Şəhidlər barədə şeirlər - Ramil Yusifzadə

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramil Yusifzadə

 

Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəm adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Futbol müəllimliyi” ixtisasına qəbul olmuşdur.

2019-cu ildə Akademiyanın məzunu olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin sonda qarşı tərəfin açdığı artilleriya mərmisinin hədəfə dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Elə indi atanla,

Ananla da danışdım.

O ürəyi od tutub,

Yananla da danışdım.

 

Soruşdum ki, ay ana,

Oğul şəhidi nədir?

Dedi, bala, soruşma,

Ürəyimi göynədir.

 

Dedim ki, Ramil deyən

Damı tikmisinizmi?

Qaranlıq arzulara

İşıq çəkmisinizmi?

 

Dedi, bala, tikəcəm,

Onun dediyi kimi,

Hər şeyi düzəldəcəm

O istədiyi kimi.

 

Beləcə gedir, şəhid,

Burda olan olubdu.

Sən gedəndən ananın

Dili də tutulubdu.

 

Atan da susur indi,

Şəklinə baxan atan.

Göz yaşı üz-gözünə

Axdıqca axan atan.

 

Bəs, orda sən necəsən,

Bu soyuq havalarda?

Sənin qışın necədi,

Məzar daşın necədi?

 

Necədi cənnətinin

Havası indi, şəhid?

Soyuqmu şəhidliyin

Yuvası indi, şəhid?

 

Sənə səslənirəm mən,

Ey savaş meydanında

Peyğəmbərim Nuh şəhid!

Sənə səslənirəm mən,

Ey müqəddəs ruh şəhid!

 

Sənə yalvarıram mən,

Lap istəyirsən məndən

Tanrıya şikayət et!

Bircə dəfə en yerə,

Mənim cismimi geyin

Ananı ziyarət et.

 

 “Ədəbiyyat və incəsənət”

(18.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.