Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
O, böyük qanadlı, qorxunc bir görünüşə malik nəhəng ilan idi. Onun əjdadları yerin altındakı mağaralarda yaşamışdılar. Quraqlıq, ölüm simvoluna çevrilmiş bu əjdahalar miras kimi üstündə yatdıqları xəzinəni qoruyardılar.
Çox vaxt onlar suyun qabağın kəsib qarşılığında qurban istəyərdilər. Su həyat deməkdir, onu öznünkü edib həyata sahib çıxmaq onların xislətində idi. Susuz həyat isə əlbəttə ki, ölüm deməkdir. Amma söhbət açdığımız bu əjdaha isə tamamilə onlardan fərqli olaraq meşədə tək-tənha yaşayır, atəşin içinə sığınaraq özünü qorumaq üçün od yığardı. Bu odla canlıları düşmənlərdən qorumaq üçün ağzından püskürərdi. O yaşadığı yerin insanlarına, heyvanlarına toxunmadan bu yerləri qoruyurdu. Tənha və səssiz, sıx meşələrdə sərbəst gəzməyi çox sevirdi. Dəfələrlə insanları fəlakətlərdən xilas etdiyindən sakinlər onu yerin ağası adlandırırdı. Amma bir gün həmin yerlərdə heyvanları məhv edən, kəndləri xarabalığa çevirən vəhşi və qəddar bir qəbilə peyda oldu. Yaxınlaşan təhlükəni hiss edən əjdaha öz vahiməli səsi ilə insanlara xəbərdarlıq etdi. Qəbilə başçısı əjdahanın insanları xilas edəcəyini bilib hiyləyə əl atdı. Onlar zəhərli oxları bir-birinin ardınca əjdahanın üzərinə yağdırdılar. Son gücünü toplayan,ağır ölümcül yaralı əjdaha ağzından od saçmaqla düşmənləri yandırmaq istədi. Ancaq od əvəzinə ağzından qanlı köpük töküldü. Əjdaha son gücünü toplayıb düşmənlərinin üstünə şığıyıb, onları əzib tapdaladı. Artıq ölümünün yaxınlaşdığını hiss edənəjdaha çox sevdiyi gölün yanına gəlib uzandı və nəhəng bir dağa döndü. İnsanlar onları qoruyan, fədakar əjdahanın öldüyü, daşlaşdığı bu əzəmətli dağı Əjdaha dağı adlandırdılar.
Qərbi Azərbaycanın Qırxbulaq mahalı ərazisində Göyçə silsiləsində dağ. Alagöz və Qapıcıq dağlarından sonra üçüncü ən hündür dağ. Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)