İmtahan idilliyası - Hicran HÜSEYNOVANIN PROZASI Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Hicran Hüseynovanın prozası təqdim ediləcək

 

 

Rusların tez-tez işlətdiyi bir frazeoloji birləşmə var: "belka v kolese". Müasir dünyamızın tempi elədi ki, doğrudan da, hamı elə təkərin içindəki dələ kimi o tempin arxasınca düşüb fırlanır. Və nə qədər fırlansa da, bir tərəfə çıxa bilmir. 

 

Ətrafımızda baş verənlər o qədər sürətlə bir-birini əvəz edir ki, gördüklərimizin mənasını, mahiyyətini anlamağa belə vaxt qalmır. Və bəzən "daha əhəmiyyətli" sahələrin fonunda başqa sahələrə, məsələn, təhsilə diqqət arxa plana keçir.

Elə bu haqda danışacam, dostlar, təhsil haqqında, konkret olaraq 9-ların imtahanından. Nədən bu imtahandan bir danışan olmadı? Özgə vaxt küləyin istiqaməti belə dəyişəndə sosial şəbəkələr bir-birinə dəyir: "Külək hayandan əsdi?"

Bu boyda kardinal dəyişikliklər heç kimin diqqətini çəkmədiyindən özüm imtahan suallarını saf-çürük etməyi qərara aldım. Onu da deyim ki, 9-ların imtahanı deyəndə yalnız bir fənndən - mənə yaxın, doğma olan Azərbaycan dilindən bəhs edəcəm. Mənim Azərbaycan dili sevgimi ətrafımda olan hər kəs bilir, indi oxucularımız da biləcək. Bu sevgimin və şagirdlərə, abituriyentlərə olan dostyana münasibətimin təzahürü kimi illərdi tanış gənclərə imtahana hazırlaşmaqda kömək edirəm (repetitor yox, dost və köməkçi kimi). Ana dilimiz o qədər zəngindir ki, dilimizin gözəlliklərini, bənzərsizliyini, şəhd-şirəsini uşaqlara anlatmaq özü böyük bir zövq verir mənə. Və dilimiz məhz dilçilik elminin qaydaları, qanunları fonunda mükəmməldir!

Bəs hanı o qaydalar?

Gəldim mətləb üstünə. Məsələ ondadır ki, 9-ların budəfəki imtahanında qrammatikadan bir sual belə yox idi (!). Məntiqi sual çıxır ortaya: bəs niyə uşaqlara 2-ci, 3-cü sinifdən bu yana qrammatik qaydalar öyrədilir? İl ərzində getdikləri sınaq imtahanlarında da şagirdlərə morfologiyadan, sintaksisdən müxtəlif suallar düşmüşdü. Bəs sabah imtahana düşməyən mövzuları şagird özü də öyrənməkdə maraqlı olacaqmı? Bu yerdə fəlsəfədəki səbəb-nəticə rabitəsi düşür yada. Onu da deyim ki, dilçilikdə də səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr var (daha "var idi" deyəcəyik).

Bəli! Həyatda da hər hansı bir səbəb hansısa nəticəni doğurur. Və əksinə. Bəs qrammatikanın çıxdaş edilməsinin səbəbi nədir, görən? Maraqlıdı. Və bu, səbəb olaraq hansı nəticəni doğuracaq? Bax, budur məsələ, Hamlet demiş... O nəticəni elə indidən görürəm, dostlar, heç əlimi qaşımın üstünə qoyub uzaqlara baxmağa da ehtiyac yoxdu. "Da", "də" bağlayıcılarını, ədatlarını bitişik yazanlar, "istəyirəm"i "isdiyirəm" yazan ali təhsillilər gəlir göz önünə. Bugünkü şagirdlər sabah necə yazacaq, görən?..

Yazımın əvvəlinə qayıdım. Nə əcəb heç kim bu dəyişiklikdən narazı qalmadı, düşünürəm. İmtahan suallarındakı bu boyda yeniliyin nə əcəb heç kim fərqinə varmadı? Bu hamıya sərf edir - səbəb budur!

Dostlar, yazını buracan oxuyub yorulmamısınızsa, fikirlərimi nümunələrlə əsaslandırım:

"Mətn əsasında hansı sualların cavabını müəyyən etmək olar?"

"Mətnin məzmununa uyğun olan fikri müəyyən edin".

"Mətnin yalnız giriş hissəsinə aid olan bəndləri müəyyən edin".

"Mətnin sonuncu abzasına əsasən, belə nəticəyə gəlmək olar:".

"Mətnə əsasən, Bülbülün doğulub böyüdüyü Şuşa mühiti ilə bağlı yanlış fikri müəyyən edin".

"Mətndə nöqtələrin yerinə yazıla bilər:"

"Bülbülün xarakterik cəhətləri əsasında cədvəli doldurun".

"Mətndə tünd-qara hərflərlə verilmiş söz hansı nümunədə eyni mənada işlənib?"

"Mətnin plan bəndlərinin düzgün ardıcıllığını müəyyən edin".

Uzunçuluq etmədən xatırlatmaq istəyirəm ki, imtahan tapşırıqları 2 mətndən ibarətdir. Düzdü, mətnlərin tərbiyəvi əhəmiyyəti, didaktik təsir gücü danılmazdır. Amma yazının əvvəlində qeyd etdiyim kimi, bu imtahanda dilçilik elmiylə bağlı şagirdin bilikləri soruşulmur, tək-tük test suallarında hansısa sözün yerində işlənib-işlənməməsindən, ilkin, yaxud məcazi məna daşımasından söz açılır ki, bu da yalnız leksika ilə bağlıdır. Uşaqlar, yəqin ki, çox sevinib bu sualları görəndə, çünki necə deyərlər, elə uşaq-uşaq suallar verilib ki, dərindən düşünməyə ehtiyac yoxdu. Bəzən elə göz yaddaşı da kifayət edər ki, mətni yadda saxlayıb verilən sualı cavablandırasan. Məsələn:

Mətnə əsasən, yanlış fikirləri müəyyən edin.

1. Əlişir susuz torpaqda bağ salmaq fikrindədir.

2. Sultan Əlişirin şairliklə məşğul olmadığını eşidib onun evinə yollanır.

3. Sultan Hüseyn səxavətlidir.

4. Hökmdar Əlişirin bağ salmasını heç vaxt təqdir etmir.

5. Hökmdarın sarayda ünsiyyət quracağı heç kim yox idi.

Çox düşündüm, görəsən, belə suallar şagirdlərin intellekt əmsalının, başqa sözlə, İQ səviyyəsinin artmasına necə təsir göstərir? - Məncə, əks təsir.

Hələ bunları bir yana qoyub, ikinci sualdakı ifadəyə diqqət edək: "şairliklə məşğul olmadığını eşidib". Şairliklə məşğul olmurlar, əziz test tərtibçiləri, şairlik ruh məsələsidi, təb məsələsidi, duyğu, hiss məsələsidi, könül işidi, qısası.

Amma dilçiliklə, beynəlxalq dildə desək, linqvistikayla məşğul olmaq lazımdı, çünki bu, bir intellekt məsələsidi.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.