Super User
Nəfəs darlığından necə qurtulduq? - ƏKBƏR QOŞALI
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisit Əkbər Qoşalının təqvim yazısını təqdim edir.
1875-ci ildə “Əkinçi” ilə başlayan şərəfli yolun 149-cu bələnindəyik. Kimsə bizdən qabaq, kimsə bizdən sonrakı bələndədir - olsun; əsas olan, var olmaqdır, durmamaqdır, irəliləməkdir.
Əlbəttə, hardan gəldiyimizi, hara getdiyimizi və necə gəlib-getdiyimizi bilmək önəmlidir. Çıxdığımız yolun dünənki, bu günkü çağırışlarının idrakında olmaq çox önəmlidir; yəni sabaha kiminlə, hansı sevda ilə, peşəkarlıqla getdiyimizin fərqində olmazsaq olmaz…
Əkinçilikdən öncə ovçuluq gəlir - insan övladı Yer üzündə əkin-biçindən öncə ovçuluqla uğraşıb, özü özündən öyrənib, ilklərə imza atıb; sonra əkinçilik dönəmi başlayıb, əkinə aid sadə alətlər ürətilib. Qədim insan məskənlərinə malik Azərbaycanın ilk milli mətbuatının “Əkinçi” adlanması da, bütün anlamlarda təsadüf deyil. Milli demokrat, maarifçi babalarımız əkinçi sözünün ərəbcə, farsca, rusca qarşılığından istifadə etməyiblər (çox da doğru ediblər)! Ruhları şad olsun! Ruhları şad olmuşlar, Həsən bəy Zərdabi başda olmaqla, dil, üslub, qarammatika, o cümlədən durğu işarələrinin işlənməsinə özən göstəriblər. Baxma, sayı 300-400, yayınlanma dönəmi iki il olub, “Əkinçi” əkinçidən artıq olub. “Əkinçi” yalnız, “torpaqda izi olmayanın, süfrədə üzü olmaz”, “torpağa əyilən baş heç kəsə əyilməz” kimi zəhmətə alışdırma çağırışları ilə çıxış etməyib. - Əkinçiliyin kənd təsərrüfatından çıxarılıb, düşüncə fabrikinə, fəlsəfi fikir meydanına axtarılması “Əkinçi”ni bir aqrar maarifçilik orqanı olmaqdan çıxardıb, böyüdüb. Adı gözəl, işi gözəl, yolu gözəl Həsən bəy Zərdabi öz düşüncə, dava ortaqları ilə beyinlərə toxum səpir, ağılları şumlayır, qafaları havalandırır, gözləri işıqlsndırırdı… Zərdabi imzası da
sanki yalnız el-obanı nişan vermirdi; Zərdabinin düşüncə zərdabları fikir qidalandırıcı maddələrin dərisi qalınların dərin qatlarına nüfuz etməsini təmin edirdi. Zərdab yalnız dəridə deyil, boğaz, burun, gözdə olan boşcuqlara düşən, NƏFƏS DARLIĞI yaradan yoluxucu infeksiyaya (difteriyaya) qarşı ən güclü “silah”dır. Həsən bəy Zərdabinin adı, təxəllüsü, qəzeti, ümumən Yolu təsadüf əsəri olmayıb, istiqamətlənmiş, nizamlı milli hərəkatı ifadə edir. O, millətin NƏFƏS DARLIĞInı müalicə edirdi, dərisi qalınları ayıldırdı…
XIX yüzildəki “Əkinçi”mizdən öncə, yurdumuzda və yaxın çevrədə başqa dillərdə qəzetlər çıxırdı; bax, onları sövq-təbii izləməyimiz bizim mətbu anlamda ovçuluq aşamamız idi; ilk insanlar kimi, XIX yüzil sonlarında bizim düşüncə dünyamızda da, ovçuluqdan sonra əkinçilik dönəmi gəlməliydi, gəldi də…
Müstəvisindən, fazasından və fəzasından, məkan və zamanından asılı olmayaraq, ovçuluqdan, əkinçilikdən danışırıqsa, oddan da söz salmalıyıq. İlk insanların ilk ocaq qalama yöntəmləri və odqoruması kimi, bizim irəligörüşlü babalarımız da, ilk milli qəzetimiz “Əkinçi”də, ondan öncə, ona paralel və ondan sonrakı bütün mətbu orqanlarımız üzrə odqoruma işi gördülər, əslində - ocaqlar qaladılar. O vaxt bu tayda müstəqil milli dövlətimiz, heç muxtariyyətimiz dəxi yox idi; o tayda isə Qacarlar dövləti (iç və dış basqılar üzündən) öz başının hayındaydı… Ona görə, irəligörüşlü babalarımız bəzən (belə demək mümkünsə), dövlət kimi, millət atası kimi davranmaq zorunda qalırdı...
Əlbəttə, görülən işlər öz məntiqi nəticəsinə yetişməliydi, yetdi də: vaxt gəldi-vədə yetişdi, Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) quruldu! Türk-İslam Gündoğarının ilk Cümhuriyyətiydi Azərbaycan Cümhuriyyəti! Cümhuriyyətimizin nazirliklərindən biri də Əkinçilik Nazirliyiydi… İlk Əkinçilik nazirimiz Xosrov bəy Əlipaşa bəy oğlu Sultanov (10.05.1879, Laçın, Zəngəzur – 07.01.1943, İstanbul) “Əkinçi”nin ilk sayı çıxandan 4 il sonra doğulmuşdu…
Necə bir təvafüqlükdür: Əkinçilik nazirimiz daha sonra Qarabağ general-qubernatoru görəvinə keçirildi. - Ermənilərin (və havadarlarının) Azərbaycana qarşı yeni ərazi iddiaları sonucunda məcburiyyət qarşısında Qarabağda keçici inzibati idarəçilik qurumu yaradıldı…
İlk müstəqil cümhuriyyətimizdə də, müstəqilliyin bərpası və sonrası dönəmdə də Qarabağ adlı sorunumuz olub. O sorunu, nəhayət, Dəmir Yumruq kəramətiylə həll etdik! Ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyevin Ali Baş Komandanı olduğu şanlı Ordu 30 illik deyil, 100 illik də deyil, Cümhuriyyətöncəsindən yığılıb qalmış problemləri belə kökündən çözdü!
Bəli, necə deyərlər, “torpağı qorumasan əkməyinə, əkməsən, qorumağına dəyməz”!..
“Əkinçi”dən Cümhuriyyətə, Cümhuriyyət aydınlığından sovet qaranlığına və yenidən dövlət müstəqilliyinin bərpasına “uzun incə bir yol” keçən milli mətbuatımız bu gün müstəqil, güclü, qalib ölkənin, dövlətin və xalqın mətbuatı olaraq çıxış edir. İndi bir normal saytdakı alababat yazının bir gün içində oxunma sayı “Əkinçi”nin bir sayının tirajından xeyli çox olur. Ancaq biz, bir gürcü filmində deyildiyi kimi, “köklərə borclu budaqlar”ıq. - Bütün tirajlarımız, sayğaclarımız, oxunmalarımız “Əkinçi”nin adına yazılsın, əkinçi babalarımızın halalı olsun, onların ruhları şad olsun! Təki biz onların ruhu qarşısında utanmayaq.
Budur, Milli Mətbuat Günü ərəfəsində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumun açılışında iştirak edib, çoxsaylı sualları cavablandırdı. Forumda 50-dən çox ölkəni təmsil edən nümayəndələr, eləcə də, yerli media kapitanlarımız vardı.
Bu ilki Milli Mətbuat Günümüz bir başqadır! - Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra bu bayramı ilk dəfə keçiririk. Bu ilki Şuşa Qlobal Media Forumunun iştirakçılarından bir bölümü Xankəndidə gecələyib. Bunlar xoş-bəxt-lik-dir, xoş-bəxt-lik!!!
Bugünümüz, uğurlarımız (çox inanıram), “Əkinçi” babalarımızın da, dağ başında qala (Şuşa), dağətəyində kənd (Xankəndi) quran xan babalarımızın da ruhuna agahdır… Onların şad ruhunun Müzəffər Ali Baş Komandanımıza, ordumuza, eləcə də, milli mətbuatımıza - media ordumuza alxışçı olduğuna inanıram.
Ata vəsiyyətini şərəflə yerinə yetirən dövlət başçımız, bütün dönəmlərdəki dədə-babalarımızın da ruhunu şad edib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Şəhidlər barədə şeirlər - Tahir Əlizadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Səhid TahirƏlizadə
Tahir Əlizadə 1994-cü il iyunun 21-də Biləsuvar şəhərində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Tahir Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tahir Əlizadə noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralaıb və dekabrın 6-da Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Biləsuvar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Dayımınşəhid oğlu,
Söylə indinecəsən?
Öncə ayaqlarını
Çatdırmışdın üçə sən,
İndidə şəhidoldun!
Şəhidoldun, özünü
Cənnətdə tapanbala.
Sən ey ana vətənin
Bağrından qopan bala.
İndi yerin necədi?
İndi kefin necədi?
Xoşuna gəlirmi heç,
Məzar evin necədi?
Necədi öz canını
Vətənə qurban etmək,
Necədi güllələrə
Sinəni meydan etmək?
Dosta dəyməsin deyə,
Özünü atmaq necə?
Sinəsiylə gülləni
Havada tutmaq necə?
...Necə olub, mən səni
Bağrıma basmamışam?
Sağ olanda bir dəfə
Zəng edib susmamışam.
Balaca uşaq idin,
Əsgər nə zaman oldun?
Sən nə vaxt böyüdün ki,
Belə qəhrəman oldun?
Qəhrəman olmaq olmur,
Qəhrəman doğulurmuş.
Sən demə qəhrəmanlar
Sənin kimi olurmuş!
Canım, dayımın oğlu,
Allaha əmanət ol.
Rahat uyu, rahat yat,
Özündən muğayat ol.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Robert Byorns - “İşdə nəhəbbət macərası” filmindən”. TƏRCÜMƏ SAATINDA
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Tərcümə saatıdır, sizlərə Nazir Rüstəmin tərcüməsində Robert Byornsın “İşdə nəhəbbət macərası” filmindən” adlı şeiri təqdim ediləcək.
Mənim ürəyimin rahatlığı yox,
Hər gün gözləyirəm elə kimisə...
Yuxusuz qaldığım gecələrim çox:
Səbəb elə odur... odur kimdisə.
Kimsə mənimlədir... məndən uzaqda...
Hardadı, axtarım, tapım mən onu,
Axtarım tufanda, qarda, sazaqda
Mənim həsrətimin yetişsin sonu.
Ey təmiz, müqəddəs, ülvi hissləri
Qoruyan qüvvələr, nə olardı siz
Mənim həyatımdan silib pisləri,
Mənə saf məhəbbət göndərərdiniz.
Kimsə mənimlədi məndən o yana,
Kimdisə dost etdi mənə kədəri...
Bütün varlığımı verərdim ona,
Yalnız yaşayardım ondan ötəri.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
BU GÜN MİLLİ MƏTBUAT GÜNÜMÜZDÜR – “Mətbuatımızın mayakı”
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalı üçün
Mənbələr göstərir ki, Azərbaycanda milli mətbuat və milli mətbəə yaratmaq təşəbbüsləri XIX əsrin birinci yarısından başlamışdır. Hələ 1832-ci ildə “Tiflis əxbarı” və 1845-ci ildə “Qafqazski vestnik” qəzetlərinə əlavə çəklində “Qafqazın bu tərəfinin xəbərləri” adlı azərbaycanca vərəqələr buraxılmışdır. Əlbəttə, rəsmi bülleten xarakteri daşıyan bu vərəqələrimüstəqil milli mətbuat nümunələri hesab etmək mümkün deyil. Lakin bunları milli mətbuatın yaranmasına hazırlıq saymaq mümkündür.
Ə.Ə.Səidzadənin “Ədəbiyyat” qəzetinin 1940-cı il tarixli 31 saylı nomrəsindəki məqaləsindən o da məlum olur ki,1841-ci ildə M.F.Axundzadə və M.Ş.Vazeh tərəfindən Tiflisdə mətbəə yaratmağa cəhd göstərilmişdir. Lakin bu təşəbbüs baş tutmamışdır.
1870-ci ildə H.Zərdabinin dostu X.Cenk rus dilində “Bakinski listok” adlı qəzet nəşr etmək üçün müraciət etmişdir. Az sonra Qafqaz canişinliyinə yazdığı əlavə məlumatda X.Cenk qəzetdə həmçinin Azərbaycan dilində məqalələr şöbəsinin açılmasına da icazə istəmişdir. (Təəssüf ki, həmin qəzetin ancaq bir nömrəsində azərbaycanca yazı dərc olunmuşdur.) Filologiya elmləri namizədi V.Məmmədov belə ehtimal edir ki, Cenki bu işə təşviq edən elə onun yaxın dostu H.Zərdabi olmuşdur.
Xalqı maarifləndirmək, onun tərəqqisinə nail olmaq H.Zərdabinin həyatının qayəsi idi. O, bu yolda mətbuatın roluna xüsusi önəm verir və deyirdi ki, xalqa “qəzet verə bilsəm, onların dünyagörüşünü tamamilə dəyişə” bilərəm.O, 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".
Həsənbəy Zərdabi qəzet çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə -1868-ci ildəndüşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik onun qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymamışdı. Hənifə xanım Məlikovanın yazdığı kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin qəzet nəşr etmək üçün rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu.
Sonralar Həsən bəy "Həyat" qəzetində həmin hadisəni belə xatırlayırdı: "O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti "Əkinçi" adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o, özü senzor olmağa razılıq verdi və nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım".(Deməli, qəzetin “Əkinçi" adlandırılması çar rejiminin fikrini onun daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.)
H.Zərdabinin 1873-cü ilin aprel ayının 12-dəBakı qubernatoru D.S.Staroselskiyə ünvanladığı ərizədə yazılmışdı: “Quba mülkədarı general-mayor Abdulla Ağa Bakıxanov (Abbasqulu ağa Bakıxanovun qardaşı-İ.V.) mənə Bakı şəhərində tatar (azərbaycan-İ.V.) dilində pulsuz olaraq qəzet nəşr etmək məqsədi ilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər asasında qəzet nəşr etməyi qərara almışam: birincisi, qəzetin redaktorlu və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikincisi, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşəcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncüsü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncüsü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla ildə iki manat olacaqdır; beşincisi, qəzetin nəşri, kağızı üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla, qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncısı, qəzet “Əkinçi” (“Paxar”) adlanacaqdır; yeddincisi, qəzetin nəşrinə 1873-cü ilin sentyabrından başlanacaqdır”.
H.Zərdabi qəzetin nəşrinə həmin ilin sentyabrından başlamağı nəzərdə tutsa da, ucqarlarda milli mətbuat yaratmaq fikri hakim dairələri ciddi narahat etdiyi üçün müxtəlif bəhanələrlə iş uzadılırdı. Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi.
Xüsusən qəzetin proqramındakı “Qəzet yerli ehtiyac və təlabata həsr olunan baş məqalələr də verəcəkdir” maddəsi ciddi müzakirələrə səbəb olmuşdu. Süründürməçiliklər və uzun-uzadı yazışmalar başlanmışdı. O, zaman Qafqazın mərkəzi Tiflis sayılırdı və bütün yekun qərarlar oradan verilirdi. H.Zərdabi düz ilyarım Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.
Onun qətiyyəti və əzmkarlığı, çoxsaylı izah və əsaslandırmalarından sonra Qafqaz canişinliyi 5 oktyabr 1874-cü il tarixli 5440 nömrəli sənədlə “Əkinçi”nin nəşrinə icazə verdi və senzura işləri Bakı Qubernatorluğuna tapşırıldı.
Filologiya elmləri namizədi V.Məmmədov H.Zərdabinin 1873-cü il 7 iyun tarixli məktubuna istinadən bildirir ki, Tiflisdən qəzetin nəşrinə icazə verilməsində və qəzetin oxucular arasında yayılmasında tanınmış Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin böyük köməkliyi olmuşdur.
Qəzetin nəşrinə icazə alınsa da, qarşıda çox ciddi çətinliklər dururdu. Naşir yuxarıda adı çəkilən “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində bu çətinliklər barədə belə yazırdı: "Bəs qəzeti necə çıxardım? Qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq…”. Həsən bəy özünün gərgin əməyi, həmyerlilərinin, dost və tanışlarının köməyi ilə bu çətinliklərin öhdəsindən gələ bildi. Lakin ayrıca mətbəə açmağa imkanı olmadığı üçün D.S,Staroselski yenə də Zərdabinin köməyinə gəlir, qəzetin quberniya mətbəəsində çap olunmasına ona icazə verir.
Həhayət, 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. Beləliklə, Azərbaycanda ilk milli qəzet nəşrə başladı, milli mətbuatın əsası qoyuldu. H.Zərdabinin ömür-gün yoldaşı H.Məlikova həmin günü xatırlayaraq yazırdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O çox həyəcanlı halda evə gəldi. Bu gün onun həyatının ən xoşbəxt günü idi”.
Qəzetin ilk nömrəsiiki sütuna ayrılmış 8 səhifədən ibarət idi. İlk nömrə "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi şöbələrdən ibarət idi.
Qəzetin baş məqaləsi “Daxiliyyə” başlığı altında naşirin imzası ilə getmişdir. Bu yazını “Əkinçi”nin məramnaməsi də adlandırmaq olardı. Burda qəzetin fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti müəyyən olunur, şöbələrin adları, səciyyələri müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi.
Baş məqalənin ardınca gələn “İkinci daxiliyyə” adlı məqalədə isə 1876-cı ildən Qafqazda tətbiq olunacaq ticarət qayda-qanunları haqqında məlumat verilirdi.
“Əkin və ziraət xəbərləri” və “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə aid materiallar dərc olunmuşdu. (1876-cı ilin 7-ci nömrəsindən etibarən “Əkin və ziraət xəbərləri” şöbəsi “Əf-ali-əhli-dəhat” adlanmışdı.)
Sonuncu şöbə olan “Təzə xəbərlər” şöbəsində siyasət və məhkəmə işlərinə, ticarətə, tibbi məsələlərə dair kiçik həcmli və oxunaqlı xəbərlər verilmişdi. Bu şöbənin digər şöbələrdən bir fərqi də yazıların sayca çox, həcmcə yığcam olması idi. (Sonralar qəzetin 6-cı nömrəsindən etibarən “Məktubat” şöbəsi də meydana gəlmişdi.)
“Əkinçi” beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərqdə Avropa üslubunda nəşr olunan birinci mətbuat orqanı idi. Hənifə xanım Məlikova “Revolyusiya və kultura” jurnalının 1939-cu il tarixli 6 saylı nömrəsində çap olunmuş xatirəsində "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi… Qəzetin ilk abunəciləri, onu birinci sırada salamlayanlar Omskdan, Tümendən, Çistopaldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”.
Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi.O, "Əkinçi" qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə, biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq" deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəslər, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: "Tələf olmaqmı istəyirsiniz?"
Qəzet öz ətrafında dövrünün M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.A.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və digər qabaqcıl fikirli, demokratik əqidəli, aydın ideyalı görkəmli maarifçiləri toplamışdı. "Əkinçi"nin əməkdaşlarının da başlıca məqsədi xalqın həyatında hökm sürən fanatizmə, cəhalətə qarşı çevrilib, xalqı elmə, maarifə, tərəqqiyə çağırıb, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.
Qəzet cəmiyyətdəki xəstə halları sağaltmağın çarəsini hər şeydən əvvıəl xalqın maariflənməsində, mədəni təqəqqi yoluna çıxmasında görür, təhsil işlərinə, təlim və tərbiyə məsələlərinə ciddi əhəmiyyət verirdi. Qəzetin səhifələrində elm və təhsilin faydasından bəhs olunur, gənclər məktəbə çağrılır, köhnə təlim-tərbiyə üsulları pislənilir, mollaxana və mədrəsələrdəki nöqsanlar tənqid olunur, dünyəvi elmlər və onların öyrədilməsi təbliğ edilirdi. Yeni tipli məktəblərin açılması, ana dilli tədrisin təşkili, ana dilli dərsliklərin yazılması təşviq edilirdi.Həsən bəy belə hesab edirdi ki, öz düşmənlərimizlə mübarizədə məğlub olmamaq üçün mütləq elm təhsil etmək lazımdır. O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlış cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağıq”. Bir sözlə, qəzet maarifçilik ideyalarını özünə bayraq etmişdi.
“Əkinçi” qəzeti gerilik və ətalətə, köhnəlmiş adət-ənənələrə, dini xurafata, orta əsr zehniyyətinə qarşı açıq mübarizə aparırdı.“Jurnalist” təxəllüslü bir publisist “Ədəbiyyat” qəzetinin 1936-cı il tarixli 11-ci sayında obrazlı şəkildə yazırdı: “Əkinçi”… sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsənbəy avamlıq və cəhalətin qara pərdələrini yirtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.
Qəzet insanlarımızı zamanla, dövrlə ayaqlaşmağa çağırdı. H.Vəzirov qəzetin səhifələrində yazırdı: ”Hərdən tənha oturub fikir edirəm: xudavəndə, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu… Ata-babamız xoruz və qoç döyüçdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirib. Biz də ki, bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib”.
H.Zərdabi göstərirdi ki, yaşadığımız dünya daim dəyişməkdədir və bu prosesi heç kim saxlya bilməz. Bizdən tələb olunan budur ki, işlərimizi zamanın və dünyanın dəyişməsinə uyğun quraq, dünyanın axarı ilə gedən qanunlara qarşı çıxmayaq, tərəqqi yolunda irəliləyişimizə mane ola biləcək zərərli vərdişlərdən əl çəkək.
“Əkinçi” bir çox yazılarında feodal istismarına qarşı etiraz edir, xalqı var-yoxdan çıxaran, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mühafizəkar qüvvələri tənqid edirdi. Qəzet insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi, fikir və söz azadlığının olmamasından bəhs edirdi. “Əkinçi”lər içtimai quruluşun maarif gücü ilə dəyişəcəyinə ümid bəsləyirdilər, elmi tərəqqini azadlığın əsas şərtlərindən hesab edirdilər. Elmi və texniki tərəqqini xalqın həyat tərzini yaxşılaşdıran əsas amillərdən sayırdılar.
“Əkinçi” qadın azadlığı və təhsili ideyasını tərənnüm edir, qadını qul sayan dini-mistik zehniyyətin acınacaqlı mənzərəsini göz önündə canlandırır, köhnə dünyanının hər cür mənfur adət-ənənlərini ifşa edirdi. Qəzet qızların vaxtsız ərə verilməsinin böyük zərərlərini elmi dəlillərlə sübut edir ki, 20 yaşdan aşağı olan kəbinlər qüsürludür. “Əkinçi” qəzeti qadını güçsüz, naqis məxluq sayan şəriət ehkamlarını ifşa edir, onu mübariz, ağıllı və cəsur xilqət kimi təqdim edirdi. Qəzet Azərbaycan qadınını savadlı görmək istəyirdi, çünki qadın eyni zamanda anadır, gənc nəslin tərbiyəçisidir. Ancaq elmli, savadlı ana öz övladının tərbiyəsi ilə layiqincə məşğul olar.
Qəzet xalqların dinçlik və dostluq şəraitində yaşamalarının böyük tərənnümçüsü idi. Ədalətsiz müharibələr dəlilik, yoluxucu “beyin naxoşluğu” adlandırılırdı.
“Əkinçi” qəzeti kənd əhalisinin gündəlik işlərini də ardıcıl işıqlandırırdı. H.Zərdabi qəzet vasitəsi ilə kənd təsərrüfatı məsələlərini şərh edir, məhsuldarlığı yüksəltməyin elmi-təcrübi yollarının anlaşıqlı bir dillə oxucularına çatdırırdı.
Azərbaycan dilinin saflığı uğrunda və mətbuat dilinin formalaşmasında da “Əkinçi”nin müstəsna xidmətləri olmuşdur. Moskvada qəzetin ilk nömrələri ilə tanış olan N.Vəzirov Həsənbəyə yazdığı məktubda qeyd edirdi ki, “Əkinçi” mənim ana dili müəllimimdir”. S.Ə.Şirvani “öz qədimi lisanımızda haman, qəzetə çapını edib unvan” söyləyərək Zərdabinin ana dilində qəzet çap etdirməsini təqdir edirdi.
Hələ qəzetin nəşrə başlaması ərəfəsində M.F.Axundov Tiflisdən Həsənbəyəməktubda ona yazırdı: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını (dilini) düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”. Həsənbəy özü də bunun tərəfdarı idi. O, jurnalistlərdən tələb edirdi ki, “qəzeti… camaatın ana dilində yazsınlar”. Çünki “qəzet camaat üçündür, camaat qəzet üçün deyil”.Zərdabi doğma dilinə arxa çevirən dönükləri tənqid edir, xalqın arzu və istəklərinin onun doğma dilində əks etdirməyi mətbuatın müqəddəs vəzifəsi sayırdı. Qəzetdə müsəlman mahallarından ərəb və fars dillərində göndərilən müxbir məqalələri Azərbaycan dilinə tərcümə edilərək müəlliflərinə göndərilirdi ki, onlar ana dilində yazmağı öyrənsinlər. Təsadüfi deyil ki, Ə. Topçubaşov “Əkinçi”nin 50 illiyinə həsr olunmuş “Azərbaycanın mayakı” adlı xatirə məqaləsində “Əkinçi”nin nəşri zamanı Həsənbəy Zərdabinin Azərbaycan-türk dilinin saflığı uğrunda mübarizə apardığını, onu ərəb-fars tərkiblərindən təmizləməyə çalışdığını xüsusi olaraq nəzərə çatdırırdı.
“Əkinçi”nin milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində böyük rolu həm də bunda idi ki, qəzet demokratik əhval-ruhiyyəli gənclərin, yazıçı və şairlərin toplandığı dəyərli mərkəzə çevrilmişdi.Xalq yazıcısı M.İbrahimov “Əkinçi”nin maarifçi-realist ədəbiyyatın inkişafına təsirindən bəhs edərək yazırdı: “Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda mətbuatın yaranması ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərir, onun mündəricə və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılmasına və demokratikləşməsinə kömək edir”. Onu da qeyd edək ki, Azərbaycanda ədəbi-bədii əsərlərin milli mətbuat səhifələrində ilk dəfə nəşri də “Əkinçi” ilə başlanmışdır.
“Əkinçi” ədəbiyyat və incəsənətin saflığı uğrunda mübarizəni, əsasən, üç istiqamətdə aparırdı: birincisi, ədəbiyyat və sənətdə realizm uğrunda mübarizə; ikincisi, dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə; üçüncüsü, ictimai satira uğrunda mübarizə. Qəzet bütün nəşri müddətində 150-dək ədəbi-tənqidi məqalə, şeir, felyoton, hekayə, oçerk və s. dərc etmişdi. Bu materialların əsas müəllifləri H.Zərdabi ilə yanaşı, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov (Gorani), M.H.Əlqədari, H.S.R.Əmirzadə, M.Vəliyev, Ə.Qəvaid, Ə.Heydəri, M.K.Əsgərzadə və digərləri olmuşlar.
Ümumiyyətlə, 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı (cəmi 56) işıq üzü görmüş “Əkinçi”ninbütün nəşri müddətindəonun səhifələrində 1100-dən çox məqalə, məktub, xəbər, şeir və s. materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən şox yazısı dərc olunmuşdur. (Göründüyü kimi, materialların əksər qismi imzasız yazılmışdır) . Tədqiqatçılar qəzetin müxbirləri müntəzəm çıxış edənlər (Ə.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və b.), hərdənbir yazanlar (M.Ə.Şirvani, X.Qorxmazov və b.), mürtəce müxbirlər (H,Qarabaği, kapitan Sultanov, “Badkubəli Molla və b.),təsadüfi yazanlar (Şeyxül-islam Axund Əhməd Hüseynzadə, Ə.Elçinzadə, Məmmədrəhim bəy, M.Ə.Səlyani və b.) və imzasız yazanlar (A.Haqverdiyev Qarabaği və b.) kimi qruplaşdırırlar.
Təəssüf ki, əsas qayəsi xalq arasında mütərəqqi ideyaları yaymaq, xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq olan “Əkinçi”nin demokratik ideyaları mürtəce qüvvələri – bəylər, ruhanilər və çar məmurlarını hiddətləndirirdi. Qəzet məhz bu qaragüruhçu qüvvələrin fitnə-fəsadı ilə bağlandı. Qəzetin 1877-ci il sentyabrın 29-da çıxmış 20-ci nömrəsində belə bir elan verilmişdi: “Biz naxoş olduğunuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil”. Bu, “Əkinçi”nin öz oxucularına son sözü oldu.
Qəzet bağlansa da, onun demokratik ideyaları yaşayırdı. Qəzet nəinki Azərbaycan, o cümlədən Rusiyada yaşayan müsəlmanların zehnində və qəlbində özünə möhkəm yer eləmişdi. Əlimərdan bəy Topçubaşov haqlı olaraq yazırdı: “Əkinçi”! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı... üçün nə qədər müqəddəslik var... “Əkinçi”... müstəqil Azərbaycan üçün, onun dili,xalq mahnıları, poeziyası, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!”
Bəli, “Əkinçi” milli mətbuatımızın mayakına çevrildi. Xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı, içtimai fikrin canlanmasına təkan verdi.Şair S.Rüstəmxanlının dediyi kimi “Biz mətbuat tariximizdən danışanda “Əkinçi”yə istinad edirik. Bu, demokratik qəzetdir və bu günkü tələblər səviyyəsindən baxanda yüksək bir mətbuat səhifəsidir”.
Onun yandırdığı məşəl sonralar yenidən parlayaraq şölələndi. Sonrakı illərdə “Əkinçi”nin başladığı işi davam və inkişaf etdirən, onun ənənələrini yaşadan mətbuat orqanları meydana çıxdı. Bu mənada M.Ə.Rəsulzadə 1952-ci ildə “Azərbaycan” jurnalında haqlı olaraq yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi.
Haqlı olaraq “Əkinçi”nin nəşrə başladığı gün milli mətbuatımızın “doğum günü” sayılır. Bir neçə gündən sonra – 22 iyulda onun növbəti doğum günü- Milli Mətbuat və JurnalistikaGününü qeyd ediləcəkdir.
Gününüz mübarək, hörmətli mətbuat işçiləri. Sizlərə “Əkinçi” dəyanəti, Zərdabi əzmi və qətiyyəti arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə ulduzlardan bir ev qurardım” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dədəd “Ağrıyan yerindən...” şeiri ilə.
Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair.
“Çat veribdi məhəbbətin güzgüsü,
Bu dünyanın mən ağrıyan yerindən.”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Çərpələngtək uçub getdi gəncliyim,
Saçlarımın dən ağrıyan yerindən.
İndi sənə bu məktubu yazıram,
Tüstü, duman, çən ağrıyan yerindən.
Xatirələr əl altında dururlar..
Üç gündən bir yas məclisi qururlar,
Ona görə sağaldıqca vururlar,
İkimizin tən ağrıyan yerindən.
Pozulubdu həyatımın düzgüsü,
Hardan baxsan düz umudu-düz küsü,
Çat veribdi məhəbbətin güzgüsü,
Bu dünyanın mən ağrıyan yerindən.
İmkan vermir yaşamağa zəhərlər,
İt ağzında oyanıram səhərlər,
Qopub getdi yer altına şəhərlər,
Ürəyimin sən ağrıyan yerindən.
Nə gəlibsə dəyişmədən yazmışam,
Bir yuxu var xeyirliyə yozmuşam,
Sənə görə pəhrizimi pozmuşam,
Göndər öpüm, ən ağrıyan yerindən..
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
BU GÜN “BAHODİR YALANQTUŞ” GÖSTƏRİLƏCƏK - Bakıda Özbəkistan Kino Günləri keçirilir
Könül, “Ədəbiyyat və incəsənət”
Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələr durmadan genişlənir. Azərbaycanda Özbəkistan, Özbəkistanda Azərbaycan mədəniyyət günləri keçirilmişdi, növbəti tədbir də özünü çox gözlətmədi.
“Nizami” Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Özbəkistan Kino Günlərinin təntənəli açılışı oldu. Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Avazxon Tacixanov çıxış etdilər.
Azərbaycanda Özbəkistan Kino Günlərini açan Murad Hüseynov iki ölkə xalqları arasında dostliq əlaqələrini, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığı qeyd etdi. Bu əlaqələr 1955-ci ildə Bakı kinostudiyasında rejissor Tofiq Tağızadənin çəkdiyi və baş rolu özbək aktrisası Nelya Ataullayevanın oynadığı “Görüş” filminin çəkilişi zamanı başlayıb. Yəqin xatırladınız, ağ qızıl toplayan xanım qəhrəmandan bəhs edən bir film idi.
Bu filmdən sonra Özbəkistan və Azərbaycan kino xadimlərini uzun illər davam edən səmərəli əməkdaşlıq bağlayıb. Azərbaycan Dövlət Film Fondunun arxivində yüzdən çox Özbəkistan bədii filmi və digər materiallar saxlanılır. Onların arasında Şuxrat Abbasovun, Əli Xamrayevin, Lətif Fayziyevin əsərləri var. Hüseyn Seyidzadənin rejissoru olduğu “Qaynana” filmi özbək tamaşaçılarının xüsusi rəğbətini qazanıb. Murad Hüseynov çıxışının sonunda qonaqları və kinosevərləri gözəl beynəlxalq film festivalı - Azərbaycanda Özbəkistan Kinosu Günləri münasibətilə bir daha təbrik edib, onlara xoş seyrlər arzuladı.
Ardınca səhnəyə çıxan Avazxon Tacixanov Azərbaycan xalqının özbək xalqına məsafəcə uzaq, lakin qəlbən yaxın və qohum kimi olmasına diqqət çəkdi. Qeyd etdi ki, Azərbaycan xalqı özbəklərlə bir millət idi, eyni bir səhəngdən su içirdi, çörəyini paylaşırdı, eyni dildə danışırdı. Dinlər də birdir. Əbbəs yerə deyil ki, böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvi ənənələrini davam etdirərək türk dilində “Xəmsə” dastanını (əsər Orta Asiyada danışılan orta əsr türkcəsi olan Çağatay dilində yazılmışdır) qələmə alıb, Məhəmməd Füzuli Əlişir Nəvaini öz müəllimi adlandırıb. Belə misallar çoxdur. Azərbaycanın “Arşın mal alan” pyesi indi də Özbəkistanın bir çox teatrlarında tamaşaya qoyulur və böyük uğur qazanır. Yaxud, “Qaynana” filmi Azərbaycanın istehsalı olsa da, onu həm də özbək filmi hesab edirlər. Hazırda iki ölkə prezidentlərinin xalqları daha da yaxınlaşdırmaq istəyi sayəsində bütün sahələrdə, o cümlədən humanitar və mədəni sahələrdə əlaqələr yeni səviyyəyə yüksəlir. Hər iki ölkədə Mədəniyyət Günləri böyük uğurla keçirilir, bunu indiki tədbir də sübut edir ki, bu tədbir çərçivəsində özbək kinorejissorlarının çoxjanrlı əsərləri təqdim olunur. Bunlar rejissorların yaradıcılıq xüsusiyyətlərini daha geniş başa düşmək üçündür.
Daha sonra Özbəkistan mədəniyyət nazirinin birinci müavini Azərbaycan və Özbəkistanın maraqları çərçivəsində gələcək layihələrə toxundu. Onların rəhbərlərinin planlarına görə, “yumşaq diplomatiya” hesab edilən mədəni sahədə hər iki xalqı mümkün qədər yaxınlaşdırmaq lazımdır. Nazir müavini “yumşaq güc”dən danışdı və bu yaxınlaşmanın gələcəkdə öz bəhrəsini verəcəyini qeyd etdi. Özbəkistan nümayəndə heyətini təqdim edən Avazxon Tacixanov tədbirin proqramına daxil edilmiş filmlərin Azərbaycan tamaşaçısının marağına səbəb olacağına ümid etdiyini bildirdi.
“EVRİLİŞ”
İyulun 20-də “Evriliş” (“Təkamül”) bədii filmi nümayiş olundu. Rejissor Yolkin Tuyçiyevin çəkdiyi döyüş dramı sovet ordusu sıralarına çağırılan və qaynar nöqtələrdən birinin qəhrəmanına çevrilmiş özbək gəncinin taleyindən bəhs edir. Müharibə onun və ətrafındakıların həyatını dəyişir, keçmiş əsgər xaricə gedir və illər sonra vətəni Özbəkistana qayıtmaq qərarına gəlir. “Evriliş” Asiyanın ən böyük kinofestivalının – XXVII Busan Beynəlxalq Film Festivalının KIM Jiseok Mükafatı kateqoriyasında qalibidir. Bu mükafat festivalın Asiya kinosuna pəncərə bölməsində ən istedadlı Asiya rejissorlarının işini təqdir edir. Çəkilişlər Özbəkistan, Əfqanıstan, Misir və Böyük Britaniyada aparılıb. Rollarda Olmas Urayev, Baxrom Matçonov, Botir Abduraxmonov, Jurabek Arziyev, İlmira Rahimcanova, Yulduz Racabova, İqor Buxaidze, Yevgeni Moskviçev və başqaları yer alıb.
“YAŞA, XOTİN”
Ertəsi gün, iyulun 21-i saat 14:00-da tamaşaçılar rejissor Matekub Matçonovun çəkdiyi “Yaşa, Xotin” (“Bravo, xanım”) komediya filminə baxdılar. Çəkilişlər əsasən Daşkənd və Səmərqənddə aparılıb. Bu, qadınlara hörmət və verilən qiymətdən bəhs edən filmdir. Rejissorun özünün qeyd etdiyi kimi: “...bacılarımıza həsr olunmuş komediya janrında film çəkmək qərarına gəldik”.
Baş rollarda Səidə Rametova, Barno Kadırova, Samd Muxtarov, Zuxra Salieva, Rixsitilla Abdullayev, Əsgər Xikmatov, Baxyer Turqunov və başqaları çəkiliblər.
“HAKİM”
Həmin gün saat 16:00-da isə tamaşaçılara “Hakim” filmi təqdim olundu. Dram filminin rejissoru Dilmurod Məsəidovdur və qadın hakim Əzizin həyatından bəhs edir. Əsas personaj uzun müddət hakim vəzifəsini tutan hörmətli və həddindən artıq ehtiyatlı bir qadındır. O, karyerasının bütün dövrü ərzində müxtəlif mürəkkəb vəziyyətlərin öhdəsindən gələ bilib. Nəzərə alsaq ki, qadın hakimin arxasında bu qədər zəngin iş təcrübəsi var, onun peşəkarlığına təəccüb edəcək çox az səbəb var. Lakin tezliklə onun əlinə yeni cinayət işi düşür və bu, böyük stres keçirməsinə səbəb olur. Bu dəfə müttəhimlər kürsüsündə cinayətdə özünü təqsirli bilməyən bir gənc var. Hakim hələ başa düşmür ki, bu iş onun bütün peşəkar karyerasında ən qeyri-adi və həqiqətən çətin proses olacaq. Filmdə baş rolu “Oltin Xumo” milli film mükafatında ən yaxşı qadın roluna görə mükafata layiq görülən Şodiya Abdukodirova oynayıb. Baş rolları Müyassar Berdikulova, Erkin Komilov, Muhabbat Abdullaeva, Bobur Yuldoshev və başqaları ifa ediblər.
“BAHODİR YALANQTUŞ”
Bu gün - iyulun 22-si saat 11:00-da “Bahodir Yalanqtuş” filmi nümayiş olunacaq. Tarixi film Özbəkistan prezidentinin şəxsi xahişi ilə lentə alınıb. Rejissor Dünyagir Əhmədovdur. Film böyük sərkərdə, Registan kompleksinin yaradıcısı, Səmərqənd qubernatoru, idmançı və aktyor Həbibullo Nizomovun obrazını canlandırdığı Bahodir Yalanqtuşun həyat və fəaliyyətindən bəhs edir. Bu, xüsusi tikilmiş və təchiz olunmuş panoramik pavilyonda çəkilmiş yeganə filmdir. Rollarda Bexzod Muhammadkarimov, Matekub Maçonov, Boir Xolmirzaev, Tahir Saidov və başqaları çəkiliblər. “Bahodir Yalanqtuş” filmi Səmərqənd şəhərinin keçmişi və Əmir Bahodir Yalanqtuş dövrünün tarixi mühiti haqqında ətraflı məlumat verir. Tarixi sənədli filmin təqdimatı Səmərqənd şəhərinin Registan meydanında baş tutub.
Tamaşaçıları Özbəkistan Kino günlərində fəal iştiraka dəvət edirik.
Bütün kinoseanslara giriş pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Sumqayıtda yerli AYB bölməsi Ədəbiyyatı dəstəkləyən jurnalistləri bir araya gətirdi
Könül, “Ədəbiyyat və incəsənət”
22 iyul Milli Mətbuat günü münasibətilə Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ədəbiyyatın təbliğində zəhməti olan tanınmış media nümayəndələri ilə görüş keçirdi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin moderatoru olduğu tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də şəhər jurnalistikasının tanınmış imzaları iştirak edirdilər.
Çıxışçılardan Fərman Kazımov şəhər jurnalistikasının ənənələri, Eyruz Məmmədov və Ağalar İdrisoğlu çağdaş durumda kağız mətbuatı yaşatmağın yolları, Hümbət Həsənoğlu və Eyvaz Qocayev elektron medianın üstünlükləri, Sübhan Qafaroğlu və Ramil Zeynallı şəhər mətbuatının flaqmanı olan “Sumqayıt” qəzetinin durumu, Almaz Ərgünəş Bəyazid günümüzlə səsləşməyən bədii kitabların zərəri, Müqəddəs Şahbazov və Hafiz Eynullayev günün mətbuat və ədəbiyyat trendləri barədə söz açdılar.
İştirakçılara AYB Sumqayıt bölməsinin diplomları və hədiyyələr təqdim edildi.
Tədbirdən sonra Gülnarə Cəmaləddindən tədbirlə bağlı fikirlərini öyrəndik.
-Bu günün tarixi əhəmiyyəti millətimiz üçün çox böyük önəm daşıyır. Biz də bu gün münasibətilə qərara aldıq ki,ədəbiyyatımızın yanında olub, bizə dəstək olan, dilimizin, ruhumuzun saflığını qoruyub saxlayan qələm adamlarını təbrik edək və birlikdə sözümüzün, ədəbiyyatımızın üzləşdiyi problemlərə bir cözüm yolu arayaq. Elə bilirəm, çox səmimi bir söhbət alındı və bu günü tarixə qovuşdura bildik. Gününüz mübarək, mətbuatımızın cəfakeşləri, sözə sədaqətlə qulluq edənlər!
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Şuşada Emil Əfrasiyab sehri - VAQİF POEZİYA GÜNLƏRİNDƏN
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Bu il Vaqif Poeziya Günlərində bir qeyri adi gözəllik duydum. Rəngarəng təşkil olunmuş proqram. Dahi Füzulinin yaradıcılığına səyahət, Füzuli hücrələri, "Vaqiflə səyahət" adlı bədii musiqili tamaşalar. Son dərəcə maraqlı və orijinal təsir bağışladı.
Loğman Kərimovun özünəməxsus yanaşması bu bədii musiqili tamaşaları daha da gözəl etmişdi. Dostum, qardaşım Qasım Nağının bir aktyor kimi ifası, yanaşması məni valeh etdi. Böyük peşəkar rejissor işi, dramaturgiya hiss olunurdu. Təqdirəlayiq səhnə performansı nümayiş olundu. Son zamanlar belə qənaətə gəlmişəm ki, Azərbaycanın zəngin teatr mədəniyyətinin son dərəcədə inkişafının şahidi oluruq və get-gedə mədəniyyət sahəsində daha çox irəliləyəcəyimizdən əminəm.
Vaqif Poeziya Günlərinin açılış mərasimi Çingiz Abdullayevin çıxışı ilə başladı. İlqar Fəhmi və Səlim Babullaoğlu, Elmira Axundova və başqaları ilə davam etdi. Səlim Babullaoğlu bu dünyadan Şuşanı görməyib gedən şairlərimizi də yada saldı. Barat Vüsalın "Şuşanı alan oğullar" xitablı şeiri isə hər kəsi, özünü də kövrəltdi. Gözəlliklə davam edən Vaqif Poeziya Günlərində "Sözün Vətəni" adlı müasir şairlərin şeirləri dinlənildi bu rəngarəng proqramın içində və şövqündə duracaq qədər möhtəşəm. Etnocaz konserti isə Şuşanın gecəsinə rəng qatdı. Bu barədə bir az ətraflı.
Emil Əfrasiyab Azərbaycan Caz mədəniyyətinin zirvəsində olan musiqi əsərləri ilə Vaqif Poeziya Günlərinə rəng qatdı. Söz ilə ifadəsi olmayan tərzdə Şuşanın gecəsini bəzəyən bir konsertdən söz açıram.
Emil Əfrasiyab Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, Əməkdar artist, Prezident təqaüdçüsüdür. Berkli Universitetinin ilk Azərbaycanlı məzunu, bir çox beynəlxalq yarışmaların qalib sənətkarıdır. Yalnız mən bu gün bu möcüzəvi konsertin təəssüratlarını sizinlə bölüşmək istəyirəm.
Əvvəla Müqəddəs torpağımızda Şəhidlərimizin qanı bahasına qədəm qoyduğumuz torpaqda, bu tarixi və unudulmaz məkanda Azərbaycan bəstəkarlarının musiqi əsərlərini Emil Əfrasiyabın ifasında dinləmək böyük sevinc və qürur hissi aşıladı. Bir əməkdaş olaraq, Mətbuat katibi kimi onun bütün konsert fəaliyyətini bərabər olaraq izləyirəm.
Azərbaycandan kənar xarici ölkələrdə və Azərbaycanın bölgələrində olan konsertlərini nəzərdə tuturam. Yalnız həmişə iştirak etmək istəsəm də alınmayıb. Allahın lütvü ilə bu möhtəşəm ifanı dinləmək müqəddəs məkana təsadüf etdi. Əvvəl çəkiliş etmək istəyi ilə önə keçdim. Yalnız musiqi məni alıb öz dünyasına apardı.
Emil Əfrasıyab sənətin zirvəsində olan bir sənətkardır. Onun bəstələri Azərbaycan bəstəkarlarının əsərlərini, ecazkar musiqisini dünyaya tanıtmaq missiyası daşıyır.
Emil Əfrasiyab Azərbaycan musiqisinin kökünü tarıxini yaşadan sənətkarlardandır. Onun konsert zamanı hər musiqi nömrəsindən qabaq verdiyi şərhlər də hədsiz dərəcədə maraqlıdır və onun nə qədər savadlı və səlist nitqə sahib olduğunu da bizlərə çatdırır.
Aman Allah, bundan böyük xoşbəxtik olar? Şuşa sakinləri, Laçın sakinləri bu günki konsertdə tamaşaçı idilər. Böyükdən kiçiyə uşaqlar, gənclər çox böyük maraqla konserti izləyirdilır.
Sənətkarın "Ataya məktub" əsəri isə hamını kövrəltdi. Bütün gözəl atalara həsr olunmuş bu əsəri hamı ayaqda alqışladı. Emil Əfrasıyab dahi Üzeyir Hacıbəyovun əsərlərindən ibarət parafraz əsərini də ifa etdi. Şuşa torpağında Üzeyir bəyin əsərləri mistik gözəlliklə hər tərəfə səs saldı.
Bu il çox fərqli idi Şuşa gecələrində küçələrdə eşidilən caz ifası.
Konsert bitir, hamı hər kəs Emil bəyi təbrikə tələsir. Yazıçılar, aktyorlar, Mədəniyyət Nazirliyinin işçiləri, Mədəniyyət Könüllü gəncləri və Şuşa sakinləri…
Onu izləyib yazxınlaşıram.Təbrik edirəm.
Emil Əfrasiyab, sizinlə qürur duyuram. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çox gözəl bir missiyanın daşıyıcısıdır, əslində o, Azərbaycan musiqisinin irsini, ənənəsini qoruyur, yalnız bunu müasir çalarlarda etməyin tərəfdarıdır. Məsələn, bir caz ifasının timsalında. Muğam və təsniflərimizə yeni nəfəs, yeni rəng gətirmək nə gözəldir. Siyavuş müəllim Azərbaycanın bir-birindən istedadlı sənətkarlarını mirvari incisi kimi dənləyib təhsil ocağına gətirir və dayanmadan irəliləyir.
Emil Əfrasiyab Azərbaycan musiqisində nadir tapılan inci sənətkarlarındandır.
Bu il təşkil olunan Vaqif Poeziya Günlərinə mən Yazıçılar Birliyinin dəvəti ilə gəlmişdim. Yalnız həmkarım Emil Əfrasiyabın möhtəşəm layihəsinə, çox hörmət etdiyim Loğman Kərimovun rejissoru oldugu musiqili tamaşa performanslarına laqeyid qala bilmədim.
Vaqif Poeziya Günləri Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan Yazıçılar Birliyinin də iştirakı ikə hər il keçirilən bir ədəbiyyat bayramıdır. Məni bir nüans sevindirir. Bu tədbirə can atan ən zəif şairin, ədəbiyyatçının belə ürəyində böyük Vətən eşqi və sevgisi yanır. Builki proqramda dahi Füzulinin yaradıcılığıni əhatə edən bədii teatral kompozisiya da nümayiş olundu. Bir neçə mövzular da gündəmə gəldi. Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi çərçivəsində çıxışlar, "Dahi Füzulinin yaradıcılığına dair zamanın fövqündə" adı altında konfrans. Müasir şairlərin şeir saatı da keçirildi.
Əslində bu sevgi özü belə artıq şeirdir. Şairlərdən Ramiz Qusarçaylının, Kəmalə Abiyevanın, Fərid Hüseynin, Barat Vüsalın şeirləri yaddaşımda qaıdı və məni sevindirdi. Gözəl şeirlər də dinlənildi. "Sözün Vətəni -Qarabağ" adı altında Müasir poeziya saatını gözəl şairimiz İbrahim İlyaslı aparırdı. Onun bu işin öhdəsindən necə gələcəyini düşünürdüm. Çünki şair çox, vaxt az, təsadüfi şeirlər də şairlər də bir yandan. Amma o da uğurla bitdi. Bütün bunlar bir yana, bütün dünya bir yana, ay mənim əzizlərim, sevdiklərim, Vətənə qovuşmaq nə gözəldir! Əsas budur.
Xoşbəxtlik budur. Vətənə qovuşmaq nə gözəldir, Allah.
Şükran və gözəllik içindəyik.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Şuşada “Sözün repressiyası” sənədli filmi nümayiş olunub
Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Otel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” sənədli filminin nümayişi olub.
AzərTAC xəbər verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.
Filmdə repressiya qurbanlarına çevrilmiş 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda, filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır.
Ekran əsərində Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filoloq alimlərdən Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
STATUS YAĞIŞI - Əli Çağla ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Təbrizdə yaşayan yazar Əli Çağla üçün açır. Buyurun.
Bəzi insanlar da həmişə iqtidarı olanların, qaliblərin arxasındadırlar. Bir nəfər instagramında Avro 24 zamanı İngiltərənin qalib gələcəyini arzu edərək status paylaşmışdı, İspaniya oyunda qalib gəldikdən sonra statusu silib İspaniyanın neçə ildir azarkeşi olduğunu yazdıqdan sonra "Matador ölkəsinə təbrik deyirəm" sözlərini qeyd eləyibdir.
Bu təkcə futbola aid olmur, belə insanlar toplumda opportunistliyin şorun çıxardıblar.
Bunlar həmin səhər çağı "Yaşasın demokrat firqəsi", nahardan sonra da "Yaşasın Pəhləvi höküməti" deyən adamların nəvələri, nəticələridirlər.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)