Gənclər Kitabxanasında Məhəmməd Füzulinin 530 illiyi münasibətilə sərgi hazırlanıb

Bu il Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın ədəbi irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, sərgidə ədibin həyat və yaradıcılığına, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlərə, özünün müəllifi olduğu müdrik kəlamlara geniş yer verilib.

Virtual kitab sərgisində ədibin qəzəlləri, poemaları, Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı ədəbiyyat nümunələri haqqında geniş məlumat verilib, müəllifi olduğu “Leyli və Məcnun”, “Bəngu – badə”, “Rind və Zahid”, “Hədiqətus-süadə”, “Şikayətnamə”, “Söhbətül-əsmar” kimi əsərlərin və onun haqqında nəşr edilən “Klassiklər yenə də klassiklər”, “Füzuli qəzəllərinə təxmislər”, “Məhəmməd Füzulinin mətləul-etiqad əsərinin şərhi”, “Eşq sultanı”, “Şəbi-hicran” kimi 20-dən çox kitabın qısa annotasiyası təqdim olunub. 

Sərgi kitabxananın rəsmisaytında https://ryl.az/multimedia/mehemmed-fuzuli-530 yerləşdirilib. 

Kitabxanada, həmçinin “Məhəmməd Füzuli – 530” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli - 530” adlı biblioqrafik bülleten nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.