“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Sübhi Mürsəliyev
Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.
Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bu vətənin, torpağın
Üzərində yeriyən,
Hər kəsinin şəhidi!
Kəndinin, şəhərinin,
Ölkəsinin şəhidi!
Necəsən, yoldaş mayor?
Vətənə sirdaş mayor!
Hamıya ata oldun,
Hamıya qardaş, mayor!
İndi sən yaşayırsan
Vətənin hər yerində:
Dağda, daşda, dənizdə,
Deyim sənə, biləsən,
Qələbə qazanmışıq
Biz sizin sayənizdə.
Qazanmışıq Şuşanı,
Laçını, Kəlbəcəri.
Sizlər bizə yaşatdız
Bu tarixi qələbə,
Bu tarixi zəfəri.
Rahat uyu, rahat yat,
İgidliyi tarixə,
Yazılmış kitab mayor.
Sən daha çevrilmisən
Vətənə, cənab mayor!
Çevrilmisən müqəddəs
Sözlərin hamısına,
Hamımız baş əyirik
Şəhid daşından baxan
Üzlərin hamısına.
Sağ ol, görüşəcəyik,
İnsan yenə doğulur,
Ruhlar bətnə gəlir.
Bir də ki, cənab mayor,
Dur, atanı qarşıla,
Ziyarətinə gəlir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)