Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüş keçirib.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, görüş zamanı Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Əlamətdar ilin yaddaqalan tədbirlərindən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu.”
Tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən danışılıb, yeni elmi faktlar səsləndirilib.
Bundan əlavə, il ərzində bir sıra ölkələrdə şairin büstləri qoyulub. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir.
Daha sonra Anar Kərimovun iştiraki ilə Ömər Eldarovun və Fərhad Bədəlbəylinin “Nizami Gəncəvi-880” xatirə nişanlarını təltif olunma mərasimi keçirilib.