Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Ağrı...” şeiri ilə.
Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair.
“Göydən təzə qəm istədim,
O mənə nimdaşı verdi.
Dedim bizə gün ağlasın-
Ağlayıb göz yaşı verdi...”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Göydən təzə qəm istədim,
O mənə nimdaşı verdi.
Dedim bizə gün ağlasın-
Ağlayıb göz yaşı verdi...
Sizin evdən "sən "istədim,
Tanrıdan vətən istədim.
Yaxşı bir düşmən istədim -
Pis qohum-qardaşı verdi.
Bir bəxt verdi boynuburuq,
Ümid verdi qırıq-qırıq.
Baxıb gördü darıxırıq
Qəm adlı sirdaşı verdi.
Bura şeytan dərəsidi,
Bu ki, iblis mərəzidi.
Bu nə mizan-tərəzidi-
Bunu hansı naşı verdi?
Göndərdi zəli üstünə,
İşin əngəli üstünə.
Min nəfər dəli üstünə
Məni də minbaşı verdi...
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)