RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Gözlərimi açıb saata baxdım. Səkkiz idi, səhər açılmışdı. Saat 6-da yuxuya getmişdim. O hesabla cəmi iki saat yatmışdım. Ancaq öyrəncəli olduğum üçün bu mənə kifayət edirdi. Gecə boyu gün ərzində öyrəndiklərimi bir ipə düzərkən hər şey zəncir kimi ardıcıllıqla bir-birinə bağlanır, konkret bir məqama çatanda isə zəncir qırılırdı. Nəyisə, çox incə bir məqamı gözdən qaçırdığım fikri məni rahat buraxmırdı. Bunun nə olduğunu heç cürə anlaya bilmirdim. Nəticədə yaranmış mənzərə heç ürəkaçan deyildi. Bu gün Fərman Gəraybəyliyə verilmiş vaxtın ikinci, sonuncu günü idi. Artıq ayın on altısı idi. Axşam saatlarında zəng edib pulu tələb edəndə mənə çox güvənən Fərmanın gözlərimə zillənəcək baxışlarını təsəvvür belə etmək istəmirdim. Belə sonluğa imkan verə bilməzdim. Əlbəttə, hələ dünən axşamdan bəzi fikirlərim var idi. Topladığım məlumatlar hər şeyin yaxşı olacağına ümidlər verirdi. Ancaq onlar sonda məntiqi nəticəyə gəlmək üçün kifayət etmədilər və hələ ki, elə ehtimal olaraq da qalırlar. Mənsə, uduzmağa öyrəşməmişəm. Fərman da, həyat yoldaşı da bir tərəfə, xilas edəcəyimə söz verdiyim bir yeniyetmənin həyatını təhlükədə qoya bilmərəm. Fərman da haradasa haqlıdır. Pulu alıb uşağı qaytarmaya bilərlər. Bu isə fəlakət demək idi. Ona görə də təhlillərimdə mənə mane olan boşluğu tapmağın yeganə yolu vaxt udmaqdır. Deməli, qarşı tərəfdən heç olmasa bir gün də möhlət almaq üçün tutarlı bir səbəb tapıb ehtiyat variantı işə salmalı, bundan sonra intensiv şəkildə araşdırmalarıma davam etməli idim.

Kreslodan qalxıb əl-üzümü yumaqçün hamam otağına keçdim. Sonra elektrik çaydanına su alıb şəbəkəyə qoşdum. Layiqə bir azdan gələcəkdi. O gələnə qədər bir stəkan çay içmək pis olmazdı. Öyrəncəli olduğum üçün iki saat yuxu mənə bəs etsə də, şokoladla içəcəyim bir stəkan tünd çay fikirlərimi davam etdirməyə daha yaxşı kömək edərdi. Fikirlərimi isə, elə indi, çay içəndən sonra davam etdirəcəkdim. Ehtimallarımın yerini almasına mane olan səbəbi mütləq tapmalıydım. Zəncirin qırılan halqasından, qaldığım yerdən davam edəcəkdim yenə də.

Çaydan qaynadı. Çayı dəmə qoymaq istəyəndə giriş qapısının üstündə asdığım zınqırovun melodik səsi gəldi. Mətbəxdən boylandım. Gələn Layiqə idi. Onun belə tez gələcəyini gözləmirdim. Layiqənin əhvalı həmişəki kimi yüksək idi. Mətbəxdən baxdığımı görüb ucadan salamlaşdı:

- Sabahınız xeyir, şef.

- Sabahın xeyir, ey əvəzolunmaz köməkçim, - mən də həmişəki kimi onun salamına öz tonunda cavab verdim. Belə deməyimi çox xoşladığını bilirdim.

İş masasının yanına keçib çantasını əlindən qoyan Layiqə mətbəxə qayıtdı.

- Mən dəmləyərəm, siz dincəlin, - bunu deyib çaydana quru çay töküb üstünə su aldı.

- Dincəlim?

- Hə, gecə ofisdə qaldığınız və çox gec yatdığınız baxan kimi məlum olur.

- Bunu necə bildin? - Layiqəyə detallara fikir verməyi öyrətdiyim üçün indi onun deyəcəkləri mənə maraqlı idi.

- Sizin məktəbinizi keçdikdən sonra belə şeyləri  müəyyən eləmək elə də çətin deyil. Kreslonuzun arxası iş masanıza tərəf çevrilib. Deməli, adətiniz üzrə ayaqlarınızı masanın üzərinə uzadıb saatlarla fikirləşdikdən sonra yorulub kresloda geriyə çevrilib mürgüləmisiz. Kresloda yatanda həmişə belə edirsiz. Evdə gecələyib gələndə ofisə girərkən ilk işiniz işıqları yandırmaq olur. Belə tezdən ofisdəsizsə və işıqlar da hələ yanmayıbsa, deməli gecədən buradasız. Gözlərinizin bir qədər qızarması isə çox az yatdığınızdan xəbər verir.

Diqqətlə Layiqəyə baxıb dedim:

- Bunlar hamısı çox yaxşıdı, diqqətinə heyranam, amma əsas bir şeyi nəzərdən qaçırdın.

- Nəyi, şef? - Layiqə təəccüblə mənə baxıb soruşdu.

Bir qədər pauza verib dedim:

- Dəm qaynadı.

Layiqənin çaydana baxıb sonra özünümüdafiə pozası aldığını gördükdə tez gülə - gülə dilləndim:

- Yaxşı, yaxşı, təzədən dəmlə, işimiz çoxdur.

Köməkçim ilə hərdən zarafat etməyi xoşlayırdım. Ancaq belə deməklə diskussiyanın bitməsinə işarə etdim. Yoxsa mətbəx bacarığı ilə heç vaxt fərqlənməyən bu yaxşı qızın onu söhbətə tutduğumu əsas gətirib dəmin qaynamasında məni günahlandıracağına əmin idim.

Sadaladığı müşahidələrindən sonra «afərin» gözləyən Layiqə burnunu sallayıb yenidən dəm çaydanını götürdü. Müşahidələri isə, cəmi bir ildən bir qədər çox yanımda çalışan birisi üçün həqiqətən də təqdirəlayiq idi. Bu qız artıq mənim vərdişlərimi də öyrənmişdi. Bunu üzünə deyib onu arxayınlaşdırmaq fikrim yox idi. Qoy hələ üzərində çalışsın. İrəlidə öyrənəcəyi çox şey var. Yaxşı detektiv olmaq bir - iki günün işi deyil, buna uzun zaman tələb olunur.

Mətbəxdən çıxıb masamın arxasına keçdim. Çayı elə burada içəcəkdim. 

* * *

Köhnə bağ evindəki dəmir çarpayıda yuxuya getmiş adam qulağına gələn tappıltı səsindən dik atılıb yerinin içində oturdu. Qeyri - ixtiyari əlini uzadıb balış əvəzinə istifadə etdiyi kisənin altına qoyduğu tapançanı götürdü. Qalxıb ehtiyatla pəncərəyə yaxınlaşıb həyətə baxdı. Heç kim gözə dəymirdi. Tapançanı yerinə qoyub həyətə çıxdı. Ətrafa boylandı. Gözünə şübhəli bir şey dəymədi. Sakitçilik idi. Tappıltı səsinin küçədən gəldiyini fikirləşib əlini yellədi. Onsuz da gecəni pis yatmışdı. Bu səsdən də hövlnak oyanması tarıma çəkilmiş əsəblərini bir qədər də gərginləşdirmişdi. Bu gün hər şey həll olunmalı idi. Natarazı hər şeyin yaxşı keçəcəyinə əmin etsə də, özü buna tam əmin deyildi. Adam oğurluğu kimi bir cinayətə ilk dəfə getdiyi üçün içində güclü narahatıq vardı.

Cibindən natarazın ona verdiyi köhnə telefonu çıxarıb baş barmağını düymələrdən birinə sıxdı. İşıqlanan ekranda saata baxdı. Doqquza işləyirdi. Axşama qədər bir işi olmadığı üçün belə tez oyanmaq fikri yox idi. Onu oyadan tappıltının ünvanına bir söyüş söyüb evə qayıtdı. Axşamdan içdiyi arağın təsirindən ürəyi bulanırdı. Evə keçib gözü masanın üstündəki yarımçıq araq şüşəsinə sataşanda ürəkbulanması bir az da artdı. Tez gözünü şüşədən ayırıb keçib çarpayıya uzandı. İndiki vəziyyətdə vaxtı öldürmək üçün ən yaxşı vasitə yatmaq idi. Yuxuya gedə bilərsə, düz günortaya qədər yatacağını qət etdi. Bir qədər  sağa-sola çevrildikdən sonra nəhayət gözünə yuxu getdi.

Onun xəbəri yox idi ki, həyətə çıxmasından qayıdıb evə keçməsinə qədər olan müddətdə bir cüt göz ara vermədən onu izləmişdi. Bu adam, qumarda uduzduğu üç nəfərdən biri idi. Heç kimin olmadığı qonşu bağa girən adam onun hasarından içəri atılarkən ayağı düz yerdəki paslı dəmir lövhənin üstünə düşmüş, möhkəm səs salmışdı. Adamı onu izləmək üçün nataraz göndərmişdi. O, hasarı aşdıqdan sonra özünü natarazın əvvəlcədən ona nişan verdiyi, bağın lap yuxarı başında olan, nə vaxtsa toyuq damı kimi istifadə edilən tikiliyə çatdırıb orada gizlənə bilmişdi. Aldığı tapşırığa görə axşama qədər bağ sahibini gözdən qoymamalı, əgər o harasa gedərsə onu izləməli, həyətə polislər gələrsə, yaxud şübhəli hər hansı bir hal baş verərsə, dərhal mesajla nataraza xəbər verməli idi. Bağ sahibindən fərqli olaraq belə işlərdə daha təcrübəli olan və hər addımını yüz ölçüb bir biçən nataraz bu dəfə də sığortalanmağı lazım bilmişdi. Adam birtəhər yerini rahatlayıb yenə də evə tərəf baxmağa başladı. İrəlidə onu bu taxtaları çürümüş, damı çökmüş tikilidə keçirəcəyi uzun saatlar gözləyirdi.

 

 “Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.