Super User

Super User

 

Yanvarın 25-də Sankt-Peterburqda Azərbaycan Konservatoriyasının banisi, Azərbaycanın ilk professional bəstəkarı Üzeyir Hacıbəylinin  gələcək abidəsinin yerində təntənəli daşın qoyulması mərasimi olmuşdur. “Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən xəbər veriri ki, açılış mərasimində Azərbaycan prezidentinin köməkçisi Anar Ələkbərov, Sankt-Peterburq və Leninqrad vilayətlərinin Azərbaycan Konqresinin sədri Vaqif Məmişov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, habelə Sankt-Peterburq hökumətinin və ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Abidə Üzeyir Hacıbəylinin adını daşıyan bağda qoyulacaqdır.

Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın  Zeynalov olacaqdır.

 

Yaponiyanın Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, musiqili gecə Yaponiyada yaşayan soydaşımız, fortepiano ifaçısı Gülnarə Azuma-Səfərovanın və yapon həmkarlarının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konsert zamanı həmvətənimiz yapon musiqiçiləri ilə birlikdə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin əsərlərini ifa edib. Azərbaycan milli geyimində səhnəyə çıxan yapon müğənninin bəstəkar Tofiq Quliyevin “Zibeydə” mahnısını azərbaycanca ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Qeyd edək ki, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Azuma-Səfərova Bakı Musiqi Akademiyasının (BMA) fortepiano fakültəsini bitirib. 1997-2007-ci illərdə BMA-nın dosenti vəzifəsində çalışıb. Yaponiya vətəndaşı ilə ailə quran soydaşımız 2008-ci ildən “Gündoğan ölkə”də yaşayır. Azərbaycanın qədim və zəngin musiqisinin tanıdılması və təbliğ olunması məqsədilə yapon musiqiçiləri ilə birlikdə bu ölkədə müxtəlif layihələr həyata keçirir.

 

Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və  Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüş keçirib. 

 

Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, görüş zamanı Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Əlamətdar ilin yaddaqalan tədbirlərindən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu.”

Tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən danışılıb, yeni elmi faktlar səsləndirilib. 

Bundan əlavə, il ərzində bir sıra ölkələrdə şairin büstləri qoyulub. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir.

Daha sonra Anar Kərimovun iştiraki ilə Ömər Eldarovun və Fərhad Bədəlbəylinin “Nizami Gəncəvi-880” xatirə nişanlarını təltif olunma mərasimi keçirilib.

 

26 yanvarın təqvimi Varisin təqdimatında

 

Avstraliya günü

Hər vaxtınız xeyir. Yaşıl qitədən başlayacağıq. 1788-ci ilin 26 yanvarında kapitan Artur Filipp gəmisini Sidney buxtasında saxlayaraq Britaniya bayrağını qaldırıb və buradakı ilk koloniyanı – Yeni Cənubi Uels koloniyasını yaradıb. Sidney şəhərini quranlar isə gəmi ilə gətirilən 730 məhbus olub. Həmin gün də Avstraliyanın milli bayramı hesab olunur. Belə ki, sonradan daha 5 koloniya yaradılıb, bunlar da birləşərək 1901-ci ildə Avstraliya İttifaqını təşkil ediblər.

Həyat səviyyəsinə görə Avstraliya dünyanın 10 lider ölkəsi sırasında yer alıb. Buranın iqtisadiyyatını qaz, kömür və taxıl ixracatı təşkil edir, hakimiyyət də qazancını səxavətlə əhaliylə bölür. Avstraliyada kenquruların sayı insan sayından 3 dəfə şoxdur. Burada sosial yardım anlayışı o qədər yüksəkdir ki, kasıb adamlar üçün küçələrdə televizor, kondisioner, soyuducu, kompüter, mikrodalğalı soba, mebel qoyurlar, get ürəyin istəyəni götür. 

Dünyanın ən böyük tramvay şəbəkəsi Melburndadır. Avstraliya əhalisinin yarıdan çoxu mühacirdir. Hamının siması gülümsərdir. İnsanlar əsasən böyük yaşıl sahəsi olan həyət evlərində yaşayırlar. Avtomobil burda çox ucuzdur. Orta əməkhaqqı illik 130 min Avstraliya dollarına bərabərdir, bu da təqribən 92,5 min ABŞ dollarına bərabərdir. Demək, müəllim, həkim, mühəndis və digərləri Avstraliyada aylıq 7700 dollar maaş alırlar. İki aylıq maaşa da avtomobil almaq mümkündür.

Beynəlxalq Gömrükçü günü

İnternational Customs Day – 1953-cü ilin 26 yanvarında Brüsseldə Beynəlxalq Gömrük Şurasının ilk sessiyasının keçirilməsi şərəfinə təsis olunub. Hazırda Ümumdünya Gömrük İtiifaqına 170 ölkə, o cümlədən 17 Avropa ölkəsi daxildir. 

Hər bir ölkənin iqtisadiyyatında gömrük orqanları başlıca yer tuturlar, ölkəyə idxal olunan məhsulların nəzarətini məhz bu orqanlar həyata keçirir. Çox təssüf ki, bizim ölkəmizdə ən çox narazılıq doğuran sahələrdən biri sayılaraq gömrük orqanları əhalinin etimadını qazana bilməyiblər. Bu peşə bayramında gömrükçülərimizə vətən sevgisi, şəxsi varlanmaq ehtirasını boğa bilmək bacarığı, obyektivlik və düzgünlük arzulayırıq.

“Gəl, söhbət edək” günü

Bu gün Kanadada “Gəl söhbət edək” günüdür, insanları bir-birinə ürək açmağa çağıran gündür. Yaponiyada Bunkazay Boka günüdür, mədəni dəyər kəsb edən nəsnələrin yanğından qorunmasına diqqət cəlb etmək günüdür. Panamada mühəndis, Hindistanda konstitusiya, Latviyada beynəlxalq tanınma, Avstraliyada həm də tarakan qaçışı günüdür. ABŞ isə bu gün Milli araxisli konfet gününü bayram edəcək.

Kullinan, Konqress kitabxanası

2001-ci ildə Qara dənizdə Ukraynanın “Merkurinin xatirəsi” teploxodu batıb, 20 nəfər həyatını itirib. Həmin gündə Hindistanda, Qudjarat əyalətində zəlzələ 20 min can alıb. 2000-ci ildə Argentinada arxeoloqlar planetin tarixindəki ən iri dinozavrın qalıqlarını tapıblar. 1972-ci ildə yuqoslav stüardessa Vesna Vuloviş 10159 metrədən yerə gəlmiş təyyarədə sağ qalmaqla tarixə düşüb. 1940-cı ildə nasistlər Polşa yəhudilərinə qatarlara minməyi qadağan ediblər. 

1905-ci ildə Cənubi Afrikada dünyanın ən böyük almazı – Kullinan tapılıb. 1893-cü ildə Karl Bens dördtəkərli avtomobil hazırlayıb ki, məhz bu avtomobil yarış avtomobillərinin əsasını qoyub. 1802-ci ildə ABŞ Konqresinin kitabxanası fəaliyyətə başlayıb. 1244-cü ildə salnamələrdə ilk dəfə Berlin adından istifadə olunub. 

Cansu, Aygün, Ceylan və Köçərli

1988-ci ilin 26 yanvarında gözəllər gözəli, türk dizi aktrisası və fotomodeli Cansu Tosun doğulub, kişilər, sosial mediadan onu təbrik etməyə başlayın. 1971-ci ilin bu günündə müasir Azərbaycan pop musiqisinin yaradıcısı hesab olunan xalq artisti Aygün Kazımova dünyaya gəlib, onu niyə təbrik etməyək ki? 1963-cü ildə Portuqaliyanın Setubal şəhərində futbol dühası, tanınmış məşqçi Joze Mourinyo, 1953-cü ildə Türkiyə kinosunun ən görkəmli xadimi, ünlü rejissor Nuri Bilgə Ceylan doğulublar. Yeri gəlmişkən, hələ də bu dünyaşöhrətli rejissorun filmlərini izləməyən tapılarsa təcili “Bir zamanlar Antalyada”, “Əhlət ağacı” və “Qış yuxusu” filmlərinə mütləq baxsınlar. Bu gün yazışı Əzizə Əhmədovanın 90 illiyidir, o, 1932-ci ilin bu günündə dünyaya gəlib.

1925-ci ildə Amerika kinoaktyoru, Oskar laureatı Pol Nyuman, 1921-ci ildə yapon biznesmeni, Sony kompaniyasının yaradıcısı Akkio Morita, 1918-ci ildə rumın dövlər xadimi, sonradan xalq qarşısında edam olunan Nikolae Çauşesku doğulublar.

1863-cü ilin 26 yanvarında Azərbaycanın görkəmli maarifçisi, ədəbiyyatşünası, Azərbaycan ədəbiyyatı tarixi elminin banisi Firudin bəy Köçərli dünyaya gəlib. Bu dahi şəxsiyyətə ruhu şad olsun deyək.

Xuraman Abbasovanın yaylığı

2020-ci ilin 26 yanvarında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov, 2019-cu ildə dahi fransız musiqiçisi Mişel Leqran, 1998-ci ildə Sosialist Əməyi Qəhrəmanı, Qarabağ müharibəsi yenicə alovlananda yaylığını ataraq azərbaycanlı gəncləri qırğına getməyə qoymayan Xuraman Abbasova, 1979-cu ildə ABŞ-ın 41-ci vitse prezidenti, məşhur milyardçılar nəslinin nümayəndəsi Nelson Rokfeller, 1943-cü ildə məşhur rus genetik alimi Nikolay Vavilov, 1925-ci ildə ürək aritmiyasını kəşf etmiş şotland həkim Ceyms Makkenzi, 1915-ci ildə məşhur gürcü yazarı Akaki Sereteli, 1893-cü ildə beysbolu kəşf etmiş Amerika generalı Ebner Dabldey, 1891-ci ildə daxili yanma mühərrikini kəşf etmiş alman konstruktor Nikolaus Otto dünyadan köçüblər.

Kor alpinist

Yeri gəlmişkən, 2003-cü ilin 26 yanvarında amerikalı Veyxenmayer Erik adını tarixə yazdırmağa müvəffəq olub. Belə ki o, kor olmaqla dünyanın bütün qitələrindəki ən hündür zirvələrə qalxmağa müyəssər olmuş yeganə insandır. Təsəvvür edin, gözün görməyə görməyə Everestə, Monblana qalxasan, şəxsən mən heç cür təsəvvür edə bilmirəm. İnsan övladı görün bir nələrə qadirdir. 

 

 

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə nəfis şəkildə çap olunan yeni kitab belə adlanır - “Qarabağ – tarixi-mədəni irsimizdən”.

 

AzərTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ilk insan məskənlərindən biri olan Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilir. Qarabağın tarixi zəngin qaynaqlar əsasında araşdırılaraq, “Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar əksini tapır. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir.

Nəşrdə İslam dövrü abidələri üzərindəki epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, naqqaş, xəttat və sufi şeyxlərin, Qarabağ memarlıq məktəbinin banilərinin adları çəkilir. Eyni zamanda, Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, kitabda Qarabağ ədəbi mühitinin formalaşmasından, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin, musiqiçilərin həyat və yaradıcılığından da bəhs olunur.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində Qarabağ torpağı erməni işğalından azad edilib. 44 günlük haqq savaşımızın təfərrüatları da, təbii olaraq, kitabda öz əksini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər çərçivəsində reallaşan yeni nəşr işğaldan azad edilmiş ərazilərimizdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupu tərəfindən də müzakirə edilib.

“Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və hazırda mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli vasitədir.

 

1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açan Əzizə Əhmədovanın ilk hekayəsi "Qorxmazın səhvi" adlanırdı, 1957-ci ildə "Pioner" jurnalında dərc edilib. 1967-ci ildə o, "Gənclik" nəşriyyatına direktor təyin edilib, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi, bunlardan "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam" məşhur idi.

Əzizə Əhmədova tərçüməçi kimi də böyük işlər görüb, V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, A.Rıbakov, A.Lindqren və onlarla başqalarının əsərlərini dilimizə tərcümə edib. 1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurmuşdu. 

Əzizə xanım filologiya elmləri doktorudur. Amma heç bir fəxri adı yoxdur. 90 illiyində düşünürük ki, bunu nəzərə alarlar.

 

 

Böyük azərbaycanlı Məmməd Əmin Rəsulzadə Firidun bəy Köçərli haqqında belə deyib: “Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi”.

 

Görkəmli Azərbaycan maarifçisi, ədəbiyyatşünası, Azrbaycan ədəbiyyatı tarixi elminin banisi Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub, 1878-ci ildə Aleksey Çenyayevski (“Dəli Kür” filmini xatırlayın) Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gələndə Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparıb. 1879–1885-ci illər ərzində o, seminariyada təhsil alıb. Təhsil aldığı müddətdə müəllimləri Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayıb.

1885-ci ildə seminariyanı bitirdikdən sonra Firidun bəy İrəvan gimnaziyasına təyinat alıb. 1885–1890-cı illərdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyıb. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilib. 1895-ci ildə Firidun bəy İrəvan şəhərini tərk edib, Qori Seminariyasında "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 

Firidun bəy 1899-cu ildə III dərəcəli "Müqəddəs Anna ordeni ilə, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav” ordeni ilə təltif edilib.

1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirib. 1897-ci ildə Qazaxın məşhur Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurub. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunan Firidun bəy 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərib, təkliflər irəli sürüb. O, çarizmin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasətinə qarşı siyasi proseslərə qoşularaq, "Müsavat” partiyasına üzv olub.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərci ilə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın ilk direktoru təyin olmuşdur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlamışdır. 

Sonradan Firidun bəy Qazaxda ilk uşaq evini də açıb. 1918-ci il 28 may tarixində müstəqilli qazanılanda o, Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının üzvü seçilib, İstiqlal bəyannaməsini imzalayıb, 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Firidun bəy Qazax Müəllimlər Seminariyasına rəhbərlik edib. 

Yaradıcılığına gəlincə, Firidun bəy 1884-cü ildə "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edib. 1886-cı ildə o, ilk teatr tamaşasını qoyub. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda, "Tərcüman" mətbəəsində, 1892-ci ildə isə Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxıb. Lermontovun "Üç xurma ağacı" və Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunub. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunub. 

1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilib. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilib. Elə həmin ildə o, M.F.Axundovun "Aldanmış kəvakib” povestini rus dilinə çevirib. 1906-cı ildə "Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirib. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırıb. Mirzə Cəlilin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləni "Znaniye" qəzetində çap etdirib. 1911-ci ildə Mirzə Fətəlinin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunub. 

1913-cü ildə Firidun bəy yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlayıb. Bu əsər mədəniyyətimizin qızıl irsinə daxil edilib. 

1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olub. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilib.

O ki qaldı bu böyük şəxsiyyətin dünyadan köçməsinə, bolşevik işğalından sonra o da qırmızı terora məruz qalmış görkəmli şəxsiyyətlərimizdən biri kimi həyatını itirmiş oldu. 1920-ci ilin mayında communist hakimiyyət Köçərlini və digər "Müsavat” funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olundu, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarıldı. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov  tərəfindən təsdiq edildi, hökm yerinə yetirildi. 

Güllələnmə haqqında çıxarılmış qərar:

Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov

 

 

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Dövlət başçısının mədəniyyət paytaxtımızla bağlı bu sərəncamı Mədəniyyət Nazirliyinin də üzərinə müəyyən öhdəliklər və ciddi vəzifələr qoyur. Nazirliyin yaydığı məlumata görə, bu mötəbər hadisəni rəhbər tutaraq, Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir.

Şuşa şəhəri Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.

Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.

 

Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti təqdim edilib.

 

AzərTAC xəbər verir ki, “Min bir gecə” baleti Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluşunda səhnələşdirilib. Tamaşada Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edib. Musiqi dolğunluğu, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə zəngin “Min bir gecə” baleti yerli sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Tamaşa anşlaqla keçib.

Səhnə əsərinin nümayişindən sonra tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini uğurlu çıxışları münasibətilə təbrik edib. Diplomat Fikrət Əmirovun dahi əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb.

Mədəniyyət xadimləri qarşısında çıxış edən baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyinə və artistlərinə, həmçinin orkestrə Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun ölməz “Min bir gecə” əsərini uğurla səhnələşdirdiklərinə görə minnətdarlığını bildirib. Tamaşanın yekununda balet truppasının üzvlərinə baş konsulluq adından gül dəstələri hədiyyə edilib.

Tədbirin yekununda baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyi və balet truppası ilə xatirə şəkili çəkdirib.

Çərşənbə axşamı, 25 Yanvar 2022 15:44

Məşhur fransız kuturyesi Thierry Magler vəfat edib

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

73 yaşlı moda dizaynerinin şöhrətinin zirvəsi Avropada ilk dəfə Moda nümayişini Paris konsert salonunda rok festivalına çevirən və moda evinin on illiyini qeyd etmək üçün təxminən 6 min tamaşaçı toplayan səksəninci illərə təsadüf edir.

1992-ci ildə Thierry Magler satış lideri olan "Angel" ətriyyatını buraxaraq növbəti likə imza atdı.

2002 -ci ildə dizayner Moda Evinin yaradıcı direktoru vəzifəsini tərk etdi, lakin məşhurlarla əməkdaşlıq etməyə və nümayişlər keçirməyə davam etdi. Onun istedadının ulduz pərəstişkarları arasında Lisa Minnelli, Milen Farmer, Kim Kardaşyan (üzdəniraq), Beyons, Lady Gaga və bir çox başqaları var idi. 

Thierry Maglerin təbii səbəblərdən öldüyü bildirilir. Modelyer Jan-Batist Rujun sözlərinə görə, ustanın ölümü onun üçün gözlənilməz olub. Kuturye  çox işləyirdi, həftənin əvvəlində yeni layihələr haqqında məlumat verməyi planlaşdırırdı. 

Amma əcəl imkan vermədi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.