“Ədəbiyyat və incəsənət” portalı Nazilə Gültacın hekayələrinin təqdimini davam edir. İkinci oxuyacağınınz hekayə “Murad futbola baxırdı” adlanır.
MURAD FUTBOLA BAXIRDI
Vəssalam! Hər şey bura qədərmiş. Pal-paltarını çantasına yığıb dəhlizdəki dolabın yanına qoydu. İnamsızlıq onu yormuşdu. Son zamanlar bütün bədbəxtliklərin inamsızlığa bağlı olduğunu yəqinləşdirmiş, bildiyi, gördüyü həqiqəti kimlərəsə inandıra bilmədiyi üçün zaman keçdikcə, özü də başqalarına qarşı inamını itirməyə başlamışdı. Və əslində, inanmamağın faciəsini bildiyi üçün bu illər ərzində çox şeylərə göz yummuşdu. Son vaxtlar ərinə qarşı içində bir şübhəbaş qaldırmışdı. Ərinin bəzən evə gec gəlməsi, qayğılı və soyuq rəftarı qəlbinə kölgə salırdı Mədinənin. Nə illah edirdisə, şübhələri başından çıxara bilmir, özünü danlayır, içindəki narahatlığı boğmağa çalışırdı.
Murada olan inamsızlığının səbəbini ilk vaxtlar özündə axtarmağa başladı. Bəlkə də, bunlar uşaqlıq illərində baş verənlərlə bağlıydı. Hərdən nəinki səsini, ətrini də duyurdu xatirələrin, hissi, duyğusu o qoxuya bələnirdi. Zamanın xəlbirindən keçən bəzi xatirələr ilişib qalmışdı yaddaşında, keçməyənlər isə qəlbinin dərinliyinə gömülmüşdü.
Yeddi-səkkiz yaşı olardı, əmisi Rusiyadan öz qızına bir cüt qəşəng əlcək almışdı. Mavi rəngli əlcəklər Mədinənin də xoşuna gəlmişdi. Əmisigillə onların evini bir çəpər ayırırdı.
Qarlı günlərin birində əmisiqızı əlcəklərini taxıb,həyətdə qardan dovşan, şaxtababa düzəltdi, sonra onlara gələndə əlcəklərini unudub getdi. Mədinə dərhal əlcəkləri əlinə keçirdi. Əlində əlcək sevinə-sevinə evdə gəzişir, əlcəyin yumşaq tüklərini, ilmələrini sığallayırdı. Sonra onları çıxarıb döşəyin altına qoydu ki, heç olmasa bir gecə onun yanında qalsın əlcəklər.
Səhərin gözü açılar-açılmaz əmisi arvadı qaranəfəs gəldi ki, bəs qızın əlcəyi itib, hardasa qoyub, ağlayıb özünü öldürür.
Mədinə tez əlcəkləri döşəyin altından çıxarıb əmisi arvadına verdi: “Axşam bizdə unudub, mən də saxladım ki, itməsin”. Arvad bərk qəzəblənmışdı: “Niyə oğurlamısan?!!”
Onun qınağından qızcığaz çox pərt olmuş, əmisi arvadını öz sözünə heç cür inandıra bilmədiyi üçün ağlamışdı. Əmisindən də ilk dəfə onda qırıldı. Ürəyində dedi ki, nə olardı, mənə də alaydı... Daha nələr olmuşdu, yadında deyil. Anasınn vurduğu şillənin yeri ağrıyırdı hələ də qəlbində. Ürəyində əmisi və əmisi arvadıyla heç vaxt barışmadı.
Bu hadisənin acı təsiri onu uzun müddət tərk etməyərək, adamayovuşmaz eləmişdi. Daha nə əmisigilə gedir, nə də əmisi qızıyla evcik-evcik oynayırdı. İllər keçsə də, əmisigillə onun arasındakı soyuqluq isinməmişdi. Uşaqlıq dünyasına elə bil raket atmışdın, nələrsə sınmış, dağılmışdı. O, əmisi ilə atasını müqayisə eləyir, öz kasıb atasının necə səxavətli olduğunu yaxşı görürdü. Çünki atası konfet alanda belə bölüb qardaşı uşaqlarına da verirdi. Amma əmisi elə deyildi. Bütün bunlar onun uşaq dünyasını yaralayırdı.
Zaman keçdikcə gözüylə gördüklərini qəlbinin aynasına tutmağı öyrəndi Mədinə. Bir də baxdı ki, qəlbinin aynasında çirkin ürəklər daha aydın görünməyə başlayıb. Amma heç vaxt haqlı olduğunu isbatlaya bilmədi. Bunun üçün dəridən-qabıqdan çıxmağa da cəhd etmədi heç.
Bir dəfə yayda anası onları dağ kəndində yaşayan qohumlarıgilə aparmışdı. Qohumunun qızı Rəna sözə baxmayan və yalançı idi. Mədinəni daim ağıllı bir qız kimi tərifləyir, ona nümunə göstərirdilər. Rəna paxıllıqdan yola getmirdi onunla. Ondan gen gəzən Mədinə öz aləminə dalıb, həyətdə qara kömürlə rəsmlər çəkməyə başlamışdı. Gülləri, bir də quşları çəkməyi çox sevirdi. Bir gün başı rəsm çəkməyə necə qarışmışdısa, evində qaldığı qohumunun yaxınlaşdığını duymamışdı. Qəfildən qadın onun yaxasından dartaraq, yuxarı qaldırmış və üzünə tüpürmüşdü: “Biz də buna ağıllı deyirik, o nə şəkillərdi divara çəkmisən?”
Çaşıb qalan qızcığaz ağlamışdı, elə bilmişdi, gül şəkilləriylə divarı korladığı üçün danlanır. Qadın onu darta-darta evin arxasına gətirmişdi. Evin arxa divarına öpüşən qız-oğlan rəsmi çəkilmişdi. Bunun Mədinənin işi olduğunu söyləyibmiş qohumunun qızı. Yenə də inandıra blmədi ki, bu mənim işim deyil. Axı kömür onun əlində idi. Göz yaşlarına boğulan Mədinənin gözləri birdən Rənaya sataşdı. Qız bic-bic gülürdü. Mədinə başa düşdü ki, bu onun işidir. Daha onlara da getmədi...
Həmişə danışanda deyirdi ki, mənim xatirələrim ilin qış fəsli kimidir. Həm də deyirdi ki, mənim xatirələrim yarımçıq filmdi...
Hər şey keçmiş qonşusu Rəbiyə ilə qarşılaşandan sonra baş verdi. Qadınla görüşəndən sonra illərlə qaysaq bağlamış yarası yenidən göynəməyə başladı. O gün eşitdikləri Mədinəni odsuz-ocaqsız yandırdı. Yenidən o əzablı, məşəqqətli günlərə qayıtdı. Hər şeyi unutmuşdu az qala, ərini belə ürəyində bağışılamışdı. Amma bax, budur, yenidən qəzəb varlığını bürüdü, qovurdu. Nə qədər özünü ələ almağa çalışsa da, danlasa da, xeyri olmadı ki, olmadı.
Gör bir qonşu qadın necə dedi; – O arvad yenə də sənə qarğış tökür. Gözü sənin ərində qalıb. Deyir ki, mərdimazar Mədinə iki sevəni ayırdı.
Dəli olmadımı! Bəlkə də, o qarğışlara görə səkkiz ildir ki, ailə quran oğlu övlad üzünə həsrət qalıb. Hər şeyin unudulduğunu zənn etmişdi. Sən demə, boşuna ümidlənib, heç nə unudulmayıbmış. Əgər belədirsə, demək, əri də hələ o qadını sevir. Unutmur! Çünki heç vaxt onunla qarşı-qarşıya səmimi söhbət etməyib. Bu illər ərzində yataqları da ayrı olub. Əvvəl-əvvəl o incidiyini göstərmək üçün yatağını başqa çarpayıda saldı. İlk vaxtlar davam edən bu küsülülük yerini sülhə versə də, o gün-bu gün ayrılan yataqlar bir daha birləşmədi.
Keçib arxa otaqda yana-yana, için-için ağladı. Ömrünə, yalanla dolu həyatına acıdı.
Sonra qonaq otağına keçdi. Əri televizora baxırdı. Mədinənin nə vaxt içəri keçməsindən heç xəbəri belə olmadı. “Bir buna bax!”, – deyə təsirləndi. “Mənim varlığımı duymur. Amma bəlkə də, o qadını səbirsizliklə gözləyərdi”. Çox kədərləndi. Heç bir şey demədən iti addımlarla mətbəxə keçdi, çaynikin altını hikkə ilə yandırdı. Qazanı qəsdən əlindən yerə saldı, soyugucunun qapısını bərkdən çırpdı. Əri otaqdan səsləndi ki, nə haray salmısan, bir az asta iş gör, futbola baxıram. Mənə çay gətir.
Əvvəllər deyirdi ki, bir quru qaraltısı da bəsdi ərinin, amma indi yanıldığını anladı. Neynirəm onun qaraltısını?! Ömrü mətbəxlə iş yeri arasındakı yollarda keçdi. Nə bir xoş rəftar, nə də bir qayğı gördü... Dörd uşaq böyütdü. Bu acı həqiqət onu xeyli düşündürdü, qəlbini cırmaqlayıb qanatdı ötüb keçənlər.
Əri Muradla ana tərəfdən qohum idilər. Muraddanuşaqlıqdan xoşu gəlirdi. Elə sanmışdı ki, Muradın da ondan xoşu gəlir. Muradın atası rəhmətə getməsəydi, qardaşı balalarına himayədarlıq edən əmisi onlara elçi gələrdimi, görəsən? Toyu da Muradın əmisi elədi. Ailə qurandan sonra şəhərə köçdülər.
Murad həm işləyir, həm də oxuyurdu. Mədinə çox təkid elədikdən sonra ailə büdcəsinə kömək üçün mağazaya satıcı düzəlməyə ərini razı sala bildi. Dalbadal iki övladı dünyaya gəldi. Beləcə, illər keçdi...
Murad institutu bitirdi, zavoda mühəndis düzəldi. Mədinə həmişə evin, uşaqların qayğısının çox hissəsini öz üzərinə götürürdü ki, əri yorulmasın, yeməyin ən yaxşı yerindən ona pay saxlayırdı, pərvanə kimi onun başına dolanırdı.
Özünə bahalı paltar almır, deyirdi ki, Murad, sən özünə kostyum al, mühəndissən.
Muradı şöbə müdiri keçirmişdilər, dolanışıqları get-gedə yaxşılaşırdı. Son vaxtlar Murad evə çox gec-gec gəlməyə başlamışdı. Gələndə də lal-dinməz yemək yeyir, televizora baxırdı. Qadın yenə də onun qayğısına qalır, işinin ağır olduğunu düşünür, qara fikirləri özündən uzaqlaşdırır, evin bir çox problemlərini ona açıb demir, hər şeyi özü təkbaşına həll edirdi.
Bir gün evdə paltar yuyurdu. Qapı qəfil döyüldü. Açanda kandarda bərli-bəzəkli bir qadın gördü. Qadın onu başdan-ayağa ikrahla süzdü:
– Muradın yoldaşı sənsənmi? – deyə soruşdu.
O, ətri bütün evə yayılan qadından – Bəli, nə lazımdır? – deyə soruşdu.
Çağırılmamış qonaq dəvət gözləmədən içəri keçdi. Gözlərini hirslə ona bərəldərək: – Sən Murada yaraşmırsan. O, məni, mən də onu sevirəm. Boşan ondan. Əl çək Muraddan, – deyərək qışqırdı.
Mədinə sarsıldı.
– Sən kimsən ki, belə sözlər deyirsən?! Yalan deyirsən. Onun üç uşağı var. Ailəli kişidən sən əl çək, əxlaqsız! – deyə hönkürdü.
Qadının irəli keçib, Mədinəyə şillə vurmasıyla Muradın otağa girməsi bir oldu. Gördüyü mənzərədən dəliyə döndü Murad. Qadını itələyib bayıra çıxardı. – Rədd ol, bir də bu qapıya gəlmə, – dedi.
Qadın çaşdı, özünü itirdi. Ani sükutdan sonra iti addımlarla çıxıb getdi. Mədinə isə hələ də ağlayırdı. Dünyası qaralmışdı.
O gün, bu gün Murad o qadından ayrıldı. And-aman elədi, Mədinədən dönə-dönə üzr istədi. Sonralar Mədinə qonşu qadından öyrəndi ki, sən demə, əri həmin qadınla düz beş ildir ki, bir ailə kimi imiş.
Muradın qadından uzaq durduğunu görən Mədinə də çox dərinə getmədi. Hər kişi büdrəyər, deyib, uşaqlarını düşündü. İnsafən Murad da çox dəyişdi, onu heç vaxt acılayıb incitmədi, amma əzizləmədi də. Murad öz övladlarını çox istəyirdi. Yaşadıqları yerdən başqa yerə köçdülər.
Murad iş yerini dəyişdi, yavaş-yavaş yağışlar yağdı, çatlar örtüldü, yaralar qaysaqlandı. İndi budur, təsadüfən küçədə rastlaşdığı keçmiş qonşusu yarasının qaysağını qopardı, onu təzədən iyirmi beş il əvvələ qaytardı. Bir andaca bu iyirmi beş ildə yalan bir ömür yaşadığını fərq elədi Mədinə. Belə çıxır ki, o, Murada ancaq qulluqçuluq eləmişdi. Uşaqlar böyümüş, qızları köçürmüş, oğlanlarını evləndirmişdilər. Artıq övladlarının ona ehtiyacları qalmamışdı. Onun bəbəklərində əri tərəfindən aldadılan, sevilməyən, sevilmədiyi üçün əzab çəkən bir qadın mənliyinin son damla yaşı parladı.
Otaqda çay içə-içə televizora baxan ərinə sarı boylandı, ona elə gəldi ki, Muradın gözləri televizora baxsa da, fikri başqa yerdədir, bəlkə də, o gözəlçənin yanındadır. Düşündü ki, doğrudan da, Murad bu illər ərzində evdə bir kölgə kimi dolaşmışdı. Həmişə evdə istilik yaratmaq üçün özünün neçə çabaladağı gəldi gözünün önünə, birdən-birə Murad yadlaşdı gözündə.
Artıq əri ilə bir dam altında qalmaq mümkünsüz idi. Getmək, bu evdən, bu insandan, bir ömürlük aldanışdan uzaqlaşmaq fikri onu xeyli yüngülləşdirdi...
Dəhlizə qoyduğu çantasını da götürüb, səssiz addımlarla evdən çıxdı. Kəndə – atadanqalma evlərinə getməyə qərarlıydı. Kiçik bir zərf qoydu yastığın üstünə. “Güvənə bilmədiyim yalan ömürdən gerçək həyata gedirəm. Əlvida!”
Murad televizorda futbola baxır, çay gözləyirdi.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)