Cəsarətini toplayıb güzgüdə gözlərinə dərin-dərin baxmağa çalış… - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kitablardakı cümlələrin, filmlərdəki epizodların, mahnıların, yaşanmış həyat hekayələrinin, səmanın, dənizin və mavinin təsirində xeyli qala bilirəm.

Və bir cümlə məni çoxca düşünməyə, təhlillərə, sorğulara və həyatla üzləşməyə doğru itələmişdi.

 

“Güzgünün qarşısına keç, gözlərinin içinə dərin-dərin bax və özünlə üzləş. Unutma ki, kimsə sənin gözlərinə sən qədər dərindən baxa bilməz və sən heç kimin gözlərində öz gözlərinin dərinliyinə endiyin qədər dərində ola bilməzsən”.

 

Çox düşündüm bu barədə. Cəsarətimi toplayıb güzgüdə gözlərimə dərin-dərin baxmağa çalışdım.

Baxdım da.

Həm də, maviyə baxmağa qıymadığım qədər dərin, mavidə boğulmaqdan qorxduğum qədər cəsur baxdım.

Məgər bir cüt göz danışa bilərmi?

Danışırmış sən demə.

Sətirlərə sığmayacaq qədər çox, özü də.

Susaraq danışırmış.

Mənalı və ya mənasız, bəzən uzun, bəzən qısa, hərdən ağlayaraq, hərdən gülərək, çoxca ya da boşca.

Amma danışırmış.

Gözlərimdəki mən ilə üzləşmək çətin oldu bir xeyli, ancaq bu günə kimi özüm üçün etdiyim ən böyük yaxşılıq gözlərimlə ruhumun söhbəti olmuş ola bilər. Düzü, bu günə kimi özümə neçə dəfə yaxşılıq etmişəm, bilmirəm.

Məsələn, neçə dəfə soyuqdan üşüməmək üçün qalın, istidən tərləməmək üçün nazik geyinmişəm?

Mmm… necə dəfə özüm üçün süfrə hazırlamış, çayımın ətrini alıb göy üzünə doyunca baxmışam ki?

Ya da neçə dəfə özümə baxıb gülümsəmişəm, xatırlayırammı heç?

Neçə dəfə sadəcə özüm üçün səsim pis olmağına rəğmən yüksək səslə mahnı oxumuşam ki?

Neçə dəfə qərarlarımın arxasında durub əmrlərə boyun əymək yerinə qəlbimin səsini dinləmişəm, ya da?

Mən özümü çılğın, sərt, əsəbi, tərs, bəzən xətalı, bəzən yalançı və günahkar ola-ola neçə dəfə sevmişəm?

Neçə dəfə yox deməyi bacarmış, başqalarının standart kriteriyaları, arzu və istəkləri əsasında formalaşaraq, qəliblərə uyğunlaşaraq yox, bütün varlığımla azadlığın qoxusunu burnumda hiss edərək yaşamışam ki bu həyatı?

Artıq çəkimə, boyuma, üzümdə ara-sıra yaranan sızanaqlara, uşaq vaxtı xəfif sınmış kəmərli burnuma baxıb ən son nə vaxt özümə gözəl olduğumu demişdim ki məsələn?

 

Bəs sən?

Sən ən son nə zaman özünə yaxşılıq etmisən bəs?

Sən nə vaxt saysız-hesabsız ayrılıqlar, uğursuzluqlar, standart olmayan gözəllik qavrayışları və imic, özünü tam doğrulda bilmədiyin ağlın ilə birgə keçdin aynanın qarşısına və gözlərinə baxacaq cəsarəti tapdın özündə?

Neçənci uğursuz müsahibəndə vaz keçdin özünə inanmaqdan və yıxıla-yıxıla qalxmaqdan? 

Ya da neçənci dəfə qınaq obyektinə çevrildiyini görəndən sonra sən də hamılaşmağa qərar verdin?

Məsələn, oxuduğun kitabları oxumaq istədiyin üçün, faydalanmaq üçün oxudun, yoxsa müzakirə zamanı “mən filan qədər kitab oxumuşam" deyə bilmək üçün oxuyursan o kitabları?

 

Hə?

Sən kimsən?

Özünə neçə dəfə yaxşılıq edib, özünü bütün var oluşunla qəbul edib sevdin bütün sevgisizliklərə rəğmən?

Bəlkə hər gün, bəlkə də, heç vaxt..

Bəlkə keçən illər ərzində tanış olduğun bir sürü insan olsa da, özünlə tanış olmaq üçün gecikmisən və hələ də gecikirsən.

Bəlkə də tam zamanıdır.

 

Deyəsən çox danışdım yenə. Bəlkə danışdıqlarım susduğumun yarısı belə deyil. Kiminəsə görə boş söz yığını, kiminəsə görə motivasiya qaynağı oldum bəlkə də.

Bütün bəlkələr heç yoxmuşcasına əminliklə deyə bilərəm ki, insan özü özünün ən böyük şansıdır.

Bəzən ailəvi problemlərlə qarşılaşa bilərik, yanlış dost, yaxud sevgili seçmiş ola bilərik, axşam bir boşqab artıq yediyimiz yemək ucbatından pəhrizimiz da pozula bilər. Yetəri qədər flirt olmaya, marka geyinməyə, bahalı ətir və aksessuarlar istifadə etməyə bilərik.

Sağlamlığımız sınana bilər, əziyyətlərimizin cəmi məhv olmuş xarabalığa belə çevrilə bilər.

Qısacası həyatımızın bütün periodlarında istənilən yaşda həyatdan zərbə və yaralar ala bilərik.

Lakin bütün bunlar baş verərkən biz ən ağır dərd dediyimiz hər hansısa acıdan dolayı qıvrılsaq belə, yer kürəsinə heç nə maraqlı deyil.

O öz oxu və günəş ətrafında dövr etməyə cavabdehdir sadəcə.

Dünya səni bu qədər vecinə almazkən çox sevə və sənə keçici ev sahibliyi edə bilirsə, sən də eyni davran.

Dünyaya çox bağlanmadan sevgi ver ona.

Xəyallarını hədəflərin halına gətirib həyatının mərkəzinə qoy və addım-addım çat hədəflərinə.

Güzgünün qabağına keç, gözlərinin içinə ən dərinə kimi bax və özünü qəbullanaraq şükr et.

İndi isə gülümsə.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.