Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

Getmək ayaqdan deyi

ürəkdən başlar...

Sonra... 

sonra gözdən süzülər yaşlar...

 

hə, bir də əllərin bir-birinə

kilidlənər....

sankı arxasınca əl açmayasan,

yalvarmayasan deyə....

 

Unutmaq yaddaşdan deyil

Gözlərdən başlar...

Onunla keçdiyin küçələrdə

O gözünə göründükcə

Unutmuş sayılmazsan...

 

Vurulmaq təcrübəsizlərin

Sevmək təmizlərin

Ayrılmaq çarəsizlərin

Unutmaq peşəkarların işidir..

Unutmaq çətin işdir, hocam

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Ağrı...” şeiri ilə. 

Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair. 

“Göydən  təzə qəm istədim,

O mənə nimdaşı verdi.

Dedim bizə gün ağlasın-

Ağlayıb göz yaşı verdi...”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Göydən  təzə qəm istədim,

O mənə nimdaşı verdi.

Dedim bizə gün ağlasın-

Ağlayıb göz yaşı verdi...

 

Sizin evdən "sən "istədim,

Tanrıdan vətən istədim.

Yaxşı bir düşmən istədim -

Pis qohum-qardaşı verdi.

 

Bir bəxt verdi boynuburuq,

Ümid verdi qırıq-qırıq.

Baxıb gördü darıxırıq

Qəm adlı sirdaşı verdi.

 

Bura şeytan dərəsidi,

Bu ki, iblis mərəzidi.

Bu nə mizan-tərəzidi-

Bunu hansı naşı verdi?

 

Göndərdi zəli üstünə,

İşin əngəli üstünə.

Min nəfər dəli üstünə

Məni də minbaşı verdi...

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı İsa Muğannanın nəvəsi Səma Muğannanın hekayəsini təqdim edir.

 

“Qəlbindən silsən də, tale, alın yazısı insanın ən böyük düşmənidir, çünki heç vaxt silinmir”....

Reyhanın kənarı yanmış dəftərində nə qədər gizli arzular, tükənməz sevgi varmış. Əgər o gün, məhz təqvimdə yazılan o tarixdə Reyhan Muradı bağışlasaydı, onlar xoşbəxt olacaqdı. Bu küçədə, bu otaqda Reyhanın qoxusu dolaşırdı. Dəli olan Murad Reyhanın qoxusunu kənardan qoxulayırdı. Dəli-divanə olduğu bu eşq onun qəlbinə ağır bir silah kimi tuşlanmışdı.

Şəkillər kimidir sevgi. Bir foto çəkdirərsiniz və bütün sevginizi o şəkilə ərmağan edərsiniz. O şəkil paralana, cırıla, hətta yanıb kül ola bilər, ancaq bilirsinizmi ki, hər foto məhv olarkən onun içindəkilər də məhv olar? Açarla qapını açırsınız. Kilid açılır. Bəs fotoların kilidi nədir? Sevgi. Sevgi şəkillərin ən böyük kilididir. Bu kilidi açıb qazanmaq üçün yalnızca bağışlamaq lazımdır. Bəs, Reyhan Muradı bağışladımı? Nə zaman? Yaxın əyləş, əziz oxucum! Mən söyləmişdim axı, mənim hər günüm filmdir. Gəl bu filmi birlikdə izləyək...

Axşam saat 21:00 radələri idi. Soyuq, qüssəli payız elə bil bu dərdləri vücuduna don geymişdi. Reyhansa evdə tək-tənhaydı. Stolun üstündə isti çay, yanan şam və dəftəri vardı. Nə edə bilərdi başqa? Onun da tək təsəllisi bu idi...

Birdən qəfildən qapı döyüldü. Diksinərək ayağa qalxıb qapıya keçdi: -“Kimsiniz?” deyə fısıldadı.

-Mənəm, Murad. Reyhan, qapını aç, xahiş edirəm!

-Rədd ol, sənin kimi birisini tanımıram. Çıx həyatımdan!

-Xahiş edirəm, ölürəm. Son nəfəsimi sənin qollarında təslim etmək istəyirəm.

-Çıx get dedim!

-Qapını açıb baxsan, görəcəksən ki, həqiqəti deyirəm!

Reyhan tərəddüd içindəydi. Düzmü deyirdi? Qapını açsınmı? Bu, tilsimi məhv edəcəkdimi? Açar kilidi açıb Reyhanla Muradı birləşdirəcəkdimi? Sualların cavabı Reyhanda idi, ancaq Reyhan özü də qaçırdı bu suallardan. Bilirdi, bilirdi ki, açarla açılan bütün qapılar hər zaman xoşbəxtliyə aparmır.

Açar sevginin düşmənidir, əziz dost. Qıfıla bənzəyir. Bizim taleyimizdəki nöqtələri bir-birinə doğru açmır, əksinə, bağlayır...

Reyhanın son qərarı qapını açmamaq oldu. Göz yaşlarına hakim ola bilmirdi, ancaq onun göz yaşlarını heç kəs duymurdu, yalnız Muraddan başqa...

-Reyhan, bilirəm ki, yenə göz yaşlarına boğulmusan. Aç qapını, danışaq.

-Mən sənə bir damla da göz yaşı tökmərəm! Yetər!

-Bəs niyə susursan?

Murad çox yaxşı bilirdi ki, Reyhan susduqda göz yaşlarına boğulur. Həmişə çiyinlərində ağlayan qadın indi ona üz çevirmişdi. Əslində, bu göz yaşları Reyhanın deyildi, bunlar Muradın həyat hekayəsinin damla-damla yığılan və səhifələrində quruyub ölən çiçəkləri idi. Sevgi şəkilə bənzədiyi kimi göz yaşlarına da bənzəyir. Damla-damla dolur və sonunda yaşaya bilməyib tərk edir bu fani dünyanı, insanları da.

-Açırsan qapını? Ölürəm axı.

-Sən ölən deyilsən. Boş sözlərdir.

-Yalvarıram, Reyhan, aş qapını. İnan ki, son nəfəsimdir.

-Murad, sənin simanı görmək bir yana, sənin səsini belə duymaq istəmirəm!

Xənçər kimi ürəyinə batan bu sözlərdən sonra Murad daha səs gəlmədiyinin fərqində oldu. Duydu ki, Reyhan daha qapının əks tərəfində deyil.

Reyhan isə çaşqınlıq və həyəcan içində stola tərəf yaxınlaşanda ehtiyatsızlıq etdi, isti çay üstünə dağıldı və yanan şam dəftərin üzərinə düşdü. Reyhandan qəfildən bir qışqırıq qopdu. Ardınca o, hönkürtü çəkdi. Bütün taleyi o dəftərə bağlı idi, ancaq indi dəftərin kənarı yanmışdı.

Bununla belə, elə bir hiss vardı, sanki Muradın da əcəli onu qapının dalından aparmağa gəlmişdi...

-Muraaad!

Səs gəlmədi. Reyhan daha dözə bilməyib qapını açdı. Murad divara söykənmiş haldaydı. Demə yağış da yağırmış, Murad yağışın altında islanmışdı. Nəfəs almırdı, ancaq simasında qəribə təbəssüm vardı.

Reyhan onu qollarının arasına alıb:-“Muraaad, Muraaad” deyə səslədi. Səs gəlmirdi. Sadəcə Reyhana gülümsəyən bir sima vardı orada.

 

1 il sonra....

Reyhan yenə də otağında dörd divarın bir küncünə sığınıb ağlayırdı. Bir il boyunca Reyhan bu cür yaşamışdı? Bəli. Gözlərində kainata sığmayacaq sevginin kədərli baxışları yatırdı, ancaq Reyhanın göz yaşlarıyla birgə onlar da oyanmışdı. Səssizcə gəzinən körpə onun göz yaşlarını silər və yenə “tənhalar ölkəsinə” qayıdardı. Qapı döyüldü. Kim gəlmişdi? Bilinmirdi. Dəfələrlə Reyhanın qapısı çalınmış, ancaq o, Muradı itirdikdən sonra bir dəfə də olsun geriyə dönüb baxmamışdı. Qapını bu dəfə açarla deyil, qıfılla bağlamışdı. Çıxmayacağı otağın qapısını nə ilə bağlayacağının fərqində idi.

Reyhana xatirə qalan yalnız Muradla olan fotoları idi. Hər dəfə şəkillərinə baxdıqda göz yaşlarını saxlaya bilməz və onlarla söhbətləşərdi...

Başlıqda qeyd etdim ki, sevgi şəkillər kimidir. Şəkillər də gizlənər. Sevdiyiniz  insan həyatımızda oldu, olmadı sizi həmişə izləyər. Bəs yanan dəftərçə? Niyə məhz o gün şam o dəftərin üzərinə dağıldı və niyə dəftərin yalnız kənarı kül oldu? Niyə onun kül olmasıyla birgə Murad da fani dünyadan köç etdi? Çünki şam da insan ömrü kimidir.Yanarkən sönər, alovlanarkən üsyan edər.

Bəs bu dəftərçənin günahı idi? Bu yaşananlara şahid olmasımı?

Şahid olduğumuz hadisələr filmə bənzəyə bilər, ancaq insan taleləri film deyildir. Qatar kimi gəlib keçər...Yolda olan qatar yenə gecikdi. Sizə Reyhanın Murada yazdığı son məktubunu oxumaq istəyirəm. İndi Reyhan haradadır? Sualın cavabını məndən soruşmayın, çünki yoxdur. Mən tale izlərini izləyərək qələmə aldım. “Tənhalar ölkəsindən” iki sevdalı da köç edib getdi...

 

“Gecədir. Bir azdan Ay doğacaq”...

Murad, bu sənə son məktubumdur. Bəlkə də səhv edirəm sənə yazmaqla, ancaq sən bu məktubu oxuduqda mən burada olmayacam. Mən “Tənhalar ölkəsini” bir azdan tərk edirəm, Murad. Bir azdan taleyimdə gizlənmiş bütün sirrləri göz yaşlarım yuyub apardıqda mən də çiyinlərimə yeni yükləri alıb gedəcəyəm. Bu sənə sevgi mesajı deyil. Bəlkə də bu məktub başqa birisinin əlinə keçərsə, o da elə düşünər, ancaq bu bir əlvida məktubudur. Məni bilirsən, təsadüfləri sevmədiyim kimi əlvidaları da sevmirəm, ancaq qərarım qətidir. Bəlkə bir gün səni bağışlayacam, amma bu, yalnız sonsuz kainatda olmayanda baş verəcək. Bəlkə bir gün göz yaşlarım səni bağışlayacaq. Nə bilmək olar? Mən tale yüklərimi çiyinlərimə alıb gedirəm. Bir azdan sən doğulacaqsan. Axı gecədir. Bax, Günəş bir neçə saat öncə qürub edib. Günəş axı mənəm, Murad. Sənin hər səhər səbirsizliklə oyanıb gözlədiyin doğmayan Günəşin... O Günəş heç vaxt doğulmadı. Tanrının hüzurunda sənə əlini uzatsa da, doğulmadı. Bəlkə də sən onun əlini tutsaydın, o doğulacaqdı.

Murad, sənin sevgini, sənin özünü, duyğularını çox yaxşı bilirəm, əzizim. Sadəcə bizim alın yazımız buna icazə vermədi. Həmişə, yadındadırmı, deyirdim ki, insanın ən böyük düşməni tale nöqtələri və alın yazısıdır? Çünki onlar bizim əlimizdə deyil təəssüf. Biz onları idarə edə bilmirik. Onlar xəritədə yollarını itirərlərsə, bizi qurban verərlər. Verdilər. Noldu? Ayrıldıqmı? Əlbəttə ki, yox! Sadəcə bu fani dünyada qovuşmaq bizə qismət olmadı. “Qovuşmaq” sözü bilirsən necə ağırdır? Çünki göz yaşları olan yerdə qovuşmaq deyə bir şey yoxdur! Mənim göz yaşlarım damla-damla axdı, ancaq sonunda sel oldu. Xəritədə yollarını itirdilər. Səni itirdilər. Mən səni, sən məni itirdin. Hamısı bilirsən niyə? Göz yaşlarıma və açara görə.Talelərimizi birləşdirən açar qapalı qapıların kilidini açmadı. Bəlkə də mən açsaydım, bu belə olmayacaqdı. Nə açar, nə də sən izin verdin. Ola bilər ki, bu yazını oxuduqda məni günahkar hesab edəsən, ancaq günahkar mən deyiləm! Nə mən, nə o kimsəsiz körpə! Mən dəli olmuşam artıq, sən görmürsənmi? Ölü bir insana məktub yazmaq da nə demək? Yenə qapını açarla kilidləmişəm və qarşımda əriyən şamla, kənarı kül olan dəftərçəm mənə baxır. Hər gecələri və hər səhər tezdən bir uşaq gəlir yanıma. Balaca qızcığaz. Məni bəzən əzizləyir, bəzən boğmağa çalışır. Məni incidir və hər dəfə sənin ölümünlə bağlı məni günahkar hesab edir. Bu uşaq kimdir, Murad? Nolar axı, Murad, əvvəl yuxularıma gəldiyin kimi yenə gəlsən? Dərdlərimə dərman olsan? Ancaq sən də qaçırsan. Bilirəm, əzizim, günahkar sən deyilsən, amma bil ki, mən də deyiləm! Günahkar tale nöqtələri alnımıza yazılan alın yazımızdır! Necə ki, təqvimdəki tarixləri, yaddaşımızdakı düşüncələri silib ata bilmiriksə, eynən onlar da elədir. Görürsən bir-birlərinə necə bənzəyir? Bu fani dünyada bir-birinə zidd olan yalnızca gündüz-gecə, Günəş və Aydır! Mən qürub edən Günəş, sən gecənin ən səssiz zamanında doğulan, işıldayan Ay...Ulduzların içində tənha deyilsən, əzizim, əksinə, daha çox xoşbəxtsən. Sənin xoşbəxtliyin mən deyiləm, Murad. Mən qürub edən Günəşəm... Həm taleyində, həm də yaddaşında. Yalnızca qəlbində səhərlərinin aydınlanan Günəşiyəm...

Əlvida, əzizim. Mən “Tənhalar ölkəsindən”  göyərçin kimi köç edib gedirəm. Gözlərini qırılmış qanadlarımla örtüb gedəcəyəm, narahat olma. Bu dəfə salamat qal deyil, “əlvida” deyirəm...

Gecikən qatar tez gəlsə də, burada bir cəsəd yatırdı. İnsanlar bu cəsədin üstündən atlayıb keçirdi. Kimiləri ağlayırdı, kimiləri təəccüb içindəydi, kimiləri də qaçırdı “Tənhalar ölkəsinin” gecikən qatar stansiyasından.

“Gecikən qatar” stantiyasında cəsəd tapıldı! Reyhan adlı bir şəxs.Yaxınları haradadır?

Heç kəs bu sualın cavabını bilmirdi, amma bütün qəzetlər Reyhandan danışırdı. Bütün qəzetlərdə Reyhanın şəkilləri vardı. Demək, Reyhanın düşmən bildiyi alın yazısı yenə də ona oyun oynamışdı, ancaq bu dəfə tək “alın yazısı” deyil, şəkillər də bu oyunda qalib gəlmişdi. Bəzən şəkillər də acımasız ola bilirmiş...

Reyhanın qapısında yatan Muradın cəsədi, “gecikən qatar” stansiyasında isə  Reyhan. Bu dəfə tale nöqtələri onları o biri dünyada qovuşduracaqdımı? Bəs, qürub edən Günəş və gecənin səssizliyində doğulacaq Ay harada idi? Bəs, Reyhanın göz yaşları?

Hər şey dayanmışdı. Neçə-neçə insan “Tənhalar ölkəsindən” qaçırdı. Demək olar ki, heç kəs qalmamışdı. Tək qalan Reyhanın gözlərində qurumayan göz yaşları idi. Son damlası da gözlərində qurudu Reyhanın...

Hamının cəsəd kimi gördüyü bu iki sevdalı, əslində, ruhlarını təslim etmişdi Tanrıya. Payızın da soyuq vücuduna geyindiyi don kimi onlar da vücudlarındakı sevgini Tanrıya təslim etmişdilər. Əcəl gəldikdə isə onların yalnız soyuq, çürümüş vücudlarını aparmağa gəlmişdi. Heç kəs..Heç bir insan bu iki sevdalının yaşadıqlarını bilmədi.Bu hadisələrin şahidi yalnız şam,süfrəyə dağılan çay və kül olan dəftər oldu...

Reyhanın ayaq izləri “gecikən qatar” stansiyasına kimi davam edirdi. Qatar dayanmış, amma ayaq izləri silinməmişdi. “Tənhalar ölkəsinə” qar da yağdı, çovğun da başladı, lakin bu ayaq izləri silinmədi. Artıq “Tənhalar ölkəsində” heç kəs qalmamışdı, zatən burada yaşaya da bilməzdilər. Burada yalnızca yaşayan Murad və Reyhanın ruhu idi. Bu iki ruh da ayrı-ayrı evlərdə dörd divara qapanmışdı.

Doğru, bəlkə də onlar bu dünyada qovuşmadı, lakin Tanrı onları öz yanına aldı.. Onların sevgisi çəkilən şəkillərdə hələ də yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

                                       

 

 

 

Cümə axşamı, 18 İyul 2024 10:15

Şəhidlər barədə şeirlər - Ramil Yusifzadə

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramil Yusifzadə

 

Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəm adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Futbol müəllimliyi” ixtisasına qəbul olmuşdur.

2019-cu ildə Akademiyanın məzunu olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin sonda qarşı tərəfin açdığı artilleriya mərmisinin hədəfə dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Elə indi atanla,

Ananla da danışdım.

O ürəyi od tutub,

Yananla da danışdım.

 

Soruşdum ki, ay ana,

Oğul şəhidi nədir?

Dedi, bala, soruşma,

Ürəyimi göynədir.

 

Dedim ki, Ramil deyən

Damı tikmisinizmi?

Qaranlıq arzulara

İşıq çəkmisinizmi?

 

Dedi, bala, tikəcəm,

Onun dediyi kimi,

Hər şeyi düzəldəcəm

O istədiyi kimi.

 

Beləcə gedir, şəhid,

Burda olan olubdu.

Sən gedəndən ananın

Dili də tutulubdu.

 

Atan da susur indi,

Şəklinə baxan atan.

Göz yaşı üz-gözünə

Axdıqca axan atan.

 

Bəs, orda sən necəsən,

Bu soyuq havalarda?

Sənin qışın necədi,

Məzar daşın necədi?

 

Necədi cənnətinin

Havası indi, şəhid?

Soyuqmu şəhidliyin

Yuvası indi, şəhid?

 

Sənə səslənirəm mən,

Ey savaş meydanında

Peyğəmbərim Nuh şəhid!

Sənə səslənirəm mən,

Ey müqəddəs ruh şəhid!

 

Sənə yalvarıram mən,

Lap istəyirsən məndən

Tanrıya şikayət et!

Bircə dəfə en yerə,

Mənim cismimi geyin

Ananı ziyarət et.

 

 “Ədəbiyyat və incəsənət”

(18.07.2024)

 

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Göy məscid (Hüseynəli xan məscidi)

İrəvan xanı Hüseynəli xan xeyirxah, ədalətli birhökmdar idi. Öz vətənini canından da əziz tutar, daimxalqı üçün faydalı işlər görməklə insanların rahatlığınıfikirləşərdi. Xanlığın güclənməsində Hüsеynəli хanınəvəzsiz хidmətləri olub. O həm də öz siyasətiyləİrəvanın tam müstəqilliyinə nail olub, qonşu dövlətlərləsülh şəraitində yaşayırdı. 

Bir gün Hüseynəli xan insanlar üçün yeni məscidtikmək qərarına gəldi. İnsanların buradaməskunlaşmasından artıq min illər ötdüyündən çoxböyük bir məscidə ehtiyac var idi. Odur ki, ən yaxşıustaları sarayına dəvət edib, məscidin tikilməsinəgöstəriş verir. Bacarıqlı ustalar qaya daşlarını yarıbməscidin divarlarını hörürlər. Məscidin günbəzinintikilməsi vaxtı çatanda şəhərin kənarında bitənağacların günbəz üçün uyğun olmadığı üzə çıxır. Bu ağacların boyu çox qısa idi. Məscidin tikilməsinəbaşçılıq edən axund sıldırım dağların ətəklərində bitənşam ağaclarını gətirmək üçün qolu güclü qırx cavanseçir. Əmr olunur ki, hərə ən iri, hamar şamağaclarından birini kəsib gətirsin. Gənclər əmri yerinəyetirirlər, lakin onları şəhərin Təpəbaşı deyilənyüksəkliyinə qaldıra bilmirlər. Bu vaxt mollalarcavanların ağacları necə təpəbaşına çıxaracaqlarınıfikirləşirlər, amma çarə tapa bilmirlər. 

Hüseynəli xan bütün yaşlı və müdrik adamları sarayınhəyətinə toplayır, bunu necə  edəcəklərini soruşur. Heçkimdən səs çıxmır. Yalnız bir uşaq: “Qoy aşıqlar qopuzçalıb şam ağacını aparanlardan qabaqda getsinlər, oxusunlar, odunçular bundan ruhlanıb onların ardıncagedər”. Uşağın bu təklifi xanın ürəyincə oldu. Xan: “Məni istəyənlər uşağa xələt versin”- deyib uşağıalqışlayır. 

Möcüzə baş verir. Bir şam ağacını güclə qaldırangənclərin opuzun, qara zurnanın sədaları altında güclərion qat artır, hərə bir şam ağacını çiyninə qoyub deyilənyerə aparırlar. Tezliklə məscidin günbəzi üçün buağacları yonub göy rəngli kaşılı kərpiclə üzləyirlər. Məscidin həyətində fəvvarəli daş hovuz tikib, ətrafınasıx kölgəli ağaclar əkdilər. 

Məscid tikildi. Hüseynəli xan gəncləri alqışladı. Qırxgün, qırx gecə məsciddə ehsan verib, kasıbların qarnınıdoydurdu. 

Qədim türk-oğuz yurdu İrəvənda salınmış Göyməscid 1760-1768-ci illərdə Nəcəfqulu xan Qacarınoğlu Hüseynəli xanın hakimiyyəti dövründə inşaedilmişdir. Bu məscid xalq arasında Göy məscid, yaxud Hüseynəli xan məscidi adlanır. Məscidin adıonun kərpicinin göy rəngdə olması ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

İyulun 17-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ilki Poeziya bayramı Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi şənliklərinin davamı kimi təşkil edilib və iyulun 19-dək davam edəcək. 

 

Tədbirə rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılıblar. 

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi, Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısı və Şuşa Otel-Konqres Mərkəzində tədbirlər təşkil edilməkdədir. 

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Ulu Öndər Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən birini də Arzu Hüseyn yazıb. 

Onun yaratdığı sevgi mənzərəsində həmişə ayrılıq başda olur. Amma bu mənzərə həm də o qədər canlı, emosional olur ki, adamın içini tərpədir…

Xoş mütaliələr! 

 

Toxunduğum o saçlara nə oldu?

Dodaqların həmin dodaq deyil ki.

Sənə nə var, olan tək mənə oldu,

Başa düşdü, ürək uşaq deyil ki.

 

Sığdırmadım həyatıma başqasın,

Gözlərimə inanardın tanısan.

Mənim üçün indi tamam başqasan,

Mənim üçün sıradansan, hamısan.

 

Bəhanəydi hər zəngim, hər dönüşüm,

Bilirdin ki, asılıyam telindən.

Yandırmadı bu dəfəki öpüşün,

Oynatmadı varlığımı yerindən.

 

Anlamadım  səbəbini bu qışın,

Oyandım ki, nə mən varam, nə də sən.

Nə duamsan, nə ahım, nə qarğışım,

Heçkimimsən, heçnəyimsən, heçnəsən.

 

Ağlamaqdan gözlərinmi yoruldu?

Baxışını yayındırma, görürəm.

Toxunduğum o saçlara nə oldu?

Yad toxundu, yad qoxladı, bilirəm...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc rəssam Ülkər Baxışovanın sərgisinin açılışı olub.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, sərgidə rəssamın “Naməlum qadın”, “İstanbul. Ayasofya məbədi”, “Bakımız”, “Qədim Qobustan. Yallı”, “Quşların eşqi”, “Sülh”, “Üzüm səbəti”, “Rəqqasə” və “Qoşa minarəli məscid (Əmircan)” adlı əl işləri nümayiş etdirilir.

 

Ülkər Baxışovanın əsərlərində Vətənimizin qədim incəsənətinin modern üslubda təsviri öz əksini tapıb.

 

Sərgi bir ay davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Bu il Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın ədəbi irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, sərgidə ədibin həyat və yaradıcılığına, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlərə, özünün müəllifi olduğu müdrik kəlamlara geniş yer verilib.

Virtual kitab sərgisində ədibin qəzəlləri, poemaları, Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı ədəbiyyat nümunələri haqqında geniş məlumat verilib, müəllifi olduğu “Leyli və Məcnun”, “Bəngu – badə”, “Rind və Zahid”, “Hədiqətus-süadə”, “Şikayətnamə”, “Söhbətül-əsmar” kimi əsərlərin və onun haqqında nəşr edilən “Klassiklər yenə də klassiklər”, “Füzuli qəzəllərinə təxmislər”, “Məhəmməd Füzulinin mətləul-etiqad əsərinin şərhi”, “Eşq sultanı”, “Şəbi-hicran” kimi 20-dən çox kitabın qısa annotasiyası təqdim olunub. 

Sərgi kitabxananın rəsmisaytında https://ryl.az/multimedia/mehemmed-fuzuli-530 yerləşdirilib. 

Kitabxanada, həmçinin “Məhəmməd Füzuli – 530” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli - 530” adlı biblioqrafik bülleten nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kibercinayətkarlıq halları artdıqca üsullar dəyişir. İnsanlar elektron fəaliyyətə daha çox alüdə olduqca cinayətkarlar da daha həvəslə onları soymağa girişirlər. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bu məlumat diqqətimi çox çəkdi. 

İnternet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Həmin şəxslər inanılmaz bir metod fikirləşiblər. Məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, onların dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında informasiyalar yerləşdiriblər. 

Sonra onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.

Araşdırmalar zamanı həmin şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.

Baş İdarədə faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN müraciət edib ki, Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər. 

Bu da fırıldaqçılığın növbəti formasıdır. Halbuki bir müddət öncə yüzlərlə insan “sizə poçt bağlaması gəlib” göndərişi ilə aldanaraq kartlarındakı vəsaitdən məhrum olmuşdular. 

Kibercinayətkarlıq inkişaf edir. Odur ki, vətəndaşlarımız gərək ehtiyatlı olsunlar!

Elə bu yazını hazırlayırdım ki, sosial şəbəkədə mənə mesaj gəldi. “Sizin həmsoyadlınız Bruney sultanlığında vəfat edib, ona məxsus bir milyon dollar sizə çatacaq. Bunun üçün sizə bank hesabı açmalıyıq, 3 dollar ödəniş edin”.

Bəh-bəh. Təklifə baxın e!  

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.