“Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır” – ANDRE JİD Featured

 “Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyat üzrə Nobel mükafatçılarının təqdimatını davam etdirir. Rubrikanı İlham Abbasov aparır.

 

 

         1947-сi ilin ədəbiyyat üzrə Nobel mükafatına namizədlər siyahısında qarşıdakı illərin bir sıra laureatları, o cümlədən bu mükafatı 1948-ci ildə alacaq ingilis yazıçısı Tomas Eliot, 1954-cü ilin Nobel mükafatçısı, ABŞ təmsilçisi Ernest Heminquey, 1958-ci ilin laureatı -- sovet yazıçısı Boris Pasternak kimi görkəmli ədiblər olduğu halda, Nobel Komitəsinin qərarı ilə mükafat “insan probleminin, həqiqətən, qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirildiyi yüksək mənalı bədii əsərlərinə gorə” o dövrdə çox da tanınmayan, yəhudi əsilli Fransa yazıçısı Andre Jidə verildi. Bir insan və şəxsiyyət olaraq son dərəcə ziddiyyətli, bir yazıçı kimi mürəkkəb həyat yolu keçmiş A.Jid özünün bənzərsiz əsərləri ilə ədəbiyyatda gedən yeniləşmə prosesinə güclü təsir göstərmişdi.

        

Sizə Andre Jid aforizmlərindən seçmələr təqdim edirik.

 

İncəsənət və təbiət Yer üzündə rəqib kimi mövcuddur.

Böyük sənətkar odur ki, qarşısına çıxan maneələrdən tramplin kimi istifadə edə bilir.

Məxluq nə qədər zəifdirsə, onun üçün dəyişikliklər bir o qədər qorxuludur.

Təhsil ancaq güclülər üçün faydalıdır.

İnsan başqa şəxslərin təsirindən qaça bilməz; nə qədər özümüzü qorusaq da, nə qədər ətrafımıza çəpər çəksək də, təsirə məruz qalırıq.

İnsan öz varlığının bir çox cəhətlərini aça bilmur; yalnız o cəhətləri açır ki, onları izah edə bilir.

Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır.

İncəsənət sıxıntılar hesabına yaşayır, sərbəstlikdən isə məhv olur.

Allah qorxusu bitən yerdən müdriklik başlayır.

Atasının kim olduğunu bilməməsi insanı ona oxşamaqdan xilas edir.

İnsan xarakterinin səfalətini yalnız uzun sürən ünsiyyətdən sonra anlamaq olur.

Çox zaman qadın öz sevgisini kişinin boynuna asılqan kimi asır.

Həyatda o qədər gözəl şeylər var ki, zövqsüzlüyümüz onları görməyə mane olur.

Başqasının səndən yaxşı edə biləcəyi bir işi heç zaman eləmə.

İnsanın yaratdıqlarının ən yaxşıları mütləq qəm-kədər ifadə edir.

Həyatda ən çətin şey nəyə isə uzun müddət ciddi münasibət bəsləməkdir.

Əlindən xeyir iş gəlmirsə, həyata nə ilə bağlana bilərsən?!

Hamının əyriliklə yaşadığı dünyada düz adam şarlatan kimi görünür.

Bizim öz iradəmiz adlandırdığımız şey Allahıln bizi hərəkətə gətirmək üçün istifadə etdiyi ipdir.

Qadının ağlını dəyərləndirməmək kişilərin ən böyük səhvidir.

Axşama günün ölümü kimi baxırıq, əslində isə o, yeni günün doğuluşudur.

Qəlbimiz dini təsəvvürlərə uyduqca real həyat öz mənasını itirir.

Adi insanın Allahın səsini eşitmək qabiliyyəti yoxdur, qulağımıza həmişə yalnız şeytanın səsi gəlir...      

 

“Ədəbiyyat və incəsənət”

(24.7.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.