POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə ulduzlardan bir ev qurardım” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dədəd “Ağrıyan yerindən...” şeiri ilə. 

Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair. 

“Çat veribdi məhəbbətin güzgüsü,

Bu dünyanın mən ağrıyan yerindən.”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Çərpələngtək uçub getdi gəncliyim,

Saçlarımın dən ağrıyan yerindən.

İndi sənə bu məktubu yazıram,

Tüstü, duman, çən ağrıyan yerindən.

 

Xatirələr əl altında dururlar..

Üç gündən bir yas məclisi qururlar,

Ona görə sağaldıqca vururlar,

İkimizin tən ağrıyan yerindən.

 

Pozulubdu həyatımın düzgüsü,

Hardan baxsan düz umudu-düz küsü,

Çat veribdi məhəbbətin güzgüsü,

Bu dünyanın mən ağrıyan yerindən.

 

İmkan vermir yaşamağa zəhərlər,

İt ağzında oyanıram səhərlər,

Qopub getdi yer altına şəhərlər,

Ürəyimin sən ağrıyan yerindən.

 

Nə gəlibsə dəyişmədən yazmışam,

Bir yuxu var xeyirliyə yozmuşam,

Sənə görə pəhrizimi pozmuşam,

Göndər öpüm, ən ağrıyan yerindən..

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.