Şəhidlər barədə şeirlər - Mehrab Niftəliyev

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Mehrab Niftəliyev

 

Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininCəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Elə indi oxudum

Döyüş yolunu sənin.

Şuşanın üzərində

Zəfər qolunu sənin.

 

Elə indi oxudum

Tarix üstə qanını.

Qəhrəmanlıq yolunu,

İgidlik dastanını.

 

Oxudum ki, vətənə

Qovuşmaq arzun olub.

Oxudum ki, Şuşada,

Vuruşmaq arzun olub.

 

Bütün varlığın ilə

Döyüşlərə girmisən.

 

Sonuncu nəfəsini

Təbəssümünə qatıb,

Şuşada dalğalanan

Bayrağıma vermisən.

 

Beləcə də köçmüsən

Vətənin hər daşına.

Adın qanınla düşüb

Tarixin yaddaşına.

 

Əbədi işıq şəhid,

Odun mübarək olsun!

Yerin mübarək olsun,

Adın mübarək olsun!

 

Daha sənin adın da

İgidlik qalasıdır.

İndi sənin üç balan

Vətənin balasıdır.

 

Zəfər tariximizə

Yazılan kitab oldun,

Adın da Mehrab idi,

Özün də mehrab oldun.

 

Daha xatirələri

Şəkillər daşıyacaq.

Adın ürəyimizdə

Əbədi yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.