“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə nəfis şəkildə çap olunan yeni kitab belə adlanır - “Qarabağ – tarixi-mədəni irsimizdən”.
AzərTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ilk insan məskənlərindən biri olan Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilir. Qarabağın tarixi zəngin qaynaqlar əsasında araşdırılaraq, “Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar əksini tapır. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir.
Nəşrdə İslam dövrü abidələri üzərindəki epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, naqqaş, xəttat və sufi şeyxlərin, Qarabağ memarlıq məktəbinin banilərinin adları çəkilir. Eyni zamanda, Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, kitabda Qarabağ ədəbi mühitinin formalaşmasından, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin, musiqiçilərin həyat və yaradıcılığından da bəhs olunur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində Qarabağ torpağı erməni işğalından azad edilib. 44 günlük haqq savaşımızın təfərrüatları da, təbii olaraq, kitabda öz əksini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər çərçivəsində reallaşan yeni nəşr işğaldan azad edilmiş ərazilərimizdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupu tərəfindən də müzakirə edilib.
“Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və hazırda mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli vasitədir.