Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
"Qazax" Xeyriyyə İctimai Birliyi və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair, publisist Rafail İncəyurdun 70 illik yubileyi keçirildi.
Yubiley tədbirində eyni zamanda Rafail İncəyurdun "Bu da belə" adlı şeir kitabının təqdimatı baş tutdu. Eyni zamanda "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin Rafail İncəyurdun 70 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılışı da tədbir iştirakçılarına təqdim olundu.
Yubileydə Şəhid ailələri, elm adamları, şair-yazıçılar, ziyalılar iştirak edirdilər.
Onu da qeyd edək ki, şair, jurnalist, yazıçı Məmməd Əfşanın 85 illik yubileyi də Rafail İncəyurdun yubiley günlərinə təsadüf etdiyi üçün “Qazax" Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədovun dəvəti ilə Məmməd Əfşan da yubiley tədbirinə qatılmışdı. Məmməd Əfşanın "İtən şeirlərim" adlı şeir kitabı da tədbir iştirakçılarına təqdim olundu.
Yubiley tədbirini giriş sözü ilə Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov açaraq qonaqları salamladı. Nizami Cəfərov Rafail İncəyurd və Məmməd Əfşan yaradıcılığından söhbət açaraq onların Azərbaycan poeziyasına göstərdikləri xidmətlərindən danışdı: "Məmməd Əfşan sözünün sanbalı olan ziyalıdır. Dəyərlidir. Ziyalı ailəsi var. Onun publisistik yazıları, şeirləri, romanları zəngin ədəbiyyat nümunəsidir. Bu yaxınlarda Məmməd Əfşanın "İtən şeirlərim" adlı şeir kitabı işıq üzü görüb. Hələ onun nə qədər itməyən şeirləri var. Məmməd müəllim, biz sizi 85 illik yubileyiniz və şeir kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".
Nizami Cəfərov Rafail İncəyurd poeziyasını təkrarçılıqdan uzaq olan, yüksək səviyyəli, yalnız Rafail İncəyurdun özünə bənzəyən - səmimi, alicənab, yurdcanlı, vətənpərvər poeziya olaraq qiymətləndirdi: "Rafail İncəyurdun yaradıcılığı hamımızın gözü qarşısındadır. O, yeni nəslin dəyərli şairidir. 70 yaşın təntənəsində oxucularla yeni görüşə gəlib. "Bu da belə" kitabı Rafail İncəyurdun yaradıcılığında yeni bir mərhələdir. Şair çoxdur. Əlinə qələm alanda kağızı korlayan şair də, kağızı korlamayan şair da var. Rəhmətlik Mircəlal Paşayev Səməd Vurğun haqqında deyirdi: "Səməd Vurğun əlinə qələm alanda kağız korlamır". Rafail İncəyurd da kağız korlamayan şairlərdəndir. "Bu da belə" kitabı yüksək səviyyəli kitabdır. Təkrar deyil. Özüdür. "Bu da belə" kitabında qədim İncə Dərəsinin obrazı var. Tarixin, bəşəriyyətin hansı ağır günlərdən keçdiyi bu kitabda mükəmməl şəkildə poeziyanın yaddaşına köçürülüb. Kitabda başqa bir cəhət də ondan ibarətdir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixçəsi var. Qələbənin xalqımıza yaşatdığı əvəzolunmaz sevinc Rafail İncəyurd qələmi ilə mükəmməl şəkildə şeirin yaddaşına həkk olunub. Ümumiyyətlə Rafailin yeni kitabında ailə-məişət, siyasi mövzulu fikirlər, ümumtürk, sufilik mövzuları da özünəməxsus şəkildə poeziya dilinə çevrilib. Rafail İncəyurdun birbaşa hisslərə təsir edən qələmi var. Şeir kitabı çapa hazırlananda kitabda yer alacaq şeirləri mənə təqdim etdi. Dedi ki, xoşuna gəlməyən şeirlərin üstündən xətt çəkərsən. Hər şeirini oxuduqca, mən Rafaili yenidən kəşf etdim. Baxdım ki, burada üstündən xətt çəkiləcək şeir yoxdur. Əlim gəlmədi Rafailin şeirlərinə toxunmağa. Yenə deyirəm, Rafail İncəyurdun poeziyası da, özü kimi təmiz, dürüst, İlahi hisslərə bağlıdır. Rafail, 70 yaşın mübarək. Yaz, yarat. Qələminin səsi gəlsin".
Sonra söz İlham Pirməmmədova verildi. İlham Pirməmmədov da hər iki yubilyarı təbrik etdi.
Xalq şairi Nəriman Həsənzadənin, Millət vəkili Səməd Seyidovun adından Məmməd Əfşanı və Rafail İncəyurdu təbrik etdi: "İctimai Birliyin artıq uzun illərdir bir ənənəsi var. Yubileyi olan ziyalılarımız haqqında "Dəli Kür" qəzetinin Xüsusi buraxılışı nəşrə hazırlanır. Bu yaxınlarda BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, İctimai Birliyin Fəxri üzvü, professor Hüseyn Xəlilovun 85 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılış nəşr olundu. 100 səhifədən ibarət olan Xüsusi buraxılışda Hüseyn Xəlilovun həyat və fəaliyyəti, elmi yaradıcılığı, onun bir ziyalı kimi Vətənə olan xidmətləri haqqında ətraflı məlumat verildi. Eyni zamanda Rafail İncəyurdun 70 illik yubileyinə də Xüsusi buraxılış hazırlanıb nəşr olundu. Rafail İncəyurdun ömür yolu, onun poeziyasına ədəbiyyatçıların, tənqidçilərin verdiyi qiymət, şairə həsr olunmuş şeirlər, ictimai insan olaraq onun haqqında yazılan dəyərli fikirlər toplanaraq Xüsusi buraxılışda nəşr olundu. Rafail biz səni təbrik edirik. Sənə uzun ömür, can sağlığı, yeni şeirlərin yazılması üçün sənə həmişə ruh yüksəkliyi arzu edirik. Hörmətli yubiley iştirakçıları, burada dəyərli bir ziyalımızın da yubiley yaşı tamam olduğu üçün onu da tədbirimizə dəvət edərək, təbrik etməyi özümüzə borc bildik. Şair, yazıçı Məmməd Əfşanın iyun ayının 27-də 85 yaşı tamam oldu. Həm də yeni şeir kitabı çapdan çıxdı. Məmməd müəllim, sizi 85 illik yubileyiniz münasibətilə, "İtən şeirlərim" kitabınızın çapdan çıxması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, bir də hər zaman olduğu kimi möhkəm iradənizin sayəsində daha uğurlu əsərlər yazıb-yaratmağınızı arzu edirəm. Hörmətli tədbir iştirakçıları, onu da qeyd edim ki, Məmməd müəllimin müəllifi olduğu tarixi roman - "Bar ağacından dar ağacına" kitabı "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən nəşr olunmuşdur.
Diqqətinizə çatdırım ki, bu gün bizim tədbirimizdə görkəmli insanlar iştirak edirlər. Vitse-admiral, şair, İctimai Birliyin Fəxri üzvü Sübhan Bəkirov bu gün bizimlədir. Dəvətimizi qəbul edib gəldiyiniz üçün, sizə təşəkkürümüzü bildiririk, hörmətli Sübhan müəllim.
Onu da qeyd edim ki, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Azərbaycan ədəbiyyatı və poeziyası qarşısındakı xidmətlərini nəzərə alaraq Rafail İncəyurdu və Məmməd Əfşanı İctimai Birliyin təsis etdiyi "Xalq şairi Səməd Vurğun adına diplom"la təltif etməyi qərara aldıq. Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov da tədbirimizdə iştirak edir. İcazənizlə həmin diplomları Məmməd müəllimə və Rafail müəllimə Vurğun Vəkilov təqdim etsin".
Diplomlar yubilyarlara təqdim olunduqdan sonra söz AYB-nin katibi Elçin Hüseynbəyliyə verildi. Elçin Hüseynbəyli təbrik çıxışından sonra Azərbaycan Yazıçılar Birliyinin Rafail İncəyurda ünvanladığı Fəxri diplomu şairə təqdim etdi.
Daha sonra söz Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalıya verildi. Əkbər Qoşalı Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Rafail İncəyurda ünvanladığı təbrik məktubunu yubiley iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra söz Vitse-admiral Sübhan Bəkirova verildi. Sübhan Bəkirov hər iki yubilyarı təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulaydı.
Şəhid Teymur Abbaslının anası Başxanım Abbaslı Rafail İncəyurd poeziyasına hər zaman yüksək qiymət verdiyini vurğulaydı.
Yubileydə iştirak edən söz adamları, ziyalılar, elm adamları - Rövşən Babanlı, Məti Osmanoğlu, Bəsti Əlibəyli, Əli Şamil, Qənimət Səfərov, Yusif Nəğməkar, Xəqani Qayıblı, Ramiz Göyüşov, Musa Ələkbərli, Qasım Abdullayev, Mahmud Allahmanlı, Müzəffər Süleymanov, Səma Muğanna, Qafar Sarıvəlli, Mahmud Vəli, Ağacəfər Həsənli, Ayaz Arabaçı, Rüstəm Kamal, Çingiz Abbasov, Bəxtiyar Rüstəmoğlu, Həmid Ormanlı, Babək Məmmədli, Aqşin Ağkəmərli, Fikrət Xəlilov, İlham Qazaxlı çıxış edərək Türkçülük, Turançılıq motivlərinin Rafail İncəyurd yaradıcılığında daha qabarıq əks olunmasını xüsusilə qeyd etdilər. Səməd Vurğun məktəbi keçən şairin böyük insani keyfiyyətlərə malik olmasından söz açdılar. Rafail İncəyurd poeziyasını yeni əsrin nümunəvi yaradıcılığı adlandırdılar.
Daha sonra söz Məmməd Əfşana verildi. Məmməd Əfşan ona göstərilən diqqət və qayğıya görə İlham Pirməmmədova, Nizami Cəfərova təşəkkürünü bildirdi.
Sonda çıxış üçün söz Rafail İncəyurda verildi. Rafail İncəyurd tədbirin yüksək səviyyədə təşkil olunmasında xüsusi əməyi olan İlham Pirməmmədova və Nizami Cəfərova təşəkkürünü bildirdi. Dəvəti qəbul edib gəldikləri üçün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Rəsmi hissədən sonra tədbir iştirakçıları ziyafətə dəvət olundular.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)