonra isə… Sonra soyuq tər içində oyanıb yenə o yuxuya qayıtmamaqçün səhərə qədər yatmırsan. Ən pisi də odur ki, bu yuxuları heç kimə danışa bilmirsən.

Nə vaxtsa bunları yaşamağı bu gənc qıza arzulamırdım.

Ofisdən çıxıb maşına oturdum. Adama gələcəyim barədə məlumat verməmişdim. Qəfil gəlişimin yaradacağı effekt mənim üçün çox vacib idi. Mühərriki işə salıb maşını yerindən tərpətdim. Şəhərin küçələrində gediş-gəliş seyrəlmişdi. Heç iyirmi dəqiqə keçməmiş lazım olan ünvanda idim. Liftlə qalxıb qapının zəngini basdım. Bir azdan içəridəki adam əvvəlcə qapıdakı gözlükdən baxdı, sonra qapını açıb kənara çəkildi və təəccüblə soruşdu:

- Siz?

Heç nə deməyib içəri keçdim. Dəhlizdə ayaqqabılarımı çıxarıb icazə almadan otağa adladım və kresloya oturdum. Bu cür davranış tərzi təsadüfi deyildi. Hələ ilk dəfə görəndə bu qadında olan «əsil xanıma» xas xüsusiyyətlər, xüsusilə məğrurluğu diqqətimi çəkmişdi.  Onunla söhbətimin çətin olacağını bilirdim. Ancaq səmimi söhbətə çəkə bilməyim üçün bu güclü qadının qarşısındakı kişinin ondan güclü olduğunu hiss etməsi vacib idi. Oturduqdan sonra qəsdən xeyli fasilə verib nəhayət dilləndim:

-Əyləşin, Ruhanə xanım.

Ev sahibəsi təbirini pozmadan, ayaq üstə dayanmaqda davam edib aramla və bir qədər təkəbbürlə dedi:

- Yəqin unutmusunuz, Bəxtiyar müəllim, mənim adım Sənubərdi.

Özünü nə qədər soyuqqanlı aparsa da, ona Ruhanə deməyimdən tutulduğu gözümdən qaçmadı.

 

 “Ədəbiyyat və incəsənət”

(26.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.