“Oğul” - ESSE Featured

Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədov növbəti yaşına qədəm qoydu. “Ədəbiyyat və incəsənət” portal oxucularına şairin yazılarından bir çələng təqdim etməkdədir. Bu gün sizlər “Oğul” essesi ilə tanış olacaqsınız. Tərcümə Elviz Əliyevindir.

 

Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.

 

 “Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.

(Richard Berenqarten Kembric, Böyük Britaniya)

 

 

OĞUL

 

Hər kəsin öz adı, soyadı var. Mənim də hamı kimi öz adım, soyadım və atamın adı var. Amma, mən azərbaycanlı olduğumdan atamın adı (otçestvo-rus.) iki sözdən ibarətdir:- birinci atamın adı, ikinci-"oğlu", yəni rus dilinə tərcümə edəndə-"sın". Azərbaycan dilində "oviç" və ya "ovna" şəkilçiləri olmadığından rusca tərtib olunan sənədlərdə ya "oqlı" (sın), ya da "kızı" (doç) yazılır. Ilk baxışdan qeyri-adi bir şey yoxdur. Amma, nəzərə alaq ki, mən əsrin dörddə birindən çoxunu Rusiyada yaşayıram və burada bu hal hamı tərəfindən eyni tərzdə qarşılanmır. Iş yerində də cüzi də olsa, bəzi çətinliklərlə üzləşirdim. Hətta, arxamca "çurka" deyənlər də olmuşdu. Amma, üzbəüz deyə bilmirdilər. Utanırdılar .Çünki, rusca mən bəzilərindən yaxşı danışır, yaxşı yazır, həm də yaxşı anlayırdım. Elə ona görə də utanırdılar. Küçəyə çıxanda həmişə pasportu özümlə götürürəm. Әslində, Moskvadan başqa heç yerdə çətinliyim olmayıb. Paytaxtda da, göz dəyməsin, yola verə bilirdim. Bir neçə dəfə saxladılar, sənədlərimi yoxladılar. Amma, mənim    "oviç" deyil, "Oğlu" olduğuma görə baxışlarından şübhə hiss olunurdu..Bu isə bir narahatlıq hissi doğururdu. Sanki, mən nəsə bir pis iş görmüşəm və gizlətməyə çalışıram..

 O vaxtlar çox həyacanlı, özbaşınalığın hökm sürdüyü doxsanıncı illər idi. Odur ki, bir dəfə mənim milliyətcə rus olan həyat yoldaşım belə məsləhət verdi:-"Sənin bu "oqlı" nəyinə lazımdır? Onsuz da sən Rusiyada yaşayırsan, rusca danışırsan, rusca düşünürsən. Get, pasportstola, atanın adını dəyişdir. Nə olar ki?.. Rüsumu ödəyərsən, rejissor Ryazanov kimi Aleksandroviç və yaxud Alekseyeviç olarsan. Nə fərqi var? Bizim uşaqları da məktəbdə yoldaşları lağa qoymazlar." Bir xeyli düşündüm. Atamın, anamın, bacılarımın şəkillərini saxladığım zərfi çıxartdım. Bu vaxt zərfin içindən şəkillərlə birgə doxsanıncı ilin yanvar ayında çıxmış köhnə "Bakı" qəzeti çıxdı.

Qəzetdə dəniz sahilində saysız-hesabsız insan dənizi ilə örtülmüş şəhər meydanı göstərilib... 

 Şəhərdə komendant saatı hökm sürür. Küçələrdə tanklar, bronetransportyorlar, pulemyotlar, minlərlə silahlı  əsgərlər. Üç nəfərdən artıq bir yerə yığışmaq qadağandır. Amma, xalq meydana çıxdı. Xalq nə ölümdən, nə də həbslərdən qorxmadı. Bir vaxtlar şair Qaliç oxuyardı:

"Çıx meydana, sən çıxarsan,

Sən ki, bunu bacararsan.

Çatdı zaman, hamı hazır?!

Kvadratlarda alaylar,

Dayanıb əmrə müntəzir..."

 

Məhz, alaylar həqiqətən dayanıb əmri gözləyirdilər. Meydanın üstündə hərbi vertolyotlar dövrə vürurdular. Bütün bunlara baxmayaraq, sadə, silahsız insanlar-bakılılar və başqa bölgələrdən gələnlər bu meydana axışıb gəlirdilər. Onları heç kim dayandıra bilməzdi! Heç bir əsgər, heç bir pulemyot, heç bir tank. Onlar 20  yanvargecəsi əsgərlər tərəfindən öldürülmüş övladlarını dəfn etməyə gəlirdilər. Şəkildə görünən uzunsov düzbucaqlar həlak olmuş şəhidlərin cənazələridir. Mən onların adlarını bilmirəm. Yüzlərlə öldürülmüş cavanlar, yaşlılar, yeniyetmələr, qızlar, uşaqlar, qocalar... Onların hər birinin adı var idi, soyadı var idi, atasının adı var idi.Onlarınatalarının adlarının nə olduğunu bilmirəm, amma, ondan sonra gələn sözü harda olsam unutmaram və unuda da bilmərəm.

 Mən-oğluyam! Mən atamın və anamın oğluyam. Belə olub və belə də olacaq. Mənim yoluma kim çıxırsa çıxsın- nasistlər, skinxedlər, başıqırxıqlar, fərqi yoxdur. Mən Bakıda necə doğulmuşamsa, elə də qalacam!

 

 

 “Ədəbiyyat və incəsənət”

(23.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.