“Ədəbiyyat və incəsənət” portalı Nazilə Gültacın hekayələrinin təqdimini davam edir. İkinci oxuyacağınınz hekayə “Stabilizator” adlanır.
İki yüz manat pulu pəncərənin önündəki jurnalın arasından götürüb, çantasına qoydu. Evdə ən çox etibar etdiyi yer bu jurnalıydı, çünki evdə jurnalı ondan başqa kimsə oxumurdu.
Ucqar bir məhəllədə yaşayırdı. Əynini geyinib evdən çıxdı, Sədərək Ticarət mərkəzinə gedən avtobusa mindi. Fikirləşdi ki, 120 manata bir stabilizator, özünə də ucuz bir çəkmə alar. Artıq havalar soyumuş, ayağındakı yay ayaqqabısı çoxdan köhnəlmişdi.
Ticarət mərkəzinə gedən avtobusun oturacaqları didilib sökülmüş, kirdən rənglərini itirmişdi. İçəridə ayaq basmağa yer yoxuydu, adamlar bir-birinə pərçim olmuşdu. Yəqin ki, bu gedənlər istədiklərini ordan ucuz qiymətə ala biləcəklərinə ümid edirdilər.
Doğrudan da, ticarət mərkəzində nələr yox idi! Nə istəsən, tapmaq olardı. Gördü ki, iki manat əlli qəpiyə əl-üz dəsmalı var, yadına düşdü ki, təzə dəsmalı qalmayıb. Bir cüt aldı. Amma əsas məqsədi stabilizator almaq idi. Məhəllələrində işıq çox zəif idi. Kreditlə yenicə aldığı soyuducunu, kondinsioneri belə zəif işıqda işlədə bilməzdi. Qorxurdu ki, bir ətək pul verdiyi bu şeylərin motoru qəfil yanar, qalar yaman günə. Ona görə də son xərcliyi götürüb evdən çıxmışdı...
Avtobusdan düşüb təsərrüfat malları satılan tərəfə keçdi, qarşısına çıxan ilk mağazaya girdi. Satıcı oğlan nə istədiyini öyrənmək üçün ona yanaşdı. Bildirdi ki, ona beş min kilovatlıq stabilizator lazımdır. Oğlan, – onun qiyməti iki yüz iyirmi manatdır, – dedi.
Məəttəl qaldı. Narahatçılıq onu bürüdü.
– Başqa marka yoxdurmu? Bir az ucuz – deyə asta səslə soruşdu.
– Xala, ən yaxşısı budur, mis dolaqlı, iki motorlu. İşıq 150-yə düşəndə 220-yə yüksəldir. Sonra yalan-gerçək stabilizatorun bir sıra əlavə üstünlüklərindən də dəm vurdu.
– Qoy o biri mağazalara da dəyim, – deyib bayıra çıxdı.
İlahi, böyük mağazalarda nələr yox idi! Gözqamaşdıran çilçıraqlar, bahalı qablar, servizlər, güldanlar, televizorlar, qabyuyan maşınlar... Daha nələr, nələr! Bütün bunları gördükcə içində büzüşdü, balacalaşdı. Gözlərinə bir qəmginlik çökdü, kövrəldi. Yoxsul, kasıb evini gözləri önünə gətirdi. Ömrü boyu işlədi, hələ də çalışır. Başqaları 8 saat işləyəndə o, 18 saat işlədi, amma yenə də çox şeyləri ala bilmir. Əynindəki ucuz geyiminə nəzər saldı. Stabilizatorun qiyməti onu lap dilxor etdi.
İndi necə eləsin? Bir neçə mağazaya da baş vurdu. Yüzsəksən, iki yüz iyirmi manatlıq stabilizatorlara xeyli baxdı, dərin fikrə getdi. Qəti bir qərara gələ bilmirdi. “Alaram, birdən keyfiyyətsiz olar, birdən aldadarlar! Ən yaxşısı oğlumla gələrəm”. Mağazadan qanıqara çıxdı. Artıq yorulmuşdu. Cibindəki 190 manatı bərk-bərk tutub, avtobus dayanacağına tərəf yollandı. Qıyıb özünə çəkmə də almadı, – “o da baha olar, yəqin” –deyə düşündü. Bu zəngin bazarda özünü böyük bir ağırlıq altında hiss eləmişdi. Elə ki avtobusa mindi, xeyli yüngülləşdi. Aldığı iki dəsmalla avtobusun arxa qoltuqlarından birinə sığındı. Bir əyin-başı özü kimi olan sərnişinlərə, bir də əlindəki dəsmallara baxdı. Dəsmalları dolmuş gözlərinə sıxıb başını avtobusun şüşəsinə söykədi...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)