“Sənə çətin gəlir unutmaq məni…” UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən birini də Arzu Hüseyn yazıb. 

Onun yaratdığı sevgi mənzərəsində həmişə ayrılıq başda olur. Amma bu mənzərə həm də o qədər canlı, emosional olur ki, adamın içini tərpədir…

Xoş mütaliələr! 

 

Toxunduğum o saçlara nə oldu?

Dodaqların həmin dodaq deyil ki.

Sənə nə var, olan tək mənə oldu,

Başa düşdü, ürək uşaq deyil ki.

 

Sığdırmadım həyatıma başqasın,

Gözlərimə inanardın tanısan.

Mənim üçün indi tamam başqasan,

Mənim üçün sıradansan, hamısan.

 

Bəhanəydi hər zəngim, hər dönüşüm,

Bilirdin ki, asılıyam telindən.

Yandırmadı bu dəfəki öpüşün,

Oynatmadı varlığımı yerindən.

 

Anlamadım  səbəbini bu qışın,

Oyandım ki, nə mən varam, nə də sən.

Nə duamsan, nə ahım, nə qarğışım,

Heçkimimsən, heçnəyimsən, heçnəsən.

 

Ağlamaqdan gözlərinmi yoruldu?

Baxışını yayındırma, görürəm.

Toxunduğum o saçlara nə oldu?

Yad toxundu, yad qoxladı, bilirəm...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.