Super User
Bu gün “O olmasın, bu olsun” tamaşası növbəti dəfə oynanılacaq
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında baxımlı tamaşalardan hesab olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikihissəli musiqili komediyanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı isə Əməkdar rəssam İsmayıl Məmmədovdur.
Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
GÜLÜŞ KLUBUnda şahmat
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bəzi adamların həyat məzmunu qalın romanlara sığır, bəzilərininki bir sms-ə. Amma çox təəssüf ki, ədalətsiz zəmanədə ikincilər daha yüksək mənsəb əldə edirlər.
2.
Qardaş, cırıq paltar geyinmək dəbə düşdü, düzdümü? Yaxın zamanlarda da vuruq maşın sürmək dəbə düşəcək, görəcəksiniz.
3.
Həyat eynən şahmat kimidir. Piyada çox irəliləyib hətta vəzir ola bilər, amma şah pla bilməz. Şahlıq vərəsəliklə ötürülür axı.
4.
Optimistim həyat yoldaşı yarıya kimi dolu olmalıdır.
5.
Qadın əvvəl söyər, sonra buna səbəb tapar.
6.
Elə qapılar var ki, onları yalnız təpiklə açmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ala qızılbalıqla tərəvəz müsəmməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ala qızılbalıqla tərəvəz müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Kərə yağı – 35 qr
§ Qırmızı soğan – 35 qr
§ Pomidor – 50 qr
§ Badımcan – 80 qr
§ Bolqar bibəri – 50 qr
§ Müxəşşər – 25 qr
§ Acı bibər – 5 qr
§ Limon – 10 qr
§ Cəfəri – 10 qr
§ Mərzə (quru) – 2 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Balıq filesi 60 qramlıq tikələrə doğranır. Duz, istiot vurulur və hər iki tərəfi qızardılır. Bir başqa qaba yığılır, həmin tavaya yağ əlavə edilir, aypara şəklin- də doğranmış soğan qızardılır. Yarı qızardıqda samanvarı şəkildə doğranmış bolqar bibəri və acı bibər əlavə edilir, bir yerdə qızardılır. Qızarana yaxın ayrı- ca bişirilmiş müxəşşər, qabığı təmizlənmiş, 4 hissəyə bölünmüş pomidor, duz, istiot, mərzə qurusu, sarıkök əlavə edilir, bir yerdə qızardılır. Bunlarla paralel ayrıca zolaq şəklində soyulmuş, orta ölçüdə uzununa yarı bölünmüş, duzlanıb, acı suyu çıxarılmış badımcan qızardılır. Qızardılmış balıq və badımcanlar bir tavaya yığılır, üzərinə narın doğranmış cəfəri səpilir, limon sıxılır. Tavanın ağzı qapaqla örtülür, 10 dəqiqə vam odda saxlanır, ocaqdan götürülür. 5 dəqiqə saxlanır. Sonra boşqaba çəkilir və süfrəyə verilir. Balıqdan bişirilən bu müsəmmələrin yanında süfrəyə müxtəlif meyvə turşuları (məti, rubları) verilə bilər.
QEYD: Müsəmmələrin bişirilməsi üçün meyvə turşularından (mət, rub) istifadə etmək olar. Balıq müsəmməsinin hazırlanması üçün təzə turş meyvə, tərəvəzlərdən, göy paxlalardan, göyərti və s. istifadə edilməlidir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Köhnə bağ evinin pəncərəsindən boylanan adam havanın qaraldığını görüb həyətə çıxdı. Bir qədər dayanıb oğrun - oğrun ətrafa boylandı. Sonra qaranlıqda günortadan götürüb evin divarına söykədiyi sapı qırıq beli əlinə aldı və bağın yuxarı başına tərəf getdi. Bağın hasarına çatanda ay işığında ancaq özünə məlum olan məsafələri çarpaz addımlarla ölçüb addımların kəsişdiyi yerdə çömbəldi. Bundan sonra dizlərini yerə qoyub səs salmamaqçün sakitcə, ehtiyatla torpağı qazımağa başladı. Hərdən dayanıb bir qədər ətrafı dinləyir, nəfəsini dərib sonra yenə qazmağa davam edirdi. Yarım metr dərinliyə çatanda birdən bel metal lövhəyə dəyib spesifik səs çıxardı. Tez beli yerə atıb torpağı əli ilə eşməyə başladı. Narın Abşeron qumunu qazımaq elə də çətin deyildi. Çox keçməmiş axtardığı şeyi tamamən torpaqdan təmizlədi. Bu elə də böyük olmayan köhnə dəmir sandıq idi. Sandığı qazıdığı çuxurdan götürüb kənara qoydu. Tələm - tələsik çuxuru torpaqla doldurduqdan sonra beli bir xeyli aralıya vızıldatdı. Sonra sandığı götürüb bacardığı qədər sürətlə evə keçdi.
Sandığı masanın üstünə qoyub otaqdakı dəmir çarpayını kənara itələdi. Onun altındakı döşəmə taxtalarından birini qaldırıb əlini döşəmənin altına uzatdı. Döşəmənin altındakı torpağa sürtdüyü əli axtardığı şeyə toxunanda dayandı. Bu, illər əvvəl basdırdığı sandığın burada gizlətdiyi açarı idi. Açarı götürüb hər şeyi əvvəlki vəziyyətinə qaytardı və masaya yaxınlaşdı. Uzun müddət torpağın altında qalmış sandığın üstü paslansa da, gövdəsi xeyli möhkəm idi. Ehmalca açarı qıfıla salıb iki dəfə burdu. Qıfıl rahat açıldı. Qapağı qaldırıb oradakı sellofan bükülünü götürüb açdı. Bükülüdəki altı patronlu, barabanlı naqan idi. Silah illərlə torpağın altındakı sandıqda yatsa da, vaxtilə yaxşı yağlanıb büküldüyü üçün olduğu kimi qalmışdı. Bir qədər əlində tutub baxdıqdan sonra silahı kənara qoydu və sandıqdakı kiçik dəmir qutunu götürüb açdı. Bu qutudakılar naqanın patronları idi. Onlar da kip bağlanmış qutuda ideal vəziyyətdə qalmışdılar. Patronları da masanın üstünə qoyub sandığı bağladı. Qonşu otağa keçib onu oradakı köhnə dolaba qoyub qayıtdı. Sonra aramla silahı doldurmağa başladı. Bu silahı, hələ illər əvvəl, həbsindən qabaq qumarda udmuş, elə o vaxtdan torpağa basdırıb bir dəfə də toxunmamışdı.
* * *
Heç bir saat uzanmamışdım ki, Layiqə gəlib çıxdı. Deyim ki, verdiyim suallara gətirdiyi cavablar maraqlı idi, onda heç nə deməmiş olaram. Cavabların içərisində olduqca maraqlı olanlar var idi. İlkin şübhələrimin təsdiqlənməsini, yaxud əsassız olduğunu müəyyənləşdirmək üçün verdiyim sullarla bağlı gələn məlumatlar vəziyyəti kökündən dəyişirdi. Təhlilləri sonraya saxlayacaqdım. Hər şeyi bir ipə düzmək üçün irəlidə uzun bir gecə var idi. İndi isə çox vacib olan bir şeyi elə bu gecə dəqiqləşdirmək lazım idi. Sonra ofisə qayıdacaq, bu öyrəndiklərimi də Layiqənin gətirdiyi məlumatlara əlavə edib hadisənin mənzərəsini çəkməyə çalışacaqdım. Məlumatlar yazılmış zərfi mənə verən Layiqəyə gedib dincəlməsini, səhər bir qədər tez gəlməsini tapşırmışdım. Qalxıb ofisin işıqlarını söndürdüm. Küçəyə çıxıb Fərman Gəraybəylini yığdım. Telefona dərhal cavab verdi.
- Eşidirəm, Bəxtiyar müəllim.
Gəraybəylinin səsi heç xoşuma gəlmədi. Deyəsən halı elə də yaxşı deyildi. Ancaq bu başa düşülən idi. Nə qədər möhkəm adam olsa da, yuxusuz keçirdiyi gecə, hər keçən saatın gətirdiyi həyəcan və hazırkı qeyri - müəyyənlik onun səhhətində özünü mütləq göstərməli idi. Salamlaşmadan dedim:
- Fərman müəllim, zəhmət olmasa binanızın bu gecə növbədə olan mühafizəçisinə mənim gələcəyim haqqında məlumat verin və tapşırın ki, verəcəyim bütün sualları olduğu kimi cavablandırsın. Bir azdan orada olacam.
- Mən də sizi görə bilərəm? - Fərman cəld soruşdu.
- Qətiyyən. Bizi kimsə bir yerdə görməli deyil, bunu ofisimdə görüşməkdən imtina edərkən özünüz də gözəl başa düşürdünüz. İşimizi ehtiyatlı tutaq. Eviniz müşahidədə ola bilər. Suallarımı verib gedəcəyəm. Sizinləsə sonra görüşərik. Bu dediklərimsə ikimizin arasında qalsın.
- Yaxşı, indi tapşıraram, - Fərman müəllim təəssüfünü gizlətmədi.
Telefonu cibimə qoyub maşına oturdum. Fərmanın Sənubər ilə yaşadığı binanın mühafizə olunan bina olduğunu sizə demişdim. Elə həmin vaxt mühafizəçilərin bir sutka işləyib bir sutka istirahət etdiyini özüm üçün dəqiqləşdirmişdim. Nadirin avtomat telefonlardan gələn zənglər barədə verdiyi məlumatları saf - çürük etdikdən sonra tarixlərin eyni mühafizəçinin növbəsinə düşdüyü məlum olmuşdu. Bu gün noyabr ayının on beşidir. Ağamirzə dünən, ayın on dördündə qaçırılıb. Zənglərdən ikisi o qaçırılmamışdan bir gün əvvəl, yəni ayın on üçü, ilk zəng isə on biri tarixində gəlib. Deməli, həmin mühafizəçi bu gün də növbədədir və sabah səhər tezdən növbəni təhvil verib gedəcək. Onunla gecəylə görüşüb danışmağa da buna görə qərar vermişdim. Səhər çıxıb gedərsə, kim bilir sonra harada olacaqdı.
Mühafizəçi ilə istənilən halda görüşəcəkdim. Dediyim zənglərin sırf Sənubərə gəldiyini artıq dəqiqləşdirmişdim. Onun bundan sonra hansısa addımlar atıb - atmadığını bilmək istəyirdim. Ən azı əksər vaxt evdə oturmağa üstünlük verən bu qadının həmin tarixlərdə evdən çıxıb - çıxmadığını öyrənməyim çox vacib idi. Bunu isə bütün günü gəlib - gedənlərə nəzarət edən mühafizəçidən yaxşı heç kim bilə bilməzdi. Ancaq əvvəlcə Layiqənin gəlməsini gözləməliydim. Elə bu səbəbdən planlaşdırdığım görüşə indi gedirdim. Fərman müəllimin tapşırığından sonra mühafizəçinin lazım olan məlumatları verəcəyinə şübhəm yox idi. Çıxmazdan əvvəl güzgünün qarşısına keçib yüngülcə qrimləndim. Fərmanın yaşadığı ünvana gedirəmsə, bunu etməli idim. Qrimim bığ və bir qədər uzun bakenbardlardan ibarət idi. Yol boş olduğu üçün iyirmi dəqiqədən sonra ünvana çatdım. Yaxınlaşan mühafizəçiylə salamlaşıb özümü təqdim etdim. Adımı eşidən kimi dedi:
- Bilirsiz, biz sakinlər haqqında məlumatları heç kimə vermirik. Ancaq Fərman müəllim özü tapşırıbsa, buyurun, sizi nə maraqlandırırsa, soruşun.
Mühafizəçi düz deyirdi. Elə gəlməmişdən əvvəl Fərman müəllimə zəng etməyimin səbəbi də bu idi. Üzümü ona tutub dedim:
- Əslində mənim elə də çox sualım yoxdur. Ancaq soruşacağım şeylərdən başqa dediyim tarixlərdə baş vermiş nəsə yadınıza düşərsə, onları da bilmək istərdim. Söhbət bu ayın on biri və on üçü tarixlərindən gedir. Həmin tarixlərdə siz növbədə olmusuz. Bilmək istəyirəm Fərman müəllimin həyat yoldaşı Sənubər xanım bu tarixlərdə evdən çıxıb harasa gedibmi? Əgər gedibsə, hansı saatlarda?
Sualımı eşidən mühafizəçi birdən - birə duruxdu. Əlini uzadıb bir xeyli boynunun dalını qaşıdı. Onun rəng alıb rəng verməsindən belə başa düşdüm ki, məsələnin ər - arvad xəyanəti ilə bağlı olduğunu düşünür. Mən səbrlə onun danışacağını gözləyib susurdum. Nəhayət o dilləndi:
- Məncə, çıxmayıb.
- Mənə dəqiq cavab lazımdır.
- Yox, dəqiq yadımdadır, çıxmayıb.
Bunları deyən mühafizəçi yenə də boynunun dalını qaşıdı.
- Bəs dediyim tarixlərlə bağlı başqa nəsə xatırlamadınız ki?
- Nə deyim, açığı elə diqqət çəkən bir şey baş verməyib.
- Hər ehtimala qarşı əlaqə nömrənizi verin. Mənim də nömrəmi yazın. Nəsə yadınıza düşərsə, mütləq zəng edin.
Mühafizəçinin nömrəsini telefonuma yazıb onunla sağollaşdım. Çox ümid etdiyim söhbət bir nəticə verməmişdi. İndi ofisə qayıdıb əlimdə olanları bir ipə düzməyin vaxtı idi. Maşına oturub mühərriki işə saldım. Artıq gecə yarıya yaxınlaşırdı. Ofisə tez çatdım. Məni topladığım faktları bir - birinə calayıb əsas ipucuna çıxmağım üçün aparacağım təhlillərlə keçəcək yuxusuz bir gecə gözləyirdi. Kresloma oturub adətim üzrə ayaqlarımı masanın üzərinə uzatdım. Uzun - uzadı fikirləşmək lazım olanda həmişə belə edir, sonra tavanda bir nöqtə tapıb gözlərimi o nöqtəyə zilləyirdim. Bilmirəm niyə, amma bu məndə illərlə vərdiş halı almışdı və bu vəziyyətdə fikrimi daha yaxşı toplaya bilirdim. Artıq yarıqaranlıq ofisdə, tam sakitlikdə təhlillərimə başlaya bilərdim.
* * *
Zirzəminin nəfəsliyi səskeçirməyən materialdan olsa da, birbaşa evin içinə baxan qapısı adi qapı idi. Bu qapının arxasından gələn zarıltı səsi evin birincə mərtəbəsinə qədər gəlir, natarazın beyninə işləyirdi.
- Lənətə gələsən, bu da xəstələnməyə vaxt tapdı.
Deyinə-deyinə yerindən qalxan nataraz pilləkənlərlə aşağı düşüb zirzəmiyə keçdi. Yatmazdan əvvəl söndürdüyü işığı yandırdı. Bayaq yerə atdığı döşəyin üstündə huşsuz vəziyyətdə uzanmış, qızdırmadan yanan uşağa baxıb başını buladı. Oğlanın rəngi avazımış, dodaqları quruyub çat vermişdi. Zəncir bağlanmış ayağındakı qançırların yeri elə şişmişdi ki, zəncirin halqa yeri ayağının ətinə işləmişdi.
Döşəyin yanında düşüb qalmış yorğanı uşağın üstünə çəkdi. Onun bu vəziyyətində də ayağına vurduğu zənciri açmağı düşünməyib donquldana-donquldana zirzəmini tərk etdi.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
Müşfiq Xanın ad günündə “Mücrü” nəşriyyatı kitabları yarı qiymətə satacaq
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - 19 iyul tarixində “Mücrü” nəşriyyatı yeni bir aksiyaya başlayır. Nəşriyyatın sahibi Müşfiq Xanın 19 iyul doğum günü olması səbəbindən 3 gün müddətində - 19, 22, 23 iyul tarixlərində "Mücrü" nəşriyyatından oxucular istədikləri kitabı yarı qiymətinə ala biləcəklər.
Nəşriyyat oxuculardan şənbə-bazar günlərinin qeyri-iş günləri olduğunu, iş saatlarının isə 10:00-18:00 olduğunu nəzərə almağın xahiş edir.
Nəşriyyatın əlaqə nömrələrini xatırladırıq: 0555028932, 0125951040
Ünvan: Zərgərpalan 117/15 (Nizami m/s, Nizami Mall-un yanı)
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
2023-cü ilin nəsr mənzərəsi - Elnarə QARAGÖZOVA
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə tənqidçi Elnarə Qaragözovanın “2023-cü ilin nəsr mənzərəsi” araşdırmasını təqdim edəcəyik.
2023-cü ilin nəsr mənzərəsinə həsr etdiyimiz bu yazıda əsas məqsəd ilin ədəbi mənzərəsində əks olunan aparıcı tendensiyaları müəyyənləşdirməkdir. İlin ədəbi mənzərəsində həm janr eksperimentləri, həm yazıçılar tərəfindən əvvəlki əsərlərin tam fərqli, yeni variantda təqdimi, həm də əvvəlki ildə dərc olunan əsərlərin ədəbi prosesdə öz mövqeyini, aktuallığını saxlaması müşahidə olunur. Lakin məruzədə əsas diqqət yetirdiyimiz məqam Qarabağ və Zəfər mövzusunun bədii mətndə reallaşma tendensiyaları və həmin bədii əsərlərin ədəbi prosesdə mövqeyi məsələsidir. Məruzədə məhz ədəbiyyatımızın qarşısında duran əsas vəzifənin - 44 günlük Vətən müharibəsinin və Zəfərin bədii obrazının yaradılması kimi mühüm ideoloji məqamın hansı səviyyədə, hansı janrlar kontekstində və hansı baxış bucağından reallaşdırılmasına dair fikir formalaşdırılmasına imkan yaradan bədii faktlar xüsusi vurğulanır.
2023-cü ilin nəsr mənzərəsində hekayə janrı ənənəvi olaraq say üstünlüyü ilə diqqəti cəlb edir. Mütəhərrik və lakonik olduğuna görə "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları, "Kredo", "525-ci qəzet", "Türküstan", "Ədalət", "Azad Azərbaycan", "Xalq qəzeti" kimi ədəbi və qeyri-ədəbi mətbu orqanlar hekayə janrına həvəslə yer verirlər. İl ərzində hekayə janrı ilə bağlı həyata keçirilən layihələr - "Ədibin Evi" tərəfindən elan edilən Mir Cəlal adına hekayə müsabiqəsi, "Ulduz" jurnalının "Yeni nəsil: nəsr" özəl sayı və kulis.az saytının həyata keçirdiyi hekayə müzakirələri janrın inkişafını izləmək, yeni imzaların kəşfi baxımından xüsusi qeyd edilməlidir. Bu layihələr janra marağı artırmaqla yanaşı ədəbi prosesdə müəyyən aktivliyə də səbəb olması ilə yadda qaldı. Ədəbi cameəmizdə və müasir ədəbi prosesdə özünəməxsus yeri olan "Ulduz" jurnalının 2023-cü ilin iyun nömrəsi "Yeni nəsil: nəsr" sayı barədə özəl danışmaq istərdik. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn bu buraxılış "Yeni nəsil: proza" devizi ilə təqdim edilib. Jurnalın baş redaktoru Qulu Ağsəs ədəbi prosesimiz üçün unikal bir addıma imza ataraq jurnalın bu nömrəsinin tərtibini gənc imzalardan olan Furqana həvalə edib. Furqanın təqdim etdiyi "Ulduz"un səhifələrində yeni nəsil imzalardan Orxan Saffarinin, Təvəkkül Boysunarın, Orxan Cuvarlının, Sərdar Aminin, Nihat Pirin, Həmid Piriyevin, Orxan Həsəninin, Rəvan Cavidin, Nadir Yalçının, eləcə də Furqanın özünün hekayələri işıq üzü görüb. Bu hekayələr içində Qarabağ, müharibə, hərb mövzusuna birbaşa yaxud mətnaltı işarə edən iki hekayəni xüsusi qeyd etmək istərdik. Belə hekayələrdən biri olan, Orxan Cuvarlının "Güzgü" hekayəsində baş qəhrəman və nəqledici güzgüdür. Obraz olaraq məhz divar güzgüsünün seçilməsi də təsdüfi deyil. Çünki kiçik əl güzgüsü yalnız bir şəxsin mübhəm duyğularına tərcüman ola bilərdi. Əvvəlcə hamama vurulan güzgü bir ailənin həyatına, cızılıb binanın giriş qapısına vurulduqdan sonra isə bütöv bir məhəllənin həyatına şahidlik edir. Güzgünün bina girişindəki həyatında gördükləri daha maraqlı və rəngarəngdir. Xüsusilə sərxoşla görüş, onun cibindən çıxardığı, güzgüdə əks olunan "1993 may Ağdərə" imzalı üç gənc əsgərin fotosu və cəbhədə kontuziya alıb havalanan istedadlı cərrahla bağlı hekayət bu gündən dünənə, ağrılarımıza, itkilərimizə baxışı əks etdirir. "Dünya bir pəncərədir, hər gələn baxar gedər" ifadəsini Orxan Cuvarlı dəyişərək dünyaya güzgüdən baxır, çünki pəncərə yalnız dünyanı göstərir, güzgü isə həm dünyanı, həm də ona baxan insanı əks etdirir. Orxan Həsəninin "Çiy balıq" hekayəsi hərbi hissədəki əsgər həyatına həsr edilib. Gürzə ilə savaş və əsgərin yoldaşına ad günündə qadağanı pozaraq telefon tapıb mahnı hədiyyə etməsi kimi detallar müharibədən kənar mühitdə hərbçi həyatının təsviri mövzusunda uğurlu bir hekayənin meydana çıxmasına rəvac verib. Jurnalda toplanan hekayələr həm stilistika, həm də mövzu baxımından fərqli olduğundan çağdaş ədəbiyyatımızda hekayə janrının təzahürü haqqında ümumi fikir yürütməyə, janrın bu günü haqqında söz söyləməyə imkan verir. Müəlliflərin jurnala təqdim etdikləri hekayələrin polifonikliyi janrın ədəbiyyatımızda klassik ənənələri qorumaqla yeni inkişaf meyilləri ilə zənginləşdiyindən xəbər verir.
Bəhs edilən ilin ədəbi prosesində hekayə silsilələri də diqqəti cəlb edir. Novruz Nəcəfoğlunun "Kişilərin ömür yolu" silsiləsindən olan hekayələrinin "525-ci qəzet də, Alpay Azərin "Yaddaş eskizləri" silsiləsindən olan hekayələrinin "Ədəbiyyat qəzeti"ndə yayımlanması oxucu marağına və nəsrin izlənmə motivasiyasının artmasına səbəb olmuşdur. İlin hekayə hesabatında görünən əsas imzalar: Anar, Elçin, Kamal Abdulla, Əlisəfa Azayev, Pərviz Cəbrayıl, İlham Əziz, Vaqif İsaqoğlu, Nərmin Kamal , Azər Qismət, Qərib Mehdi, İlqar Rəsul , Hədiyyə Şəfaqət, Sərdar Amin, Malik Atilay, Nurlana İşıq, Nüşabə Əsəd Məmmədli, Günel Natiq, Pərviz Seyidli , Təvəkkül Boysunar, Saday Budaqlı , Vüsal Nuru, Nihat Pir, Vaqif Sultanlı, Mübariz Cəfərli, Qəşəm Nəcəfzadə, Həmid Piriyev, Ulucay Akif , Sərdar Amin, Ayxan Ayvaz, Alpay Azər,Vidadi Babanlı, Nərmin Kamal, Çinarə Ömray, Şərif Ağayar, Kənan Hacı, Aytac Sahəd, Mirmehdi Ağaoğlu, Qan Turalı, Zemfira Məhərrəmli, Mübariz Örən,Varis, Nüşabə Əsəd Məmmədli, İlqar Rəsul, Turan Uğur, İradə Aytel, Oğuz Ayvaz, Samirə Əşrəf, Emin Piri, Əli Çağla (Təbrizdən!), Aysel Fikrət, Vahid Məhərrəmov, Səma Muğanna, Təranə Vahid. Bu hekayə bolluğu içində Anarın ""Balaca Fuad"ın son xahişi", Elçinin "Salyerinin son günü: (Birpərdəli hekayə)", Kamal Abdullanın "Bir yas mərasiminin yeddinci günü", Ulucay Akifin "Pul axtaranlar", Çinarə Nüsrətlinin "Dərs", Mübariz Örənin "Dəli Əjdər", Aysel Fikrətin "Kaktus çiçəyi", Şərif Ağayarın "Arıların səssizliyi", Orxan Cuvarlının "Kərəm haqlı idi" əsərləri ilin nəsr mənzərəsində seçilə və janra yeni baxış gətirə bilir.
Xalq yazıçısı Anarın neorealist hekayəsi olan "Kəbirlinskinin son etirafı" 2023-cü ilin ədəbi gündəmində rezonans doğurması ilə yadda qaldı. Belə görünür ki, Anar 1968-ci ildə tamamladığı "Dantenin yubileyi" əsərindəki bəzi məqamlarla 2023-cü ildə "Kəbirlinskinin son etirafı" hekayəsinin yazılması üçün zəmin hazırlayəb. "Kəbirlinskinin son etirafı" hekayəsi Həcərin Feyzullanı xəstəxanada ziyarəti ilə başlayır. Bu dəfə yazıçı "Dantenin yubileyi" əsərinin əvvəlindəki deyingən Həcəri yox, əsərin sonundakı Feyzullaya rəhmli davranan, onu anlayan Həcəri oxucuya təqdim edir. Deməli, Anarın Dantenin yubileyində əsas inkişaf etdirdiyi, transformasiaya uğratdığı obrazlardan biri də məhz Həcərdir. Ölüm yatağında olan Kəbirlinski də dəyişib, artıq əvvəllki kimi sadəlövh deyil, Həcərin onu ovutduğunu, sağalıb ayağa qalxmayacağını, əslində teatrdan heç kimin onu axtarmadığını yaxşı bilir. Amma ilk dəfə Həcərin sözlərinə inandığını göstərərək sonuncu rolunu mükəmməl ifa edir. Fikrimizcə, 2021-ci ildə dərc olunmuş hekayəsini "Təhminənin son sirri", 2023-cü ildə dərc olunmuş hekayəsini isə "Kəbirlinskinin son etirafı" adlandıran yazıçı bununla illər öncə başladığı süjetlərin son akkordlarını vurmaqla yanaşı, həm də oxucuya məlum obrazın yeni qatlarını, aspektlərini açır, həmin obrazların alternativ, transformativ variantını məhz müstəqillik dövrünün yazıçısı Anar olaraq təqdim edir. Anarın "Balaca Fuadın son xahişi" hekayəsi isə "Macal" və "Gürcü familiyası" əsərlərinin dekonstruktiv-sinkretik bədii həllinə əsaslanan neorealitik hekayədir. Bu hekayəsində də Anar yeni yaradıcı istiqamətinə uyğun olaraq oxuculara məlum əsərinin qəhrəmanlarını əvvəlki əsərə nisbətdə alternativ seçimlərinin nəticəsində yaşadıqları həyat kontekstində təqdim edir.
Aysel Fikrətin "Kaktus çiçəyi" hekayəsi lakonik olsa da, məğz baxımından böyükdür. Hekayə ailə quran bir qadının öz ata evindən ayrılması kimi sıradan, amma əslində sıradan olmayan bir hadisənin fonunda insanın həyatı və bu həyat yolunda seçim imkanlarının, seçim cəsarətinin oynadığı roldan söz açır. Müəllif kaktus çiçəyini ata evindən ayrılan qadınların təhtəlşüurundakı doğma ocaq həsrətinin simvolu kimi təqdim edir.
Ulucay Akifin "Pul axtaranlar" hekayəsində retrospeksiya, müəllif təhkiyəsi önə çıxsa da əsas diqqətçəkən məqam müəllifin nəqletmədə təfərrüatlara varma meyli və məhz xatirə-detallar vasitəsilə məğzi açma cəhdidir.
Çinarə Nüsrətlinin "Dərs" hekayəsində atası aprel döyüşlərində həlak olmuş şagirdin - Azərbaycanın Milli Qəhrəmanının oğlu Muradın obrazı vasitəsilə müharibə, müharibə yaraları, arxa cəbhə, ata-oğul, müəllim-şagird, insan-insan konteksti önə çəkilir.
Esselər və felyetonlar. İlin esse mənzərəsində Elçin, Kamal Abdulla, Yunus Oğuz, Rəşad Məcid, Qulu Ağsəs, Nargis, Rəvan Cavid, Şahanə Müşfiq, Aytac Sahəd, Mehman Qaraxanoğlu, Rüstəm Kamal, Türkan Turan imzaları oxucuya janrın estetikasından tam zövq alma imkanı verir. Esse janrı sahəsində yaddaqalan məqam Yunus Oğuzun esselərin "Mən Şuşada yazıram", felyetonların isə "Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir" başlığı ilə oxuculara təqdim edildiyi "Felyetonlar və esselər" toplusunun çapı və Rəşad Məcidin "Qələmsiz yazılanlar: status-esselər" silsiləsinin yeni çalarlarla davam etməsi oldu.
2023-cü ildə felyeton janrı da öz yaşamını sürdürməkdə davam etdi. Felyeton janrında 2023-cü ildə sözünü deyən əsas imzalar Yunus Oğuz, Elçin Bayramlı və Mətanət Məmmədova oldu. Elçin Bayramlının "Hər gün yalan danışın", Mətanət Məmmədovanın "Bank-bank...", "Maşallah", "Mədəniyyət küləyi", "Pul yığmaq məsələsi", "Saqqız", "Tərzi-dəb", "Bizə həkim lazımdır...", Yunus Oğuzun "Əsəbləşmə...düzələr...", "Hə...necədir, səninçün?: Ziqzaqlar silsiləsindən" felyetonları janrı yaşadır.
Roman və povestlər. 2023-cü ildə dərc olunan povestlər sırasında Xalq yazıçısı Anarın "Azərbaycan" jurnalının 9-cu nömrəsində dərc olunan "Əcəl" povesti öz özəlliyi ilə seçilir. Belə ki, Anar neorealizm cərəyanı kontekstində "Qırmızı limuzin" hekayəsinin və "Təqib" ssenarisinin əsasında qələmə aldığı bu əsərdə qeyd edilən mətnlərin süjet və motivləri üzərindən, istinad texnikası ilə tam yeni bir əsər təqdim edir və yeni mesajlar verir.
Qarabağ və Zəfər mövzusu povest janrında da aktualdır. Rəfiqə Sadıqovanın "Talesizlər şəhəri" povestində 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfər və Qarabağdakı quruculuq işlərindən bəhs edilir. Aqşin Hacızadənin "Göyçədən başlanan şəhidlik yolu" povesti isə Birinci Qarabağ müharibəsinə, "Babək 44" taborunun kəşfiyyatçısı və rabitəçisi, şəhid Mehdi Əmirxan oğlu Məhərrəmova həsr edilmişdir.
İlin povest janrında xatirə, ithaf tendensiyası aktualdır. Bu məqam Aqil Abbasın Abdal-Gülablı Şakirin xatirəsinə həsr etdiyi "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına...", Azad Qaradərəlinin İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr etdiyi "Sevgilim Vətən" povestlərində özünün qabarıq ifadəsini tapıb.
2023-cü ildə roman janrı Mübariz Cəfərlinin "Möhlət", Kənan Hacının "Dünyanın damı", Hidayətin "Burdan min atlı keçdi", Elçin Hüseynbəylinin "Pərixan", Mübariz Cəfərlinin "Zirvə", Hüseynbala Mirələmovun "Ənvər Paşa", Hədiyyə Şəfaqətin "Uzaq adamlar", Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası", Nərmin Abdullayevanın "Yad adam", Xəyal Hüseynovun "Paralel sevgi", Rüfət İsgəndərzadənin "Əks-dejavü", Ayaz İmranoğlunun "Gizli qapı", Tahir Əlinin (Əlizadə) "Mişoppa", Nicat Məmmədovun "Əlifba sırası ilə", Natəvan Dəmirçioğlunun "Açar", Fəxrəddin Qasımoğlunun "İkibaşlı əjdaha" , Arif Alimin "Tülək", Rasim Qaracanın "Zülmətdə alatoran", Vahid Məmmədlinin "Leyli və Məcnun", Əlisəfa Azayevin "Qarlı zirvə", Vüsal Nurunun "Çəhrayı buludun adamları", Günel Natiqin "Kişilərə dur deyin", Müşfiq Abbasovun "Şeytanın siması" əsərləri ilə təmsil olunur.
Elçin Hüseynbəylinin "Pərixan" romanında Şah İsmayılın nəvəsi, I Təhmasibin qızı, naibüssəltənə Pərixan obrazı əsərin mərkəz sütunu olsa da, yazıçı bu obraz vasitəsilə Səfəvi xənadanın başlanğıcı, I Təhmasib, I Şah Abbas dövrünün bədii xronikal təsvirini verməyə, mövzunu janrın imkanları çərçivəsində reallaşdırmağa nail olmuşdur. Qeyd etmək lazımdır ki, əsərin sonluğundakı qeyri-müəyyənlik, cəzbedici təsvirlər, obrazın tarixi kontekstinə bir qədər avanqard yanaşma oxucunu mətnə cəlb edir. Mübariz Cəfərlinin "Möhlət" romanı isə müəllifin magik realizm xəttinə sadiqliyini təsdiqləyir. Adəm, Həvva, Xaliq obrazlarının adlarının simvolikası isə sadə insan kontekstindən dini arxetip səviyyəsinə qədər yüksəldildiyi əsərin əsas mesajı Xaliqin Adəmə vəsiyyətidir: "Adəm səbrli, təmkinli olsa özünə qalib gələcək".
Dedektiv romanlar müəllifi Əlisəfa Azayevin "Qarlı zirvə" romanı Ümummilli lider Heydər Əliyevin həyat yoluna həsr edilmişdir. Romanda ulu öndərin ömrünün və siyasi fəalliyyətinin Moskva, Naxçıvan, Bakı dönəmləri, Heydər Əliyevə xalq sevgisi, dövlətçilik tariximizin çətin və şanlı tarixi işıqlandırılır.
Rusdilli azərbaycanlı yazıçı Tahir Əlinin (Əlizadə) "Azərbaycan" jurnalında çap olunmuş "Mişoppa" romanı da 2023-cü ilin ədəbi kontekstinə daxil olmuşdur. Bu roman magik realizm cərəyanının ədəbiyyatımızda fərqli ampulada realizə olunması ilə yadda qaldı.
2023-cü ildə roman janrına avanqard - ekperimental yanaşmanı Nicat Məmmədovun "Əlifba sırası ilə" avtofikşn romanı təmsil edir. Rüstəm Kamalın "Yurd yerindən yuxular" əsəri də avtofikşn janrına professional yanaşma ilə yadda qaldı.
İlin roman kontekstində ən maraqlı və əks-sədalı nəsr əsərlərindən biri Vüsal Nurunun qələminə məxsus, "Əsərdəki obrazlar uydurmadır, amma kim istəsə özünə, dostuna bənzədə bilər" epiqraflı "Çəhrayı buludun adamları" kuryoz-fentezi romanı oldu.
Günel Natiqin "Kişilərə dur deyin" romanında Qaradivar şəhəri fantastik toposunda baş verənlər kontekstində feminist çalarlar qabarıq görünsə də əslində əsərdə əsas olan ümumiyyətlə gender mesajlarıdır.
Firuz Mustafanın 2023-cü ildə dərc olunan "Qapı" romanı 80-ci illərdə yazılıb, lakin nə o zaman, nə də 90-cı illərdə nəşr edilməyib. Roman ilk dəfə bu il ədəbi prosesə tam şəkildə təqdim edilmişdir. Firuz Mustafanın "Qapı" romanı repressiya mövzsusunun tam fərqli rakursdan işləndiyi əsər kimi diqqəti cəlb edir.
2023-cü ildə roman janrında izlənən əsas tendensiya Qarabağ, Vətən müharibəsi, Zəfərlə bağlı mövzuların bu böyük nəsr janrında həllinə edilən cəhdlərdir. Maraqlıdır ki, bu cəhdlər müxtəlif kontekstlərdə - mifik, realist, detektiv kontekstlərdə reallaşdırılmışdır. Məsələn Fəxrəddin Qasımoğlunun "İkibaşlı əjdaha" romanı Vətən müharibəsi mövzusunu fərqli kontekstdə - Bakıya terror törətmək məqsədilə göndərilən "Koramal"ın ələ keçirilməsi dedektiv süjeti vasitəsilə təqdim edir.Yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mübariz cəsurluğu" romanı da dedektiv romanlar müəllifinin mövzuya fərqli yanaşmaları ilə yadda qalır. Arif Alimin "Tülək" əsəri isə Qarabağ müharibəsinin arxa cəbhəsinə həsr edilib. Romanda savaş zamanında yaşayan insanın həyatı, ağrı-acıları, döyüşçü taleyi kimi məqamlar işıqlandırılır. S.Qarayevin "N saylı qəhrəmanlıq" romanının əsasını elmlə bədii ədəbiyyatın sintezini özündə ehtiva edən akademizm cərəyanı təşkil edir və Vətən müharibəsini fərqli kontekstdə tərənnüm edən bu romanın tədqiqi akademizm cərəyanının ədəbiyyatımızda təzahür xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bir sıra hallarda 2022-ci ilin sonunda çap olunan romanlar 2022-ci ildən daha çox 2023-cü ilin ədəbi proses mənzərəsində görünür. Növbəti ilin ədəbi prosesində mövqeyini saxlayan romanlar təkrar nəşr və təqdim olunur. Buna misal olaraq 2023-cü ilin 14 sentyabrında Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının qeyri-hökümət təşkilatının təşəbbüsü və dəstəyi ilə təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşünün keçirilməsini qeyd edə bilərik. 44 günlük Vətən müharibəsinin və Zəfərin bədii salnaməsi olan "Cığır" romanı ölkə xaricində də böyük maraqla qarşılanmış və 2023-cü ildə özbək dilində nəşr edilmişdir. Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.
2024-cü ilin ədəbi prosesinin ilkin konturları. Ədəbi proses müşavirəsinin təqdim olunduğu zaman 2024-cü ilin ilk yarısına təsadüf etdiyi üçün artıq növbəti, yaranmaqda olan ədəbi gündəm haqqında da söz demək mümkündür. 2024-cü ilin yarımillik ədəbi gündəmində görünən irihəcmli nəsr nümunələri - Əfşan Yusifqızının "Bədirlənmiş ay" romanı, Əli Rzazadənin "Cənab Leytenant" romanı və digər nəsr nümunələri növbəti ilin də nəsr mənzərəsində Qarabağın tarixi, Vətən müharibəsi, Zəfər ilə bağlı əsərlərin üstünlük təşkil edəcəyindən xəbər verir.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
Kukla Teatrı mövsümünü uğurla başa vurub
Azərbaycan Dövlət Kukla Teatrı cari mövsümü uğurla başa vurub. Bu barədə teatrın yaydığı məlumatda bildirilir.
Məlumata görə, mövsümün yekunu ilə bağlı keçirilən iclasda çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə sənət ocağının bu mövsümdə fərqli dəst-xəti ilə seçildiyini, bir çox uğurlu layihələrə imza atdığını, sosial-mədəni aksiyalarda fəallıq göstərdiyini bildirib.
O, teatrın bir sıra beynəlxalq müsabiqə və festivallarda layiqincə çıxış etdiyini, qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün müqavilələr imzaladığını diqqətə çatdırıb.
“Bu mövsüm kollektivimiz bir neçə beynəlxalq festivala qatılıb, iki festivala isə ev sahibliyi etmişik. Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı olan III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalını buna nümunə kimi göstərmək olar. Qardaş ölkə tamaşaçılarına M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet və xalq nağılı əsasında səhnələşdirilən “Məlikməmməd” kukla tamaşalarını təqdim etdik. Cari mövsümdə Türkiyədə keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalına da qatıldıq. Beynəlxalq Kukla Teatrları Assosiasiyası və ona üzv olan ölkələrin nüfuzlu kukla teatrı mütəxəssislərinin də qatıldığı festival çərçivəsində yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparıldı. Həmçinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdik”,- deyə o əlavə edib.
Qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının ölkəmizdə səfərdə olduğunu qeyd edən R.Əhmədzadə deyib: “Bu müddətdə iki teatr arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi də oldu. Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb. Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur. Müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.
Beynəlxalq səfərlər sırasına Kalininqradda (RF) reallaşan ənənəvi “Rus teatrı – xaricdə rus mədəniyyəti institutu kimi” adlı V Beynəlxalq Konfransda da oldu.
Bu mövsüm beş yeni səhnə əsəri – “Dovşanın ad günü”, “Ələddinin sehrli çırağı”, “İtki”, “Melisa”, “Lokomotiv və vaqonlar” tamaşalarını təhvil verdik. Bundan başqa, teatrımız işğaldan azad olunan Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Hadrutda və Talışda çıxışlar etdi”.
Tədbirdə teatrın baş rejissoru Anar Məmmədov, baş rəssam İqbal Əliyev, rəssam Rəna Abbasova, eləcə də texniki heyətdən Cavid Hüseynov, Dilşad Cəfərli, Tural Həsənov, dram artistləri Səriyyə Mansurova, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Elgün Həmidov və Səbinə Məmmədova məhsuldar və səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - “Gümrü”
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Qədim zamanlarda oğuz xaqanlarının məskən saldığı dağlar qoynunda yerləşən füsunkar sıx meşələri ilə olan yerdə ağlasığmaz ölçüdə əcaib qəraib heyvanlar peyda oldular. Camaat bunu eşidib bilib daha meşəyə getmədilər ki, vəhşi heyvanlara yem olmasınlar. Gecələr bəzən meşə tərəfdən tükürpədici səslər, xışıltılar eşidilirdi. İnsanlar zənn edirdilər ki, bu heyvanlar kəndə doğru sürünür və onları yemək üçün qurbanlarını gözləyirlər.
Bu yurdda yaşayan dülgərin Gümrü adlı qızı inanılmaz dərəcədə gözəl, lakin çox inadkar idi. O, camaatın danışdıqları bu söhbətləri qulaq ardına vurur, onların varlığına inanmır, şayiə olduğunu deyib, qaranlıq meşəyə getməkdən qorxmurdu.
Bir gün o, meşədən cır armud, əzgil yığmaq istədi. Qız ata, anasına qulaq asmadan qaranlıq, sıx meşəyə getdi. Zənbili dolsa da hələ də zümzümə edərək giləmeyvə axtarışındaydı. Meşənin lap sıx yerinə girmişdi. Birdən qəribə heyvan səsləri eşitdi. Heyvanlar insan səsi eşidib yad adama tərəf gəlməyə başladılar. Əcaib qəraib heyvanlar çox nəhəng idi, onların iri iti dişləri və uzun caynaqları vardı. Gümrü cəld səs gələn tərəfdən uzaqlaşaraq kəndə tərəf qaçdı, gedərkən yığdığı cır armud və giləmeyvələri yerə atdı və nəhayət, meşədən çıxıb heyvanlardan gizlənə bildi. Ağacların quru budaqları, kolların tikanlı yarpaqları onun bədənini cırmışdı. O, qan içində kəndə çatıb camaata başına gələnləri danışdı. Kənddə çaxnaşma düşdü, qəzəbli heyvanlardan xəbər tutan insanlar vəhşilərdən qorxaraq dərhal evlərini tərk edib, dağlara üz tutdular. Gümrü yurdunun insanlarını xilas etmək qərarına gəldi.
Qurtulmaq istəyən hər kəsi dağın başında olan bir mağaraya apardı. Mağaranın ağzı balaca, dar olsa da içərisi geniş idi. Hamı ora sığındı. Ancaq yemək-içmək yox idi, buna görə də cəsarəti Gümrü həyatını riskə ataraq hər gün su üçün dərəyə enir, göbələk, meşə soğanı və s. yığmaq üçün meşəyə getməli olurdu. Mağarada sığınan insanlar Gümrünün sayəsində öz xilaskarlarını tapmışdılar. Gümrü hər gün eyni yolla dərəyə enir su gətirir, meşədə tələ qurub dovşan, kəklik tutub onlara gətirərdi. Amma mağarada gizlənən insanların xoşbəxtliyi çox çəkmədi. Əcaib qəraib heyvanlar bir gün meşədə gəzən qızı gördülər, qızın arxasınca gəlib mağaraya çatdılar. Mağaranın girəcəyi çox balaca olduğundan nəhənglər ora girə bilmədilər. Camaat yenidən çaxnaşmaya düşdü, heyvanlardan xilas ola bilməyəcəklərini, acından, susuzluqdan öləcəklərini anladılar. Gümrü mağaranın ağzında bədheybət heyvanların buradan getmələri üçün dua edir, göz yaşı tökürdü. Tanrı Gümrünün dualarını eşitdi, tezliklə Gümrünün göz yaşlarının yerində gölməçə əmələ gəldi. Gölün hər saniyə böyüməsi heyvanları vahiməyə saldı, çünki onlar sudan qorxurdular. Odur ki, dərhalmağaradan uzaqlaşdılar. Amma gölməçələrdən böyük bir göl yarandı və mağaradan uzaqlaşmaq istəyən bədheybətləri boğdu. Beləliklə, Gümrü kəndi qaçılmaz ölümdən xilas etdi. İnsanlar mağaradan çıxıb, gölün üstü ilə üzərək doğma kəndlərinə qayıtdılar. Amma taqətdən düşmüş Gümrü elə oradaca qalıb daşlaşdı. İnsanlar yurd yerlərini Gümrü adlandırdılar.
Gümrü - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
İntizar ədəbiyyatı - Əli Tudə, "Xudafərin"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Xudafərin...
Sanma o körpü fəqət
Durur suyun üstə, tağın içində.
Yox! O ürəklərdən yoğrulmuş sərhəd
Qalxır vahid dilli xalqın içində.
Qardaş! O ağırlıq, o sədd, o ağrı
Karpatın çiynində olsaydı əgər,
Karpat əyilərdi...
Yaralı bağrı
Nə axşam toxdardı, nə də ki, səhər.
Arazın kədəri min ümmandan çox,
Gözündən axıdır ləpələrini...
Saxlaya bilməyir öz çiynində, yox,
Ayrılıq körpüsü Xudafərini...
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
“Sözün Vətəni – Qarabağ” poeziya saatında tanınmış və gənc şairlər şeirlərini oxuyublar
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Sözün Vətəni – Qarabağ” müasir poeziya saatı təşkil olunub.
Xan qızı Xurşidbanu Natəvanın evinin önündə reallaşan tədbirdə bölgələrdən olan şairlər və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan gənc şairlər şeirlərini oxuyublar.
Tədbirdən əvvəl AzərTAC-a məlumat verən AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza vurğulayıb ki, Azərbaycan xalqı xoşbəxt günlərini yaşayır: “Otuzillik ayrılıqdan sonra Şuşamıza qovuşduq. Bu günü bizə yaşadan Ali Baş Komandana, bütün əsgərlərimizə, şəhidlərimizə borcluyuq. Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfə təşkil olunur. Biz yenidən möhtəşəm Vaqif Poeziya Günlərinin iştirakçısı və şahidiyik. Bu gün, poeziya saatının adından da göründüyü kimi, mədəniyyətimizin beşiyi, sözümüzün ilki, şairlərimizin tükənməz mövzusu olan Şuşaya, Qarabağa həsr olunmuş şeirləri dinləyəcəyik. Əminəm ki, Şuşa, eləcə də, doğma, əziz Qarabağımız bundan sonra da şairlərimiz üçün əsas ilham mənbəyi olaraq qalacaq”.
Tədbirə aparıcılıq edən AYB Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı Şuşada keçirilən Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də poeziya günləri Şuşada yüksək səviyyədə keçirilir.
İlk olaraq səhnəyə çıxan Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramov vətən sevgili şeirlər söyləyib.
Sonra poeziya saatında görkəmli qələm adamları, şairlər - Ramiz Qusarçaylı, Seyran Səxavət, Elçin İsgəndərzadə, Kəmalə Abiyeva, Rəfail İncəyurd, Qəşəm Nəcəfzadə, Şahnaz Şahin, Xəyal Rza, Dayandur Sevgin, Rafiq Yusifoğlu, Fərid Hüseyn, İntiqam Yaşar, Mətanət Uluşirvanlı, Zərəngiz Dəmirçiqayalı və başqaları vətənpərvərlik mövzusunda, həmçinin Şuşaya həsr etdikləri şeirlərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)