“Qəfil qapım döyülsün…” UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Cəlil Cavanşirdəndir. Necə içdən yazır, necə kövrəldir, duyğulandırır Cəlil Cavanşir oxucusunu. 

“qəfil qapım döyülsün,

açım, görüm ki, sənsən

əbədilik gəlmisən

daha getməyəcəksən”

Arzuya bax, necə göynərtili, amma necə saf bir arzudur. 

Xoş mütaliələr! 

 

qəfil hava dəyişsə

qəfil qar, yağış yağsa

qəfil qapım döyülsə

sən adımı çağırsan...

 

birdən külək başlasa

səma bomboz tutulsa

səni sıxıb köksümə

ətirinlə boğulsam

 

qəfildən düşsə gecə

bir də, sönsə işıqlar

yumanda gözlərimi

yaxın olsa uzaqlar

 

bir də ilıq nəfəsin

toxunsa üz-gözümə

qaranlıqdan qorxasan

sıxam səni köksümə

 

qəfil oyanım, görüm

yanımdasan, mənimsən

sənə bərk-bərk sarılım

yoxsa üşüyəcəksən

 

qəfil qapım döyülsün,

açım, görüm ki, sənsən

əbədilik gəlmisən

daha getməyəcəksən

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.