Super User
Şəhidlər barədə şeirlər - Mehrab Niftəliyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Mehrab Niftəliyev
Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.
Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elə indi oxudum
Döyüş yolunu sənin.
Şuşanın üzərində
Zəfər qolunu sənin.
Elə indi oxudum
Tarix üstə qanını.
Qəhrəmanlıq yolunu,
İgidlik dastanını.
Oxudum ki, vətənə
Qovuşmaq arzun olub.
Oxudum ki, Şuşada,
Vuruşmaq arzun olub.
Bütün varlığın ilə
Döyüşlərə girmisən.
Sonuncu nəfəsini
Təbəssümünə qatıb,
Şuşada dalğalanan
Bayrağıma vermisən.
Beləcə də köçmüsən
Vətənin hər daşına.
Adın qanınla düşüb
Tarixin yaddaşına.
Əbədi işıq şəhid,
Odun mübarək olsun!
Yerin mübarək olsun,
Adın mübarək olsun!
Daha sənin adın da
İgidlik qalasıdır.
İndi sənin üç balan
Vətənin balasıdır.
Zəfər tariximizə
Yazılan kitab oldun,
Adın da Mehrab idi,
Özün də mehrab oldun.
Daha xatirələri
Şəkillər daşıyacaq.
Adın ürəyimizdə
Əbədi yaşayacaq.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - “Əjdaha dağı“
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
O, böyük qanadlı, qorxunc bir görünüşə malik nəhəng ilan idi. Onun əjdadları yerin altındakı mağaralarda yaşamışdılar. Quraqlıq, ölüm simvoluna çevrilmiş bu əjdahalar miras kimi üstündə yatdıqları xəzinəni qoruyardılar.
Çox vaxt onlar suyun qabağın kəsib qarşılığında qurban istəyərdilər. Su həyat deməkdir, onu öznünkü edib həyata sahib çıxmaq onların xislətində idi. Susuz həyat isə əlbəttə ki, ölüm deməkdir. Amma söhbət açdığımız bu əjdaha isə tamamilə onlardan fərqli olaraq meşədə tək-tənha yaşayır, atəşin içinə sığınaraq özünü qorumaq üçün od yığardı. Bu odla canlıları düşmənlərdən qorumaq üçün ağzından püskürərdi. O yaşadığı yerin insanlarına, heyvanlarına toxunmadan bu yerləri qoruyurdu. Tənha və səssiz, sıx meşələrdə sərbəst gəzməyi çox sevirdi. Dəfələrlə insanları fəlakətlərdən xilas etdiyindən sakinlər onu yerin ağası adlandırırdı. Amma bir gün həmin yerlərdə heyvanları məhv edən, kəndləri xarabalığa çevirən vəhşi və qəddar bir qəbilə peyda oldu. Yaxınlaşan təhlükəni hiss edən əjdaha öz vahiməli səsi ilə insanlara xəbərdarlıq etdi. Qəbilə başçısı əjdahanın insanları xilas edəcəyini bilib hiyləyə əl atdı. Onlar zəhərli oxları bir-birinin ardınca əjdahanın üzərinə yağdırdılar. Son gücünü toplayan,ağır ölümcül yaralı əjdaha ağzından od saçmaqla düşmənləri yandırmaq istədi. Ancaq od əvəzinə ağzından qanlı köpük töküldü. Əjdaha son gücünü toplayıb düşmənlərinin üstünə şığıyıb, onları əzib tapdaladı. Artıq ölümünün yaxınlaşdığını hiss edənəjdaha çox sevdiyi gölün yanına gəlib uzandı və nəhəng bir dağa döndü. İnsanlar onları qoruyan, fədakar əjdahanın öldüyü, daşlaşdığı bu əzəmətli dağı Əjdaha dağı adlandırdılar.
Qərbi Azərbaycanın Qırxbulaq mahalı ərazisində Göyçə silsiləsində dağ. Alagöz və Qapıcıq dağlarından sonra üçüncü ən hündür dağ. Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Gedəsən...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Gedəsən...” şeiri ilə.
Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair.
“Dünya şeytan yuvasıdı-
Daş götürüb gedəsən...”
“Bu dünyanın gerçək üzü
Yalan üzündə gizlənib.”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Göz qurusa, o dəryadan
Yaş götürüb gedəsən.
Dünya şeytan yuvasıdı-
Daş götürüb gedəsən...
Qarı dünya, boş əldəsən?
Bir əldəsən, beş əldəsən?
..Ürəyini boşaldasan
Boş götürüb gedəsən.
İndi çox yaşamaq ayıb-
Bu qarganı kim qarğayıb?
...Adamda baş da qalmayıb
Baş götürüb gedəsən...
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)
İKİ YUBİLYAR - Rəfail İncəyurdun 70, Məmməd Əfşanın 85 illik yubileyləri keçirildi
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
"Qazax" Xeyriyyə İctimai Birliyi və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair, publisist Rafail İncəyurdun 70 illik yubileyi keçirildi.
Yubiley tədbirində eyni zamanda Rafail İncəyurdun "Bu da belə" adlı şeir kitabının təqdimatı baş tutdu. Eyni zamanda "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin Rafail İncəyurdun 70 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılışı da tədbir iştirakçılarına təqdim olundu.
Yubileydə Şəhid ailələri, elm adamları, şair-yazıçılar, ziyalılar iştirak edirdilər.
Onu da qeyd edək ki, şair, jurnalist, yazıçı Məmməd Əfşanın 85 illik yubileyi də Rafail İncəyurdun yubiley günlərinə təsadüf etdiyi üçün “Qazax" Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədovun dəvəti ilə Məmməd Əfşan da yubiley tədbirinə qatılmışdı. Məmməd Əfşanın "İtən şeirlərim" adlı şeir kitabı da tədbir iştirakçılarına təqdim olundu.
Yubiley tədbirini giriş sözü ilə Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov açaraq qonaqları salamladı. Nizami Cəfərov Rafail İncəyurd və Məmməd Əfşan yaradıcılığından söhbət açaraq onların Azərbaycan poeziyasına göstərdikləri xidmətlərindən danışdı: "Məmməd Əfşan sözünün sanbalı olan ziyalıdır. Dəyərlidir. Ziyalı ailəsi var. Onun publisistik yazıları, şeirləri, romanları zəngin ədəbiyyat nümunəsidir. Bu yaxınlarda Məmməd Əfşanın "İtən şeirlərim" adlı şeir kitabı işıq üzü görüb. Hələ onun nə qədər itməyən şeirləri var. Məmməd müəllim, biz sizi 85 illik yubileyiniz və şeir kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".
Nizami Cəfərov Rafail İncəyurd poeziyasını təkrarçılıqdan uzaq olan, yüksək səviyyəli, yalnız Rafail İncəyurdun özünə bənzəyən - səmimi, alicənab, yurdcanlı, vətənpərvər poeziya olaraq qiymətləndirdi: "Rafail İncəyurdun yaradıcılığı hamımızın gözü qarşısındadır. O, yeni nəslin dəyərli şairidir. 70 yaşın təntənəsində oxucularla yeni görüşə gəlib. "Bu da belə" kitabı Rafail İncəyurdun yaradıcılığında yeni bir mərhələdir. Şair çoxdur. Əlinə qələm alanda kağızı korlayan şair də, kağızı korlamayan şair da var. Rəhmətlik Mircəlal Paşayev Səməd Vurğun haqqında deyirdi: "Səməd Vurğun əlinə qələm alanda kağız korlamır". Rafail İncəyurd da kağız korlamayan şairlərdəndir. "Bu da belə" kitabı yüksək səviyyəli kitabdır. Təkrar deyil. Özüdür. "Bu da belə" kitabında qədim İncə Dərəsinin obrazı var. Tarixin, bəşəriyyətin hansı ağır günlərdən keçdiyi bu kitabda mükəmməl şəkildə poeziyanın yaddaşına köçürülüb. Kitabda başqa bir cəhət də ondan ibarətdir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixçəsi var. Qələbənin xalqımıza yaşatdığı əvəzolunmaz sevinc Rafail İncəyurd qələmi ilə mükəmməl şəkildə şeirin yaddaşına həkk olunub. Ümumiyyətlə Rafailin yeni kitabında ailə-məişət, siyasi mövzulu fikirlər, ümumtürk, sufilik mövzuları da özünəməxsus şəkildə poeziya dilinə çevrilib. Rafail İncəyurdun birbaşa hisslərə təsir edən qələmi var. Şeir kitabı çapa hazırlananda kitabda yer alacaq şeirləri mənə təqdim etdi. Dedi ki, xoşuna gəlməyən şeirlərin üstündən xətt çəkərsən. Hər şeirini oxuduqca, mən Rafaili yenidən kəşf etdim. Baxdım ki, burada üstündən xətt çəkiləcək şeir yoxdur. Əlim gəlmədi Rafailin şeirlərinə toxunmağa. Yenə deyirəm, Rafail İncəyurdun poeziyası da, özü kimi təmiz, dürüst, İlahi hisslərə bağlıdır. Rafail, 70 yaşın mübarək. Yaz, yarat. Qələminin səsi gəlsin".
Sonra söz İlham Pirməmmədova verildi. İlham Pirməmmədov da hər iki yubilyarı təbrik etdi.
Xalq şairi Nəriman Həsənzadənin, Millət vəkili Səməd Seyidovun adından Məmməd Əfşanı və Rafail İncəyurdu təbrik etdi: "İctimai Birliyin artıq uzun illərdir bir ənənəsi var. Yubileyi olan ziyalılarımız haqqında "Dəli Kür" qəzetinin Xüsusi buraxılışı nəşrə hazırlanır. Bu yaxınlarda BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, İctimai Birliyin Fəxri üzvü, professor Hüseyn Xəlilovun 85 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılış nəşr olundu. 100 səhifədən ibarət olan Xüsusi buraxılışda Hüseyn Xəlilovun həyat və fəaliyyəti, elmi yaradıcılığı, onun bir ziyalı kimi Vətənə olan xidmətləri haqqında ətraflı məlumat verildi. Eyni zamanda Rafail İncəyurdun 70 illik yubileyinə də Xüsusi buraxılış hazırlanıb nəşr olundu. Rafail İncəyurdun ömür yolu, onun poeziyasına ədəbiyyatçıların, tənqidçilərin verdiyi qiymət, şairə həsr olunmuş şeirlər, ictimai insan olaraq onun haqqında yazılan dəyərli fikirlər toplanaraq Xüsusi buraxılışda nəşr olundu. Rafail biz səni təbrik edirik. Sənə uzun ömür, can sağlığı, yeni şeirlərin yazılması üçün sənə həmişə ruh yüksəkliyi arzu edirik. Hörmətli yubiley iştirakçıları, burada dəyərli bir ziyalımızın da yubiley yaşı tamam olduğu üçün onu da tədbirimizə dəvət edərək, təbrik etməyi özümüzə borc bildik. Şair, yazıçı Məmməd Əfşanın iyun ayının 27-də 85 yaşı tamam oldu. Həm də yeni şeir kitabı çapdan çıxdı. Məmməd müəllim, sizi 85 illik yubileyiniz münasibətilə, "İtən şeirlərim" kitabınızın çapdan çıxması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, bir də hər zaman olduğu kimi möhkəm iradənizin sayəsində daha uğurlu əsərlər yazıb-yaratmağınızı arzu edirəm. Hörmətli tədbir iştirakçıları, onu da qeyd edim ki, Məmməd müəllimin müəllifi olduğu tarixi roman - "Bar ağacından dar ağacına" kitabı "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən nəşr olunmuşdur.
Diqqətinizə çatdırım ki, bu gün bizim tədbirimizdə görkəmli insanlar iştirak edirlər. Vitse-admiral, şair, İctimai Birliyin Fəxri üzvü Sübhan Bəkirov bu gün bizimlədir. Dəvətimizi qəbul edib gəldiyiniz üçün, sizə təşəkkürümüzü bildiririk, hörmətli Sübhan müəllim.
Onu da qeyd edim ki, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Azərbaycan ədəbiyyatı və poeziyası qarşısındakı xidmətlərini nəzərə alaraq Rafail İncəyurdu və Məmməd Əfşanı İctimai Birliyin təsis etdiyi "Xalq şairi Səməd Vurğun adına diplom"la təltif etməyi qərara aldıq. Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov da tədbirimizdə iştirak edir. İcazənizlə həmin diplomları Məmməd müəllimə və Rafail müəllimə Vurğun Vəkilov təqdim etsin".
Diplomlar yubilyarlara təqdim olunduqdan sonra söz AYB-nin katibi Elçin Hüseynbəyliyə verildi. Elçin Hüseynbəyli təbrik çıxışından sonra Azərbaycan Yazıçılar Birliyinin Rafail İncəyurda ünvanladığı Fəxri diplomu şairə təqdim etdi.
Daha sonra söz Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalıya verildi. Əkbər Qoşalı Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Rafail İncəyurda ünvanladığı təbrik məktubunu yubiley iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra söz Vitse-admiral Sübhan Bəkirova verildi. Sübhan Bəkirov hər iki yubilyarı təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulaydı.
Şəhid Teymur Abbaslının anası Başxanım Abbaslı Rafail İncəyurd poeziyasına hər zaman yüksək qiymət verdiyini vurğulaydı.
Yubileydə iştirak edən söz adamları, ziyalılar, elm adamları - Rövşən Babanlı, Məti Osmanoğlu, Bəsti Əlibəyli, Əli Şamil, Qənimət Səfərov, Yusif Nəğməkar, Xəqani Qayıblı, Ramiz Göyüşov, Musa Ələkbərli, Qasım Abdullayev, Mahmud Allahmanlı, Müzəffər Süleymanov, Səma Muğanna, Qafar Sarıvəlli, Mahmud Vəli, Ağacəfər Həsənli, Ayaz Arabaçı, Rüstəm Kamal, Çingiz Abbasov, Bəxtiyar Rüstəmoğlu, Həmid Ormanlı, Babək Məmmədli, Aqşin Ağkəmərli, Fikrət Xəlilov, İlham Qazaxlı çıxış edərək Türkçülük, Turançılıq motivlərinin Rafail İncəyurd yaradıcılığında daha qabarıq əks olunmasını xüsusilə qeyd etdilər. Səməd Vurğun məktəbi keçən şairin böyük insani keyfiyyətlərə malik olmasından söz açdılar. Rafail İncəyurd poeziyasını yeni əsrin nümunəvi yaradıcılığı adlandırdılar.
Daha sonra söz Məmməd Əfşana verildi. Məmməd Əfşan ona göstərilən diqqət və qayğıya görə İlham Pirməmmədova, Nizami Cəfərova təşəkkürünü bildirdi.
Sonda çıxış üçün söz Rafail İncəyurda verildi. Rafail İncəyurd tədbirin yüksək səviyyədə təşkil olunmasında xüsusi əməyi olan İlham Pirməmmədova və Nizami Cəfərova təşəkkürünü bildirdi. Dəvəti qəbul edib gəldikləri üçün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Rəsmi hissədən sonra tədbir iştirakçıları ziyafətə dəvət olundular.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)
“YAŞAT" Fondu şəhid övladları üçün Antalyada düşərgə reallaşdırır
"YAŞAT" Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün Türkiyənin Antalya şəhərində yay düşərgəsinə start verilir. Düşərgə iştirakçıları iyulun 14-də Bakıdan yola düşüblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Şəhidlərimizin 18-22 yaş aralığındakı qız övladlarının qatıldığı yay düşərgəsi 21 iyul tarixinədək davam edəcək. Layihənin ikinci hissəsində şəhidlərimizin oğlan övladları iştirak edəcəklər. Həmin düşərgə isə 29 iyul - 3 avqust tarixini əhatə edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur.
Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.
Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarından ibarət daha bir qrup yay məktəbində iştirak məqsədilə Londona gedib.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)
Azərbaycan milli memarlığının görkəmli nümayəndəsi - Rasim Əliyevi yaxından tanıyaq
Bu gün Azərbaycan memarlıq sənətinin parlaq simalarından olan Əməkdar memar Rasim Əliyevin 90 illik yubileyidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bu münasibətlə “Memarlarımızı tanıyaq” rubrikası altında görkəmli memarın zəngin yaradıcılığından bəhs edən geniş məqalə hazırlayıb.
“Ədəbiyyat və incəsənət” məqaləni olduğu kimi təqdim edir.
Yaratdığı unikal əsərlərlə XX əsr memarlıq tariximizdə silinməz izlər buraxan Rasim Əliyev bütün mənalı ömrünü Azərbaycan milli memarlığının inkişafına həsr etmiş görkəmli incəsənət xadimidir.
1934-cü ilin iyulun 16-da Gəncədə akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan R.Əliyevin memarlıq sənətini seçməsində doğma əmisi, dahi şəxsiyyət Heydər Əliyevin xüsusi rolu olmuşdur.
O, Bakıda 6 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş, 1952-58-ci illərdə oranı bitirdikdən sonra 1965-ci ilə qədər “Azərdövlətlayihə” İnstitutunda memar, daha sonra emalatxana rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişində əvəzsiz töhfələr verən R.Əliyev Bakının Baş memarı kimi 14 illik (1974-88-ci illərdə) fəaliyyəti dövründə paytaxtımızın müasir simasının formalaşdırılmasında böyük əmək sərf etmişdir. Ötən əsrdə Bakının sistemli və planlı inkişafı məhz onun müəllifi olduğu Baş Plan əsasında həyata keçirilmiş, şəhərətrafı bir çox yaşayış massivləri (Əhmədli və Yeni Günəşli, 8-ci və 9-cu mikrorayonlar) salınmışdır.
İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin rəhbərliyi altında ərsəyə gətirilən bir çox ecazkar memarlıq nümunələrində R.Əliyevin xüsusi dəst-xətti var.
Onun ən uğurlu layihələri sırasında Bakıda yerləşən “Ulduz” sarayını xüsusi qeyd etmək olar. Xarici dövlət nümayəndələri üçün qonaq evi kimi nəzərdə tutulan bina sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin göstərişi və birbaşa nəzarəti altında tikilmişdi. Rasim Əliyev yaradıcılığının şah əsərlərindən olan bu sarayın memarlıq həllərində daha çox milli ornamentlərə üstünlük verilməsi də məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilirdi. Binanın xarici və daxili görünüşündə, sütunların bəzədilməsində milli memarlıq elementlərindən (Şirvanşahlar üslubu) istifadə edilməsi, tavana səkkizguşəli ulduza bənzər naxışların vurulması Heydər Əliyevin tariximizə və milliliyimizə bağlılığının təcəssümü idi.
İllər sonra, müstəqillik dövründə həmin qonaq evinin layihələndirmə və inşaat işlərindən bəhs edərkən Rasim Əliyev səkkizguşəli naxışlara diqqət çəkib deyirdi ki, “üstündən neçə illər keçəndən sonra bizə məlum oldu ki, əslində səkkizguşəli ulduzun mənası nə imiş və nəyə görə möhtərəm Prezidentimiz məhz onun üstündə dayanırdı”.
Yaradıcılıq baxımından həqiqətən tükənməz memar sayılan R.Əliyevin zəngin irsinə daxil olan memarlıq nümunələrindən biri də hazırda akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzidir. Memarın 1970-ci illərdə Moskva Səhiyyə Müəssisələrinin Layihələndirilməsi üzrə Aparıcı Layihə-Tədqiqat İnstitutunun mütəxəssisi Viktor Lifşits ilə birgə layihələndirdiyi mərkəzin yaradılması ideyası məhz görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya məxsusdur. O vaxt bu layihəni həyata keçirmək üçün Bakının Baş memarı olan Rasim Əliyev və akademik Zərifə xanım Əliyeva tikinti üçün ərazilərə yerindəcə baxış keçirərək uyğun yer seçirlər. Beləcə Bakının 9-cu və 4-cü mikrorayonları arasındakı boş sahədə böyük bir oftalmoloji mərkəzin inşasına başlanılır. Lakin həmin dövrdə mərkəzin tikintisi yarımçıq qalır və yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə başa çatdırılır. Təəssüf ki, hazırda minlərlə insanın şəfa tapdığı son dərəcə müasir səviyyəli bu tibb mərkəzinin son tamamlama işlərini görmək böyük alim Zərifə xanım Əliyevaya qismət olmur.
“İnsan hansı peşənin sahibi olursa-olsun, öz peşəsini təmənnasız sevməlidir”, – deyən Rasim Əliyev bildirirdi ki, memarlıq onun peşəsi deyil, həyatıdır. Görkəmli sənətkar elə bu düşüncə və təfəkkürlə də ömrünün böyük bir hissəsini quruculuq işlərinə sərf etmiş, təkcə Bakı şəhərində deyil, ümumən ölkəmizdə şəhərsalma, memarlıq və tikinti sahəsinin inkişafında mühüm rol oynamışdır.
Onun Bakını əhatə edən zəngin irsinə “Ulduz” sarayı (1979-1980), Televiziya və Radio Verilişləri Qülləsi (1996), Heydər Əliyev Beynəlxalq Hava Limanı (2004), Hüseyn Cavid Parkı, Bakı Metropoliteninin “Xalqlar dostluğu” (1989) və “Həzi Aslanov” (2002) stansiyaları daxildir və bu layihələr bu günümüzədək öz orijinallığını qoruyub-saxlamaqdadır.
Rasim Əliyev yaradıcılığı təkcə Bakı ilə məhdudlaşmır. O, Naxçıvanda Beynəlxalq Hava Limanının (1976), Hüseyn Cavid məqbərəsinin (1996), Heydər Əliyev Muzeyi və Parkının (1999) layihələrini son dərəcədə peşəkarlıqla hazırlamış, Quba, Sabirabad, İsmayıllı və Xırdalan şəhərlərində tikilən meydan və parkları, mədəniyyət evlərini, onlarla inzibati, ictimai və yaşayış binasını layihələndirməklə Azərbaycan memarlığını özünəməxsus yaradıcılığı ilə zənginləşdirmişdir.
Bütün bunlarla yanaşı, ölkəmizin Türkiyədəki səfirliyinin binası da onun məhsuldar fəaliyyətinin diqqətçəkən nümunələridir.
Bu gün xalqımızın müqəddəs ziyarətgahına çevrilən Heydər Əliyevin Məzarüstü Abidə Kompleksinin mükəmməl kompozisiyasının hazırlanmasında da istedadlı və vətənpərvər Rasim Əliyevin imzası var. Onun görkəmli heykəltəraş Ömər Eldarovla birgə ərsəyə gətirdiyi bu əzəmətli abidə kompleksi hər iki sənətkarın böyük dövlət xadimi Heydər Əliyevə sonsuz sevgisindən qaynaqlanaraq uğurlu kompozisiya həllini tapmışdır.
Əsərlərində Vətəninə, xalqına, tarixinə və mədəniyyətinə bağlılığını məharətlə nümayiş etdirən Rasim Əliyev şəhərsalma və memarlıq sahəsindəki xidmətlərinə görə dövlətimiz tərəfindən layiqli qiymətini almışdır. O, çoxillik peşəkar fəaliyyəti dövründə Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülmüş, habelə “Əməkdar memar” fəxri adı, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.
“Hər memarın arzusu odur ki, yaratdığı əsər gələcək nəsillərə qalsın. Gələcək nəsillər bizim mədəniyyətimizi və incəsənətimizi tanısınlar, bilsinlər”, – deyərək ömrünün sonunadək müqəddəs amalına sadiq qalan Rasim Əliyev 2021-ci ilin 13 noyabr tarixində 87 yaşında dünyasını dəyişmişdir. Heç şübhəsiz ki, onun zəngin yaradıcılığı Azərbaycan memarlığı və arxitekturasının təşəkkülündə, habelə gələcək memarlar nəslinin bədii-estetik zövqünün formalaşmasında tarix boyu öz bəhrəsini verəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)
Soltan Soltanlı finalçı olduğu Water river people karikatura müsabiqəsi başa çatıb
İstedadlı karikaturaçı rəssam Soltan Soltanlı beynəlxalq aləmdə ölkə mədəniyyətimizi layiqincə təmsil etməkdədir. Bu günlərdə o,
Bolqarıstanda keçirilən beynəlxalq yarışmanın finalçısı olub.
“Ədəbiyyat və incəsənət” portalı Soltan Soltanlıya müraciət edərək məlumat alıb ki, söhbət Bolqarıstanda keçirilən “Water river people” (çay suyunun insanları) adlanan 1-ci Beynəlxalq Karikatura müsabiqəsindən gedir. Həmyerlimiz ələmə və ilkin turları adlayaraq prestijli müsabiqənin finalçısı olub.
Müsabiqənin qalibi polşalı rəssam Jacek Fraşkevic olub. Onun çəkdiyi saqqalı dalğa, burnu yelkən olan dənizçi rəsminə münsiflər yekdilliklə qalibiyyət veriblər.
Həmin rəsmi qapaq şəklində yerləşdirmişik, diqqət edə bilərsiniz.
İkinci yeri braziliyalı Ruk Souza tutub.
Üçüncü yeri isə bolqar Toço Peev tutub.
Yeri gəlmişkən, mütəxəssislərin fikrincə ən yaxşı iş Həvəsləndirici mükafata layiq görülən ispan Asier Sansın işi olub.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)
Ornitoloji turizm imkanları “Global Bird Fair” sərgisində tanıdılıb
Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində ölkəmizin ornitoloji turizm imkanları tanıdılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, sərgidə ölkəmizdə quş müşahidəçiliyi potensialının mövcud olduğu dağlıq ərazilər və su hövzələri, nadir quş növləri və onları müşahidə üçün əlverişli mövsümlər, bütövlükdə ornitoloji turizm üzrə təbiət əraziləri və milli parklardakı biomüxtəliflik üzrə məlumat verilib, B2B formatlı görüşlər keçirilib.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq edilərək, ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin inkişafı üzrə müxtəlif istiqamətli tədbirlər görülüb, o cümlədən broşürlər hazırlanaraq təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirilib.
60-dan çox ölkənin təmsil olunduğu Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Gizlənib...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Günəşi vurdular səba yerindən...” şeiri ilə.
Yenə də təəccübləndirir, heyrətləndirir şair.
“Bu dünyanın gerçək üzü
Yalan üzündə gizlənib.”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Ağacın son hıçqırığı,
Ocaq közündə gizlənb.
Dirilər öz paltarında
Ölü bezində gizlənib.
Durub gəldim sənə sarı,
Götürmədin sən hasarı.
Ayağımın ağrıları
Ayaq izində gizlənib.
Göy üzüdü göyçək üzün,
İşıq saçdı -görcək üzün...
...Bu dünyanın gerçək üzü
Yalan üzündə gizlənib.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)
“Kəpənək”lə sevilən böyük müğənni - MİRZƏ BABAYEVİN 111-İ
Könül, “Ədəbiyyat və incəsənət”
Biz onu “Kəpənək” mahnısı ilə sevdik. Cüssəli, əzəmətli kişi şirin-şirin oxuyardı:
Sorağını gül-çiçəkdən alınca mən,
Gördüm yoxsan.
Qaçdım sənin dalınca mən, dallnca mən,
Gördüm yoxsan.
Bu hissədə bir qaçmaq imitasiyası da göstərərdi. Yadımdadır, nənəm kül eləyərdi ki, o boyda kişinin oxuduğu mahnıya bax. Amma sonra o da bu ifanı sevdi. Çünki “Kəpənək” adı mahnı deyildi, əsilcə monotamaşa idi.
Amma onun çox populyar lirik mahnılarını da dinləməkdən doymaq olmurdu. “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi” hər kəsin ruhunu oxşayırdı.
Bu gün Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 111 il ötür.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. O, 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində oxuyub. Böyük Vətən müharibəsini başlanması onun gələcək həyatını büsbütün dəyişdi, cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə Konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazandı.
Müğənni 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.
Amma tək musiqidən söhbət getmir. Ortada kino da var.
Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.
Ensiklopedik biliyə malik olan Mirzə Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur.
Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.
Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.
Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olunub.
Ruhu şad olsun!
P.S. Bir dəfə nənəm bərk xəstəydi. Kəlmə kəsmirdi. Qəfildən doruşdu ki, görəsən Mirzə Babayev kəpənəyi tuta bildimi. Bilmədik, ciddidir, ya zarafat edir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)