Super User
Şuşada Emil Əfrasiyab sehri - VAQİF POEZİYA GÜNLƏRİNDƏN
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Bu il Vaqif Poeziya Günlərində bir qeyri adi gözəllik duydum. Rəngarəng təşkil olunmuş proqram. Dahi Füzulinin yaradıcılığına səyahət, Füzuli hücrələri, "Vaqiflə səyahət" adlı bədii musiqili tamaşalar. Son dərəcə maraqlı və orijinal təsir bağışladı.
Loğman Kərimovun özünəməxsus yanaşması bu bədii musiqili tamaşaları daha da gözəl etmişdi. Dostum, qardaşım Qasım Nağının bir aktyor kimi ifası, yanaşması məni valeh etdi. Böyük peşəkar rejissor işi, dramaturgiya hiss olunurdu. Təqdirəlayiq səhnə performansı nümayiş olundu. Son zamanlar belə qənaətə gəlmişəm ki, Azərbaycanın zəngin teatr mədəniyyətinin son dərəcədə inkişafının şahidi oluruq və get-gedə mədəniyyət sahəsində daha çox irəliləyəcəyimizdən əminəm.
Vaqif Poeziya Günlərinin açılış mərasimi Çingiz Abdullayevin çıxışı ilə başladı. İlqar Fəhmi və Səlim Babullaoğlu, Elmira Axundova və başqaları ilə davam etdi. Səlim Babullaoğlu bu dünyadan Şuşanı görməyib gedən şairlərimizi də yada saldı. Barat Vüsalın "Şuşanı alan oğullar" xitablı şeiri isə hər kəsi, özünü də kövrəltdi. Gözəlliklə davam edən Vaqif Poeziya Günlərində "Sözün Vətəni" adlı müasir şairlərin şeirləri dinlənildi bu rəngarəng proqramın içində və şövqündə duracaq qədər möhtəşəm. Etnocaz konserti isə Şuşanın gecəsinə rəng qatdı. Bu barədə bir az ətraflı.
Emil Əfrasiyab Azərbaycan Caz mədəniyyətinin zirvəsində olan musiqi əsərləri ilə Vaqif Poeziya Günlərinə rəng qatdı. Söz ilə ifadəsi olmayan tərzdə Şuşanın gecəsini bəzəyən bir konsertdən söz açıram.
Emil Əfrasiyab Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, Əməkdar artist, Prezident təqaüdçüsüdür. Berkli Universitetinin ilk Azərbaycanlı məzunu, bir çox beynəlxalq yarışmaların qalib sənətkarıdır. Yalnız mən bu gün bu möcüzəvi konsertin təəssüratlarını sizinlə bölüşmək istəyirəm.
Əvvəla Müqəddəs torpağımızda Şəhidlərimizin qanı bahasına qədəm qoyduğumuz torpaqda, bu tarixi və unudulmaz məkanda Azərbaycan bəstəkarlarının musiqi əsərlərini Emil Əfrasiyabın ifasında dinləmək böyük sevinc və qürur hissi aşıladı. Bir əməkdaş olaraq, Mətbuat katibi kimi onun bütün konsert fəaliyyətini bərabər olaraq izləyirəm.
Azərbaycandan kənar xarici ölkələrdə və Azərbaycanın bölgələrində olan konsertlərini nəzərdə tuturam. Yalnız həmişə iştirak etmək istəsəm də alınmayıb. Allahın lütvü ilə bu möhtəşəm ifanı dinləmək müqəddəs məkana təsadüf etdi. Əvvəl çəkiliş etmək istəyi ilə önə keçdim. Yalnız musiqi məni alıb öz dünyasına apardı.
Emil Əfrasıyab sənətin zirvəsində olan bir sənətkardır. Onun bəstələri Azərbaycan bəstəkarlarının əsərlərini, ecazkar musiqisini dünyaya tanıtmaq missiyası daşıyır.
Emil Əfrasiyab Azərbaycan musiqisinin kökünü tarıxini yaşadan sənətkarlardandır. Onun konsert zamanı hər musiqi nömrəsindən qabaq verdiyi şərhlər də hədsiz dərəcədə maraqlıdır və onun nə qədər savadlı və səlist nitqə sahib olduğunu da bizlərə çatdırır.
Aman Allah, bundan böyük xoşbəxtik olar? Şuşa sakinləri, Laçın sakinləri bu günki konsertdə tamaşaçı idilər. Böyükdən kiçiyə uşaqlar, gənclər çox böyük maraqla konserti izləyirdilır.
Sənətkarın "Ataya məktub" əsəri isə hamını kövrəltdi. Bütün gözəl atalara həsr olunmuş bu əsəri hamı ayaqda alqışladı. Emil Əfrasıyab dahi Üzeyir Hacıbəyovun əsərlərindən ibarət parafraz əsərini də ifa etdi. Şuşa torpağında Üzeyir bəyin əsərləri mistik gözəlliklə hər tərəfə səs saldı.
Bu il çox fərqli idi Şuşa gecələrində küçələrdə eşidilən caz ifası.
Konsert bitir, hamı hər kəs Emil bəyi təbrikə tələsir. Yazıçılar, aktyorlar, Mədəniyyət Nazirliyinin işçiləri, Mədəniyyət Könüllü gəncləri və Şuşa sakinləri…
Onu izləyib yazxınlaşıram.Təbrik edirəm.
Emil Əfrasiyab, sizinlə qürur duyuram. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çox gözəl bir missiyanın daşıyıcısıdır, əslində o, Azərbaycan musiqisinin irsini, ənənəsini qoruyur, yalnız bunu müasir çalarlarda etməyin tərəfdarıdır. Məsələn, bir caz ifasının timsalında. Muğam və təsniflərimizə yeni nəfəs, yeni rəng gətirmək nə gözəldir. Siyavuş müəllim Azərbaycanın bir-birindən istedadlı sənətkarlarını mirvari incisi kimi dənləyib təhsil ocağına gətirir və dayanmadan irəliləyir.
Emil Əfrasiyab Azərbaycan musiqisində nadir tapılan inci sənətkarlarındandır.
Bu il təşkil olunan Vaqif Poeziya Günlərinə mən Yazıçılar Birliyinin dəvəti ilə gəlmişdim. Yalnız həmkarım Emil Əfrasiyabın möhtəşəm layihəsinə, çox hörmət etdiyim Loğman Kərimovun rejissoru oldugu musiqili tamaşa performanslarına laqeyid qala bilmədim.
Vaqif Poeziya Günləri Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan Yazıçılar Birliyinin də iştirakı ikə hər il keçirilən bir ədəbiyyat bayramıdır. Məni bir nüans sevindirir. Bu tədbirə can atan ən zəif şairin, ədəbiyyatçının belə ürəyində böyük Vətən eşqi və sevgisi yanır. Builki proqramda dahi Füzulinin yaradıcılığıni əhatə edən bədii teatral kompozisiya da nümayiş olundu. Bir neçə mövzular da gündəmə gəldi. Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi çərçivəsində çıxışlar, "Dahi Füzulinin yaradıcılığına dair zamanın fövqündə" adı altında konfrans. Müasir şairlərin şeir saatı da keçirildi.
Əslində bu sevgi özü belə artıq şeirdir. Şairlərdən Ramiz Qusarçaylının, Kəmalə Abiyevanın, Fərid Hüseynin, Barat Vüsalın şeirləri yaddaşımda qaıdı və məni sevindirdi. Gözəl şeirlər də dinlənildi. "Sözün Vətəni -Qarabağ" adı altında Müasir poeziya saatını gözəl şairimiz İbrahim İlyaslı aparırdı. Onun bu işin öhdəsindən necə gələcəyini düşünürdüm. Çünki şair çox, vaxt az, təsadüfi şeirlər də şairlər də bir yandan. Amma o da uğurla bitdi. Bütün bunlar bir yana, bütün dünya bir yana, ay mənim əzizlərim, sevdiklərim, Vətənə qovuşmaq nə gözəldir! Əsas budur.
Xoşbəxtlik budur. Vətənə qovuşmaq nə gözəldir, Allah.
Şükran və gözəllik içindəyik.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Şuşada “Sözün repressiyası” sənədli filmi nümayiş olunub
Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Otel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” sənədli filminin nümayişi olub.
AzərTAC xəbər verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.
Filmdə repressiya qurbanlarına çevrilmiş 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda, filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır.
Ekran əsərində Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filoloq alimlərdən Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
STATUS YAĞIŞI - Əli Çağla ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Təbrizdə yaşayan yazar Əli Çağla üçün açır. Buyurun.
Bəzi insanlar da həmişə iqtidarı olanların, qaliblərin arxasındadırlar. Bir nəfər instagramında Avro 24 zamanı İngiltərənin qalib gələcəyini arzu edərək status paylaşmışdı, İspaniya oyunda qalib gəldikdən sonra statusu silib İspaniyanın neçə ildir azarkeşi olduğunu yazdıqdan sonra "Matador ölkəsinə təbrik deyirəm" sözlərini qeyd eləyibdir.
Bu təkcə futbola aid olmur, belə insanlar toplumda opportunistliyin şorun çıxardıblar.
Bunlar həmin səhər çağı "Yaşasın demokrat firqəsi", nahardan sonra da "Yaşasın Pəhləvi höküməti" deyən adamların nəvələri, nəticələridirlər.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə ulduzlardan bir ev qurardım” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Sənə ulduzlardan bir ev qurardım...” şeiri ilə.
Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair.
“Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Sənə ulduzlardan bir ev qurardım...
Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.
Küllə oynamaqdan xoşun gəlirsə
Daşı da yandırıb kül eyləyərdim.
Ömür azaldıqca, arzular artır,
Mən sənə qədərəm...yoxdu ki ardım.
Sənə ulduzlardan bir ev qurardım-
Ayı pəncərəndə tül eyləyərdim.
.Ayrılıq düyünmüş, yar, aça bilsən...
Ömür yol gedirmiş harasa, bilsən.
Sənin əllərinə yaraşa bilsə,
Dünyanı bir dəstə gül eyləyərdim...
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
“Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib
Əyyub Türkay, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı xanım "Kiçiklərin böyük ədəbiyyatına doğru" adlı məruzəsində haqqımda bildirmişdir:
“Əyyub Türkayın "Balaca qəhrəmanlarım" adlı kitabında həm bağçayaşlı uşaqlar, həm ibtidai sinif şagirdləri üçün qələmə aldığı şeirləri, nağıl və hekayələri toplanmışdır. Tərbiyəvi əhəmiyyət daşıyan "Ərköyün oğlan", "Şirin dərman", "Acgöz ağa" hekayə və nağılları həm də maraqlı süjet xəttinə malikdir. Ümumilikdə müəllifin balaca qəhramanları həm də kiçik oxucuların hər birinin həyatdan tanıya biləcəyi, hər gün rastlaşa biləcəkləri həyati qəhrəmanlardır. Onlar bu əsərləri oxumaqla həm də həyatda üzləşə biləcəkləri situasiyaya hazırlaşmış olurlar. Kitabda verilən tapmacalar isə uşaqların təfəkkür və düşüncəsinə təsir etmək baxımından əhəmiyyətlidir".
Mənim yaradıcılığıma göstərdiyi diqqətə görə hörmətli və fədakar alim olan Aygün xanıma dərin minnətdarlığımı bildirirəm.
Məqaləni geniş şəkildə "Ədəbiyyat qəzeti"nin 13 iyul 2024-cü il nömrəsində oxuya bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
“Həyat dispanseri” – Jalə İslamın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Jalə İslamın “Həyat dispanseri” hekayəsini təqdim edir. Əminik ki, bəyənəcəksiniz.
Dəli olmaq bu həyata qarşı verə biləcəyin ən mükəmməl cavabdır!
Bu, özünə verdiyin son şans olsun və söz ver ki, yaxşı dəyərləndirəcəksən. İslam Sultanov, öz içində özünü tap, unutma ki, sən belə deyildin...
Özünü tap/ 11 fevral 2021-ci il
Normal bir insan zəngli saatı niyə qurub yatır? Yəqin ki, günün yorğunluğu ilə səhər qalxa bilməyəcəyini düşünüb saatı həmin vaxta qurur və dərin bir yuxunun təsiri altına düşür. Bəs bu, məndə niyə alınmır? Mən niyə normal insanlar kimi bu qaydaya əməl edə bilmirəm?
Bəlkə də, saat altıya qurulan zəngli saatdan tam on beş dəqiqə əvvəl oyanmaqda məqsədim hər şeyin necə baş verəcəyini ən başından təxmin etdiyim, doğan günəşi özümə düşmən elan etdiyim yeni bir günə oyanmaq istəməməyim idi. Saatın tamam olmağına beş dəqiqə qalmış Saranın ayaq səslərini eşidirdim. Onun da günlük vəzifələri içərisində məni oyatmaq kimi bir məşğələsi var idi. İçimdə olan bütün bu hisslər, bir də Saranın ayaq səsləri məni bu çarəsizliyə daha çox itələyir, həmçinin vahiməyə salırdı. Öz-özümə sual verirdim ki, görəsən, bu qadın özü yuxudan nə vaxt qalxır? Bəlkə də, heç yatmır. Sanki mən deyil o işə gedir, bu qədər həvəslidir. Saranın yenə oyaq ikən məlahətli olsa da, səhərin bu çağında mənə ölüm zəngi kimi gələn o səsini eşidirdim:
-İslam, qalx, artıq gecikəcəksən.
- Yaxşı, əzizim.
Əl-üzümü yuduqdan sonra Saranın mənə verəcəyi günlük nəsihətləri dinləmək üçün bir masa arxasında əyləşdik. Sanki Sara məni hər səhər işə yox, döyüşə göndərirdi. Geri qayıtdığım zamanda da eynilə belə idi, o, sanki ölkəni xilas edib geri qayıdan həyat yoldaşını qarşılayırdı.
-İslam, psixoloqa nə vaxt gedirsən?
-Cümə günü saat üçdə. Görüşü öz işimin olmadığı vaxta salmışam.
-Məncə, sənin sağlığın işlərindən önəmlidir, əzizim. Arada özünə vaxt ayır. Bu məni daha da xoşbəxt edir.
-Mən çox yaxşıyam, sən heç narahat olma. Əvvəlkindən özümü daha güclü hiss edirəm. Bunda sənin də payın var, hər zaman mənim yanımda olub ən böyük dəstəyi verdiyin üçün mən bu həyatın ən bəxtiyar kişisi ola bilərəm.
Yeməyimi yeyib bitirdikdən sonra mən həmişə oğlum ilə hal-əhval olurdum və bu vəzifəmi unuda bilməzdim.
-İslam, sən orada nə edirsən ?
-Əzizim, oğlumuz gələcəkdə hansı peşəni seçəcəyini artıq qərarlaşdırıb. O, hüquqşunas olacaq və bu mötəbər qərarını ilk olaraq atası ilə bölüşdü.
-Sən yenə şəkilləri dağıtdın? İslam, axı sən niyə belə edirsən? Mən hər gün toplayıram, sən yenə dağıdırsan və özün özünü aldadırsan. Sən artıq nə vaxt anlayacaqsan ki, bizim oğlumuz daha həyatda deyil? Xahiş edirəm, artıq özünə gəl. Mənim üçün də çətindir, amma sənin bu halın məni daha çox üzür.
Mən, deyəsən, heç istəmədən də olsa, yenə eyni fırtınaya özümü təslim etmişdim. Məni hansı sonun gözlədiyini özüm də bilmirdim. Çıxarkən Sara arxamca səsləndi:
-Yemək yeməyi unutma, yaşıl rəngli dərmanını bugün günorta və axşam yeməyindən əvvəl iki dəfə iç və bir də xahiş edirəm, psixoloqa get.
Bütün bunlar mənə çox ağır idi. Mən öz daxili dünyama hər zaman uduzurdum. Mənim cismimin qalibi qəlbim idi. Beynim sanki onun əsiri olmuşdu və bütün düşüncələrim susdurulmuşdu. Elə bil bir cərəyanla dövr edib eyni yerə çıxırdım. Bu yerdə itirmiş olsam da, bütün həsrət qaldığım, görmək istədiyim hər şey yatırdı və mən xülyaya inanırdım.
Beynimdə dönən bu qara düşüncələrlə iş yerimə çoxdan çatmışdım. Yenə eyni peşəkarlıqla İslamı qapının arxasında qoymalı idim. Burada öz problemlərimə yer yox idi. Ənənəmə sadiq qalaraq koridorda bütün işçiləri salamlayaraq öz otağıma doğru addımladım, qapının üzərində olan yazılı lövhəni düzəldib, ( lövhə üzərində: Psixoloq-İslam Sultanov yazılmışdı ) otağa keçdim. Bir az keçmişdi ki, köməkçim çayımı gətirərək otağa daxil oldu:
-Həkim, gününüz aydın olsun.
-Sənin də, Şəfəq. De görək, bugün hansı ağıllı gələcək?
-Bir azdan bir nəfər gələcək. Xəstə haqqında məlumatları sizə az sonra təqdim edəcəyəm.
Şəfəq burada mənim şıltaqlıqlarıma səbr edən yeganə şəxslərdən biri idi, həmçinin, mənim bütün xəstələrimi ağıllı adlandırmağıma da alışmışdı, ona görə də, gülümsəyərək qarşılıq verirdi.
Yarım saat sonra qapı döyüldü. Mənim icazəmlə otağa nisbətən həyatın bütün ağır yüklərini çiynində hiss etdiyim bir şəxs daxil oldu. Saçı və saqqalı ağarmışdı, amma üzünün nurlu çöhrəsi elə də yaşlı olmadığının bir sübutu idi. Bəlkə də yaşını elə bu səbəbdən təxmin edə bilmədim.
Bəzən cismin yaşı ruha yüngül, ruhun yaşı isə cismə ağır gələr!
Əyninə geyindiyi gödəkcə təmiz əldən düşmüşdü, bir əli ilə gödəkçənin bilək hissəsindən çıxan köynəyinin qolunu əlinin içinə alaraq bərk-bərk sıxırdı. Ayaqqabıları çirkli idi və o qədər köhnəlmişdi ki, bəlkə də dil açıb artıq məndən əl çək deyə bilərdi. Buna baxmayaraq, mənim diqqətimi daha çox onun başındakı balıqçı papağı çəkdi. Hər şey bir yana, bu insan mənim gözlərimə dərin və səbəbini bilmədiyim kədərlə baxırdı. Danışmasa da, bu gözlər məni artıq yaralamışdı. Kim bilir, danışsa halım nə olardı?!
-Xoş gəlmisiniz, buyurun oturun. Adınızı bilsəm, daha xoş olardı.
-Təşəkkür edirəm, adım Vüqardır.
Elə bu an Şəfəq içəri daxil oldu və mənə qarşımdakı insanla bağlı içərisində şəxsi məlumatlar olan qovluğu təqdim etdi. Bir az göz gəzdirdikdə, həqiqətən, təəccübləndim. Bu insan bir zamanların tanınmış cərrahı Doktor Vüqar Qurbanov idi. Təəccüblə gözlərimi ona zillədim, deyəsən, o da vəziyyətin fərqində idi və mənə baxaraq gülümsədi. Hisslərimi gizlədərək onunla normal danışmağa çalışdım:
-Doktor Qurbanov, niyə əvvəlcədən gələcəyinizi xəbər etməmisiniz? Sizi daha fərqli qarşılayardım, belə heç razı qalmadım.
-Mənə belə xitab etməyin, xahiş edirəm, yalnız soyadımla səslənin, amma gərək olmayan əlavələrə ehtiyac yoxdur. Bugün sizin qarşınızda həkim deyil, bir ağıllı olaraq əyləşmişəm.
Bir insan necə bu qədər təmkinli ola bilər? O, mənim dediklərimə duruşunu pozmadan, üzündəki məlum təbəssümlə cavab verirdi. Mən bu insanın qarşısında əzildiyimi bariz görürdüm. Haqqımda bu qədər məlumata sahib olması da məni ayrıca qorxudurdu. Yenə özümü bir təhər ələ aldım.
-Sizin düşüncələriniz mənim üçün, bizim üçün çox önəmlidir. Yaxşı, o zaman belə edək. Qurbanov, sizi bura gətirən səbəb məni həqiqətən düşündürür. Buyurun, sizi dinləyirəm.
-Bəzən heç bir səbəb olmaz. Getmək istəyərsən, gedərsən, ya da etmək istəyərsən, edərsən, çünki düşünsən, özündə güc tapmazsan. Çox zaman həyatın sənə bəxş etdiyi təsadüflərlə razılaşmaq insana rahatlıq verir.
-Doğrudur, təsadüflər insana ən dərin xoşbəxtliyi yaşadır. Deməli, bugün mən də sizin təsadüfünüz olacağam.
Bütün bunları söyləyərkən onun rahatlaması üçün üzümdə mülayim bir sima yaratdım.
-Bu gün sizinlə ağıllı və həkim olaraq deyil, iki normal insan olaraq danışmaq istəyirəm. Bilirsiniz ki, insanlar qarşısındakına yalnız özlərinə maraqlı olan sualları verər. Mənim də belə edəcəyimi, yəqin ki, artıq siz də anlamısınız.
Bu qısa və eləcə də mövzusunda məna axtarmağa çətinlik çəkdiyimiz söhbətdən sonra onda rahatlıq hiss edirdim. Hər şey bir yana bu insan sanki çox vacib bir mübarizə içərisində idi və gec də olsa, qazanacağından əmin baxışları ilə məni süzürdü. Ona baxarkən yaşadığım təəssüratın bir çoxunu sözlə izah etməkdə çətinlik çəkirəm.
-Sizə qatılıram. Qarşımızdakı insan verdiyi suala hər zaman öz istədiyi cavabı gözləyər, çünki insanlar cavabını bildiyi sualları verməyi hər zaman çox sevərlər. Bu nə qədər qarşısındakını yaralasa belə...
-Buna, əslində, maraq yox, ehtiyac da deyə bilərik. İnsanlar hər zaman bəzən bir ümid deyərək yola çıxır və kimisə və bəlkə də kimdəsə nəyisə axtarır. Şübhəsiz ki bu həyatda hər kəs öz dərmanını axtarır, bu yolda onun imtahanı zəhəri olanlardır. Məncə, hər şeyi bir qırağa qoysaq, mən də bir insanam və məni maraqlandıran sualı vermək ən başlıca haqqımdır. Əgər hazırsınızsa, bir psixoloq kimi vəzifəmi icra etmək istəyərəm.
-Mən hazıram, Doktor Sultanov, əsas siz hazır olun. Buyurun.
Rədd cavabı almadığıma sevincək olub sualımı dərhal verdim:
-Sizi ömrünüz boyunca ərsəyə gətirdiyiniz bu həyatı əlinizin tərsi ilə itələməyə nə vadar etdi? İki il ərzində sizi peşənizdən ayrı salan səbəb nə idi?
-”İnsan evinə itirdiyi zaman dönər” -deyə zamanında bir cümlə oxumuşdum. Məsələ budur ki, mən itirdim, Doktor Sultanov. Mən ilk dəfə tam iki il bundan əvvəl gücümü itirdim. Bütün hislərim təmkinlilikdən günahkarlığa çevrildi. Əlli üç illik həyatımda ilk dəfə özümə baxtıqda tanıya bilmədim, çünki mən o gün həkim deyil, qatil idim. Yalnız bir həkim bu hadisəni həyatın ona gətirdikləri olaraq dəyərləndirə bilər, amma o aynadakı surət, o adam bir qatil idi və mənə tanış deyildi.
-Siz, deyəsən, qürurunuza uduzmusunuz, ya da bir həkim olaraq yaşadığınız ilk məğlubiyyət sizə təsiredici zərbə vurub.
-Bunu iki il əvvəl yaşadığı itki ilə barışa bilməyən sizmi deyirsiniz? Sizin də həyatınızda bir günahkar var, hərçənd ki, siz onu yaşananlara şahid olmadan günahlandıra bilirsiniz.
-Həyat çox qəribədir. Bəzi insanlar içində böyük bir dünya yaradır və gün gəlir, bu dünya əks təsirlə yox olur. O zaman sənin əlində heç nə qalmır. İnsan ona bəxş edilən dünyanı deyil, öz yaratdığı dünyanı sevir, ona bağlanır. Tanrı bu zaman səni o dünyanın yoxluğu ilə sınayır. Sən əvvəl yaşaya bilmərəm dediyin hər şeylə barışmaq məcburiyyətində qalırsan. Bütün suallar içindən sənə sadəcə bir sual qalır: Bu yaşamaqdır, ya nəfəs almaq?
Mən 10 illik həsrətlə gözlədiyim oğlumu itirdim. İnsana bir yuxu kimi gəlir. Yuxuların tərsi olur deyirlər, amma mənim yaşadıqlarım gerçəkdir. Mən sadəcə buna inanıram. Mənim həyatımın bir günahkarı var, o da mənim öz əllərimlə öz dünyamı, oğlumu təslim etdiyim insandır.
-Sualınıza cavab olaraq deyə bilərəm ki, bu sadəcə nəfəs almaqdır. İnsanın yaşamaq məcburiyyətində qaldıqları bəlkə də sınaq deyil. Tanrı sadəcə öyrətmək istəyir ki, kimsəni bu qədər sevməməliyik. Elə bir an gələr ki, ya o ölər, ya da biz onu içimizdə öldürərik. Amma hər halda bizə yaşadığımız hər şey üçün şükür etmək öyrədilib, çünki sağ ikən birinin qəlbində ölmək qədər vahiməli olan bir şey tanımıram. Məsələn, mən yaşadığım, ya da belə deyək, yaşatdığım hadisə nəticəsində ailəmin və məni sevənlərin gözündə öldüm, eynilə sizin həyatınızın günahkarı sizin qəlbinizdə öldüyü kimi.
-Ölmək o qədər asan iş deyil, Qurbanov. Onun mənim qəlbimdə ölməsi üçün, öncəliklə onu o viran qalmış yerdə yaşatmalıyam.
-Onda siz asan yolu seçmisiniz, Doktor Sultanov. Yox etmək, yaşatmaqdan daha asandır!
-....
Bilirsən, bugün nə oldu? Oğlum ilk dəfə mənə hansı peşəni seçəcəyindən danışdı. O, hüquqşunas olmaq istəyir, bu ki mənim ən sevdiyim peşədir. Nə də olsa atası kimi gündə ağıllılarla baş-beynini pozmaq məcburiyyətində qalmayacaq. Düzü, yenə ətrafında normal insan olmayacaq, lakin vəziyyət az da olsa parlaqdır. Amma nə yalan deyim o, həm də çox yaxşı futbol oynayır. Mən çox istəyərdim futbol oynasın, amma boş ver, İslam. Onun fikirlərinə hörmət elə, qoy uşaq nə istəyir eləsin və həyatı ilə bağlı nə qərar verməlidir, özü versin. Həm 18 yaşındadır, artıq uşaq deyil. Bir işdə peşəkar, bir işdə həvəskar olsun.
Allahım, deyəsən İslam yenə dərmanlarını içməyi unudub. Yenə gündəliyinə yazdığı məlumatlar yarım qalıb və artıq deyə bilərəm ki, neçənci dəfədir ki, eyni insan haqqında məlumat verir. Ya onun yanına gələn eyni adamdır, ya da hamısı bir-birinə bənzəyir. Görəsən, xəstənin yanında nə vəziyyətə düşüb? Artıq ona əsəbləşməyi də bacarmıram, çünki mənim də içim yanır. Zamanla hər şey onda pisə doğru gedir. Düşünürəm ki, onunla danışıb bu işi tərk etməyini söyləməyin zamanıdır. Bununla yanlnz özünə deyil, qarşısındakı insana da zərər verir. Başqaları qarşısında kiçik düşməyi mənim ən son istəyəcəyim şeydir. Yenə təzə adət çıxarıb. Bu zərf nədir belə? Ah İslam, nə düşündüyünü, nə etməyə çalışdığını kaş bu yazıq Sara anlasa. Açım görüm burada nə yazmısan.
Bu bir günahkarın əhv məktubudur...
Bu sizinlə artıq səkkizinci görüşümüzdür, Doktor Sultanov. Amma sizin məni yenə unudacağınızı bilirəm. Onsu zxatırlamağınıza da artıq ehtiyac yoxdur. Siz hər halda ən yaxşısını edirsiniz. Unudaraq, öz bildiyiniz doğrulara inanaraq yaşayırsınız. İlahi, kim bilir bu necə də gözəl bir hisdir?! Sizə bol-bol unudacağınız günlər arzulayıram. Yaşadığım həyat mənə;” Mənfəətlərinin qurbanı olan biri, gün gələr öz həyatının qurbanı olar”.- məhz bu cümlənin mənasında olan bütün dərinlikləri başıma vura-vura öyrətdi. Düşünürəm ki, bundan böyük dərd ola bilməz.
12 fevral 2019-cu il, bu tarixi ikimiz də qəlbimizə yazdıq. Sən çox zaman unutmağı, mən isə illər keçsə belə həmin gündə yaşatmağı seçdim. İndi isə mən ölməyi seçirəm, sən məni qəlbində unudaraq yaşat, Doktor Sultanov. Balıqçı papağım dənizin kənarındakı limanda olacaq. Məni isə artıq o limana çıxara bilməzsən...
Özünü tap/ 12 fevral 2021-ci il
Bugün onu çox gözlədim, bəlkə də illərlə içimdə boğaraq saxladığım iki kəlməni söyləmək üçün.
Məni bağışla!
Bəzən zərif bir vərəq belə olsa, ölümü qucaqlayacaq qədər şəfqət dolu olar...
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “Baxıram” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın şeirlərini təqdim edir.
BAXIRAM
Gözündə bir qorxu, min bir həyəcan,
İlahi nə duyur xəyalən görən?
Könlündə yaşıl və sıcaq bir Muğan,
Sənmisən röyamda məni öldürən?
Bir olay sındırıb yenə vüqarı,
Keçmişi büsbütün itirdim daha.
Qaldırıb içimdə yetim divarı,
Çəkilir kimliyim bu gün, sabaha.
Gəlib gözlərimin önündə durub,
Baxıram könlünün pəncərəsindən.
Gəlişin sevinci beynimə vurub,
Qopardın tənimi yer kürəsindən.
Gözlərin gözümə zillənən çağı,
Elə bil köksümdən güllə sovuşdu.
Dodağın bir anlıq güllənən çağı,
Sürəkli qışımdan çillə sovuşdu.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
Şəhidlər barədə şeirlər - Ələkbər Musayev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ələkbər Musayev
Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Onun nəşi uzun müddət tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb.
Anamadeyinki, yoluma çıxsın,
Sevinsin, mən şəhidolubgəlirəm.
Tabutum önündə qolunuaçsın,
Oynasın, Şuşanı alıbgəlirəm.
Gəlirəmsevincək, ürəyidolu,
Anamadeyinki, dönürəmgeri.
Uzunmuş savaşınqayıdış yolu,
Qələbə tabutum, yerihayeri.
Anama deyin ki, bitib intizar,
Vətənə borcumdu döyüş, vermişəm.
Evə tələsirəm, bir az işim var,
Sevdiyim gözələ görüş vermişəm.
Anama deyin ki, narahat olma,
Bütün ağrıları özüm çəkəcəm.
İşləyib verəcəm borclarımızı,
Gəlib özümüzə ev də tikəcəm.
Anama deyin ki, darıxmasın heç,
Həsrətin ayları, illəri boyda.
Sinəmin üstündə güllə yarası
Atamın qabarlı əlləri boyda.
Anama deyin ki, müqəddəs savaş
Şanlı bir zəfərlə yetişdi sona.
Anama deyin ki, bu mən deyiləm,
Vətən göndərirəm bir tabut ona.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
Hauz və Mitçelin «Yol – məqsəd» adlı liderlik modeli
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bəri başdan deyim ki, mən Hauz və Mitçelin «Yol - məqsəd» adlı menecment referatını oxuyanda ikiqat məmnunluq hissləri keçirmişəm.
Niyə? Çünki öncə liderliyin bu situasiya modelini çox bəyənmişəm, onun şərtləri ilə diqqətlə tanış olduqca teoriya ilə praktikanın mükəmməl nəticəyə yönəlmiş vəhdətini duymuşam.
İkinci hissləri isə Terens Mitçel və Robert Hausun bu fundamental əməyi ilə şəxsən tanış olmadığım halda öz praktikamda – həm auditorluq, həm konsaltinq, həm də biznes fəaliyyətimdə idarə və şirkətlərimdə çalışan işçilərlə münasibətdə məhz bu modeldən bəhrələnməyim doğurub, bir sözlə, bu görkəmli şəxslərlə eyni fikirliliyim doğurub.
Nədir «Yol – məqsəd?» Odur ki, lider məqsədə çatmaq üçün yolu hamarlaşdırır, daş-kəsəkdən təmizləyir ki, rahat şütüyə bilsin. Burada «hamarlaşdırma, daş-kəsəkdən təmizləmə» anlamı özlüyündə işçiləri yaxşıca stimullaşdırmaqla maddi və şəxsi problemlərindən qoparmağı, onların «diqqət və qayğı görmək, fikirləri ilə hesablaşmaq» tələbinə müsbət cavab verməyi ehtiva edir.
Qısası, bu modelin mahiyyəti işçilərin ortaya qoyduqları işlə son nəticədə maraqlı olmaları asılılığından ibarətdir, yəni ki, gördükləri işin müqabilində, loru dillə desək, işçilər yaxşıca ənam gözləyirlər. Modelin müəllifləri bildirirlər ki, liderlik effektivliyi ilə ardıcılların motivasiya gözləntilərinin səviyyəsi arasında birbaşa əlaqə vardır.
Model 4 lider stilini (direktiv, dəstəkləyici, nailiyyətə köklənmiş, idarəetmədə iştirak stili) aşağıdakılara uyğun müəyyənləşdirir:
1. Şərait faktorlarına rəğmən işçilərin xarakteristikası:
a) uğurlu nəticəyə inanan;
b) tabeçiliyə meyilli;
c) qabiliyyət dərəcəsi.
2. Təşkilatı faktorlar:
a) işin məzmunu və strukturu;
b) formal idarəçilik sistemi;
c) qrupun mədəniyyəti;
d) ardıcıllarının davranışı əsasında.
3. İşdən məmnunluq:
a) yaxşı işləyirəm, yaxşı da qazanacağam.
4. Motivasiya:
a) daha çox səy göstərim, daha yaxşı nəticə mütləq olacaq;
b) bu nəticəyə görə təltif olunacağam.
İndi də gəlin qısaca 4 lider stilinin xarakteristikasına nəzər yetirək:
1. Direktiv stil.
Məğzində işçinin stimullaşdırılması dayanan bu stil işçilərin müstəqilliyə və muxtariyyata can atmamaları zamanı təşəkkül tapır. Stimullaşacaqlarını bilən işçilər əmr və tapşırıqları alıb görüləcək işləri mümkün qədər tez görmək istəyirlər. Lider isə dəqiq tapşırıqlar verməklə işin müsbət sonluğunu şərtləndirir.
2. Dəstəkləyici stil.
Bu stildə stimullaşacaqlarını bilən, bununla belə yenə də özlərinə hörmət tələb edən işçilərlə onlardan qayğısını əsirgəməyən liderin münasibətləri öz əksini tapır.
3. Nailiyyətə köklənmiş stil.
Bu stildə işçilər nailiyyətlərə tam köklənmiş olur, hədəfi vuracaqlarına tam əminlik duyurlar. Lider isə onların hər biri qarşısında dəqiq məqsəd qoyaraq onlara yüksək nəticə qazanmağın vacibliyini aşılayır.
4. İdarəetmədə iştirak stili.
İşçilərin özlərini idarəetmədə görmələri bu stilin əsasını təşkil edir. Lider onlarla informasiya bölüşür, onların fikirləri ilə heçablaşmalı olur.
Beləliklə, uğur qazanmanın növbəti mərhələsi olan liderlik əldə etmək, liderlik qazanmaq yollarının ən qabaqcıl metodikası ilə qısaca tanış olduq. Və bu tanışlıq, bizə ən əsası, onu öyrətdi ki, liderlik xüsusiyyətləri qazanmaq yolunda öz üzərində çalışıb bir fərd kimi liderə xas bütün üstünlükləri (bilik, savad, müsbət davranış, müsbət xüsusiyyətlər, qabaqcıl praktik təcrübə) əxz etməyinlə yanaşı, öz potensial elektoratınla, ardıcılların və işçilərinlə münasibəti düzgün təməl üzərində qurmağın da əhəmiyyətli rol oynayır.
Bizim oteldə bir işçi vardı, tez-tez ondan şikayətlər gəlirdi ki, nizam-intizamı pozur, digər işçilərlə yola getmir. Hətta əlinin əyri olması, əyintilərə yol verib gizli pullar qazanması da bildirilirdi. Otel rəhbərliyi ondan canlarını qurtarmaq istəyir, məndən onu işdən azad etməyi xahiş edirdilər. Əlbəttə, bilavasitə bu işçi mənim rəhbərliyim altında olmadığından, mən Bakıda, onun iş yeri isə Qubada olduğundan elə bir tanışlığımız da yox idi, mən ona birbaşa təsir də göstərə bilməzdim.
Bir gün eşitdim ki, illərdir ailə qurub övlad sevinci yaşamadığı halda indi dünyaya övladı gəlib. Qubaya gedəndə pay-pürüşlə onun qapısını döydüm, təbrik etdim. İnsan bu gözlənilməzlikdən o qədər sevinmişdi ki, dili söz belə tutmurdu.
Ertəsi gündən o tamamilə dəyişildi. Artıq otel rəhbərliyi barəsində yalnız müsbət şeylər söyləyir, onu hey tərifləyir, möcüzə baş verdiyini deyirdilər.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)
BİR SUAL, BİR CAVAB Faiq Hüseynbəyli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Ulayır səbrimi kəsən küləklər,
Torpaqdan, dənizdən küsən küləklər
Bu yağan yağışlar, əsən küləklər,
Yar gələn yollarda tozun yorğunu.
Tanrı, sirlərini açan bəndəyəm,
Mən haçan Tanrıyam, haçan bəndəyəm?
Sözlə qanadlanıb uçan bəndəyəm,
Sözün yorğunuyam, sözün yorğunu.
(Faiq Hüseynbəyli)
"İnsanlar yorğun, həyat tərəfindən cəzalandırılmış, ya sevgiylə, ya da sevgisizliklə şikəst olmuş." (Ç. Bukovski)
Faiq bəy, şairləri nə yorur, niyə yorur?
CAVAB
Bu sualın cavabı elə öz əksidir. Şairlər yorulmur, sadəcə yorğunluqdan şairlik doğur, şeir yaranır. Şair ömrü Sizif əzabıdır. Yorğunluq həm də çəkilən yükün göstərisidir. Yüklü şeirlər yorğunluğun məhsuludur. Şairi isə yoran həyata keçməyən arzular, yarım qalan sevgilər, bir az həyatda qərarsızlıq, haqq uğrunda mübarizə, ədalət mexanizminin işləməsi üçün çabalardır. Çünki, şairlər təkcə özlərini yaşamır, həm də cəmiyyətin qarşılaşdığı problemlərə ayna tutur. Orta əsrlərdə bir çox şairləri, dərvişləri tüfeyli həyat tərzinə görə qınayıblar. Əslində, bu yaşam özü cəmiyyətlə iqtidar arasında güzgü effekti rolunu oynayıb.
Ədəbiyyat və incəsənət”
(19.07.2024)