“Ədəbiyyat və incəsənət” portalı Jalə İslamın “Həyat dispanseri” hekayəsini təqdim edir. Əminik ki, bəyənəcəksiniz.
Dəli olmaq bu həyata qarşı verə biləcəyin ən mükəmməl cavabdır!
Bu, özünə verdiyin son şans olsun və söz ver ki, yaxşı dəyərləndirəcəksən. İslam Sultanov, öz içində özünü tap, unutma ki, sən belə deyildin...
Özünü tap/ 11 fevral 2021-ci il
Normal bir insan zəngli saatı niyə qurub yatır? Yəqin ki, günün yorğunluğu ilə səhər qalxa bilməyəcəyini düşünüb saatı həmin vaxta qurur və dərin bir yuxunun təsiri altına düşür. Bəs bu, məndə niyə alınmır? Mən niyə normal insanlar kimi bu qaydaya əməl edə bilmirəm?
Bəlkə də, saat altıya qurulan zəngli saatdan tam on beş dəqiqə əvvəl oyanmaqda məqsədim hər şeyin necə baş verəcəyini ən başından təxmin etdiyim, doğan günəşi özümə düşmən elan etdiyim yeni bir günə oyanmaq istəməməyim idi. Saatın tamam olmağına beş dəqiqə qalmış Saranın ayaq səslərini eşidirdim. Onun da günlük vəzifələri içərisində məni oyatmaq kimi bir məşğələsi var idi. İçimdə olan bütün bu hisslər, bir də Saranın ayaq səsləri məni bu çarəsizliyə daha çox itələyir, həmçinin vahiməyə salırdı. Öz-özümə sual verirdim ki, görəsən, bu qadın özü yuxudan nə vaxt qalxır? Bəlkə də, heç yatmır. Sanki mən deyil o işə gedir, bu qədər həvəslidir. Saranın yenə oyaq ikən məlahətli olsa da, səhərin bu çağında mənə ölüm zəngi kimi gələn o səsini eşidirdim:
-İslam, qalx, artıq gecikəcəksən.
- Yaxşı, əzizim.
Əl-üzümü yuduqdan sonra Saranın mənə verəcəyi günlük nəsihətləri dinləmək üçün bir masa arxasında əyləşdik. Sanki Sara məni hər səhər işə yox, döyüşə göndərirdi. Geri qayıtdığım zamanda da eynilə belə idi, o, sanki ölkəni xilas edib geri qayıdan həyat yoldaşını qarşılayırdı.
-İslam, psixoloqa nə vaxt gedirsən?
-Cümə günü saat üçdə. Görüşü öz işimin olmadığı vaxta salmışam.
-Məncə, sənin sağlığın işlərindən önəmlidir, əzizim. Arada özünə vaxt ayır. Bu məni daha da xoşbəxt edir.
-Mən çox yaxşıyam, sən heç narahat olma. Əvvəlkindən özümü daha güclü hiss edirəm. Bunda sənin də payın var, hər zaman mənim yanımda olub ən böyük dəstəyi verdiyin üçün mən bu həyatın ən bəxtiyar kişisi ola bilərəm.
Yeməyimi yeyib bitirdikdən sonra mən həmişə oğlum ilə hal-əhval olurdum və bu vəzifəmi unuda bilməzdim.
-İslam, sən orada nə edirsən ?
-Əzizim, oğlumuz gələcəkdə hansı peşəni seçəcəyini artıq qərarlaşdırıb. O, hüquqşunas olacaq və bu mötəbər qərarını ilk olaraq atası ilə bölüşdü.
-Sən yenə şəkilləri dağıtdın? İslam, axı sən niyə belə edirsən? Mən hər gün toplayıram, sən yenə dağıdırsan və özün özünü aldadırsan. Sən artıq nə vaxt anlayacaqsan ki, bizim oğlumuz daha həyatda deyil? Xahiş edirəm, artıq özünə gəl. Mənim üçün də çətindir, amma sənin bu halın məni daha çox üzür.
Mən, deyəsən, heç istəmədən də olsa, yenə eyni fırtınaya özümü təslim etmişdim. Məni hansı sonun gözlədiyini özüm də bilmirdim. Çıxarkən Sara arxamca səsləndi:
-Yemək yeməyi unutma, yaşıl rəngli dərmanını bugün günorta və axşam yeməyindən əvvəl iki dəfə iç və bir də xahiş edirəm, psixoloqa get.
Bütün bunlar mənə çox ağır idi. Mən öz daxili dünyama hər zaman uduzurdum. Mənim cismimin qalibi qəlbim idi. Beynim sanki onun əsiri olmuşdu və bütün düşüncələrim susdurulmuşdu. Elə bil bir cərəyanla dövr edib eyni yerə çıxırdım. Bu yerdə itirmiş olsam da, bütün həsrət qaldığım, görmək istədiyim hər şey yatırdı və mən xülyaya inanırdım.
Beynimdə dönən bu qara düşüncələrlə iş yerimə çoxdan çatmışdım. Yenə eyni peşəkarlıqla İslamı qapının arxasında qoymalı idim. Burada öz problemlərimə yer yox idi. Ənənəmə sadiq qalaraq koridorda bütün işçiləri salamlayaraq öz otağıma doğru addımladım, qapının üzərində olan yazılı lövhəni düzəldib, ( lövhə üzərində: Psixoloq-İslam Sultanov yazılmışdı ) otağa keçdim. Bir az keçmişdi ki, köməkçim çayımı gətirərək otağa daxil oldu:
-Həkim, gününüz aydın olsun.
-Sənin də, Şəfəq. De görək, bugün hansı ağıllı gələcək?
-Bir azdan bir nəfər gələcək. Xəstə haqqında məlumatları sizə az sonra təqdim edəcəyəm.
Şəfəq burada mənim şıltaqlıqlarıma səbr edən yeganə şəxslərdən biri idi, həmçinin, mənim bütün xəstələrimi ağıllı adlandırmağıma da alışmışdı, ona görə də, gülümsəyərək qarşılıq verirdi.
Yarım saat sonra qapı döyüldü. Mənim icazəmlə otağa nisbətən həyatın bütün ağır yüklərini çiynində hiss etdiyim bir şəxs daxil oldu. Saçı və saqqalı ağarmışdı, amma üzünün nurlu çöhrəsi elə də yaşlı olmadığının bir sübutu idi. Bəlkə də yaşını elə bu səbəbdən təxmin edə bilmədim.
Bəzən cismin yaşı ruha yüngül, ruhun yaşı isə cismə ağır gələr!
Əyninə geyindiyi gödəkcə təmiz əldən düşmüşdü, bir əli ilə gödəkçənin bilək hissəsindən çıxan köynəyinin qolunu əlinin içinə alaraq bərk-bərk sıxırdı. Ayaqqabıları çirkli idi və o qədər köhnəlmişdi ki, bəlkə də dil açıb artıq məndən əl çək deyə bilərdi. Buna baxmayaraq, mənim diqqətimi daha çox onun başındakı balıqçı papağı çəkdi. Hər şey bir yana, bu insan mənim gözlərimə dərin və səbəbini bilmədiyim kədərlə baxırdı. Danışmasa da, bu gözlər məni artıq yaralamışdı. Kim bilir, danışsa halım nə olardı?!
-Xoş gəlmisiniz, buyurun oturun. Adınızı bilsəm, daha xoş olardı.
-Təşəkkür edirəm, adım Vüqardır.
Elə bu an Şəfəq içəri daxil oldu və mənə qarşımdakı insanla bağlı içərisində şəxsi məlumatlar olan qovluğu təqdim etdi. Bir az göz gəzdirdikdə, həqiqətən, təəccübləndim. Bu insan bir zamanların tanınmış cərrahı Doktor Vüqar Qurbanov idi. Təəccüblə gözlərimi ona zillədim, deyəsən, o da vəziyyətin fərqində idi və mənə baxaraq gülümsədi. Hisslərimi gizlədərək onunla normal danışmağa çalışdım:
-Doktor Qurbanov, niyə əvvəlcədən gələcəyinizi xəbər etməmisiniz? Sizi daha fərqli qarşılayardım, belə heç razı qalmadım.
-Mənə belə xitab etməyin, xahiş edirəm, yalnız soyadımla səslənin, amma gərək olmayan əlavələrə ehtiyac yoxdur. Bugün sizin qarşınızda həkim deyil, bir ağıllı olaraq əyləşmişəm.
Bir insan necə bu qədər təmkinli ola bilər? O, mənim dediklərimə duruşunu pozmadan, üzündəki məlum təbəssümlə cavab verirdi. Mən bu insanın qarşısında əzildiyimi bariz görürdüm. Haqqımda bu qədər məlumata sahib olması da məni ayrıca qorxudurdu. Yenə özümü bir təhər ələ aldım.
-Sizin düşüncələriniz mənim üçün, bizim üçün çox önəmlidir. Yaxşı, o zaman belə edək. Qurbanov, sizi bura gətirən səbəb məni həqiqətən düşündürür. Buyurun, sizi dinləyirəm.
-Bəzən heç bir səbəb olmaz. Getmək istəyərsən, gedərsən, ya da etmək istəyərsən, edərsən, çünki düşünsən, özündə güc tapmazsan. Çox zaman həyatın sənə bəxş etdiyi təsadüflərlə razılaşmaq insana rahatlıq verir.
-Doğrudur, təsadüflər insana ən dərin xoşbəxtliyi yaşadır. Deməli, bugün mən də sizin təsadüfünüz olacağam.
Bütün bunları söyləyərkən onun rahatlaması üçün üzümdə mülayim bir sima yaratdım.
-Bu gün sizinlə ağıllı və həkim olaraq deyil, iki normal insan olaraq danışmaq istəyirəm. Bilirsiniz ki, insanlar qarşısındakına yalnız özlərinə maraqlı olan sualları verər. Mənim də belə edəcəyimi, yəqin ki, artıq siz də anlamısınız.
Bu qısa və eləcə də mövzusunda məna axtarmağa çətinlik çəkdiyimiz söhbətdən sonra onda rahatlıq hiss edirdim. Hər şey bir yana bu insan sanki çox vacib bir mübarizə içərisində idi və gec də olsa, qazanacağından əmin baxışları ilə məni süzürdü. Ona baxarkən yaşadığım təəssüratın bir çoxunu sözlə izah etməkdə çətinlik çəkirəm.
-Sizə qatılıram. Qarşımızdakı insan verdiyi suala hər zaman öz istədiyi cavabı gözləyər, çünki insanlar cavabını bildiyi sualları verməyi hər zaman çox sevərlər. Bu nə qədər qarşısındakını yaralasa belə...
-Buna, əslində, maraq yox, ehtiyac da deyə bilərik. İnsanlar hər zaman bəzən bir ümid deyərək yola çıxır və kimisə və bəlkə də kimdəsə nəyisə axtarır. Şübhəsiz ki bu həyatda hər kəs öz dərmanını axtarır, bu yolda onun imtahanı zəhəri olanlardır. Məncə, hər şeyi bir qırağa qoysaq, mən də bir insanam və məni maraqlandıran sualı vermək ən başlıca haqqımdır. Əgər hazırsınızsa, bir psixoloq kimi vəzifəmi icra etmək istəyərəm.
-Mən hazıram, Doktor Sultanov, əsas siz hazır olun. Buyurun.
Rədd cavabı almadığıma sevincək olub sualımı dərhal verdim:
-Sizi ömrünüz boyunca ərsəyə gətirdiyiniz bu həyatı əlinizin tərsi ilə itələməyə nə vadar etdi? İki il ərzində sizi peşənizdən ayrı salan səbəb nə idi?
-”İnsan evinə itirdiyi zaman dönər” -deyə zamanında bir cümlə oxumuşdum. Məsələ budur ki, mən itirdim, Doktor Sultanov. Mən ilk dəfə tam iki il bundan əvvəl gücümü itirdim. Bütün hislərim təmkinlilikdən günahkarlığa çevrildi. Əlli üç illik həyatımda ilk dəfə özümə baxtıqda tanıya bilmədim, çünki mən o gün həkim deyil, qatil idim. Yalnız bir həkim bu hadisəni həyatın ona gətirdikləri olaraq dəyərləndirə bilər, amma o aynadakı surət, o adam bir qatil idi və mənə tanış deyildi.
-Siz, deyəsən, qürurunuza uduzmusunuz, ya da bir həkim olaraq yaşadığınız ilk məğlubiyyət sizə təsiredici zərbə vurub.
-Bunu iki il əvvəl yaşadığı itki ilə barışa bilməyən sizmi deyirsiniz? Sizin də həyatınızda bir günahkar var, hərçənd ki, siz onu yaşananlara şahid olmadan günahlandıra bilirsiniz.
-Həyat çox qəribədir. Bəzi insanlar içində böyük bir dünya yaradır və gün gəlir, bu dünya əks təsirlə yox olur. O zaman sənin əlində heç nə qalmır. İnsan ona bəxş edilən dünyanı deyil, öz yaratdığı dünyanı sevir, ona bağlanır. Tanrı bu zaman səni o dünyanın yoxluğu ilə sınayır. Sən əvvəl yaşaya bilmərəm dediyin hər şeylə barışmaq məcburiyyətində qalırsan. Bütün suallar içindən sənə sadəcə bir sual qalır: Bu yaşamaqdır, ya nəfəs almaq?
Mən 10 illik həsrətlə gözlədiyim oğlumu itirdim. İnsana bir yuxu kimi gəlir. Yuxuların tərsi olur deyirlər, amma mənim yaşadıqlarım gerçəkdir. Mən sadəcə buna inanıram. Mənim həyatımın bir günahkarı var, o da mənim öz əllərimlə öz dünyamı, oğlumu təslim etdiyim insandır.
-Sualınıza cavab olaraq deyə bilərəm ki, bu sadəcə nəfəs almaqdır. İnsanın yaşamaq məcburiyyətində qaldıqları bəlkə də sınaq deyil. Tanrı sadəcə öyrətmək istəyir ki, kimsəni bu qədər sevməməliyik. Elə bir an gələr ki, ya o ölər, ya da biz onu içimizdə öldürərik. Amma hər halda bizə yaşadığımız hər şey üçün şükür etmək öyrədilib, çünki sağ ikən birinin qəlbində ölmək qədər vahiməli olan bir şey tanımıram. Məsələn, mən yaşadığım, ya da belə deyək, yaşatdığım hadisə nəticəsində ailəmin və məni sevənlərin gözündə öldüm, eynilə sizin həyatınızın günahkarı sizin qəlbinizdə öldüyü kimi.
-Ölmək o qədər asan iş deyil, Qurbanov. Onun mənim qəlbimdə ölməsi üçün, öncəliklə onu o viran qalmış yerdə yaşatmalıyam.
-Onda siz asan yolu seçmisiniz, Doktor Sultanov. Yox etmək, yaşatmaqdan daha asandır!
-....
Bilirsən, bugün nə oldu? Oğlum ilk dəfə mənə hansı peşəni seçəcəyindən danışdı. O, hüquqşunas olmaq istəyir, bu ki mənim ən sevdiyim peşədir. Nə də olsa atası kimi gündə ağıllılarla baş-beynini pozmaq məcburiyyətində qalmayacaq. Düzü, yenə ətrafında normal insan olmayacaq, lakin vəziyyət az da olsa parlaqdır. Amma nə yalan deyim o, həm də çox yaxşı futbol oynayır. Mən çox istəyərdim futbol oynasın, amma boş ver, İslam. Onun fikirlərinə hörmət elə, qoy uşaq nə istəyir eləsin və həyatı ilə bağlı nə qərar verməlidir, özü versin. Həm 18 yaşındadır, artıq uşaq deyil. Bir işdə peşəkar, bir işdə həvəskar olsun.
Allahım, deyəsən İslam yenə dərmanlarını içməyi unudub. Yenə gündəliyinə yazdığı məlumatlar yarım qalıb və artıq deyə bilərəm ki, neçənci dəfədir ki, eyni insan haqqında məlumat verir. Ya onun yanına gələn eyni adamdır, ya da hamısı bir-birinə bənzəyir. Görəsən, xəstənin yanında nə vəziyyətə düşüb? Artıq ona əsəbləşməyi də bacarmıram, çünki mənim də içim yanır. Zamanla hər şey onda pisə doğru gedir. Düşünürəm ki, onunla danışıb bu işi tərk etməyini söyləməyin zamanıdır. Bununla yanlnz özünə deyil, qarşısındakı insana da zərər verir. Başqaları qarşısında kiçik düşməyi mənim ən son istəyəcəyim şeydir. Yenə təzə adət çıxarıb. Bu zərf nədir belə? Ah İslam, nə düşündüyünü, nə etməyə çalışdığını kaş bu yazıq Sara anlasa. Açım görüm burada nə yazmısan.
Bu bir günahkarın əhv məktubudur...
Bu sizinlə artıq səkkizinci görüşümüzdür, Doktor Sultanov. Amma sizin məni yenə unudacağınızı bilirəm. Onsu zxatırlamağınıza da artıq ehtiyac yoxdur. Siz hər halda ən yaxşısını edirsiniz. Unudaraq, öz bildiyiniz doğrulara inanaraq yaşayırsınız. İlahi, kim bilir bu necə də gözəl bir hisdir?! Sizə bol-bol unudacağınız günlər arzulayıram. Yaşadığım həyat mənə;” Mənfəətlərinin qurbanı olan biri, gün gələr öz həyatının qurbanı olar”.- məhz bu cümlənin mənasında olan bütün dərinlikləri başıma vura-vura öyrətdi. Düşünürəm ki, bundan böyük dərd ola bilməz.
12 fevral 2019-cu il, bu tarixi ikimiz də qəlbimizə yazdıq. Sən çox zaman unutmağı, mən isə illər keçsə belə həmin gündə yaşatmağı seçdim. İndi isə mən ölməyi seçirəm, sən məni qəlbində unudaraq yaşat, Doktor Sultanov. Balıqçı papağım dənizin kənarındakı limanda olacaq. Məni isə artıq o limana çıxara bilməzsən...
Özünü tap/ 12 fevral 2021-ci il
Bugün onu çox gözlədim, bəlkə də illərlə içimdə boğaraq saxladığım iki kəlməni söyləmək üçün.
Məni bağışla!
Bəzən zərif bir vərəq belə olsa, ölümü qucaqlayacaq qədər şəfqət dolu olar...
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)