“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Layiqənin liseyi tərk etdikdən sonra ən vacib məlumatları almaq üçün görüşdüyü adam hər iki ayaqdan əlil idi. Böyük mənzilinin geniş salonunda oturmaq üçün yer göstərib düymə ilə idarə etdiyi əlil arabasını sürüb onunla üzbəüzdə saxladı. Divana əyləşən Layiqə dizlərinin üstünə qoyduğu çantasından qalın bir zərf çıxarıb qarşısındakı jurnal masasının üstünə qoydu.
- Bu sizə çatacaq məbləğdir. Lazım olan suallar da zərfin içərisindədir.
Zərfə gözucu baxan adam gülümsəyib dedi:
- Bilirəm, Bəxtiyar zəng vurmuşdu.
- Cavablarçün nə vaxt gəlim?
- Axşam 8 - də gələrsən.
Cavabı eşidən Layiqə oturduğu yerdən qalxdı. Axşam 8 - ə hələ çox var idi. Qapıya çatıb dedi:
- Sağollaşmıram. Düz saat 8 - də burada olacam.
Adam sakitcə başını tərpədib heç nə demədi. Mənzildən çıxan Layiqə liftin düyməsini basıb gözlədi. O hələ əvvəlki tapşırıqlar zamanı, bu mənzilə ilk gəlişindən bu günə qədər bir sualın cavabını özü üçün tapa bilmirdi: hər iki ayaqdan əlil olan, demək olar ki, evdən bayıra çıxmayan biri görəsən bu qədər məlumatı haradan və necə toplaya bilir? Liftin qapısının açıldığını görüb içəri keçdi. Saat 8 - ə qədər bir işi qalmamışdı. Buradan hara gedəcəyinə liftdə qərar verəcəkdi.
* * *
Sənubər başını həyat yoldaşının çiyninə qoyub sakitcə ağlayırdı. Ona təsəlli verməyə çalışan Fərman Gəraybəylinin vəziyyəti də ürəkaçan deyildi. Bəxtiyarı yola saldıqdan sonra qan təzyiqi qalxmışdı. Birtəhər təzyiqini sala bilsə də, bunun ardınca ürəyində başlayan ağrılar bayaqdan ara vermirdi. Bir qədər əvvəl qəbul etdiyi korvalolun qoxusu otağı bürümüşdü. Stəkana lazım olandan çox damcıladıb başına çəkdiyi dərman nədənsə təsir etmirdi. Ürəyi get-gedə daha çox sancırdı.
- Bəlkə təcili yardım çağırım? - Sənubər gözünün yaşını silib soruşdu.
- Lazım deyil, bir azdan keçər. Həkim gəlsə, mütləq məni xəstəxanaya aparmaq istəyəcək. Mənsə evdə olmalıyam, özün başa düşürsən. Ağa sağ - salamat tapılmayınca ölsəm də, heç yana gedəsi deyiləm.
Sənubər ah çəkib susdu. Ərinin xasiyyətini bilirdi. Dedisə, bitdi. Onu daha da yormamaqçün təkid etmədi.
Elə bu zaman ev telefonuna zəng gəldi. Cəld divandan qalxan Sənubər az qala qaçaraq telefonun dəstəyini götürdü. Ancaq telefondakı səsi eşidəndə ərinə baxıb başını yellədi. Zəng edən rəfiqəsi idi. Hələ keçən həftədən onunla alış - verişə gedəcəklərini vədələşmişdilər. Başının ağrıdığını bildirən Sənubər sonra zəng edəcəyini deyib dəstəyi asdı. Daha divana, əvvəlki yerinə qayıtmayıb telefon aparatının yanında qoyulmuş stula oturub ərinə baxdı. Otağa dərin bir sükut çökdü. Bu gün ilk dəfə səslənən telefonun zəngi hər ikisini əməlli - başlı diksindirmişdi.
* * *
Ofisə qayıtmışdım. Layiqə zəng edib Nadirlə görüşdüyünü, sonra isə liseydə öyrənə bildiklərini desə də, özü hələ ki, gəlib çıxmamışdı. Onun dediklərindən belə məlum olmuşdu ki, kamera görüntülərindəki qeydlərə görə Ağa həmişəki vaxtda dərsinə gəlmiş, hamı kimi eyni vaxtda liseyi tərk etmişdi. Mühafizəçinin bildirdiyinə görə, tələbələrin dərs vaxtı bitənədək liseyin binasını icazəsiz tərk etmələri qadağandır. İcazə alıb çıxanlar barədə isə əvvəlcə liseyin nümayəndəsi onlara məlumat verir, sonra mühafizəçilər xüsusi jurnalda çıxış vaxtını qeyd edirlər. Göstərilən tarixdə Ağanın liseyi tərk etməsi barədə jurnalda heç bir qeyd yoxdur. Deməli, onun liseyi saat 15:30 - da tərk etməsi barədə dostlarının dedikləri doğrudur. Bu məlumatı mütləq dəqiqləşdirmək lazım idi. Ağanın nəsə fikri olarsa, dostlarını öyrədər, onlar da həmrəylik göstərib yalan məlumat verə bilərdilər. Xüsusilə, onun qaçırıldığını bilmədikləri üçün yeniyetmələr ona hansısa məsələdə kömək etdiklərini, məsələn, qızla görüşdüyünü düşünüb bunu rahatlıqla edərdilər. Nəticədə araşdırmanın istiqaməti səhv məcraya yönələ bilərdi. İndi isə hər şeyi yoxlamış və onu günün ikinci yarısında baş verənlərlə axtaracaqdım. Hər şeyə əmin olmaq vacib idi və mən belə işlərdə heç vaxt yoxlanmamış məlumatla hərəkət etmirəm.
Layiqədən sonra Nadir zəng etmişdi. Gəraybəylinin ev telefonuna uşaq qaçırılmamışdan üç gün və bir gün əvvəl şəhər avtomat telefonlarından üç dəfə zəng edildiyi məlum olmuşdu. Bir zəng isə uşaq qaçırılandan sonra gəlmişdi. Sonuncu Fərmana pul tələbi üçün edilən zəng idi. Telefonların biri «Neftçilər», digəri isə «Nərimanov» metrostansiyaları yaxınlığında yerləşir. Onları araşdırmağın heç nə verməyəcəyi məlumdur. Təbii ki, bu telefon aparatları təsadüfi seçilməyib, qarşı tərəf bu yolla izlərinə düşülə bilinəcəyi ehtimalını hesablayıb. Nadir hər iki telefon aparatının «Təhlükəsiz Şəhər» kameralarının əhatə dairəsindən çox uzaqda yerləşdiyini dəqiqləşdirib. Ancaq zəng edənin və ya edənlərin kimliyi çox maraq doğurur. İki zəng günün birinci yarısında gəlib. Birinci, yəni Ağa qaçırılmamışdan üç gün əvvəl edilmiş zəng təxminən beş dəqiqə çəkib. Sonrakı gün isə, birinci zəng on iki dəqiqə davam edib. Bundan sonra eyni avtomat telefon nömrəsindən gələn zəng saat 17 radələrinə təsadüf edib və çox qısa olub. Buradan belə məlum olur ki, bunlar təsadüfi zənglər deyilmiş. Səhv düşən birisi ilə, yaxud telefon xuliqanları ilə heç kim söhbəti bu qədər uzatmazdı. Xüsusilə, Nadirin zəngindən sonra Fərman müəllimi yığıb onun zənglər gələn tarixlərdə səhər tezdən işə getdiyini, bir də axşam saatlarında evə qayıtdığını dəqiqləşdirmişdim. Nahara da heç vaxt evə gəlmirmiş. Həmin tarixlərdə heç bir qonaqları da olmayıb. Ağamirzə də dərsdə olub. Deməli, zənglər Sənubərə gəlibmiş. Onsuz da davranışından ilk gündən şübhələndiyim bu qadın, deyəsən, mən düşündüyümdən də çox şey bilir. Amma nədənsə susur. Səbəb nə ola bilər? Axı söhbət doğma övladından gedirsə, bir ana bütün bildiklərini açıb deməli deyilmi? Əgər fikirləşdiyim kimidirsə, deməli onu susmağa vadar edən bir səbəb var. Görəsən, bu nə ola bilər?
Zənglərin küçədən, ayrı - ayrı ünvanlardakı avtomat telefonlar vasitəsilə edilməsi də müəyyən fikirlər yaradır. Aydındır ki, zəng edən iz vermək istəmir. Mümkündür ki, o, Sənubərin möbil telefon nömrəsini bilmir, hansısa yolla yalnız ev nömrəsini öyrənə bilib. Avtomat telefondan mobil nömrələr də yığıla bilir. Başqa bir şey də ola bilərdi - adam kimdirsə, Sənubəri yaxşı tanıyr və onun, Fərman müəllimin dediyi kimi, çox az hallarda evi tərk etdiyini bilir. Ona görə də ev telefonunu öyrənməklə kifayətlənib. Bəs yaxşı tanıyırsa, onun mobil telefon nömrəsini niyə bilmir? Özümə verdiyim suallar özümü belə dolaşığa saldısa hələlik burada dayanmaq lazımdır. Vaxtı çatanda bunlara yenə də qayıdacağam.
İndi isə Nadirin verdiyi başqa bir məlumata keçək. Axırıncı tenderdə Fərman Gəraybəyliyə uduzan iş adamına qarşı yönəlmiş şübhələrim özünü doğrultmamışdı. Qibtə ediləcək birisi olmasa da, Mais Salmanov adlı bu iş adamı tender başa çatdıqdan dərhal sonra miqyasına görə əvvəlkindən heç də geriyə qalmayan başqa bir tenderə qoşulub, elə həmin gündən vaxtının çoxu xarici ölkələrdə müxtəlif görüşlərdə keçir. Onun bu işlə əlaqəsi olması barədə ortaya heç bir sübut çıxarmaq mümkün olmamışdı. Sübutun olmaması hələ heç nə demək olmasa da, Nadir də, mən də bu məsələdə məntiqi yanaşmanı əsas kimi götürüb onu şübhəlilər siyahısından çıxarmışdıq. İş adamları pulu sevir və onun qədrini bilirlər. Mais Salmanov isə lap çox sevir. Əvvəlki tenderdə uduzduqdan sonra bütün rəqiblərini üstələdiyi, təxminən həmin səviyyəli başqa bir tenderə qoşulub xeyli qazanc əldə etmək imkanı qazanmış bu iş adamının belə bir başağrısı nəyinə gərək olsun ki? İndi onun bütün fikri - zikri qoşulduğu tenderdən qazanacağı pullara yönəlib. Üstəlik, Ağa oğurlanmazdan beş gün əvvəl İtaliyaya uçub və hələ də oradadır. Deməli, araşdırmamdakı istiqamətlərin biri azaldı.
Gün ərzində bəzi şeyləri şəxsən yoxlamışdım və buna xeyli vaxtım getmişdi. Artıq axşam olub, saat 9 - dur. İndi Layiqə gələnədək bir qədər ayaqlarımı uzadıb dincələ bilərəm. Onun gətirəcəyi son məlumatlardan asılı olaraq tam olmasa da, bəzi fikirlərimi bir ipə düzmək mümkün olacaq. Buna əminəm. Müşahidələrim belə düşünməyimə əsas verir. Bu təhlillərdən sonra Fərman Gəraybəyliyə verilmiş iki günə bir gün də əlavə edib - etməməyə ehtiyac olub - olmayacağını özüm üçün dəqiqləşdirəcəkdim. Ehtiyac olacağı təqdirdə bunu necə edəcəyim sonranın işidir.
* * *
Nataraz zirzəmidən çıxandan sonra yenə qapıları bərk-bərk bağlayıb işlərinin dalınca getmiş, axşama yaxın qayıtmışdı. Bu dəfə işi çox olduğu üçün maşınla getmişdi. Maşını həyətə salandan sonra evə keçib bir qədər yemək yeyib dincəlmiş, indi təkrar zirzəmiyə düşmüşdü. Qapını açanda uşağı yerdə uzanıb titrəyən gördü.
- Bircə bu çatmırdı, - astadan öz - özünə yağlı bir söyüş söydü. Sonra yaxınlaşıb onun çiyninə toxundu. Bu təmasdan gözlərini açan uşaq zorla, - üşüyürəm, - deyib yenidən gözlərini yumdu. Möhkəm titrədir, çənəsi bir - birinə dəyirdi. Qızdırmadan yanaqları alışıb yanırdı.
Nataraz bir qədər fikrə getdi. Sonra çömbəldiyi yerdən durub pilləkənlərlə yuxarı qalxdı. Əlində bir döşək və bir yorğanla geri qayıtdı. Onları uşağın yanına atıb dedi:
- Al, sər altına uzan, üstünü də ört.
Uşaq birtəhər döşəyin üstünə sürünüb titrəyən əlləri ilə yorğanı dartıb üstünə çəkdi.
- Ata - ma, ata - ma deyin tez gəlsin, ata, haradasan, ata. Tez gəl, məni gecə burada qoy - ma.
Nataraz onun qızdırmadan sayıqladığını başa düşdü. Ancaq bundan artıq nəsə etməyi heç ağlının ucundan da keçirmirdi. Onsuz da qərarını vermişdi: Bir gün tez, bir gün gec, nə fərqi var, nə olur olsun, - fikirləşib zirzəminin işığını söndürdü və yuxarı qalxdı.
Ömründə ailə həyatı qurmamış, övlad sahibi olmamış, kiçik yaşlarında anasını itirib gününü əyyaşlıqla keçirən atasının himayəsində böyümüş, erkən yaşlarından bütün mövcudluğunu yalnız cinayət törətməkdə, başqalarından oğurlamaqda görən, həyatda uğur qazanmış insanlara nifrət bəsləyən bu daş ürəkli adam nə qaçıraraq zirzəmisində heyvan kimi zəncirləyib saxladığı uşağın, nə də onun valideynlərinin iztirablarını başa düşə bilməzdi. Onu yalnız bu işin sonunda qazanacağı pullar maraqlandırırdı. Başqa heç nə…
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)