Super User

Super User

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası qonaqpərvərlik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “İxtisaslaşmış hotelçilik” təlimlərinə start verib.

 

Agentlikdən AzərTAC-a bildirilib ki, iki ay davam edəcək “İxtisaslaşmış hotelçilik” təlimləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonundakı yerləşmə vasitələrinin işçi personalı üçün nəzərdə tutulub.

Təcrübəli təlimçilərin təmizlik şöbəsi, iaşə xidməti, ön büro və idarəçilər üçün idarəetmə istiqamətlərində keçdikləri ödənişsiz təlimlərdə iştirakçılar sahə üzrə praktiki biliklər əldə etmək, yerli sənaye mütəxəssislərinin təcrübələrindən faydalanmaq imkanı qazanırlar. 

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən hotellərin əməkdaşları Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanlarına müraciət edib qeydiyyatdan keçərək təlimlərdə iştirak imkanı qazanırlar.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

Cümə axşamı, 18 İyul 2024 18:28

Görüşdən qaçanlar - ƏKBƏR QOŞALI YAZIR

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar və siyasi icmalçı Əkbər Qoşalının növbəti icmalını diqqətinizə çatdırır. 

 

“Avropa Siyasi Birliyi”nə evyiyəliyi edən Britaniyanın təşəbbüsü əsasında Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bəli, bugünün mövzusu olsa da, biz keçmiş zamanda yazırıq – “tutulurdu” – amma görüş baş tutmadı. Pəki, niyə?

Söhbət Münhen Təhlükəsizlik Konfransındakı görüş formatında bir görüşdən gedirdi – olmalıydı, olmadı. Yəni, Britaniya Baş nazirinin görüşün əvvəlində iştirakından, sonra isə biləvasitə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli danışıqlar aparmasından söhbət gedirdi. Əslində, bu ən yaxşı formatdır – biz masada üçüncü müzakirəçini neynirik? – Görüş təşkil edib, çox sağ olsun, gerisini iki qonşu, iki bir-birini daha yaxşı tanıyan tərəflər özləri həll edər. Elə deyilmi? Ancaq qonşu qonşu olsa, yaxşı tanımaq bir işə yarasa və yaxşılıq, tanışlıq, qonşuluq funksionallıq kəsb etsə, təbii. Qonşu qonşu deyil axı. Qonşuluğumuza ordan-burdan köçürülmüş gəlmələrdir, üstəlik, gəldikləri yerin özü də başqasının olmayıb, elə Azərbaycan torpağıdır ki var. Yaxşı tanımağa gəldikdə, bəli, biz bir-birimizi doğrudan da yaxşı tanıyırıq; ona görə də, bizimçün çox maraqlıdır, Ermənistan bunca dərsdən, öz təqsiri ucbatından başına gələn bunca olaylardan sonra dəxi niyə ağıllanmır, niyə ciddi ola bilmir?   

Ermənistanın Britaniyanın evyiyəliyi və təşəbbüsü ilə olmalı görüşdən imtinasının bir adı, bir məzmunu var: sülh gündəliyinin geriləməsi, dialoqun ertələnməsi. Bəlkə belə deyil? Belə deyilsə, hər görüş irəliyə doğru daha bir addım olasıykən, sən, Ermənistan, niyə aradan çıxırsan?!.

Belə bir ünlü deyim var, deyərlər, hər hansı bir olay ilk dəfə baş veribsə, təsadüf ola bilər; ikinci dəfə baş veribsə, tendensiya ola bilər; yox, əgər üçüncü dəfə də baş veribsə, burada hansısa bir qanunauyğunluq vardır... Budur, Paşinyan görüşdən imtina edib; ondan öncəki Ermənistan rəhbəri Serj Sərkisyan Avropada (yanılmıramsa, 2016-cı ilin Aprel döyüşlərindən sonrakı) görüşlərin birindən yarımçıq qalxmışdı – guya sancılanıbmış; keçmiş Prezident Robert Köçəryan isə 10 fevral 2006-cı il Rambuye qəsrindəki 8 saatlıq görüşdən sonra daha “ağıllı” bəhanə taparaq, aradan çıxmışdı. - Köçəryan (o vaxtkı Müdafiə naziri) Serj Sərkisyanın qayınatasının öldüyünü səbəb gətirərək, Parisdən birbaşa İrəvana qayıtmışdı...

Əgər bir ölkənin rəhbərliyi başqa bir ölkənin rəhbərliyi ilə danışıqlardan ən azı üç dəfə yayınırsa, burada bir qanunauyğunluq vardır, əlbəttə. O qanunauyğunluğu erməni xarakteri (xaraktersizliyi), klassik erməni urvatsızlığı, suçluluq kompleksi ilə bağlamaq haqqımız vardır. Əllərinə düşən hər mikrofona ağızları köpüklənə-köpüklənə sülhdən, danışıqlardan, siyasi anlaşmadan dəm vuran Ermənistan başbilənləri sülh gündəliyinə zərbə vurmaqdadır. Bəli, Azərbaycan rəsmilərinin haqlı olaraq vurğuladığı kimi, gərək beynəlxalq ictimaiyyət də buna siyasi qiymət versin. Azərbaycana vurduğu işğal ziyanlarına, müharibə cinayətlərinə görə Ermənistan əslində, yalnız siyasi deyil, hüquqi qiymətini almalıdır.

 

Sonda:

Köçəryanla Sərkisyanın dialoqdan, konstruktiv danışıqlardan yayınması qarşılığında Ermənistan nə qazandı? Köçəryanla Sərkisyan indi haralardadı, ölkələri haralardadır, iqtisadiyyatları, hərbi durumları nə yerdədir? Xankəndidə “Qarabağ – Ermənistandır və nöqtə” deyən Paşinyan da, sələfləri də gördü, başları çəkdi ki, qarşılarında ciddi ölkə, ciddi lider var və Dəmir Yumruq da öz növbəsində kəramətini göstərdi. 44 günlük müharibə (üstəgəl, bir gündən qısa sürən antiterror tədbirləri) ilə 30 illik ağır işğala son verməyi bacaran ölkə ilə, sözü imzası qədər keçərli liderlə danışıqdan qaçmaq yox, danışmaq lazımdır, danışmaq lazımdır, danışmaq lazımdır! – Danışıqların bizimçün gərəkliliyi, məsələn, 20 faizsə, Ermənistan üçün bu gərəklilik 80 faiz təşkil edir. Biz respublika ərazisinin 20 faizini bərpa etmişik, Ermənistan ərazisininsə, ən azı 80 faizi (əslində, 100 faizi) mübahisələndirilməyə açıqdır... Hələ-hələ Zəngəzur öhdəliyini yerinə yetirməmiş bir respublika nəinki Britaniyadakı görüşdən, Avropa siyasi birliyindən imtina etməli, bir dağ kəndindəki görüşə belə maraq göstərməlidir. Özləri bilər...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Dilim yorulmadı vətən deməkdən,

Yox, yalnız əridi bədənim mənim,

Uçan qaranquşdan, əsən küləkdən 

Soruşdum necədir vətənim mənim? 

 

Fəqət usanmadım mən bircə yol da ,

İnsan axtarmazmı deyin itəni?

İstədim ötəni saxlayıb yolda

Vətəni soruşam yenə, vətəni... 

 

Vətən! Bir dəfə də görsəydim səni,

Dünyanın hüsnünü səndə duyardım.

Qınamasaydılar dostlarım məni,

Adımı dəyişib vətən qoyardım.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Cümə axşamı, 18 İyul 2024 15:41

İmtahan idilliyası - Hicran HÜSEYNOVANIN PROZASI

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Hicran Hüseynovanın prozası təqdim ediləcək

 

 

Rusların tez-tez işlətdiyi bir frazeoloji birləşmə var: "belka v kolese". Müasir dünyamızın tempi elədi ki, doğrudan da, hamı elə təkərin içindəki dələ kimi o tempin arxasınca düşüb fırlanır. Və nə qədər fırlansa da, bir tərəfə çıxa bilmir. 

 

Ətrafımızda baş verənlər o qədər sürətlə bir-birini əvəz edir ki, gördüklərimizin mənasını, mahiyyətini anlamağa belə vaxt qalmır. Və bəzən "daha əhəmiyyətli" sahələrin fonunda başqa sahələrə, məsələn, təhsilə diqqət arxa plana keçir.

Elə bu haqda danışacam, dostlar, təhsil haqqında, konkret olaraq 9-ların imtahanından. Nədən bu imtahandan bir danışan olmadı? Özgə vaxt küləyin istiqaməti belə dəyişəndə sosial şəbəkələr bir-birinə dəyir: "Külək hayandan əsdi?"

Bu boyda kardinal dəyişikliklər heç kimin diqqətini çəkmədiyindən özüm imtahan suallarını saf-çürük etməyi qərara aldım. Onu da deyim ki, 9-ların imtahanı deyəndə yalnız bir fənndən - mənə yaxın, doğma olan Azərbaycan dilindən bəhs edəcəm. Mənim Azərbaycan dili sevgimi ətrafımda olan hər kəs bilir, indi oxucularımız da biləcək. Bu sevgimin və şagirdlərə, abituriyentlərə olan dostyana münasibətimin təzahürü kimi illərdi tanış gənclərə imtahana hazırlaşmaqda kömək edirəm (repetitor yox, dost və köməkçi kimi). Ana dilimiz o qədər zəngindir ki, dilimizin gözəlliklərini, bənzərsizliyini, şəhd-şirəsini uşaqlara anlatmaq özü böyük bir zövq verir mənə. Və dilimiz məhz dilçilik elminin qaydaları, qanunları fonunda mükəmməldir!

Bəs hanı o qaydalar?

Gəldim mətləb üstünə. Məsələ ondadır ki, 9-ların budəfəki imtahanında qrammatikadan bir sual belə yox idi (!). Məntiqi sual çıxır ortaya: bəs niyə uşaqlara 2-ci, 3-cü sinifdən bu yana qrammatik qaydalar öyrədilir? İl ərzində getdikləri sınaq imtahanlarında da şagirdlərə morfologiyadan, sintaksisdən müxtəlif suallar düşmüşdü. Bəs sabah imtahana düşməyən mövzuları şagird özü də öyrənməkdə maraqlı olacaqmı? Bu yerdə fəlsəfədəki səbəb-nəticə rabitəsi düşür yada. Onu da deyim ki, dilçilikdə də səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr var (daha "var idi" deyəcəyik).

Bəli! Həyatda da hər hansı bir səbəb hansısa nəticəni doğurur. Və əksinə. Bəs qrammatikanın çıxdaş edilməsinin səbəbi nədir, görən? Maraqlıdı. Və bu, səbəb olaraq hansı nəticəni doğuracaq? Bax, budur məsələ, Hamlet demiş... O nəticəni elə indidən görürəm, dostlar, heç əlimi qaşımın üstünə qoyub uzaqlara baxmağa da ehtiyac yoxdu. "Da", "də" bağlayıcılarını, ədatlarını bitişik yazanlar, "istəyirəm"i "isdiyirəm" yazan ali təhsillilər gəlir göz önünə. Bugünkü şagirdlər sabah necə yazacaq, görən?..

Yazımın əvvəlinə qayıdım. Nə əcəb heç kim bu dəyişiklikdən narazı qalmadı, düşünürəm. İmtahan suallarındakı bu boyda yeniliyin nə əcəb heç kim fərqinə varmadı? Bu hamıya sərf edir - səbəb budur!

Dostlar, yazını buracan oxuyub yorulmamısınızsa, fikirlərimi nümunələrlə əsaslandırım:

"Mətn əsasında hansı sualların cavabını müəyyən etmək olar?"

"Mətnin məzmununa uyğun olan fikri müəyyən edin".

"Mətnin yalnız giriş hissəsinə aid olan bəndləri müəyyən edin".

"Mətnin sonuncu abzasına əsasən, belə nəticəyə gəlmək olar:".

"Mətnə əsasən, Bülbülün doğulub böyüdüyü Şuşa mühiti ilə bağlı yanlış fikri müəyyən edin".

"Mətndə nöqtələrin yerinə yazıla bilər:"

"Bülbülün xarakterik cəhətləri əsasında cədvəli doldurun".

"Mətndə tünd-qara hərflərlə verilmiş söz hansı nümunədə eyni mənada işlənib?"

"Mətnin plan bəndlərinin düzgün ardıcıllığını müəyyən edin".

Uzunçuluq etmədən xatırlatmaq istəyirəm ki, imtahan tapşırıqları 2 mətndən ibarətdir. Düzdü, mətnlərin tərbiyəvi əhəmiyyəti, didaktik təsir gücü danılmazdır. Amma yazının əvvəlində qeyd etdiyim kimi, bu imtahanda dilçilik elmiylə bağlı şagirdin bilikləri soruşulmur, tək-tük test suallarında hansısa sözün yerində işlənib-işlənməməsindən, ilkin, yaxud məcazi məna daşımasından söz açılır ki, bu da yalnız leksika ilə bağlıdır. Uşaqlar, yəqin ki, çox sevinib bu sualları görəndə, çünki necə deyərlər, elə uşaq-uşaq suallar verilib ki, dərindən düşünməyə ehtiyac yoxdu. Bəzən elə göz yaddaşı da kifayət edər ki, mətni yadda saxlayıb verilən sualı cavablandırasan. Məsələn:

Mətnə əsasən, yanlış fikirləri müəyyən edin.

1. Əlişir susuz torpaqda bağ salmaq fikrindədir.

2. Sultan Əlişirin şairliklə məşğul olmadığını eşidib onun evinə yollanır.

3. Sultan Hüseyn səxavətlidir.

4. Hökmdar Əlişirin bağ salmasını heç vaxt təqdir etmir.

5. Hökmdarın sarayda ünsiyyət quracağı heç kim yox idi.

Çox düşündüm, görəsən, belə suallar şagirdlərin intellekt əmsalının, başqa sözlə, İQ səviyyəsinin artmasına necə təsir göstərir? - Məncə, əks təsir.

Hələ bunları bir yana qoyub, ikinci sualdakı ifadəyə diqqət edək: "şairliklə məşğul olmadığını eşidib". Şairliklə məşğul olmurlar, əziz test tərtibçiləri, şairlik ruh məsələsidi, təb məsələsidi, duyğu, hiss məsələsidi, könül işidi, qısası.

Amma dilçiliklə, beynəlxalq dildə desək, linqvistikayla məşğul olmaq lazımdı, çünki bu, bir intellekt məsələsidi.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Cümə axşamı, 18 İyul 2024 16:00

RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Layiqənin liseyi tərk etdikdən sonra ən vacib məlumatları almaq üçün görüşdüyü adam hər iki ayaqdan əlil idi. Böyük mənzilinin geniş salonunda oturmaq üçün yer göstərib düymə ilə idarə etdiyi əlil arabasını sürüb onunla üzbəüzdə saxladı. Divana əyləşən Layiqə dizlərinin üstünə qoyduğu çantasından qalın bir zərf çıxarıb qarşısındakı jurnal masasının üstünə qoydu.

- Bu sizə çatacaq məbləğdir. Lazım olan suallar da zərfin içərisindədir.

Zərfə gözucu baxan adam gülümsəyib dedi:

- Bilirəm, Bəxtiyar zəng vurmuşdu.

- Cavablarçün nə vaxt gəlim?

- Axşam 8 - də gələrsən.

Cavabı eşidən Layiqə oturduğu yerdən qalxdı. Axşam 8 - ə hələ çox var idi. Qapıya çatıb dedi:

- Sağollaşmıram. Düz saat 8 - də burada olacam.

Adam sakitcə başını tərpədib heç nə demədi. Mənzildən çıxan Layiqə liftin düyməsini basıb gözlədi. O hələ əvvəlki tapşırıqlar zamanı, bu mənzilə ilk gəlişindən bu günə qədər bir sualın cavabını özü üçün tapa bilmirdi: hər iki ayaqdan əlil olan, demək olar ki, evdən bayıra çıxmayan biri görəsən bu qədər məlumatı haradan və necə toplaya bilir? Liftin qapısının açıldığını görüb içəri keçdi. Saat 8 - ə qədər bir işi qalmamışdı. Buradan hara gedəcəyinə liftdə qərar verəcəkdi.

* * *

Sənubər başını həyat yoldaşının çiyninə qoyub sakitcə ağlayırdı. Ona təsəlli verməyə çalışan Fərman Gəraybəylinin vəziyyəti də ürəkaçan deyildi. Bəxtiyarı yola saldıqdan sonra qan təzyiqi qalxmışdı. Birtəhər təzyiqini sala bilsə də, bunun ardınca ürəyində başlayan ağrılar bayaqdan ara vermirdi. Bir qədər əvvəl qəbul etdiyi korvalolun qoxusu otağı bürümüşdü. Stəkana lazım olandan çox damcıladıb başına çəkdiyi dərman nədənsə təsir etmirdi. Ürəyi get-gedə daha çox sancırdı.

- Bəlkə təcili yardım çağırım? - Sənubər gözünün yaşını silib soruşdu.

- Lazım deyil, bir azdan keçər. Həkim gəlsə, mütləq məni xəstəxanaya aparmaq istəyəcək. Mənsə evdə olmalıyam, özün başa düşürsən. Ağa sağ - salamat tapılmayınca ölsəm də, heç yana gedəsi deyiləm.

Sənubər ah çəkib susdu. Ərinin xasiyyətini bilirdi. Dedisə, bitdi. Onu daha da yormamaqçün təkid etmədi.

Elə bu zaman ev telefonuna zəng gəldi. Cəld divandan qalxan Sənubər az qala qaçaraq telefonun dəstəyini götürdü. Ancaq telefondakı səsi eşidəndə ərinə baxıb başını yellədi. Zəng edən rəfiqəsi idi. Hələ keçən həftədən onunla alış - verişə gedəcəklərini vədələşmişdilər. Başının ağrıdığını bildirən Sənubər sonra zəng edəcəyini deyib dəstəyi asdı. Daha divana, əvvəlki yerinə qayıtmayıb telefon aparatının yanında qoyulmuş stula oturub ərinə baxdı. Otağa dərin bir sükut çökdü. Bu gün ilk dəfə səslənən telefonun zəngi hər ikisini əməlli - başlı diksindirmişdi.

* * *

Ofisə qayıtmışdım. Layiqə zəng edib Nadirlə görüşdüyünü, sonra isə liseydə öyrənə bildiklərini desə də, özü hələ ki, gəlib çıxmamışdı. Onun dediklərindən belə məlum olmuşdu ki, kamera görüntülərindəki qeydlərə görə Ağa həmişəki vaxtda dərsinə gəlmiş, hamı kimi eyni vaxtda liseyi tərk etmişdi. Mühafizəçinin bildirdiyinə görə, tələbələrin dərs vaxtı bitənədək liseyin binasını icazəsiz tərk etmələri qadağandır. İcazə alıb çıxanlar barədə isə əvvəlcə liseyin nümayəndəsi onlara məlumat verir, sonra mühafizəçilər xüsusi jurnalda çıxış vaxtını qeyd edirlər. Göstərilən tarixdə Ağanın liseyi tərk etməsi barədə jurnalda heç bir qeyd yoxdur. Deməli, onun liseyi saat 15:30 - da tərk etməsi barədə dostlarının dedikləri doğrudur. Bu məlumatı mütləq dəqiqləşdirmək lazım idi. Ağanın nəsə fikri olarsa, dostlarını öyrədər, onlar da həmrəylik göstərib yalan məlumat verə bilərdilər. Xüsusilə, onun qaçırıldığını bilmədikləri üçün yeniyetmələr ona hansısa məsələdə kömək etdiklərini, məsələn, qızla görüşdüyünü düşünüb bunu rahatlıqla edərdilər. Nəticədə araşdırmanın istiqaməti səhv məcraya yönələ bilərdi. İndi isə hər şeyi yoxlamış və onu günün ikinci yarısında baş verənlərlə axtaracaqdım. Hər şeyə əmin olmaq vacib idi və mən belə işlərdə heç vaxt yoxlanmamış məlumatla hərəkət etmirəm.

Layiqədən sonra Nadir zəng etmişdi. Gəraybəylinin ev telefonuna uşaq qaçırılmamışdan üç gün və bir gün əvvəl şəhər avtomat telefonlarından üç dəfə zəng edildiyi məlum olmuşdu. Bir zəng isə uşaq qaçırılandan sonra gəlmişdi. Sonuncu Fərmana pul tələbi üçün edilən zəng idi. Telefonların biri «Neftçilər», digəri isə «Nərimanov» metrostansiyaları yaxınlığında yerləşir. Onları araşdırmağın heç nə verməyəcəyi məlumdur. Təbii ki, bu telefon aparatları təsadüfi seçilməyib, qarşı tərəf bu yolla izlərinə düşülə bilinəcəyi ehtimalını hesablayıb. Nadir hər iki telefon aparatının «Təhlükəsiz Şəhər» kameralarının əhatə dairəsindən çox uzaqda yerləşdiyini dəqiqləşdirib. Ancaq zəng edənin və ya edənlərin kimliyi çox maraq doğurur. İki zəng günün birinci yarısında gəlib. Birinci, yəni Ağa qaçırılmamışdan üç gün əvvəl edilmiş zəng təxminən beş dəqiqə çəkib. Sonrakı gün isə, birinci zəng on iki dəqiqə davam edib. Bundan sonra eyni avtomat telefon nömrəsindən gələn zəng saat 17 radələrinə təsadüf edib və çox qısa olub.  Buradan belə məlum olur ki, bunlar təsadüfi zənglər deyilmiş. Səhv düşən birisi ilə, yaxud telefon xuliqanları ilə heç kim söhbəti bu qədər uzatmazdı. Xüsusilə, Nadirin zəngindən sonra Fərman müəllimi yığıb onun zənglər gələn tarixlərdə səhər tezdən işə getdiyini, bir də axşam saatlarında evə qayıtdığını dəqiqləşdirmişdim. Nahara da heç vaxt evə gəlmirmiş. Həmin tarixlərdə heç bir qonaqları da olmayıb. Ağamirzə də dərsdə olub. Deməli, zənglər Sənubərə gəlibmiş. Onsuz da davranışından ilk gündən şübhələndiyim bu qadın, deyəsən, mən düşündüyümdən də çox şey bilir. Amma nədənsə susur. Səbəb nə ola bilər? Axı söhbət doğma övladından gedirsə, bir ana bütün bildiklərini açıb deməli deyilmi? Əgər fikirləşdiyim kimidirsə, deməli onu susmağa vadar edən bir səbəb var. Görəsən, bu nə ola bilər?

Zənglərin küçədən, ayrı - ayrı ünvanlardakı avtomat telefonlar vasitəsilə edilməsi də müəyyən fikirlər yaradır. Aydındır ki, zəng edən iz vermək istəmir. Mümkündür ki, o, Sənubərin möbil telefon nömrəsini bilmir, hansısa yolla yalnız ev nömrəsini öyrənə bilib. Avtomat telefondan mobil nömrələr də yığıla bilir. Başqa bir şey də ola bilərdi - adam kimdirsə, Sənubəri yaxşı tanıyr və onun, Fərman müəllimin dediyi kimi, çox az hallarda evi tərk etdiyini bilir. Ona görə də ev telefonunu öyrənməklə kifayətlənib. Bəs yaxşı tanıyırsa, onun mobil telefon nömrəsini niyə bilmir? Özümə verdiyim suallar özümü belə dolaşığa saldısa hələlik burada dayanmaq lazımdır. Vaxtı çatanda bunlara yenə də qayıdacağam.

İndi isə Nadirin verdiyi başqa bir məlumata keçək. Axırıncı tenderdə Fərman Gəraybəyliyə uduzan iş adamına qarşı yönəlmiş şübhələrim özünü doğrultmamışdı. Qibtə ediləcək birisi olmasa da, Mais Salmanov adlı bu iş adamı tender başa çatdıqdan dərhal sonra miqyasına görə əvvəlkindən heç də geriyə qalmayan başqa bir tenderə qoşulub, elə həmin gündən vaxtının çoxu xarici ölkələrdə müxtəlif görüşlərdə keçir. Onun bu işlə əlaqəsi olması barədə ortaya heç bir sübut çıxarmaq mümkün olmamışdı. Sübutun olmaması hələ heç nə demək olmasa da, Nadir də, mən də bu məsələdə məntiqi yanaşmanı əsas kimi götürüb onu şübhəlilər siyahısından çıxarmışdıq. İş adamları pulu sevir və onun qədrini bilirlər. Mais Salmanov isə lap çox sevir. Əvvəlki tenderdə uduzduqdan sonra bütün rəqiblərini üstələdiyi, təxminən həmin səviyyəli başqa bir tenderə qoşulub xeyli qazanc əldə etmək imkanı qazanmış bu iş adamının belə bir başağrısı nəyinə gərək olsun ki? İndi onun bütün fikri - zikri qoşulduğu tenderdən qazanacağı pullara yönəlib. Üstəlik, Ağa oğurlanmazdan beş gün əvvəl İtaliyaya uçub və hələ də oradadır. Deməli, araşdırmamdakı istiqamətlərin biri azaldı.

Gün ərzində bəzi şeyləri şəxsən yoxlamışdım və buna xeyli vaxtım getmişdi. Artıq axşam olub, saat 9 - dur. İndi Layiqə gələnədək bir qədər ayaqlarımı uzadıb dincələ bilərəm. Onun gətirəcəyi son məlumatlardan asılı olaraq tam olmasa da, bəzi fikirlərimi bir ipə düzmək mümkün olacaq. Buna əminəm. Müşahidələrim belə düşünməyimə əsas verir. Bu təhlillərdən sonra Fərman Gəraybəyliyə verilmiş iki günə bir gün də əlavə edib - etməməyə ehtiyac olub - olmayacağını özüm üçün dəqiqləşdirəcəkdim. Ehtiyac olacağı təqdirdə bunu necə edəcəyim sonranın işidir. 

* * *

 Nataraz zirzəmidən çıxandan sonra yenə qapıları bərk-bərk bağlayıb işlərinin dalınca getmiş, axşama yaxın qayıtmışdı. Bu dəfə işi çox olduğu üçün maşınla getmişdi. Maşını həyətə salandan sonra evə keçib bir qədər yemək yeyib dincəlmiş, indi təkrar zirzəmiyə düşmüşdü. Qapını açanda uşağı yerdə uzanıb titrəyən gördü.

- Bircə bu çatmırdı, - astadan öz - özünə yağlı bir söyüş söydü. Sonra yaxınlaşıb onun çiyninə toxundu. Bu təmasdan gözlərini açan uşaq zorla, - üşüyürəm, - deyib yenidən gözlərini yumdu. Möhkəm titrədir, çənəsi bir - birinə dəyirdi. Qızdırmadan yanaqları alışıb yanırdı.

Nataraz bir qədər fikrə getdi. Sonra çömbəldiyi yerdən durub pilləkənlərlə yuxarı qalxdı. Əlində bir döşək və bir yorğanla geri qayıtdı. Onları uşağın yanına atıb dedi:

- Al, sər altına uzan, üstünü də ört.

Uşaq birtəhər döşəyin üstünə sürünüb titrəyən əlləri ilə yorğanı dartıb üstünə çəkdi.

- Ata - ma, ata - ma deyin tez gəlsin, ata, haradasan, ata. Tez gəl, məni gecə burada qoy - ma.

Nataraz onun qızdırmadan sayıqladığını başa düşdü. Ancaq bundan artıq nəsə etməyi heç ağlının ucundan da keçirmirdi. Onsuz da qərarını vermişdi: Bir gün tez, bir gün gec, nə fərqi var, nə olur olsun,  - fikirləşib zirzəminin işığını söndürdü və yuxarı qalxdı.

Ömründə ailə həyatı qurmamış, övlad sahibi olmamış, kiçik yaşlarında anasını itirib gününü əyyaşlıqla keçirən atasının himayəsində böyümüş, erkən yaşlarından bütün mövcudluğunu yalnız cinayət törətməkdə, başqalarından oğurlamaqda görən, həyatda uğur qazanmış insanlara nifrət bəsləyən bu daş ürəkli adam nə qaçıraraq zirzəmisində heyvan kimi zəncirləyib saxladığı uşağın, nə də onun valideynlərinin iztirablarını başa düşə bilməzdi. Onu yalnız bu işin sonunda qazanacağı pullar maraqlandırırdı. Başqa heç nə…

 

 “Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Cümə axşamı, 18 İyul 2024 15:11

STATUS YAĞIŞI - Almaz Ərgünəş Bəyazid ilə

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Almaz Ərgünəş Bəyazid üçün açır. Buyurun.

 

Yaziciyam. Amma bircə şeirim var.

2005-də yazmışam.

O da vəsiyyətimdir.

 

Öldümmü, 

Vay-şivən qoparıb 

Dəng etməyin 

Dinc ruhumu.

Qəbrim üstə 

Bir nar, 

Ya bir gilənar 

Ağacı əkin ki,

Qızlarım edəndə yad

Dərib yesinlər 

Ruhum olsun şad.

Siz Allah 

Salmayin sözümü qəribciliyə

Nə mən dünyanın vecinə

Nə dünya mənim vecimə.

Endirməyin sal daşları üstümə 

Əlcım boyda baş daşıma 

Nə ad qoyun, nə də tarix.

Qoy otənlər bircə bunu oxusunlar 

Oxusunlar 

Nə yaşadı, nə də öldü.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Cəlil Cavanşirdəndir. Necə içdən yazır, necə kövrəldir, duyğulandırır Cəlil Cavanşir oxucusunu. 

“qəfil qapım döyülsün,

açım, görüm ki, sənsən

əbədilik gəlmisən

daha getməyəcəksən”

Arzuya bax, necə göynərtili, amma necə saf bir arzudur. 

Xoş mütaliələr! 

 

qəfil hava dəyişsə

qəfil qar, yağış yağsa

qəfil qapım döyülsə

sən adımı çağırsan...

 

birdən külək başlasa

səma bomboz tutulsa

səni sıxıb köksümə

ətirinlə boğulsam

 

qəfildən düşsə gecə

bir də, sönsə işıqlar

yumanda gözlərimi

yaxın olsa uzaqlar

 

bir də ilıq nəfəsin

toxunsa üz-gözümə

qaranlıqdan qorxasan

sıxam səni köksümə

 

qəfil oyanım, görüm

yanımdasan, mənimsən

sənə bərk-bərk sarılım

yoxsa üşüyəcəksən

 

qəfil qapım döyülsün,

açım, görüm ki, sənsən

əbədilik gəlmisən

daha getməyəcəksən

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Cümə axşamı, 18 İyul 2024 14:04

GÜLÜŞ KLUBUnda Tramp

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

2024-cü ilin isti iyulunda dünya siyasi leksikonuna Axilles dabanı, Qordi düyünü, Sizif əməyi kimi ifadələrlə yanaşı Tramp qulağı ifadəsi də daxil oldu.

 

2.

İllərdir ki, dünyanın alkoqollu kokteyllərinin resepti dəyişməkdədir. Amma Rusiya kokteylləri isə eyni tərkibdə qalmaqdadır. 

1.Araq 0,5 litr

2.Duzlu xiyar - 1 ədəd

 

3.

Borman masanın üstündəki kitabı götürüb aşkar oxumağa başladı. 

Uzaqgörən və ağıllı Ştirlis düşündü: “Borman yəqin kitab oxuyur”

 

4.

Gənc tərcüməçi işinə düzəlmək üçün müraciət edərək əməkdaşa deyir:

-Mən istənilən dildən istənilən frazanı bir saniyəyə tərcümə edə bilirəm.

Əməkdaş sevinir:

-Nə yaxşı. Bizə elə sizin kimisi lazımdır. Gəlin yoxlayaq. How do you do?

-Meymun eşşəyin oğludur.

-Bu nə tərcümədir belə? Siz axı səhv tərcümə etdiniz.

-Zato saniyə keçmədi. 

 

5.

Əvvəllər insanlar daha konkret idilər, amma XVI əsrdə vergül kəşf edildi.

 

6.

-Təsəvvür edirsən, bir cərrahla tanış oldum və o mənə “sizə sevgiylə döyünən ürək təklif edirəm” dedi. 

-Və sən də təbii ki razılaşdın.

-Bəli. 

-Bəs sonra nə oldu?

-Nə olasıdır? Səhər bir bağlamada gətirib verdi. 

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

 

ÖZÜMÜ TAPA BİLMİRƏM

 

Külqabı, stəkan... Boşalır tez-tez

Bir payız gecəsi, beş-altı şair.

Göz-gözü görməyir tüstüdən daha

Və dərdlər tökülür ortaya bir-bir.

 

Keçmişə sürüyür, sabaha çəkir,

Yenə də gülürəm bu çağımda mən.

Ucqarda görünür ayaq izlərim,

Donmuşam hələ də qucağında mən.

 

Bir neçə saatdır sənin dalınca -

Getmişəm, özümü tapa bilmirəm.

Çağırır dostlarım, hardasan, Paşa?!

- İtmişəm, özümü tapa bilmirəm...

 

Sağlıqlar düzüldü masanın üstə,

Yenidən özümdə yaratdım səni.

Acı keçmişimi çəkdim başıma,

Bir qurtum şərabda unutdum səni.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

 

Cümə axşamı, 18 İyul 2024 13:03

Hersey və Blanşardın şərait liderliyi modeli

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Qısaca olaraq söyləyim ki, bu model, şəraitin ən həlledici faktoru olaraq liderin qarşıya qoyduğu öhtəlikləri yerinə yetirəcək bacarıqlı və həvəsli, bir sözlə, kamil ardıcıllarının mövcud olmasını özündə ehtiva edir.

Modeldə yetişkənlik iki tərkib hissəsinə bölünür:

a) Peşəkar kamillik;

b) Psixoloji kamillik.

Peşəkar kamillik – bura bilik, bacarıq və vərdişlər, təcrübə və qabiliyyətlər aid edilir və ardıcılların direktivlərə, göstərişlərə ehtiyac duymadığını şərtləndirir.

Psixoloji kamillik ardıcılın tapşırığı yerinə yetirməsinə olan böyük həvəsini və motivasiyasını nəzərdə tutur.

Modelin müəllifləri eyni zamanda kamilliyin 4 mərhələsini də müəyyənləşdiriblər:

a) insanlar həm bacarmırlar, həm də işləmək istəmirlər; onlar ya diletantdırlar, ya da onların özlərinə güvənləri yoxdur;

b) insanlar bacarmırlar, amma işləmək istəyirlər; onların motivasiyası var, ancaq bacarıq və vərdişləri yoxdur;

c) insanlar bacarırlar, amma işləmək istəmirlər; onların bacarıq və vərdişləri var, amma motivasiya olunmadıqlarından iş onları cəlb etmir;

d) insanlar həm bacarırlar, həm də işləmək istəyirlər; onlar həm bacarıqlı, vərdişlidirlər, həm də liderin təklif etdiyi işi görməyə motivasiyalıdırlar, həvəslidirlər.

Ardıcılların işləmək arzusunun 4 halı (adətən, tez-tez, hərdən, çox az) və işləmək qabiliyyətlərinin 4 halı (lazımı həddə, kifayət qədər həddə, müəyyən həddə, aşağı həddə) nəticəsində formalaşan kamilliyinə uyğun olaraq 4 lider stilinin (iştirakçı, inandırıcı, əmrverici, nümayəndəlik) kvalifikasiyası Hersey-Blanşard modelinin əsasını təşkil eləyir.

Ardıcılların aşağı kamilliyi həddində əmrverici stil ən effektli hesab olunur. Bu stildə lider yüksək direktivlik nümayiş etdirməklə, tam nəzarət tətbiq etməklə öz üzərilərinə məsuliyyət götürmək həvəsində olmayan və buna qadir də olmayan işçilərindən məhsuldar iş ala bilir.

Ardıcılların müəyyən kamilliyi həddində inandırıcı stil daha effektiv hesab olunur. Burada lider həm direktivlik, həm də təbliğat, dilətutma, başasalma hesabına nəticə almağa müvəffəq olur.

Ardıcılların kamilliyinin lazımi həddə olması bu dəfə liderdən iştirakçı stilini tələb edir. İşləmək arzusu və işləmək qabiliyyəti lazımi həddə olan, amma işin nəticəsinə tam maraqlı olmayan ardıcıllar daha çox motivasiya almaqçün liderin timsalında özlərinə həmkar arzulayırlar, lider də bu arzuları reallaşdırmaq zorunda qalır.

Ardıcılların kamilliyinin kifayət qədər həddə olması isə, nəhayət, liderdən nümayəndəlik stilini tələb edir ki, bu da idarəetmə və rəhbərlikçün ən ali stil hesab olunur. Bu stildə çox az direktivlik və ardıcılların tam dəstəklənməsi əsas amildir. Və yeri gəlmişkən, məhz bu stil işə yaradıcı yanaşmanın inkişafına dəlalət edir.

Və son olaraq onu da söyləyim ki, olduqca çevik və sadə olduğuna görə bu model menecment işində böyük maraq doğurur və geniş tətbiq olunur.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.