Şuşada Emil Əfrasiyab sehri - VAQİF POEZİYA GÜNLƏRİNDƏN Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu il Vaqif Poeziya  Günlərində bir qeyri adi gözəllik duydum. Rəngarəng təşkil olunmuş proqram. Dahi Füzulinin yaradıcılığına səyahət, Füzuli hücrələri, "Vaqiflə səyahət" adlı bədii musiqili tamaşalar. Son dərəcə maraqlı və orijinal təsir bağışladı. 

 

Loğman Kərimovun özünəməxsus yanaşması bu bədii musiqili tamaşaları daha da gözəl etmişdi. Dostum, qardaşım Qasım Nağının bir aktyor kimi ifası, yanaşması məni valeh etdi. Böyük peşəkar rejissor işi, dramaturgiya hiss olunurdu. Təqdirəlayiq səhnə performansı nümayiş olundu. Son zamanlar belə qənaətə gəlmişəm ki, Azərbaycanın zəngin teatr mədəniyyətinin son dərəcədə inkişafının şahidi oluruq və get-gedə mədəniyyət sahəsində daha çox irəliləyəcəyimizdən əminəm.

Vaqif Poeziya Günlərinin açılış mərasimi Çingiz Abdullayevin çıxışı ilə başladı. İlqar Fəhmi və Səlim Babullaoğlu, Elmira Axundova və başqaları ilə davam etdi. Səlim  Babullaoğlu bu dünyadan Şuşanı görməyib gedən şairlərimizi də yada saldı. Barat Vüsalın "Şuşanı alan oğullar" xitablı şeiri isə hər kəsi, özünü də kövrəltdi. Gözəlliklə davam edən Vaqif Poeziya Günlərində "Sözün Vətəni" adlı müasir şairlərin şeirləri dinlənildi bu rəngarəng proqramın içində və şövqündə duracaq qədər möhtəşəm. Etnocaz konserti isə Şuşanın gecəsinə rəng qatdı. Bu barədə bir az ətraflı.

Emil Əfrasiyab Azərbaycan Caz mədəniyyətinin zirvəsində olan musiqi əsərləri ilə Vaqif Poeziya Günlərinə rəng qatdı. Söz ilə ifadəsi olmayan tərzdə Şuşanın gecəsini bəzəyən bir konsertdən söz açıram.

Emil Əfrasiyab Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, Əməkdar artist, Prezident təqaüdçüsüdür. Berkli Universitetinin ilk Azərbaycanlı məzunu, bir çox beynəlxalq yarışmaların qalib sənətkarıdır. Yalnız mən bu gün bu möcüzəvi konsertin təəssüratlarını sizinlə bölüşmək istəyirəm.

Əvvəla Müqəddəs torpağımızda Şəhidlərimizin qanı bahasına qədəm qoyduğumuz torpaqda, bu tarixi və unudulmaz məkanda Azərbaycan bəstəkarlarının musiqi əsərlərini Emil Əfrasiyabın ifasında dinləmək böyük sevinc və qürur hissi aşıladı. Bir əməkdaş olaraq, Mətbuat katibi kimi onun bütün konsert fəaliyyətini bərabər olaraq izləyirəm.

Azərbaycandan kənar xarici ölkələrdə və Azərbaycanın bölgələrində olan konsertlərini nəzərdə tuturam. Yalnız həmişə iştirak etmək istəsəm də alınmayıb. Allahın lütvü ilə bu möhtəşəm ifanı dinləmək müqəddəs məkana təsadüf etdi. Əvvəl çəkiliş etmək istəyi ilə önə keçdim. Yalnız musiqi məni alıb öz dünyasına apardı.

Emil Əfrasıyab sənətin zirvəsində olan bir sənətkardır. Onun bəstələri Azərbaycan bəstəkarlarının əsərlərini, ecazkar musiqisini dünyaya tanıtmaq missiyası daşıyır.

Emil Əfrasiyab Azərbaycan musiqisinin kökünü  tarıxini yaşadan sənətkarlardandır. Onun konsert zamanı hər musiqi nömrəsindən qabaq verdiyi şərhlər də hədsiz dərəcədə maraqlıdır və onun nə qədər savadlı və səlist nitqə sahib olduğunu da bizlərə çatdırır.

Aman Allah, bundan böyük xoşbəxtik olar? Şuşa sakinləri, Laçın sakinləri bu günki konsertdə tamaşaçı idilər. Böyükdən kiçiyə uşaqlar, gənclər çox böyük maraqla konserti izləyirdilır. 

Sənətkarın "Ataya məktub" əsəri isə hamını  kövrəltdi. Bütün gözəl atalara həsr olunmuş bu əsəri hamı ayaqda alqışladı. Emil Əfrasıyab dahi Üzeyir Hacıbəyovun əsərlərindən ibarət parafraz əsərini də ifa etdi. Şuşa torpağında Üzeyir bəyin əsərləri mistik gözəlliklə hər tərəfə səs saldı. 

Bu il çox fərqli idi Şuşa gecələrində küçələrdə eşidilən caz ifası. 

Konsert bitir, hamı hər kəs Emil bəyi təbrikə tələsir. Yazıçılar, aktyorlar, Mədəniyyət Nazirliyinin işçiləri, Mədəniyyət Könüllü gəncləri və Şuşa sakinləri…

Onu izləyib yazxınlaşıram.Təbrik edirəm.

Emil Əfrasiyab, sizinlə qürur duyuram. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çox gözəl bir missiyanın daşıyıcısıdır, əslində o, Azərbaycan musiqisinin irsini, ənənəsini qoruyur, yalnız bunu müasir çalarlarda etməyin tərəfdarıdır. Məsələn, bir caz ifasının timsalında. Muğam və təsniflərimizə yeni nəfəs, yeni rəng gətirmək nə gözəldir. Siyavuş müəllim Azərbaycanın bir-birindən istedadlı sənətkarlarını mirvari incisi kimi dənləyib təhsil ocağına gətirir və dayanmadan irəliləyir.

Emil Əfrasiyab Azərbaycan musiqisində nadir tapılan inci sənətkarlarındandır.

Bu il təşkil olunan Vaqif Poeziya Günlərinə mən Yazıçılar Birliyinin dəvəti ilə gəlmişdim. Yalnız həmkarım Emil Əfrasiyabın möhtəşəm layihəsinə, çox hörmət etdiyim Loğman Kərimovun rejissoru oldugu musiqili tamaşa performanslarına laqeyid qala bilmədim.

Vaqif Poeziya Günləri Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan Yazıçılar  Birliyinin də iştirakı ikə hər il keçirilən bir ədəbiyyat bayramıdır. Məni bir nüans sevindirir. Bu tədbirə can atan ən zəif şairin, ədəbiyyatçının  belə ürəyində böyük Vətən eşqi və sevgisi yanır. Builki proqramda dahi Füzulinin yaradıcılığıni əhatə edən bədii  teatral kompozisiya da nümayiş olundu. Bir neçə mövzular da gündəmə gəldi. Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi çərçivəsində çıxışlar, "Dahi Füzulinin yaradıcılığına dair zamanın fövqündə" adı altında konfrans. Müasir şairlərin şeir saatı  da keçirildi.

Əslində bu sevgi özü belə artıq şeirdir. Şairlərdən Ramiz Qusarçaylının, Kəmalə Abiyevanın, Fərid Hüseynin, Barat Vüsalın şeirləri yaddaşımda qaıdı və məni sevindirdi. Gözəl şeirlər də dinlənildi. "Sözün Vətəni -Qarabağ" adı altında Müasir poeziya saatını gözəl şairimiz İbrahim İlyaslı aparırdı. Onun bu işin öhdəsindən necə gələcəyini düşünürdüm. Çünki şair çox, vaxt az, təsadüfi şeirlər də şairlər də bir yandan. Amma o da uğurla bitdi. Bütün bunlar bir yana, bütün dünya bir yana, ay mənim əzizlərim, sevdiklərim, Vətənə qovuşmaq nə gözəldir! Əsas budur.

Xoşbəxtlik budur. Vətənə qovuşmaq nə gözəldir, Allah.

Şükran və gözəllik içindəyik.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.