Bu gün Azərbaycan memarlıq sənətinin parlaq simalarından olan Əməkdar memar Rasim Əliyevin 90 illik yubileyidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bu münasibətlə “Memarlarımızı tanıyaq” rubrikası altında görkəmli memarın zəngin yaradıcılığından bəhs edən geniş məqalə hazırlayıb.
“Ədəbiyyat və incəsənət” məqaləni olduğu kimi təqdim edir.
Yaratdığı unikal əsərlərlə XX əsr memarlıq tariximizdə silinməz izlər buraxan Rasim Əliyev bütün mənalı ömrünü Azərbaycan milli memarlığının inkişafına həsr etmiş görkəmli incəsənət xadimidir.
1934-cü ilin iyulun 16-da Gəncədə akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan R.Əliyevin memarlıq sənətini seçməsində doğma əmisi, dahi şəxsiyyət Heydər Əliyevin xüsusi rolu olmuşdur.
O, Bakıda 6 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş, 1952-58-ci illərdə oranı bitirdikdən sonra 1965-ci ilə qədər “Azərdövlətlayihə” İnstitutunda memar, daha sonra emalatxana rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişində əvəzsiz töhfələr verən R.Əliyev Bakının Baş memarı kimi 14 illik (1974-88-ci illərdə) fəaliyyəti dövründə paytaxtımızın müasir simasının formalaşdırılmasında böyük əmək sərf etmişdir. Ötən əsrdə Bakının sistemli və planlı inkişafı məhz onun müəllifi olduğu Baş Plan əsasında həyata keçirilmiş, şəhərətrafı bir çox yaşayış massivləri (Əhmədli və Yeni Günəşli, 8-ci və 9-cu mikrorayonlar) salınmışdır.
İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin rəhbərliyi altında ərsəyə gətirilən bir çox ecazkar memarlıq nümunələrində R.Əliyevin xüsusi dəst-xətti var.
Onun ən uğurlu layihələri sırasında Bakıda yerləşən “Ulduz” sarayını xüsusi qeyd etmək olar. Xarici dövlət nümayəndələri üçün qonaq evi kimi nəzərdə tutulan bina sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin göstərişi və birbaşa nəzarəti altında tikilmişdi. Rasim Əliyev yaradıcılığının şah əsərlərindən olan bu sarayın memarlıq həllərində daha çox milli ornamentlərə üstünlük verilməsi də məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilirdi. Binanın xarici və daxili görünüşündə, sütunların bəzədilməsində milli memarlıq elementlərindən (Şirvanşahlar üslubu) istifadə edilməsi, tavana səkkizguşəli ulduza bənzər naxışların vurulması Heydər Əliyevin tariximizə və milliliyimizə bağlılığının təcəssümü idi.
İllər sonra, müstəqillik dövründə həmin qonaq evinin layihələndirmə və inşaat işlərindən bəhs edərkən Rasim Əliyev səkkizguşəli naxışlara diqqət çəkib deyirdi ki, “üstündən neçə illər keçəndən sonra bizə məlum oldu ki, əslində səkkizguşəli ulduzun mənası nə imiş və nəyə görə möhtərəm Prezidentimiz məhz onun üstündə dayanırdı”.
Yaradıcılıq baxımından həqiqətən tükənməz memar sayılan R.Əliyevin zəngin irsinə daxil olan memarlıq nümunələrindən biri də hazırda akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzidir. Memarın 1970-ci illərdə Moskva Səhiyyə Müəssisələrinin Layihələndirilməsi üzrə Aparıcı Layihə-Tədqiqat İnstitutunun mütəxəssisi Viktor Lifşits ilə birgə layihələndirdiyi mərkəzin yaradılması ideyası məhz görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya məxsusdur. O vaxt bu layihəni həyata keçirmək üçün Bakının Baş memarı olan Rasim Əliyev və akademik Zərifə xanım Əliyeva tikinti üçün ərazilərə yerindəcə baxış keçirərək uyğun yer seçirlər. Beləcə Bakının 9-cu və 4-cü mikrorayonları arasındakı boş sahədə böyük bir oftalmoloji mərkəzin inşasına başlanılır. Lakin həmin dövrdə mərkəzin tikintisi yarımçıq qalır və yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə başa çatdırılır. Təəssüf ki, hazırda minlərlə insanın şəfa tapdığı son dərəcə müasir səviyyəli bu tibb mərkəzinin son tamamlama işlərini görmək böyük alim Zərifə xanım Əliyevaya qismət olmur.
“İnsan hansı peşənin sahibi olursa-olsun, öz peşəsini təmənnasız sevməlidir”, – deyən Rasim Əliyev bildirirdi ki, memarlıq onun peşəsi deyil, həyatıdır. Görkəmli sənətkar elə bu düşüncə və təfəkkürlə də ömrünün böyük bir hissəsini quruculuq işlərinə sərf etmiş, təkcə Bakı şəhərində deyil, ümumən ölkəmizdə şəhərsalma, memarlıq və tikinti sahəsinin inkişafında mühüm rol oynamışdır.
Onun Bakını əhatə edən zəngin irsinə “Ulduz” sarayı (1979-1980), Televiziya və Radio Verilişləri Qülləsi (1996), Heydər Əliyev Beynəlxalq Hava Limanı (2004), Hüseyn Cavid Parkı, Bakı Metropoliteninin “Xalqlar dostluğu” (1989) və “Həzi Aslanov” (2002) stansiyaları daxildir və bu layihələr bu günümüzədək öz orijinallığını qoruyub-saxlamaqdadır.
Rasim Əliyev yaradıcılığı təkcə Bakı ilə məhdudlaşmır. O, Naxçıvanda Beynəlxalq Hava Limanının (1976), Hüseyn Cavid məqbərəsinin (1996), Heydər Əliyev Muzeyi və Parkının (1999) layihələrini son dərəcədə peşəkarlıqla hazırlamış, Quba, Sabirabad, İsmayıllı və Xırdalan şəhərlərində tikilən meydan və parkları, mədəniyyət evlərini, onlarla inzibati, ictimai və yaşayış binasını layihələndirməklə Azərbaycan memarlığını özünəməxsus yaradıcılığı ilə zənginləşdirmişdir.
Bütün bunlarla yanaşı, ölkəmizin Türkiyədəki səfirliyinin binası da onun məhsuldar fəaliyyətinin diqqətçəkən nümunələridir.
Bu gün xalqımızın müqəddəs ziyarətgahına çevrilən Heydər Əliyevin Məzarüstü Abidə Kompleksinin mükəmməl kompozisiyasının hazırlanmasında da istedadlı və vətənpərvər Rasim Əliyevin imzası var. Onun görkəmli heykəltəraş Ömər Eldarovla birgə ərsəyə gətirdiyi bu əzəmətli abidə kompleksi hər iki sənətkarın böyük dövlət xadimi Heydər Əliyevə sonsuz sevgisindən qaynaqlanaraq uğurlu kompozisiya həllini tapmışdır.
Əsərlərində Vətəninə, xalqına, tarixinə və mədəniyyətinə bağlılığını məharətlə nümayiş etdirən Rasim Əliyev şəhərsalma və memarlıq sahəsindəki xidmətlərinə görə dövlətimiz tərəfindən layiqli qiymətini almışdır. O, çoxillik peşəkar fəaliyyəti dövründə Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülmüş, habelə “Əməkdar memar” fəxri adı, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.
“Hər memarın arzusu odur ki, yaratdığı əsər gələcək nəsillərə qalsın. Gələcək nəsillər bizim mədəniyyətimizi və incəsənətimizi tanısınlar, bilsinlər”, – deyərək ömrünün sonunadək müqəddəs amalına sadiq qalan Rasim Əliyev 2021-ci ilin 13 noyabr tarixində 87 yaşında dünyasını dəyişmişdir. Heç şübhəsiz ki, onun zəngin yaradıcılığı Azərbaycan memarlığı və arxitekturasının təşəkkülündə, habelə gələcək memarlar nəslinin bədii-estetik zövqünün formalaşmasında tarix boyu öz bəhrəsini verəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)