DİQQƏT: kartlarınızdakı vəsaitləri ələ keçirməyə hazırlaşırlar Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kibercinayətkarlıq halları artdıqca üsullar dəyişir. İnsanlar elektron fəaliyyətə daha çox alüdə olduqca cinayətkarlar da daha həvəslə onları soymağa girişirlər. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bu məlumat diqqətimi çox çəkdi. 

İnternet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Həmin şəxslər inanılmaz bir metod fikirləşiblər. Məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, onların dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında informasiyalar yerləşdiriblər. 

Sonra onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.

Araşdırmalar zamanı həmin şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.

Baş İdarədə faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN müraciət edib ki, Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər. 

Bu da fırıldaqçılığın növbəti formasıdır. Halbuki bir müddət öncə yüzlərlə insan “sizə poçt bağlaması gəlib” göndərişi ilə aldanaraq kartlarındakı vəsaitdən məhrum olmuşdular. 

Kibercinayətkarlıq inkişaf edir. Odur ki, vətəndaşlarımız gərək ehtiyatlı olsunlar!

Elə bu yazını hazırlayırdım ki, sosial şəbəkədə mənə mesaj gəldi. “Sizin həmsoyadlınız Bruney sultanlığında vəfat edib, ona məxsus bir milyon dollar sizə çatacaq. Bunun üçün sizə bank hesabı açmalıyıq, 3 dollar ödəniş edin”.

Bəh-bəh. Təklifə baxın e!  

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.