Güney Azərbaycan Poeziyası Antologiyasında Atila Ərfəyinin “Mən özümü asaram, sən heç qorxma” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Atila Ərfəyinin  şeirlərini təqdim edir. 

 

 

Şəhərin içində yaşayan ölülər,

Mən özümü asaram, sən heç qorxma!

Siqaret tüstüsündən saralmış tavandan

Həbib özünü asır.

Bir şairin

Eynəyi sınıq,

Aynaları saf

Şeir yaza bilmir daha.

Yaşayanlar həsrət çəkir bir qəzəl olmağa.

Xoşluq,

Nəfəs,

Kvadrat köklərinin gəldiyi kimi

Mədd olub qabağına belə baxmadan 

dalı-dalı gedir.

Damcılar pəncərədə deyil daha,

Yanaqlarımdan süzülür.

Qovuşur sənsizliyə

Alqışlanır bütün dərdlərin simfoniyası.

Yazılmır,

Baxılmır,

Oxunmur daha.

Kafelərdən qaçan şairlər,

Tablolarda görünməyən rəssamlar,

Bir qarğa yalnız oturub ağacda.

Baxmır daha heç fotoqrafçı,

Yaşam bir çantaya yığışmış

İki ulduzlu hotellərin

Saralmış pərdə və divarları

Viski yoxdur daha.

Soruram!

Dəniz yox bu diyarda

Sən necə boğulursan?

Bilinmir daha

Danışıq.

Gerçək yoxdur daha

Sürreal danışıqlar ölür havada,

Bir rəsimdən rənglər axır.

Tarixin unudulmuş parçasıdır

Mələklər diz çökür şeytana

Hansılar gəlir?

Yaxşılar gedir.

Hər gün yeni bir Zevs çıxır

Qara buludların arxasından.

Bir klassik musiqi parçasıdır

Bu şəhərdə qələm satılmır daha.

Şəhərin içində yaşayan ölülər

Mən özümü asaram, sən heç qorxma.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.