Şəhidlər barədə şeirlər - Tural Aslanov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Tural Aslanov

 

 Tural Aslanov Elşən oğlu 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çayüzü kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Sənə şeir yazıram,

Sözümün ahı şəhid,

Allahın eşqi şəhid,

Vətənin şahı şəhid.

 

Sənə şeir yazıram,

Əsir əlim, ayağım.

Sən mənim vətənimsən,

Sən mənim şan bayrağım.

 

qaldırdın 93-də

Tapdanmış şərəfimi.

Öz canınla ucaltdın

Əzilmiş tərəfimi.

 

Sənə şeir yazıram,

Şuşanın əli ilə.

Sənə şeir yazıram,

Vətənin dili ilə.

 

Yazıram ki, bəxtimə

Nədən yazılmış oğul?

Sən alın yazısına,

Vətən yazılmış oğul.

 

Yazıram ki, şəhidlər,

Allahın mələyidi.

Şəhidlərin məzarı,

Anaların ağ saçı,

Vətənin ürəyidi.

 

Sənə şeir yazıram,

Zəfər qayəsi şəhid.

Tanrı kəlməsi şəhid,

"Quran" ayəsi şəhid.

 

Sənə şeir yazıram,

Sözlə soyumur ürək.

Şəhiddən yazırsansa

Dastan yazasan gərək.

 

Mən də şeir yazıram,

Mən də bir ozan, igid.

Bircə bunu bilirəm,

Sən Şuşanın bağrına.

Qələbə yazan igid.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.