Avstraliyalı olmaq xoşbəxtliyi, gömrüyün işləkləri və kor alpinist Featured

 

26 yanvarın təqvimi Varisin təqdimatında

 

Avstraliya günü

Hər vaxtınız xeyir. Yaşıl qitədən başlayacağıq. 1788-ci ilin 26 yanvarında kapitan Artur Filipp gəmisini Sidney buxtasında saxlayaraq Britaniya bayrağını qaldırıb və buradakı ilk koloniyanı – Yeni Cənubi Uels koloniyasını yaradıb. Sidney şəhərini quranlar isə gəmi ilə gətirilən 730 məhbus olub. Həmin gün də Avstraliyanın milli bayramı hesab olunur. Belə ki, sonradan daha 5 koloniya yaradılıb, bunlar da birləşərək 1901-ci ildə Avstraliya İttifaqını təşkil ediblər.

Həyat səviyyəsinə görə Avstraliya dünyanın 10 lider ölkəsi sırasında yer alıb. Buranın iqtisadiyyatını qaz, kömür və taxıl ixracatı təşkil edir, hakimiyyət də qazancını səxavətlə əhaliylə bölür. Avstraliyada kenquruların sayı insan sayından 3 dəfə şoxdur. Burada sosial yardım anlayışı o qədər yüksəkdir ki, kasıb adamlar üçün küçələrdə televizor, kondisioner, soyuducu, kompüter, mikrodalğalı soba, mebel qoyurlar, get ürəyin istəyəni götür. 

Dünyanın ən böyük tramvay şəbəkəsi Melburndadır. Avstraliya əhalisinin yarıdan çoxu mühacirdir. Hamının siması gülümsərdir. İnsanlar əsasən böyük yaşıl sahəsi olan həyət evlərində yaşayırlar. Avtomobil burda çox ucuzdur. Orta əməkhaqqı illik 130 min Avstraliya dollarına bərabərdir, bu da təqribən 92,5 min ABŞ dollarına bərabərdir. Demək, müəllim, həkim, mühəndis və digərləri Avstraliyada aylıq 7700 dollar maaş alırlar. İki aylıq maaşa da avtomobil almaq mümkündür.

Beynəlxalq Gömrükçü günü

İnternational Customs Day – 1953-cü ilin 26 yanvarında Brüsseldə Beynəlxalq Gömrük Şurasının ilk sessiyasının keçirilməsi şərəfinə təsis olunub. Hazırda Ümumdünya Gömrük İtiifaqına 170 ölkə, o cümlədən 17 Avropa ölkəsi daxildir. 

Hər bir ölkənin iqtisadiyyatında gömrük orqanları başlıca yer tuturlar, ölkəyə idxal olunan məhsulların nəzarətini məhz bu orqanlar həyata keçirir. Çox təssüf ki, bizim ölkəmizdə ən çox narazılıq doğuran sahələrdən biri sayılaraq gömrük orqanları əhalinin etimadını qazana bilməyiblər. Bu peşə bayramında gömrükçülərimizə vətən sevgisi, şəxsi varlanmaq ehtirasını boğa bilmək bacarığı, obyektivlik və düzgünlük arzulayırıq.

“Gəl, söhbət edək” günü

Bu gün Kanadada “Gəl söhbət edək” günüdür, insanları bir-birinə ürək açmağa çağıran gündür. Yaponiyada Bunkazay Boka günüdür, mədəni dəyər kəsb edən nəsnələrin yanğından qorunmasına diqqət cəlb etmək günüdür. Panamada mühəndis, Hindistanda konstitusiya, Latviyada beynəlxalq tanınma, Avstraliyada həm də tarakan qaçışı günüdür. ABŞ isə bu gün Milli araxisli konfet gününü bayram edəcək.

Kullinan, Konqress kitabxanası

2001-ci ildə Qara dənizdə Ukraynanın “Merkurinin xatirəsi” teploxodu batıb, 20 nəfər həyatını itirib. Həmin gündə Hindistanda, Qudjarat əyalətində zəlzələ 20 min can alıb. 2000-ci ildə Argentinada arxeoloqlar planetin tarixindəki ən iri dinozavrın qalıqlarını tapıblar. 1972-ci ildə yuqoslav stüardessa Vesna Vuloviş 10159 metrədən yerə gəlmiş təyyarədə sağ qalmaqla tarixə düşüb. 1940-cı ildə nasistlər Polşa yəhudilərinə qatarlara minməyi qadağan ediblər. 

1905-ci ildə Cənubi Afrikada dünyanın ən böyük almazı – Kullinan tapılıb. 1893-cü ildə Karl Bens dördtəkərli avtomobil hazırlayıb ki, məhz bu avtomobil yarış avtomobillərinin əsasını qoyub. 1802-ci ildə ABŞ Konqresinin kitabxanası fəaliyyətə başlayıb. 1244-cü ildə salnamələrdə ilk dəfə Berlin adından istifadə olunub. 

Cansu, Aygün, Ceylan və Köçərli

1988-ci ilin 26 yanvarında gözəllər gözəli, türk dizi aktrisası və fotomodeli Cansu Tosun doğulub, kişilər, sosial mediadan onu təbrik etməyə başlayın. 1971-ci ilin bu günündə müasir Azərbaycan pop musiqisinin yaradıcısı hesab olunan xalq artisti Aygün Kazımova dünyaya gəlib, onu niyə təbrik etməyək ki? 1963-cü ildə Portuqaliyanın Setubal şəhərində futbol dühası, tanınmış məşqçi Joze Mourinyo, 1953-cü ildə Türkiyə kinosunun ən görkəmli xadimi, ünlü rejissor Nuri Bilgə Ceylan doğulublar. Yeri gəlmişkən, hələ də bu dünyaşöhrətli rejissorun filmlərini izləməyən tapılarsa təcili “Bir zamanlar Antalyada”, “Əhlət ağacı” və “Qış yuxusu” filmlərinə mütləq baxsınlar. Bu gün yazışı Əzizə Əhmədovanın 90 illiyidir, o, 1932-ci ilin bu günündə dünyaya gəlib.

1925-ci ildə Amerika kinoaktyoru, Oskar laureatı Pol Nyuman, 1921-ci ildə yapon biznesmeni, Sony kompaniyasının yaradıcısı Akkio Morita, 1918-ci ildə rumın dövlər xadimi, sonradan xalq qarşısında edam olunan Nikolae Çauşesku doğulublar.

1863-cü ilin 26 yanvarında Azərbaycanın görkəmli maarifçisi, ədəbiyyatşünası, Azərbaycan ədəbiyyatı tarixi elminin banisi Firudin bəy Köçərli dünyaya gəlib. Bu dahi şəxsiyyətə ruhu şad olsun deyək.

Xuraman Abbasovanın yaylığı

2020-ci ilin 26 yanvarında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov, 2019-cu ildə dahi fransız musiqiçisi Mişel Leqran, 1998-ci ildə Sosialist Əməyi Qəhrəmanı, Qarabağ müharibəsi yenicə alovlananda yaylığını ataraq azərbaycanlı gəncləri qırğına getməyə qoymayan Xuraman Abbasova, 1979-cu ildə ABŞ-ın 41-ci vitse prezidenti, məşhur milyardçılar nəslinin nümayəndəsi Nelson Rokfeller, 1943-cü ildə məşhur rus genetik alimi Nikolay Vavilov, 1925-ci ildə ürək aritmiyasını kəşf etmiş şotland həkim Ceyms Makkenzi, 1915-ci ildə məşhur gürcü yazarı Akaki Sereteli, 1893-cü ildə beysbolu kəşf etmiş Amerika generalı Ebner Dabldey, 1891-ci ildə daxili yanma mühərrikini kəşf etmiş alman konstruktor Nikolaus Otto dünyadan köçüblər.

Kor alpinist

Yeri gəlmişkən, 2003-cü ilin 26 yanvarında amerikalı Veyxenmayer Erik adını tarixə yazdırmağa müvəffəq olub. Belə ki o, kor olmaqla dünyanın bütün qitələrindəki ən hündür zirvələrə qalxmağa müyəssər olmuş yeganə insandır. Təsəvvür edin, gözün görməyə görməyə Everestə, Monblana qalxasan, şəxsən mən heç cür təsəvvür edə bilmirəm. İnsan övladı görün bir nələrə qadirdir. 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.