Super User

Super User

Çərşənbə axşamı, 23 İyul 2024 14:26

Bir intiharın ildönümü - ACİ HEKAYƏT

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Faktla bağlı araşdırma aparılır..?

-Danışır Bakı televiziyası. Mən həmvətənliniz Səlimə Yaqubqızının təqdimatında günün ən aktual xəbərləri ilə qarşınızdayıq...

 

-Ay Gülçöhrə bacı, eşitdin Səlimin qızı özünü öldürübeey..

-Bıy a bacı, nə danışırsan, o ki cavan, gözəl-göyçək bir qız uşağı idi.

-Hə ay bacı, dünən səhər asıb özünü, bu gün getmişdim başsağlığı verim, yazığ Ülkərlə Səlimin öyü yıxılıb. Ülkər yazıq bir gecənin içində 10 yaş qocalıb elə bil. Hələ Səlimi demirəm, kişinin ağlamağdan gözləri qan çanağına dönüb.

-Ayqız nə danışırsan, bəlkə qızın nə isə zibil işi olub?

-Yox ay bacı, ölünün haqqına girməyək, gül kimi qız uşağı idi.

-Xanımlar zəhmət olmasa səssiz olun, xəbərlərə baxıram.

-Ay kişi, xəbər budeey, burnunun dibində, cavan qız uşağı özünün öldürüb, sən nə xəbər-xəbər salmısan?

-Gülçöhrə səssiz ol, xəbərlər başladı..

 

-Bu gün Abşeron rayonu Biləcəri qəsəbə sakini 17 yaşlı Lalə Səlim qızı Şahbazova naməlum səbəblərdən dolayı intihar edib, polis dərhal hadisə yerinə müdaxilə edib və faktla bağlı cinayət işi açılıb...

Belə, keçək günün qaynar xəbərinə, gündən-günə çiçəklənən Azərbaycan Resp........

 

-Ay kişi sən də qəribəsəne vallah, bayaqdan xəbər deyib durmusan, indi niyə televizoru söndürdün.

-Gülçöhrə, məgər sən mən baxan xəbərə baxmırdın, televizorda Səlimin intihar edən qızını göstərib ardından çiçəklənən Azərbaycan deyir. Ölkə çiçəklənir, amma ölkənin hər yerində bir çiçək solur. Saymışam, Lalənin intiharı ilə birgə bu ay ərzində 17ci intihar hadisəsidir bu. Bizim aidiyyatı qurumlar isə hələ də, faktla bağlı araşdırma aparırlar.

-Düz deyirsən ay kişi, durum bir çay süzüm.

 

 

23.07.2022-Bəlkə gözəl olardı..

Mənim adım Lalədir, mənim 17 yaşım var və bu il universtitet imtahanlarına hazırlaşırdım, əksər həmyaşıdlarım kimi mən də ali məktəbə qəbul olub, ali savadlı diplomlu bir qız kimi ailəmin fəxri olmaq, özümdən balaca iki qardaşıma nümunəvi bacı olmaq  istəyirdim. Anamın xəyalı qohumlar arasında danışanda diliuzun olması üçün, diplomlu, ali təhsilli gəlin köçürtmək idi məni. Atam da düz 3ildir ki məni kəndimizin ən seçilən müəllimlərinin yanına hazırlıqlara göndərirdi, o da istəyirdi ki, ən azı bir yerə girib tökdüyü pulları heyif etməyim.

Bir həftə öncə imtahan nəticələrimiz açıqlandı. Qohumların, müəllimlərimin, qonşuların ardı-arası kəsilməyən zəng və mesajlarına verə biləcəyimiz baş ucaldan cavab yox idi. Mən qəbul ola bilmədim. İmtahan balım olması gərəkəndən biraz az olduğu üçün tələbə adından məhrum oldum. Mirzə əminin oğlu Mahmud isə düz 675 balla Bakı Dövlət Universtitetinin Hüquq fakultəsini qazanmışdı.

Bir anda bütün ev başıma yıxıldı sanki.

Atamın şilləsindən üzümü hiss edə bilməz halda ikən, anamdan eşitdiyim “səni Allah öldürsün,adın qara daşlara yazılsın” sözü mənə şillədən də ağır təsir etmişdi.

Düz bir həftə otağıma həbs edildim, atam telefonumu alıb sındırdı. Hər gün eşitmədiyim söz qalmırdı. Qardaşlarım Muradla Tehran belə gedib-gəlib məzəmmət edirdilər. Dünən ilk dəfə idi ki, atam məni süfrəyə çağırdı. Artıq anam da, atam da sanki adam öldürmüşəm, hansısa pis iş görmüşəm kimi hadisəni ört-basdır etmək üçün bir qərar veriblər. Ağcabədidə Faiq kişinin 34 yaşlı dul baytar oğluna gəlin gedəcəm. İki gün sonra nişanım olacaq. Barı özüm özüm üçün bir şey edə bilmirdim, qoy ailəm mənim  bu rüsvayçılığımı ört-basdır eləsin. Səhər-səhər süfrənin bir küncündə əyləşən zaman deyilən sözlər qədər qəlbimi heç nə yaralaya bilməzdi.

Artıq hər şeyi anlamışdım. Mən ailəm üçün yük idim, evdə bir artıq, üz qarasından başqa bir şey deyildim.

Anamı qohum-qonşu yanında başıaşağı etmişdim. Atam isə heç mənim kimi övladı olmamışcasına sanki evdə artıq bir varlıq imiş kimi davranırdı mənlə. Hər ikisi haqlı idi, o qədər pul, əzab-əziyyət hədər olub getmişdi, mənə tökülən pullarla bir kişi gəlin köçürdə bilərmiş.

Bəli mən sevgiyə layiq deyiləm, bəli mən ailəmə layiq övlad olmadım, bəli mən uğursuzluğuma rəğmən sevilmədim.

İndi isə sizə bir hədiyyəm olacaq. Ana, narahat olma, ilk dəfə arzunu yerinə yetirəcəm, adımı qara daşlarda görəcəksən ana, ata, sən də sevin, Mirzə əmi oğlu ilə öyünəndə sənin başın mənə görə aşağı əyilməyəcək. Sizə cəsədimi hədiyyə edib gedirəm, buludlardan sevinc göz yaşlarınızı seyr edəcəm daima.

Siz mənim yanımda olsaydınız, mənə dəstək olub məndən ilk uğursuzluğumda vaz keçməsəydiniz, bəlkə hər şey gözəl olardı. Bundan sonra mən yoxam, bəlkə hər şey gözəl olmadı, amma məndən sonra hər şey gözəl olacaq. Sizə layiq ola bilmədiyim üçün məni bağışlayın, sizi sevirəm...

 

Faktla bağlı cinayət işi açılır, müəyyən araşdırmalar aparılır və "əsaslı"dəlil olmadığı üçün Səlim kişi sağ-salamat evinə qayıdır..

 

40 gün sonra artıq hər şey unudulmuş olur. Hər kəs bir qənaətə gəlib, intihar edən hər zaman ən günahkar və ən iradəsiz bəndədir, valideyn istədiyi əməli edə bilər, tərbiyəsi olan övlad əməlindən peşman olub hər şeyə dözməlidir, günahı olmayan özünü öldürmək istəməz...

 

Həyat qaldığı yerdən davam edərkən, çiçəklənən diyarın hər guşəsində bir çiçək solur. Bəzilərimiz isti yerimizdən ağız dolusu ölünün günahına girib rəy yazır, bəzilərimiz günah keçisi axtarır, bəzilərimiz heçnə hiss etmədən sadəcə oxuyub keçirik. Neçə-neçə Laçınlar torpağın altında intihara qurban gedərkən, neçə-neçə Lalələr yaşarkən intihar etmişdi.

Nə qədər ki,

mental qəliblərdən çıxa bilməyəcəyik, nə qədər ki, el-oba nə deyəri övladından üstün tutan valideyinlər öz bacara bilmədiklərinə, yaşanılmayan xoşbəxtliklərinə sipər olaraq övladlarını tutacaq, ana qucağına həsrət gəncləri torpaq bir-bir qucaqlayacaq.

Bu, ilk intihar deyildi, necə ki, sonuncu da olmayacaq. Hələ çox faktlarla bağlı araşdırma aparılıb, cinayət işi açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Çərşənbə axşamı, 23 İyul 2024 11:03

İntizar ədəbiyyatı - Əli Tudə, "Sərhəd"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Min hikmətli nağıl bilsə də bəşər, 

Sərhədlər qorxulu nağıl kimidir. 

Neçə düyün açsa, neçə sirr əgər, 

Sərhədlər bağlanmış qıfıl kimidir. 

 

Doğma məcrasında dinc axır, fəqət 

Sərhəddə dəyəndə diksinir çay da. 

Nədir o səksəkə? Nədir o zülmət? 

Sərhəddə təlaşla boylanır ay da... 

 

Bəli! Sərhəd xətti bir külək kimi 

Dağdan addımlayır, ətəkdən keçir. 

Yox! Odlu-alovlu bir şimşək kimi 

Nə qədər nisgilli ürəkdən keçir. 

 

Yaman uğuldayır hicran küləyi, 

Yer ilə sürünür soyuq ətəyi. 

Köpüklü sulara düşür örpəyi, 

Sahildə titrəşən güllər ayrılır. 

 

Durnalar uçuşur şimala sarı, 

Meh əsir mahaldan-mahala sarı. 

Dodağı gülüşlü vüsala sarı 

Həsrətlə uzanan əllər ayrılır. 

 

Nəhəng addımlarla yeriyir zaman, 

Gələcəyi qurur bu tayda insan. 

Öz yerində sayır o tayda dövran, 

Arazın üstündə illər ayrılır. 

 

Duzlu göz yaşıyla yoğrulan torpaq 

İntizar göyərdir, həsrət bitirir. 

Mehriban baxışlar sükutla ancaq 

O taydan bu taya salam yetirir. 

 

Hələlik torpaqda sərhəd olsa da, 

Deyirəm ürəyə hədd qoyulmasın! 

Hələlik növraqda sərhəd olsa da, 

Deyirəm diləyə hədd qoyulmasın!

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

 

bir kənd çayxanasında sobaya yaxın oturub

ömrümü günümü vərəqləyirəm

təzə şəhər lətifələri danışıram

boz divardan mənə baxan kölgəmə

sən ən ağır günlərində ömrünü

bir fransız romanıtək varaqlayarsan

təzə şəhər lətifələri danışmağıma baxma

mən içimdə hönkürüb ağlayıram

sənin adını gizlətmişəm mən

dodağımda çatlayan iki söz arasında

son dəfə üzünü görmədən bəlkə

uçub gedəcəm bir gün qaşla göz arasında

neçə gündü bir bulud tovuz quşu qanadıtək

açıb qanadını başımın üstə

bu çərşənbə axşamı mən dəli-divanəyəm

bu çərşənbə axşamı bu canı məndən istə

sobaya yaxın oturmuşam bir kənd çayxanasında

qara xəbər döydü birdən çayxana qapısını

mən qəhr oldum kürəyimdə qara xəbər

şəhərdə işıqlar sönsə bu gecə

sən qara çırağın işığında

dua elə mənim üçün dua elə səhərə qədər

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ağlobyalı balıq mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Sırf balığının filesi – 190 qr

§ Soğan – 50 qr

§ Kərə yağı – 35 qr

§ Bitki yağı – 20 qr

§ Ağ lobya – 50 qr

§ Alma qaxı – 18 qr

§ Armud qaxı – 18 qr

§ Ərik qaxı – 18 qr

§ Axta zoğal – 18 qr

§ Təmizlənmiş püstə – 18 qr

§ Mərzə qurusu – 1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Balıq filesi 35-40 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, qızardılır. Ağ lobya ayrıca olaraq bişirilir, ələyə tökülüb suyu süzülür. Ayrıca bir qazanda (tavada) halqa şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın suya çəkilmiş meyvə qaxları, axta zoğal, püstə içi əlavə edilir. Bir yerdə tovlanır. Sonra üzərinə bişmiş ağ lobya əlavə edilir, ehtiyatla qarışdırılır. Qızardılmış balıq tikələri üzərinə qoyulur, qazanın ağzı bağlanır, vam odda 5 dəqiqə bişirilir, çıxarılır. Süfrəyə verəndə boşqaba çəkilir, üzərinə balıq tikələri düzülür, doğranmış göyərti səpilir. Yanında göyərti, meyvə turşusu (məti), nar dənəsi, limon verilə bilər.

 

Nuş olsun! 

 

Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Çərşənbə axşamı, 23 İyul 2024 13:34

GÜLÜŞ KLUBUnda bahalı pomidor

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Kiçik pullardan mətbəə qoxusu gəlir. Böyük pullardan isə Cinayət Məcəlləsi qoxusu! 

 

2.

Pomidor öləndə balalarına vəsiyyət etdi:

-Əzizlərim, mən ölüb gedirəm, amma siz bilin ki, çox sanballı bir dövrdə yaşayırsız və çox dəyərlisiz. Sovetin vaxtında mənim dədə-babalarımın kilosunu iyul ayında 15 qəpiyə satırdılar. Əsas qida olan çörəkdən biz 4 dəfə ucuz idik. Yəni, 1 kilo çörəyə 4 kilo pomidor düşürdü. Amma indi - 2024-cü ilin iyulunda gözünə döndüyüm tarif şurası benzinin qiymətini 10 qəpik qaldırandan sonra bizim də qiymət dirənib 3 manata, düşmür ki düşmür. İndi əksinə, 1 kilo pomidora 4 kilo çörək düşür. Tarif şurasını öpüb bağrıma basıram, nə qədər ki o şura var, biz pomidorlara zaval gəlməyəcək. 

 

3.

-Əgər insanın gəlirinin 75 faizi qidalanmaya gedirsə, demək o kasıbdır. Kasıblığın həddini azaltmağın iki yolu var. Ya insanların gəliri qaldırılmalıdır. 

-Haml əleyhinə. Təsdiqlənmədi. 

-Ya da insana pulunun 75 faizini qidaya xərcləmək qadağan olunmalıdır.

-Hamı leyhinə. Təsdiqləndi. 

 

4.

-Salam, mənə antidepressant lazımdır.

-Həkim reseptiniz var?

-Nikah kağızı bəs etmir ki?

 

5

Niyə müharibə kinolarlnda hərbi əsirlərin üzləri şümal şəkildə təraş edilmiş olur?

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə tənqidçi Cavanşir Yusiflinin 2023-cü ilin dramaturgiya mənzərəsi araşdırmasını təqdim edəcəyik. 

 

2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü dəyişikliklərə gətirib çıxartdı: həyatın gedişi, hadisələrin sürətli olaraq bir-birini əvəz etməsi baş verənlərin uzunmüddətli yaddaşda qalmasına imkan vermir, qısamüddətli yaddaş isə daha çevik, birbaşa informasiya ötürən formalar tələb edir. Müasir dünyada hadisələrin, ideyaların çatdırılması və dərki alternativ üsullarla gedir: internetin bəşəriyyətə açdığı imkanlar baş verənlərin daha sürətli çatdırılmasına və anında reaksiya verilməsinə şərait yaradır. Bir-birini sürətlə əvəzləyən informasiya seli, yeni ideyalar axını qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçməyə imkan tapmayaraq sanki qeyb olurlar. Düşünürük, məhz bu səbəbdən hadisə və situasiyaların uzunmüddətli yaddaşda qalaraq bədii dərkinin mümkünsüzlüyü klassik anlamda qəbul etdiyimiz dram əsərlərinin meydana çıxmasına şərait yaratmır. Və bu hal təkcə bizdə yox, o cümlədən dünya dramaturgiyasında da  müşahidə edilir. Bəs bu əvəzlənmə hansı istiqamət üzrə gedir? Hansı tendensiya klassik və müasir dram nümunələrinin yerini tutmağa daha iddialıdır? Bu suala cavab vermədən öncə hal-hazırda dram nümunələrinin, daha dəqiq ifadə etsək pyeslərin məzmun və funksiyasına nəzər salmaq lazımdır. Amma ilk öncə günümüzdə daha çox işlənən pyes təyininin işləkliyinə də diqqəti cəlb etmək istərdim. Çünki müasir mətnlərdə pyes təyini demək olar ki, digər təyinləri sıxışdırıb çıxarmış, dramın janrlar üzrə bölgüsü müəyyən qədər aradan götürülmüşdür. Aydın Talıbzadənin də ifadə etdiyi kimi, "oyun yazarları əksərən janr definisiyalarından qaçıb, sanki onlara etiraz edib öz bədii mətnlərini, sadəcə "pyes" adlandırmaqla, əsərlərini janrsız-filansız tanıtmaqla kifayətlənirlər".

Müasir ədəbi prosesdə dramın mövqeyinə nəzər yetirdikdə əsas qırmızı xətt kimi keçən məqam dramın mahiyyətində və funksiyasında baş verən dəyişiklikdir: belə ki, ümumi mənzərəyə nəzər yetirdikdə görə bilərik ki, artıq ali ideyalar yox, konkret istiqamətli layihələr aktualdır. Xüsusilə sinkretik növ olan dramaturgiya bir neçə sənət istiqamətinin elementlərini özündə ehtiva etdiyindən, sanki ədəbi materialın arxa planda olduğu, daha çox performativ, hər hansı layihənin tərkib hissəsi kimi ortaya çıxan dram nümunələrinin sayı artır. Məlumdur ki, dram əsəri səhnədə oynanılmaq üçün yazılır və dram mətnlərinin funksiyasının dəyişməsi tamamilə fərqli tendensiyaların meydana çıxmasına gətirib çıxarır.

Son illərdə dünya səhnəsində müşahidə edilən immersiv və interaktiv teatr, rəqəmsal və hibrid teatr, inklüziv teatr, sosial teatr, xüsusi yönümlü və açıq hava teatrı, disiplinlərarası və əməkdaşlıq teatrı kimi istiqamətlər dramın funksiyasını daha çox sosial istiqamətə yönəldir. Obrazlar teatrından göstəri (performans) teatrına qədər yol keçmiş dramaturgiya klassik dram nümunələrinə alternativ sosial-psixoloji təlqin performansı ortaya qoyur.

2023-cü il Azərbaycan dramaturgiyası üçün bir neçə cəhətdən əlamətdar oldu. Azərbaycan milli teatrının yaranmasının 150 illik yubileyinin qeyd edilməsi, "Azərbaycan dili və ədəbiyyatı" forumunun, "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" adlı teatr forumunun keçirilməsi, bir sıra beynəlxalq layihələrlə əməkdaşlıq və müasir dünya dramaturgiyasında gedən ən son proseslərin izlənməsi baxımından təşkil edilən layihələr öncəki illərdə müşahidə edilən durğunluğa canlılıq gətirə bildi.

25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə  Azərbaycan milli professional teatrının 150 illik yubileyinə həsr olunmuş "Azərbaycan teatrı - 150 - üç əsrdən keçən teatr" mövzusunda elmi-praktik konfransda Əli Əmirlinin "Yeni dram, yeni dramaturgiya" adlı məruzəsi bir sıra məsələləri aktuallaşdırdı.  "Yeni dram" təyininin arxasında duran meyillərin sosial-psixoloji köklərə malik olduğunu söyləyən müəllif "həyat həqiqətlərinin bədii həqiqətləri üstələdiyi" ssenarilərin məşhurluğunu günümüzün reallığına bağlayır. Həqiqətən də, oxucu, tamaşaçı pyesdən və ya tamaşadan artıq bədii həqiqət yox, sadəcə alternativ reallıq gözləyir. Bu alternativ reallıq maksimum çılpaq, hətta absurd, qrotesk şəkildə də təqdim edilə bilər. Yeni məzmun yeni forma tələb etdiyi kimi, yeni tipli pyeslər də daim yeni təqdimat formaları axtarışında olur. Bu baxımdan son illərdə dram əsərlərinin ilk olaraq klassik səhnə quruluşu əvəzinə vörkşoplarda - yaradıcılıq emalatxanalarında təqdimi gerçəkləşməkdədir. 2023-cü ilin 6 iyun - 4 iyul tarixlərində rusdilli dramaturqların pyeslərini üzə çıxaran müstəqil dramaturgiya festivalı olan Lübimovkanın "Lübimovkanın əks-sədası Bakıda" adlı bölümü (Bakı Marionet Teatrı, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi baş tutan festival) müasir dünya dramaturgiyası nümayəndələrinin və yerli müəlliflərin pyeslərinin oxunuşu həyata keçirməklə prosesi müəyyən qədər canlandırdı. Dünyada baş verən yeni tendensiyalardan xəbər tutmaq və bizim bu prosesdə hansı nöqtədə olduğumuzu müəyyənləşdirmək üçün oxu günlərinin xüsusi əhəmiyyəti var. Həmçinin, "Azərbaycanda müasir dramaturgiya: o haradadır?" adlı panel müzakirədə, Tərlan Rəsulovun "Postdramatik teatr kontekstində dramaturqun rolu" adlı ustad dərsində səslənən fikirlər müasir dramaturgiyanın mövcud vəziyyəti, yeni dramın mahiyyəti və dramaturqlar və teatr arasında əlaqələr məsələlərinə aydınlıq gətirməyə çalışdı.

Britaniya Şurasının (British Council) Kreativ Prodüserlər Proqramı layihəsi çərçivəsində Elçin Cəfərov tərəfindən 2023-cü ildə təqdim edilən "KATALİZATOR ArtHub" layihəsi də yeni dramaturji tendensiyaların ölkəmizdə tanıdılması baxımından bir sıra layihələr həyata keçirtmiş, "Lübimovkanın əks-sədası Bakıda" və "CHARACTERS" Müasir Dramaturgiya Festivalının tərəfdaşı kimi fəaliyyət göstərmişdir. Onu da xatırladaq ki, 2023-cü ilin sonunda CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində pyes müsabiqəsi elan edilib, bu il ərzində pyes oxunuşları baş tutub və qaliblər müəyyənləşdirilib.

Son illər dramaturgiyanın əsas mövzuları arasında Qarabağ müharibəsi və  zəfər tarixi mövzusu da aktualdır. Mədəniyyət Nazirliyinin təşkil etdiyi İkinci Qarabağ müharibəsində qazanılan zəfərə həsr olunan ədəbi müsabiqədə Sevinc Elsevər "Çiçək məktublar"  pyesi ilə birinci yeri tutmuşdur.

Dram əsərləri daim lirik, epik növdə yazılan mətnlərə nisbətən azsaylı olması ilə seçilib. layihələr, forumlar çərçivəsində yeni dram, müasir dramaturq kimliyi, yeni dramaturji dilə dair maraqlı çıxışlar və fikirlər səslənsə də, nəzəri olaraq səslənən müddəaların tətbiqinə dair nümunələrin ortaya qoyulması baxımından 2023-cü ili məhsuldar hesab etmək olmur.

2023-cü il ərzində mətbu orqanlarda yayımlanmış pyeslərin kəmiyyəti o qədər də çox deyil. "Azərbaycan" jurnalının xüsusi buraxılışı olan 10-cu sayı Azərbaycan teatrının 150 illiyinə həsr edilib və jurnalda əvvəlki illərə aid bir sıra pyeslər - Əli Əmirlinin "Siz teatrı sevirsinizmi?", Hidayətin "Burdan min atlı keçdi", Firuz Mustafanın "Üçüncü sahil və yaxud "Sonuncu instansiya" pyesləri, Ülviyyə Heydərovanın "İnanıram" monopyesi yer alıb. Xüsusi buraxılışda, həmçinin, Türkiyəli yazar Tuncər Cücənoğlunun "Qadın sığınacağı", rumın dramaturqu Vasile Aleksandrinin "Qızıl pulun macəraları"  pyesləri  tərcümə edilərək dərc edilmişdir.

Elçinin "Azərbaycan" jurnalının 2023-cü ilin 5-ci sayında dərc edilmiş "Beşyüzüncü  tamaşa, yaxud güzgünü sevməyən qız" pyesi kifayət qədər maraqlı süjeti ilə diqqəti çəkir. "Otello" faciəsinin 500-cü tamaşası ətrafında baş verən hadisələr Şekspirin faciəsinə yeni alternativ final təklif edir. İllərdir səhnədə qoyulan ssenariyə uyğun olaraq hiyləyə aldanıb Dezdemonanı boğan və həyatına qəsd edən Otello qəfil məlum hadisələrin gedişatını pozur, personajın sözləri ilə ifadə etsək əsrlərdən bəri davam edən "tilsimi qırır". Otellonun öz daxilindəki yırtıcılığa, şərə qalib gəlməsi, rolu ifa edən aktyor Qəmərlinin də mənəvi cəhətdən saflaşmasına, həyata başqa rakursdan baxmağına səbəb olur. 

Mövcud mətnlərə alternativ süjetlər təqdim etmək və ya mövcud mətnlərin davamını yazmaq nəzəri cəhətdən intertekstuallığa meydan verirsə, digər tərəfdən sosial-psixoloji məqamlardan qaynaqlanır: oxucunun, yaxud tamaşaçının diqqətini çəkmək, informasiya selində itib batmış oxucuda nostalji duyğular oyadaraq marağını mətnə yönəltmək də dövrümüzdə ədəbi priyom ola bilir. Aydın Talıbzadənin eyni nömrədə ("Azərbaycan" jurnalı, 2023, N5) dərc olunan "Bir də buralara gəlmə" pyesi də oxucuya mövcud tanış mətnə müraciət etmə məcburiyyəti yaradır. Pyes Rüstəm İbrahibəyovun "Ölsəm, bağışla" film ssenarisinin ardı kimi qələmə alınıb və Gülzarın Yusifin ölümündən sonrakı həyatından bəhs edir. Monopyes şəklində Gülzarın dilindən nağıl edilən bu sikvel həm də ilkin mətn müəlliflərini tez-tez xatırladır, Gülzar başına gələn hadisələrdə dəfələrlə ssenari müəllifini (Rüstəm İbrahimbəyovu) qınayır. Gülzarın dilindən səslənən "Rüstəm belə yazmışdı. Allah Rüstəmin əliylə belə yazmışdı. Mən neyləyə bilərdim" deməsi də personajın öz yaradıcısının - müəllifin çəkdiyi çərçivələrə işarə edirsə, Yusifin ölümündən sonrakı həyatı barədə danışarkən "Bundan o yanasını Rüstəm daha yazmamışdı: Rüstəm də, Rasim də gecənin içində özgə şəhərdə məni tək-tənha buraxıb əkilmişdilər" ifadəsi personajın müəlliflərə etirazıdır. Məhz bu etiraz ruhu "Bir də buralara gəlmə" pyesinin yaranmasını şərtləndirir.

Bu tendensiya 2022-ci ilin ədəbi faktı olan Kamal Abdullanın "Gülçöhrə xanım və Əsgər ağa" telefilm ssenarisində də müşahidə edilir. Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasının davamı kimi yazılan telefilm ssenarisi Əsgər ağa və Gülçöhrənin Bakının bolşevik işğalından sonrakı həyatını əks etdirir.

Dramaturgiyamızda geniş yayılmış hallardan biri də dram əsərlərində portret yaradılmasına cəhddir. Tağilə Mehdiyevanın Həsənağa Turabovun 85 illik yubileyinə həsr edilmiş "Altımış dörd şəkilli drama" adlı pyesi onun həyatının müxtəlif mərhələlərinin təsvirini verir və portretini yaradır. Yalnız remarkalardan ibarət və daha çox təsvir, təhkiyə vasitəsilə qələmə alınan və Həsənağa Turabovun bioqrafiyası üzərində qurulan bu mətn daha çox səhnələşdiriləcək pyesin ilkin plan-prospektini, eskizini xatırladır.

Dramaturgiyanın əsasında duran konfliktin mahiyyətinin dəyişməsi, dinamik ünsiyyət aktının aradan çıxması klassik anlamda qəbul etdiyimiz qarşıdurmanın (xeyir-şər, ideal-həqiqət və s.) da öz yerini mərkəzi təhkiyəçiyə təslim etməsi ilə nəticələnir. Yevreinovun "fəaliyyətin vahid subyekti" adlandırdığı monodram qəhrəmanının konflikti daha çox öz daxilində - xatirələrində, psixikasında, düşüncələrindədir. Məhz bu gözönü situativ konfliktdən qaçış milli dramaturgiyamızda epik növə xas təhkiyənin dinamik fəaliyyəti sıxışdırmasına, birsəsli monopyeslərin meydana çıxmasına gətirib çıxarır. Son illərin tendensiyaları arasında monopyeslərin artımı - yeni dramaturqlar nəslinin - Ülviyyə Heydərova ("Uşaqlıq", Pələng","İnanıram"), Sevinc Elsevər ("Həyat elə bir oyun ki"), Jalə İsmayıl ("Güzgüyə inan"), Şəbnəm Xeyrulla ("Mənim "DÜŞMƏN" oyuncağım"), Cəlil Cavanşirin ("Əvvəl boşluq vardı...") periodik olaraq monopyeslərə müraciəti də fikrimizi təsdiqləyir.

İsmayıl İmanın ilk oxunuşu "Lübimovkanın əks-sədası Bakıda" festivalı çərçivəsində baş tutan rus dilində qələmə aldığı "Hamar üzdə" ("Na qladkoy storone") pyesi yeni dram istiqamətində yazılmış bədii-sənədli nümunədir. İntervü əsasında yazılan və monoloji təhkiyənin dominant olduğu pyes öz çoxsəsliliyi ilə seçilir. Başına gələn müxtəlif əhvalatları nəql edən bələdçi klassik yol filmi (road movie) üslubunda təhkiyəsiylə diqqəti cəlb edir. Çoxsəsliliyin hakim olduğu pyes miqrant həyatının kəskinləşdirdiyi sosial-siyasi, mənəvi problemləri çılpaq dillə, bəzən isə qeyri-normativ leksika ilə verərək, öz yerini axtaran, amma heç bir mədəniyyətə, icmaya mənsub olmayan, hansısa emosional, genetik və ya intellektual bağlarla müəyyən bir məkana (geniş mənada) bağlana bilməyən insanın faciəsidir.

Müasir dünya dramaturgiyasında əsas mövzulardan olan mədəniyyətlərarası  toqquşma  və inteqrasiyanın çətinlikləri, sosial mühit, şəxsin özünüidentifikasiyası, texnoloji inqilablar, sürət və informasiya əsrində insanın yeri və bir çox öncələr tabu hesab edilən mövzulara müraciət, ekoloji vəziyyət dramın sosial funksiyasının qabardılmasına, ədəbiyyata, daha konkret dramaturgiyaya yeni funksiyanın - terapevtik funksiyanın əlavə olunmasına gətirib çıxarır. Dramaturgiyanı sosial medium kimi qəbul etmə tendensiyasının güclənməsi dramın sosial terapiya funksiyasını yeni trendə çevrilir, dram əsərlərinin terapevtik mahiyyəti qabardılır. Bu isə düşünürük ki, Aristoteldən gəlmə katarsisin yeni mahiyyətini üzə çıxarmağa yönəlmişdir: əgər katarsis faciə nəticəsində  insanın ruhunda baş verən dəyişikliyə (pisdən yaxşıya doğru) səbəb olurdusa, müasir katarsis bu dəyişikliyin müalicəvi effektinin üzərində durur. İnsan ruhunda, daha konkret ifadə etsək, psixikasında baş verən təmizlənmənin fiziki sağlamlığa səbəb olacağı düşüncəsi dramın terapevtik funksiyasını aktuallaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Çərşənbə axşamı, 23 İyul 2024 13:03

QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Qapıcıq mağarası

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qapıcıq mağarası

(Qafan)

 

Sehrli meşədə gözəl quşların böyük bir dəstəsiyaşayırdı. Onların zərif ipək lələkləri mirvarilərlə örtülmüş, günəşin şəfəqləri altında parıldayırdı. Gümüşcaynaqlı mərcan ayaqları hündür və nazik idi, quyruqlarından meşəyə parlaq rəng verən zümrüdlər asılmışdı. Meşə sakinləri gözlərini ecazkar quşlardan çəkə bilmirdilər. Bu sehrli quşlar yalnız sübh vaxtı və gün batanda görünürdülər. Onların səsləri eşidiləndə  bütün Meşə donurdu: otlar pıçıldamır, ağaclar xışıldamır, çaylar guruldamır, hətta külək də əsmirdi.

Bütün meşə sakinləri gözəl, əsrarəngiz quşları sevir və onlarla dostluq etməyə çalışırdılar. Quşların başçısı Zümrüd quşu idi. Quşlardan  heç biri onun  qədər gözəl hekayələr bilmirdi. Zümrüd quşu bilik ağacının budaqlarında qurduğu yuvada yaşayırdı. Meşədəki bütün quşlar ona inanır, işləri çətinə düşən kimi ona müraciət edir və düşünürdülər ki, onları yalnız hər bəladan Zümrüd quşu qurtara bilər. Hər axşam günəş Sehrli Meşənin sərhədinə yaxınlaşanda və onu tərk etməyə hazırlaşanda Bilik ağacının budaqlarında oturan sehrli Zümrüd quşu hekayəyə başlayardı. Qədim zamanlarda Sehrli Meşənin qırmızı yumşaq torpaqda necə doğulduğunu, orada heyvanların və quşların məskunlaşdığını, qüdrətli dəryalarda balıqların üzdüyünü, şəffaf suların şəlaləyə dönüb dağlardan necə axdığını nağıl kimi danışardı. O, Göy qurşağının onun lələklərinə səpdiyi rənglərdən, okeanların ona hədiyyə etdiyi mirvarilərdən, dəniz ulduzundan, zümrüd dağlarından lələklərinə qonan daşlardan, həyat ağacını yerə gətirdiyindən, oddan, küldən maraqla danışardı. 

Sehrli quşlar  hər dəfə meşəyə qayıdanda özləri ilə qeyri-adi şeylər gətirərdilər: dəniz ulduzu, xərçəng üzgəci, kəhrəba parçaları, fil dişi, rəngarəng daşlar, qulpunda sirli yazıları olan kiçik gil qabları. Bütün bu xəzinələr bilik ağacının dibində saxlanılırdı. Meşə sakinləri Bilik ağacından bunların nə olduğunu və haradan gəldiklərini soruşanda hər şeydən xəbərdar olan ağac asanlıqla suallara cavab verirdi. Sehrli Meşənin sakinləri bilirdilər ki, dəryaların başladığı və bitdiyi yerdə qəribə də olsa, eyni canlıların yaşadığı bir dünya var. Bəzilərinin  qanadları var idi - amma uça bilmirdilər. Kəskin pəncələri olan güclü pəncələr var idi - lakin onlar yalnız özlərindən zəifləri yeyir, bəziləri isə zibillikdə eşələnirdilər. Güclü, iti dimdiyi olanlar ağaclardakı qurdları, həşəratların sürfələri, tırtıllar ilə qidalanırdılar. Onlar bütün günü qarınlarını doydurmaq üçün çalışıb yem əldə edirdilər. 

Meşə sakinləri bu hekayələri dinləyir, onlara daha inanılmaz gələn o olurdu ki, haradasa başqa, azad və xoşbəxt bir həyat var. Həyatlarını maraqsız fikirləşən quşlar bir gün sehrli meşədən də gözəl məkana getməyə qərar verirlər. Zümrüd quşundan  kömək istəyirlər. Beləliklə Zümrüd quşunun başçılığı ilə başı buludlara çatan Qaf dağına doğru uçurlar. Ora çatmaq üçün isə yeddi dərin vadidən keçmək lazım idi. Bu yollar o qədər çətin olur ki, yolda xeyli quş məhv olur. İradə, eşq, cəhalət, inamsızlız, tənhalıq, arxayınlıq və birlik vadilərindən keçən otuz quş Qaf dağının zirvəsinə çatıb, dağın başındakı mağarada yaşamağa başlayırlar. Sehrli meşədən uzaq düşürlər. Zümrüd quşu daha öz hekayətlərini heç kimə danışa bilmir. 

Dəstədən olan gənc Quşlar dağın ətəklərində tələyə düşən quşlara kömək edərdilər. Az keçmir ki, ovçular sehrli Quşları görür və onları əldə etməyə qərar verirlər. Quşları tutmaq üçün daha  möhkəm torlar qurub, qayalarda bitən hündür kolların arasında gizlənirlər. Quşlar heç vaxt xəyanətlə qarşılaşmamışdı. Həmişə torlara düşənlərin torunu öz iti caynaqları ilə yırtıb aciz əsirləri möhkəm qanadlarında götürüb Sehrli Meşəyə aparar, yaşıl çəmənliyə cəsarətlə enib onları azadlığa buraxardılar. Amma dəstənin quşları ovçuların güdazına gəldi,  onları tutub böyük qəfəslərdə saxladılar. Əsir quşlar getdikcə çoxaldı.  Beləliklə, sehrli Quşların taleyi həll edildi. Şahlara hədiyyə olaraq saraya göndərildi, digərləri yad ölkələrə aparılıb satıldı, onların əvəzində zəngin xəzinələrə sahib çıxdılar. 

Heç kim ağlına gəlmirdi ki, ecazkar quşlar bir-birindən ayrıla bilər. Sehrli Meşədən və doğma dəstədən uzaqda, tənha qalan başçı quş -Zümrüd quşu ümidini itirmədi ki, bir gün əsir quşları azad edəcək.  Günlər keçdi və o başa düşdü ki, daha heç vaxt gözəl hekayələrini danışa bilməyəcək, ona inananlar da olmayacaq.  Tənha quşun ecazkar gözəlliyi yoxa çıxdı. Dəstədən ayrı, tənha yaşamağa öyrəşməyən Zümrüd quşu zirvədəki mağarada yaşayıb sehrli meşəyə qayıtmadı. İllər keçdi. Bir gün dərya sahilinə gəldi və sudakı əksinə baxdı. Gördüklərindən dəhşət içində geri çəkildi. Sehrli Quş özünü heç tanımadı: bir vaxtlar gözəl və güclü olan qanadları çarəsiz asılmışdı; lələklərin üzərindəki mirvarilər qalın bir kir təbəqəsi ilə örtülmüşdü; mərcan ayaqları tozdan boz olmuşdu; gümüş caynaqlar küt və sönük idi, alov saçmırdı! O, dərhal Sehrli Meşəyə qayıtmalı olduğuna qərar verdi. Qanadlarını var gücüylə çırpdı, uçmağa çalışdı. Dəhşətlə hiss etdi ki, qanadlar ona tabe olmur, başını qaldırdı və səmaya baxdı. Səma boz buludlarla örtülmüşdü, tezliklə leysan yağış yağacaqdı. Külək dağa, daşa dəyib ulayırdı, bütün canlılar yaxınlaşan tufandan qaçaraq bir-birindən uzaqlaşırdı. Yalnız Zümrüd quşu ildırım gurultusunu və parıldayan şimşəkləri səbirsizliklə gözləyirdi. Fırtına qopdu! Axar sel suları bir neçə dəqiqədən sonra qaynayan dərəyə töküldü. Zümrüd quşu dərindən nəfəs aldı və bir vaxtlar uçarkən qanadlarından qığılcım saçan, indi isə sallanan çirkli qanadlarını yağış axınına tərəf tutdu. Bir anda lələklərindəki mirvarilər parıldamağa başladı, çaynaqları yenidən parlaqlaşdı və əvvəlki rəngini aldı. Zümrüd quşu əvvəlki gözəlliyini xatırladı. Az müddətdən sonra yağış kəsdi. Yağışdan sonra görünən günəş şüaları altında qanadlarını qurutdu; onları möhkəm yellədi və yerdən qalxdı! Sehrli Quş havada cəmi bir neçə dəqiqə qaldı. Qanadlarını hər dəfə möhkəm çırpmaqla itirdiyi gücü sanki geri qaytardı. Sevinc içində geniş çaylar, dərələr, sıx meşələr üzərindən uçdu. İnciləri getdikcə daha çox parıldadı, ürəyi getdikcə daha şən oldu! Və birdən sehrli səslər eşitdi, sanki göyün aydın maviliyində büllur zənglər çalınır, onu o səmtə səsləyirdi. 

Tezliklə uzaqda Sehrli Meşə göründü.  Zümrüd quşu son dəfə göz yaşları ilə sehrli meşənin otları, ağacları üzərindən uçub göz yaşlarını tökdü. Göz yaşları dəyən ağaclar, bitkilər insanlara şəfa verdi. Zirvədəki mağarasına qayıtdı. Dağlarda bitən otlardan yapışqanlı tüpürcəyi ilə mağaranın ağzına qapı hördü. Mağaranın içində gözlərini yumaraq üzünü Tanrıya tutub dedi: Mən gözlərimi əbədi olaraq yumuram, öləndən sonra yanıb kül olacağam. İstəyim odur ki, külümdən yenidən dirilik tapmayım. Qoy mənim ruhum əbədi olaraq əcdadlarımın ruhuna qovuşsun. 

Sehrli meşə sakinləri bir daha o quşu görə bilmədilər. Heç kəsə bu quşu görmək imkanı verilmədi - nə heyvan, nə quş, nə insan. Təkcə onu bilirdilər ki, onun lələkləri günəşin doğuşu və qürub vaxtı batmasından daha gözəldir. Zümrüd quşu nəinki əsrarəngiz, möcüzəvi gözəl idi, həm də hikməti okean kimi sonsuz idi, çünki o bilik ağacında yuva qurmuşdu. 

İllər sonra Zümrüd quşunun göz yaşları ilə sulanan Sehrli meşə bu quşun eşqiylə Qaf dağına doğru böyüməklə Oğuz yurdunun insanlarına yaşıl həyat verdi. Onlar gözəl, səfalı yurdlarını Qafan, Qaf dağının zirvəsindəki mağaranı isə Zümrüd quşunun hördüyü qeyri-adi qapı əsasında Qapıcıq adlandırdılar. Bu mağara indi də Qaf dağının zirvəsində yerləşir.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Çərşənbə axşamı, 23 İyul 2024 10:10

BİR SUAL, BİR CAVAB İqbal Nəhmət ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

"Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış- verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər." (Pifaqor

 

İqbal bəy üçün həyatın anlamı nədədir?

 

CAVAB

-Həyat,

gözündəki yaş qədər qısa imiş,

ağlarsan, ağlarsan,

sonra ağladığın şeyə gülərsən,

Sevdiyin günü xatırlarsan,

sevildiyin günü unudarsan,

tənhalaşarsan, bitərsən!

Anlam sadəcə yaşaya bilirsənsə, yaşamaqdır!

 

Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə  “Məni oğulluğa götür, ay vətən...” şeiri ilə. 

Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair. 

“Bir ata itirdim günün qəm çağı

Məni oğulluğa götür, ay vətən...”

Gözəldir deyilmi? 

Xoş mütaliələr!

 

Daşını gözüylə öpüb oxşayan

Bir ata itirdim günün qəm çağı

Məni oğulluğa götür, ay vətən...

 

Bir uzaq, kimsəsiz adayam indi,

Bu tayam, bir az da o tayam indi.

Nə olsun, özüm də atayam indi

Məni oğulluğa götür, ay vətən.

 

Göyünü qoruyan quşun olaram,

Lap bu tək canımla qoşun olaram.

Düşmənin bağrında qurşun olaram

Məni oğulluğa götür, ay vətən..

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışı mərasimində əllidən artıq ölkəni təmsil edən media nümayəndəsi qarşısında dörd dildə verilən bütün sualları cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqini dinləyərkən Ulu Öndər Heydər Əliyevin jurnalistlərə məşhur xitabını xatırladım: “Düzünü deyin, düzünü yazın”. Ölkə başçısı da nitqində qeyd edirdi: “Biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”. Necə oxşar və yaxınmənalı fikirlərdir iki dahi,ata və oğul tərəfindən deyilən bu sözlər. Biz çox xoşbəxtik ki, bu yolun layiqli davamçısının şahidləriyik.

Vaxtilə milli dəyərlər yaradanlar indi xalqın milli dəyərinə çevrilib. Bu milli dəyərləri xatırlayarkən səni də unutmadıq, ey  Azərbaycan milli mətbuatının ilk qaranquşu, “Əkinçi”nin təsisçisi, Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincinə nail olan, millətin maariflənməsini öz şəxsi həyatından üstün tutan Həsən bəy Zərdabi! 

Zaman keçdikcə belə böyük şəxsiyyətlərin əzəməti daha aydın görünür, qəlbimizdə qırılmaz bağlarla duaya dönüşür.

70-ci illərdə mətbuatdan sensasiyalı bir hadisə barədə oxuduq. Gənc şair Firuz Hüseyn qatar altında qalaraq həlak olmuşdu. Ağ köynəkli arıq oğlanın meyidi tapılanda əlində qana bulaşmış “İşıq” qəzeti olub. Həmin gün yerli şəhər qəzetində Firuzun bir şeiri çap olunub. Dəmir yolu üzərində gedərək öz şeirini oxuyurmuş. Şeirinin qəzetdə çap olunmasının verdiyi xoşbəxtlik hissi dünyadakı bütün səsləri eşidilməz edib. Qatarın fiti onun xəyal dünyasının divarlarını dəlib keçə bilməyib. Beləcə, 21 yaşında ilk şeirinin çap olunduğu gün həyatla vidalaşıb Firuz Hüseyn. 

Mətnin çap olunmağının verdiyi xoşbəxtlik hissi idi bu. 

 Mətn müqəddəsdir, mətn and yerimizdir, mətn ruhumuzun dərinliklərindən süzülüb gələn məhrəm hisslərimizdir.  Mən də ruhumun dərinliklərindən süzülüb gələn mətnlərimi əbədi, sınmaz, qırılmaz etmək üçün qələmə sığınıb bu peşəni seçmişəm. Zərdabinin sipər olduğu yola davamçı olmaq, Mirzə Cəlilə silahdaş olmaq, Cavidə yeni fikir, Müşfiqə yeni səs olmağın ağır məsuliyyət olduğunu düşünür, bu yolda qələmə pənah aparıram.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev jurnalistlərlə görüşlərində  “Düzünü deyin, düzünü yazın” ,– deyə jurnalistlərə nəsihət verərkən batışmadığı, rədd etdiyi yeganə hal bədniyyətlilik, böhtan və dezinformasiya idi. Jurnalistika elə sahədir ki, tənqidlə məşğul olur, nöqsanları aşkar edir, onların aradan qaldırılması üçün çalışır, hadisələrə operativ yanaşır. Jurnalistlər çalışırlar ki, araşdırma edib bütün həqiqətləri cəmiyyətə çatdıra bilsinlər. Bəzən fakt eşidilir, yazılır və bir az da fikir əlavə olunur. Amma faktı araşdıranda, onu təhlil edəndə, informatorlarla görüşəndə anlayırsan ki, bəzən məsələ sənin fikir bildirdiyin kimi deyil, fərqli imiş. Etiraf etmək lazımdır ki, jurnalistika çətin sahədir. Jurnalistin məkanı yoxdur. Harada qaynar xəbər varsa, jurnalist oradadır. Harada cəmiyyətə çatdırılmalı lazımi informasiya varsa, jurnalist oradadır. Bir sözlə, harada yeni xəbər, yeni söz varsa, jurnalist oradadır. Prezident cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlər misilsizdir. Ölkə başçısı üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. O, yeganə liderdir ki, Qarabağ Zəfərində həm hərb, həm siyasi, həm də informasiya işini aparırdı. Qəhrəman hərbçilər lal qayalara dırmanıb Şuşanı azad edərkən jurnalistlər həqiqəti əks etdirən foto və yazılarla, cənab Prezident isə siyasi arenada düşmən və dünya ilə üzbəüz dayanmışdı. O, yeganə liderdir ki, gərgin iş qrafikində 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışı mərasimində əllidən artıq ölkəni təmsil edən media nümayəndəsi qarşısında dörd dildə verilən bütün sualları cavablandırdı. Cənab Prezident təkrar-təkrar Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Biz jurnalistlərin üzərinə düşən isə həqiqətə ayna kimi işıq tutmaq, dahi lider Heydər Əliyevin dediyi kimi: “Düzünü demək, düzünü yazmaqdır”.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.