Super User

Super User

 

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev Gəncədə işgüzar səfərdə olublar.

 

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, onlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Kukla Teatrında olublar. 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" mahnı və rəqs ansamblının, Dövlət Kamera Orkestrinin, Xalq Çalğı Alətləri Ansamblının və "Xəmsə" estrada ansamblının konsert proqramlarını dinləyiblər. 

Sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında Əsgər Əsgərovun quruluşunda hazırlanmış "Cavad xan", Gəncə Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin əsəri əsasında Şamil Məmmədlinin quruluş verdiyi "Bizim bağın gözəli" tamaşalarına baxan heyət, teatrların yaradıcı kollektivi ilə görüşüb və mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb.

 

Amerika Yazıçılar Gildiyası WGA:  “Bədii və sənədli filmlər mükafatları” nominasiyasında müsabiqəyə qatılan namizədlərin adlarını açıqlayıb.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki:

1.

Ən yaxşı orijinal ssenari” kateqoriyasına “Fransanın mesajı - Liberti, Kanzas Axşam Günəşi” (Ves Anderson), “Kral Riçard” (Zak Beylin), “Yuxarı baxmayın” (Adam MakKey), “Rikardo olmaq” (Aaron Sorkin) və “Biyan pizzası” (Pol Tomas Anderson) filmləri daxil edilib.

2.

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” kateqoriyasında namizədlər “Vest sayd əhvalatı” (Toni Kuşner), “Dəhşət küçəsi” (Giyermo Del Toro və Kim Morqan), “Qum təpələri” (Con Speyts, Deni Vilnyov və Erik Rot), “CODA: Kar valideynlərin uşağı” (Sian Heder) ) və “Tik-tak, bum!” (Stiven Levinson) ekran əsərləridir.

 

“CODA: Kar valideynlərin uşağı” filminin ssenari müəllifi və rejissoru Sian Heder və “Dəhşət küçəsi” ekran əsərinin müəllifi Kim Morqan namizədlər arasında yeganə qadınlardır.

Qeyd edək ki, qaliblər martın 20-də 74-cü “WGA” mükafatlarının təqdimetmə mərasimində elan ediləcək.

 

Ötən gün Qərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi millət vəkilləri, tanınmış elm və ədəbiyyat xadimləri  və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Açıq Qapı Günü təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına təhsil ocağından verilən məlumata görə, Açıq Qapı Günü ayrı-ayrı auditoriyalarda imtahan prosesini izləyən qonaqlara elektron universitet, eləcə də keyfiyyətə nəzarət şöbəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər. 

Qonaqlar universitetin bir sıra laboratoriyalarında tədqiqat və praktik məşğələlər üçün yaradılmış şəraitlə tanış olub, eləcə də kitabxana, idman zalı və yeməkxanaya baxış keçiriblər. 

Açıq Qapı Günündə Milli Məclisin deputatları – Hikmət Babaoğlu və Ceyhun Məmmədov, əməkdar jurnalist, professor Qulu Məhərrəmli, yazıçı, əməkdar jurnalist Varis Yolçiyev və “Bakupost” saytının baş redaktoru Elçin Zahiroğlu iştirak ediblər. 

Qonaqlar universitetin imtahanları təşkiletmə və tələbələri qiymətləndirmə yanaşmasını, eləcə də peşəkar kadrların hazırlanması üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

 

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində "Nizami Gəncəvi irsi və gənclik" adlı kitab çap olunub. Kitabda yeni nəsil araşdırmaçıların və yazarların böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi və publisistik məqalələri yer alıb. 

 

“Mücrü" nəşriyyatında çap olunmuş "Nizami Gəncəvi irsi və gənclik"  kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixiyeva, eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, lahiyə rəhbəri İntiqam Yaşar, tərtibatçı-dizayneri isə DGTYB-nin idarə heyəti üzvü Sərvər Kamranlıdır. Kitabın Bakı şəhərində və regionlarda təqdimat tədbirləri təşkil olunacaq.

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair Vaqif Aslanla görüşdürür.

 

- Salam Vaqif müəllim, 2021-ci il necə keçdi sizin üçün? 2022-ci ildən gözləntilər?

-Salam, əziz İntiqam. Sizinlə həmsöhbət olmaq, mənə görə, gəncliklə ahıllığın polemikası kimidir.  2021-ci il mənim üçün sevinc ili oldu: ona görə ki, hələ 2020-ci ilin 8 noyabrından etibarən erməni işğalı altında olan torpaqlarımızın əksər hissəsi azad edilmişdi,  2021-ci il mənim üçün qürur ili oldu: ona görə ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə havası ilə 2021-ci ilə keçdim. 29-31 avqust 2021-ci il tarixdə Respublika Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada oldum. Oraya “Zəfər Yolu” ilə getdim. “Anam, mən şəhid oldum”, “Salam, Tanrıkut əsgər! Tanrıkut əsgər, salam”, “Azıx mağarası” (“Ruhlarla söhbət” poemasından) kimi şeirlərim “Ədalət” ( №11 (5843) 30 yanvar 2021. səh.14) qəzetində, Şuşada “Vaqif Poeziya Günləri”ndən təəssüratlarım isə “Gediş”, “Ziyarətin qəbul olsun, Məhərrəm”, “Şuşada əsən külək”, “Əzizə xanım”,”! -Onlar kimlər idilər? - Ermənilər idilər” adlı şeirlərin nümunəsində “Ədəbiyyat qəzeti”ndə ( № 36 (5322),11 sentyabr 2021-ci il. səh.19), “Çağır, Fəxrəddin, çağır”, “Şəkili İlham” şeirlərim ”Şəki Bələdiyyəsi” qəzetində  (№ 09 (204). sentyabr 2021. səh.8-9) çap edilmişdir.

Sözügedən şeirlərim Bakı, “Nurlar” N/P Mərkəzində çox nəfis şəkildə nəşr edilən “Bütün yollar Şuşaya aparır” (bax.səh. 243-251) kitabına daxil edilmişdir. Xalq yazıçısı Elçin Əfəndiyevin “Ön söz”ü və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşada M.P. Vaqifin türbəsi önündəki çıxışı ilə başlayan tarixi bir kitabda təmsil olunmaq qürurvericidir. 

2021-ci ildə “Ədəbiyyat və zaman dilemması qarşısında” adlı kitabım ADPU Tədris-Metodiki Şurasının qərarı ilə dərs vəsaiti kimi nəşr edilmişdir. 

2021-ci ildəki uğurlarımdan biri də budur ki, 1997-ci ildə işıq üzü görmüş “Ruhlarla söhbət” poemam özbəkcə və Anadolu türkcəsində çap edilmişdir. Poemamın özbəkcəsini ünlü şair Gülzirə xanım Şaripova, Anadolu türkcəsini isə istedadlı şair Yusif Aslan hazırlamışlar. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən sifarişi və tərcüməsi reallaşdırılan bu hadisə məni sevindirir və qürurlandırır.

21yanvar 2022-ci ildə Moderator.az İnformasiya Agentliyinin verdiyi  xəbərə görə Təbrizdə “Xarı bülbüllər” adlı şeirlər toplusu ərəb əlifbası ilə və 1000 tirajla çap olunmuşdur. Orada Güney və Quzey Azərbaycanın 110-a yaxın şairinin  Qarabağı vəsf edən şeirləri toplanmışdır. 604 səhifə həcmində olan bu topluda mənim şeirlərimə də yer verilmişdir.  

2022-ci ildən gözləntilərimə gəlincə, onu arzulaya bilərəm ki, vətənimizlə bağlı qürurverici hadisələr baş versin və bizi daha da şərəfləndirsin.

 

-Vaqif müəllim, Şəkidən paytaxtın ədəbi mühiti necə görünür?

-Uzaqdan baxdıqca uca dağlar necə görünürsə, eləcə - parlaqlığı və qaranlıqları ilə. Paytaxtda çox ünlü yazıçılar, şairlər, dramaturqlar, tənqidçilər, publisistlər və digərləri yaşayırlar. Paytaxt okean, onlar aysberqlər kimidirlər. Onlar ədəbi qaynarlıqlar içindədirlər. Əyalətdən baxanda paytaxt nəşriyyatlar, qəzet və jurnallar rəngarəngliyində bərq vuran ulduz kimi görünür: ədəbi ulduzları ilə səma təsiri bağışlayır. “Balıq dəryada böyüyər” məsəlinə “və balina olar”  sözlərini də əlavə etmək istərdim. Bu halda paytaxt ədəbi mühiti cilvəli və cazibəlidir, iclaslarda, təqdimatlarda, “İmza günləri”ndə, yaxın və uzaq ölkələrə ezamiyyətlərdə və səyahətlərdə olmaq əyalətdə yaşayan ədibə bəxtəvərlik kimi görünür... Amma bütün bunlarla bərabər “ədəbiyyatın ən qısqanc qadından da qısqanc olduğunu” nəzərə alsaq, onda paytaxtın ədəbi mühiti ədəbi qısqanclıqlar, ədəbi ehtizazlar və ehtiraslar səhnəsidir qənaətinə gəlmiş olarıq. Onda  paytaxt ədəbi mühitinə yaxınlaşıb, özünü işə salmaq istəmirsən. Böhtandan və şərdən uzaq olmaq istəyi səni o mühitə yaxınlaşmağa qoymur.  Bu halda isə paytaxt ədəbi mühiti qorxunc və qəddar görünür.   

 

-Haçansa düşünmüsünüzmü,  gərək, Bakıda yaşayardım, daha qaynar ədəbi mühitdə yazıb yaradardım. Yoxsa elə Şəkidə yazıb-yaratmaq daha xoşdur Vaqif Aslana?

-“Gərək Bakıda yaşayardım, daha qaynar ədəbi mühitdə yazıb yaradardım” düşüncəsi ilə yaşadığım vaxtlarım da olmuşdur. Kömürçü ailəsində doğulmağım, atamın qabarlı əllərinin halal qazancı ilə boya-başa çatmağım həmişə məni ana torpağa daha da yaxınlaşdırmışdır.  Bir də ki:

 

Fərq etmir kim razı, kim narazıdır...

Necə var, elədir alın yazısı.

Ən incə yazıdan incə yazıdır...

Taleyin, iqbalın qalın yazısı.

                     *

Yarpaq yaşıldırsa, xəzəl sarıdır...

Yaşıllıq, sarılıq yarı-yarıdır.

Nə olsun toplayan, yığan arıdır...

Çiçəklə yazılıb balın yazısı.

                      *

Çaşanda günah yox, tale çaşdırır. 

Təpədən qorxana dağlar aşdırır.

Qapqara olsa da, göz qamaşdırır

Al yanaq üstündə xalın yazısı.

                      *

Elə bilməyin ki, mən dərdə yadam...

Varmı bu dünyada dərdsiz bir adam?

Saniyə-saniyə yazılır, atam!

Əhvalın yazısı, halın yazısı.

                      *

Uyma, Cumayoğlu, məqama, yaşa!

Toxuma özünü qayaya, daşa!

Ayaqlara deyil, yazılıb başa

Papağın, örpəyin, şalın yazısı!

 

Ətə-qana dolduğum yerdə yazıb yaratmağı xoşbəxtlik sayıram. Axı, nəyim varsa, onu Yaradan mənə əmanət olaraq vermişdir. 

 

- Şəkidə ədəbi mühit ürəyinizcədirmi? Çatışmayan, yaradıcı sferaya mənfi təsiri olan amillər vardırmı? 

-Şəki qədim yerdir. Burada prototürkün anatomiyası və genetik yaddaş kodları qorunmaqdadır.  Şəkilinin  “gözünü yeyim” müraciəti ilə “öz başını özün yeyəsən” ifadəsi arasında bir insan tipindən digər insan tipinə keçidin izləri, min illər boyunca formalaşan düşüncə və təfəkkür tərzimizin evolyasiyası vardır. 

Bugünkü Şəki ədəbi mühitində paytaxt ədəbi mühitinin kiçildilmiş modelini görmək o qədər də çətin deyildir. Əlbəttə ki, Şəki ədəbi mühitində hamı Mirzə Fətəli, hamı Bəxtiyar Vahabzadə deyildir.  Bu yaxın illərdə dünyasını dəyişənlərdən Şahid Məmmədkərimovun, Mayis Səlimin, Rəsul İlməddinoğlunun, hal-hazırda yaşamaqda olanlardan Musa Həşimovun, Qoca Xalidin, Akif Elşirin, Yusif Şükürlünün və başqalarının yaradıcılığı diqqəti cəlb edir.

Şəki ədəbi mühitində də usta bir plagiatlıq, üstünə təbəssüm qatı çəkilmiş paxıllıq və sair əlamətlər mövcuddur. Bu da zəmanənin bir çox səbəblərdən maddi istiqamətlərə meylli olmasından, bəzi qurumlara yarınmaq və barınmaq xislətindən irəli gəlir. Paytaxt mühitində olduğu kimi əyalətlərdə də yaradıcı sferaya mənfi təsiri olan amillər vardır.  Az qala, hamının bir-birini tanıdığı Şəkidə mənfi təsirə malik olan amillər üstünə gün  düşən  qar kimi tez-tələsik əriyib gedir. 

 

 - Ədəbiyyat aləmində dostlarınız çoxdurmu?

-“Dostum çoxdur” deməkdə çətinlik çəkirəm. Ona görə ki, dost çoxluğundan şikayət etmək günahdır. Bununla belə “Tanrım, məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam” məsəli də vardır.  Dostların hamısı eyni olmur. Onların beş günlüyü də olur, on beş günlüyü də...  Dostun ərköyünü isə lap qəribə olur. 

 

Öydüm, yenə doymadılar dostlarım...

Söydüm, yenə doymadılar dostlarım.

Acığımdan kəndir aldım özümçün...

Qoymadılar, qoymadılar dostlarım.

                      *

Bəziləri çevrildilər, döndülər...

Yağı damıb qurtardıqca titrəyən

Çıraq kimi öləziyib söndülər.

Bəzi vaxtlar paltar kimi atılıb,

Bəzi vaxtlar geyildilər dostlarım.

Sürtüldülər, yeyildilər dostlarım.

Salam-kəlam yoxa çıxdı bir anda.

Sanki dostum deyildilər dostlarım.

                           *

Vaxtlı-vaxtsız vaxtımı da aldılar.

Çəkib məni vaxtsızlığa saldılar.

Qarışqatək daraşdılar canıma...

Ac qurd kimi susadılar qanıma...

Doymadılar, doymadılar dostlarım.

Gedib aldım darağacı özümçün...

Deyəcəkdim axır ki, son sözümü.

Öz əlimlə asacaqdım özümü.

Qoymadılar, qoymadılar dostlarım.

Ölüm nəydi, axır mənə onu da

Qıymadılar, qıymadılar dostlarım.

 

Ədəbiyyat aləminə gəldikdə də ümumi mənzərə, demək olar ki, dəyişmir. Burada məzmun gözəlliyi özünü göstərir: polemika, mühakimə, bədii mübadilə, ifadə tərzi, yanaşma üstünlük təşkil edir. Ədəbiyyat aləmindəki  dostlarım sırasında Şöhlət Avşar, Tehran Əlişanoğlu, Ramiz Əskər, Azər Turan, Xəyal Rza, Vaqif Qurbanov, Vaqif Yusifli, Barat Vüsal, Ramiz Qusarçaylı, Sərvaz Hüseynoğlu, Yusif Savalan, Zabil Pərviz, Əkbər Qoşalı, İntiqam Yaşar,  Mahir Cavadlı, Fəxrəddin Əsəd, İsmayıl İmanzadə, Ənvər Əhməd, İnqilab İsaq, Xəzangül, Gülnarə Məmmədli, Əjdər Ol, rəhmətlik  Eldar Sibirel, Etibar Etibarlı, Qara Əhmədli və indicə adları dilimin ucunda olan neçələrinin xüsusi yeri vardır.

Cənubdan Şəhrək, Behnaz Xürrəm, Seyid Mahmud İbadi, Seyid Məhəmməd Çavuşian, Səttar Təbrizi, Bəhruz İmani, ABŞ-dan Nasir Əlixani, Türkiyədən Yusif Aslan, Əhməd Qaytançı, Hasan Kallimci, Asim Yekələr, Şevki Dinçal, Özbəkistandan Gülzirə Şaripova, Moskvadan Cəfər Sadiq və başqaları mənim ədəbiyyat aləmindəki  dostlarımdır. 

 

- Həm də universitetdə müəllimsiniz, tələbələrdə ədəbiyyata maraq necədir? 

-Tələbə işıqlı sabah deməkdir. Mən gələcək dahiləri onların simasında görürəm. Bəli, gənclik həmişə istedadlıdır. Tələbələrimə həsr etdiyim şeirimdə aşağıdakı notlar vardır:

 

Dörd dəfə dünyanın qışından çıxıb, 

Dörd dəfə birlikdə yaz yaşamışıq.

Bizləri hər dəfə vaxtsızlıq sıxıb, 

Hər dəfə yazları az yaşamışıq.

                   *

Dayandım xitabət kürsüsündə mən,

Məni dinlədiniz partalarda siz.

İndi bildinizmi nə üçün, nədən

Siz mənim döyünən ürəyimsiniz.

                    *

Sizə Bilqamısdan söz açanda mən,

Yaman yaşayırdım haqqı, düzlüyü.

Nur kimi yağırdı gözlərinizdən

Öləri olanın ölümsüzlüyü.

                  *

Ey Bamsı Beyrəklər, Salur Qazanlar!

O – Burla xatundur, bu – Banu Çiçək.

Dastan söyləyənlər, yazı yazanlar

Söyləyiblər doğru, yazıblar gerçək.

                     *

Gördüm, baxışınız təzədir, tərdir,

Mən də yaddaşımın tozunu sildim.

Sandım ki, oğlanlar Füzulilərdir,

Qızlar da Şirindən şirindir, bildim.

                    *

Haçan söhbət açdım Yusif Vəzirdən,

Yaş olub yanaqda gilələndiniz.

Sanki qaldırdınız Cavidi yerdən,

Müşfiqlə birlikdə güllələndiniz.

                    *

Çox mətni oxuyub gözlərinizdən,

Sizə mühazirə söyləmişəm mən.

                    *

Sizin üzünüzdə yanan işıqlar,

Bu rənglər, naxışlar, bu yaraşıqlar

titrədib məni.

İçimdə oxunan dəli nəğməni

Şəhriyar diliylə demişəm sizə.

Bəxtiyar diliylə demişəm sizə.

                    *

Məmməd Araz deyib Arazlaşmışam,

Gəncləşib sizinlə tarazlaşmışam.

                     *

O qədər öymüşəm Dədə Qorqudu

Danışa-danışa Qanturalıdan.

Min dəfə demişəm yaşamaq budu!

Tutsan, sevgini tut, tutma xalıdan.

Gözümü yandırıb qəlbimin odu,

Misal gətirmişəm Aşıq Alıdan.

                     *

Demişəm boş şeydir əlli də, yüz də,

Yoxsa səadətin şöləsi üzdə.

                     *

Sizsiniz ən böyük dövlətim, varım,

Mənim əzizlərim, tələbələrim.

Siz mənim bugünkü fəxrim, vüqarım,

Siz mənim sabahkı qələbələrim.

                      *

Dörd dəfə dünyanın qışından çıxıb,

Dörd dəfə birlikdə yaz yaşamışıq.

Hər dəfə bizləri vaxtsızlıq sıxıb,

Hər dəfə yazları az yaşamışıq.       

  

Əgər söhbət tələbələrdə ədəbiyyata maraqdan gedirsə, burada təkcə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” fakültəsində təhsil alanlar deyil, digər ixtisaslara yiyələnmək istəyənlər də iştirak edirlər.  Bunu müxtəlif ixtisaslardan gələn ədiblərimizin simasında daha da aydın görmək olar: N. Vəzirov, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, Məmməd Araz, Vaqif Cəbrayılzadə və başqaları... 

 

- AYB-nin Şəki bölməsinin sədrisiniz, nə kimi işlər görürsünüz, nə kimi planlar var? 

-AYB-nin Şəki bölməsi müstəqillik illərinin bəhrəsidir. Onun  fəaliyyət göstərə bilməsi üçün İ.Nakam adına Şəki şəhər Mərkəzi kitabxanasında yazarlara bir otaq verilmişdi. Təxminən on il bundan əvvəl Mərkəzi kitabxananın bərpa məsələsi ortaya çıxdı. Kitabxana bərpa ediləndən sonra isə biz otaqsız qaldıq. Bunun üstündən illər keçsə də, baş verən hadisə bütün əlaqədar instansiyalara məlum olsa da, nəticə olmadı ki, olmadı.... 

AYB Şəki bölməsi ictimai əsaslarladır. Hər bir rayonda bölmə yaradılana qədər bura şimal-qərb bölgəsi üzrə fəaliyyətdə olmuşdur, yaradıcı insanları ədəbi dərnək vasitəsi ilə birləşdirmişdir. 2006-cı ildə müstəqillik illərimizdə Şəki ədəbi mühitini əks etdirən “Söz, söz, söz” adlı ilk almanax çap etdirilmişdir. Bir çox ədibin ilk kitabı bu dövrdə işıq üzü görmüşdür. 

Gələcək planlardan danışarkən onu deyə bilərəm ki, pərakəndəliyi aradan qaldırmaq zəruridir. Gələcəyə ümidlə baxıram. Yerləşməyimiz və səmərəli fəaliyyət göstərməyimiz üçün paytaxtın  bizə kömək əlini uzatması vacibdir.

 

 - Ədəbi cameəni hansı ədəbi orqanlar vasitəsi ilə izləyirsiniz? 

-Hansısa bir yerə yığışdıqda “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalında dərc edilən yazıların müzakirəsi bizi daha çox məşğul edir. “Ədalət” qəzetində gedən elmi, bədii və publisistik yazıları da bunlara əlavə edirəm. Yenicə işıq üzü görən bədii əsərlərə də baxışları bir üstəlik. Eyni zamanda yerli müəlliflərin əsərlərinə də diqqət yetiririk.

Şəkidə “Şəki”, “Şəki Bələdiyyəsi”, “Şəki region”, “Şəki təhsili” kimi qəzetlər çap edilir. Yerli yazarların yaradıcılığı “Şəki Bələdiyyəsi” və “Şəki region” qəzetlərində daha çox öz əksini tapır. Bu orqanlarda elmi-publisistik məqalələrə də geniş yer verilir.

 

- Paytaxt ədəbi qurumlarından gözləntiləriniz nədir, bölgəyə nə kimi dəstəyi vacib hesab edirsiniz? 

-Paytaxt ədəbi qurumları bölgələrə, bir çox hallarda, dinləyici auditoriyası kimi baxır. Mən çox istərdim ki, paytaxt ədəbi qurumları bölgəni ən yeni nəşrlərlə təmin etsin. AYB-nin bölmələri arasındakı əlaqələrin gücləndirilməsi üçün ilk növbədə müstəqillik illərində yaranan bölmələrə diqqət yetirsin. Müstəqillik illərində yaranan bölmələrin ictimai əsaslarla fəaliyyəti maddi-texniki imkanların olmaması üzündən bölgənin ədəbi inkişafı ilə uzlaşmır.  Paytaxt ədəbi qurumları məhz bu məsələdə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıb, həllinə dəstək verməlidir. Bu məsələ həll olunarsa, bölmələrarası əlaqələr daha da genişlənər.   

 

 - Gənclərdən yaradıcılığını izlədiyiniz imzalar varmı? 

- Hansı gəncin yaradıcılığında  plagiatlıqdan uzaq, məddahlıqdan kənar elementlər varsa, onlara xüsusi rəğbətim vardır. Onu da deyim ki, əsərdə yüksək bədii səviyyə olduğu halda belə, ədəbi sürtüklük ikrah hissi doğurur. Şüarçılıq, hay-küyçülük əsəri gözdən salır. Məqsədli yazılan əsərlər də uzunömürlü olmur. Ədəbiyyat tarixində buna aid yüzlərlə nümunə göstərmək olar. 

“Gənclərdən yaradıcılığını izlədiyiniz imzalar varmı” sualına cavab olaraq hazırki mərhələdə bizim milli qeyrət, ədəbi vicdan daşıyıcıları olan onlarla gənc yazıçı və şairimiz vardır. Mən onları həvəslə və qürur hissi ilə oxuyuram. Yaxından tanıdığım, yaradıcılığına bələd olduğum gənclərdən elə sizin özünüzün, Vasif Zöhraboğlunun, Tural Adışirinin, Zaur İlhamoğlunun və başqalarının uğurları məni çox sevindirir.  

 

- Təşəkkür edirəm, söhbət üçün. 

-Təşəkkürlər.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən bu mövzuda iş fəaliyyətini davam etdirir.

 

Baş İdarədən bildirilib ki, kitabxananın İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən Qarabağın tacı olan Şuşanın görkəmli və tanınmış şəxsiyyətləri haqqında videoçarx hazırlanıb.

Videoçarxda Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhərinin tanınmış şair və yazıçılarının foto və məlumatları təqdim edilib.

 

İtaliyada İntibah dövrünün ən məşhur rəssamlarından olan Sandro Bottiçellinin çəkdiyi “Kədər adamı” portreti Nyu-Yorkdakı “Sotheby's” hərracında 45,4 milyon dollara satılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, “Kədər adamı”nda İsa Məsih məlaikələrin əhatəsində təsvir olunub, rəsm əsəri 1500-cü ilə aid edilir. 

45,4 milyon - bu, hərraclarda indiyədək intibah dövrünə aid rəsm əsərlərinə qoyulan ən yüksək qiymətlərdən biridir.

“Sotheby's” hərrac evindən bildirib ki, Bottiçellinin əsərləri hərracda olduqca nadir tapıntıdır, xüsusilə, onun son işləri bazarda çox nadir hallarda görünür.

Sözügedən “Kədər adamı” tablosu 1963-cü ildə hərracda alındıqdan sonra eyni adamın şəxsi kolleksiyasında qalıb”, - deyə əlavə olunub.

Qeyd edək ki, Sandro Bottiçelli İtaliyanın ən mühüm irəssamlarından biri hesab olunur. Onun ən məşhur əsərləri arasında “Veneranın doğulması”, “Bahar” və “Venera və Mars”ın adları çəkilir.

Hərrac 7 dəqiqə davam edib.

 

Azərbaycan Milli Xalça Muzeyində qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı sərgisi açılıb.

 

Sərgidə xalçaçı rəssamın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunur.

Həmçinin sərgidə “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərlər təqdim olunur.

Rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.

Sərgidə T.Abdullayevanın ustadı, görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da yer alır.

Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.

Qeyd edək ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar da keçiriləcək.

Sərgi fevralın 25-dək davam edəcək.

 

Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində misirli tədqiqatçı Əhməd Tərabikin Azərbaycanın Vətən müharibəsinə həsr etdiyi “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” və Əhməd Sami Elaydinin ərəb dilinə tərcümə etdiyi məşhur şərqşünas alim Yevgeni Bertelsin “Nizami Gəncəvi yaradıcılığı” kitablarının təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, jurnalistlər, sərgiyə gələn ziyarətçilər, diaspor nümayəndələri və Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri açan Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, sərginin ölkəmizə dair stendində nazirliyin nəşriyyatında çapdan çıxmış kitablar nümayiş etdirilir. Onların sırasında ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyevin fəaliyyəti, Azərbaycanın tarixi və mədəniyyəti haqqında nəşrlər var.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görmüş “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” kitabının müəllifi Əhməd Tərabik özünün tədqiqat əsəri haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi bütün dünyada, o cümlədən ərəb ölkələrində mühüm bir hadisə kimi qiymətləndirilib. Kitabda müharibənin xronologiyası, həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətləri və beynəlxalq media orqanlarına müsahibələrindən əsas məqamlar yer alıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin nəşr etdirdiyi “Nizami Gəncəvi yaradıcılığı” kitabını ərəb dilinə tərcümə etmiş Ayn-Şəms Universitetinin professoru Əhməd Sami Elaydi tədbir iştirakçılarına dahi Azərbaycan şairi və mütəfəkkirinin həyatı və zəngin ədəbi irsi barədə ətraflı məlumat verib. O, bu qiymətli əsərin ərəbdilli elm xadimləri və tələbələrə təqdim edilməsini mühüm hadisə adlandırıb.

Tədbirin sonunda kitabların müəllifləri iştirakçıların suallarını cavablandırıblar.

 

 Oqtay Bayramov

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi əsasında Azərbaycan şifahi xalq ədəbiyyatının şedevrlərindən olan, ən qədim yazılı abidə  "Kitabi-Dədə Qorqud" dastanı Özbək dilinə tərcümə olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu Özbəkistanlı alim, tərcüman Babaxan Şarif Özbək dilinə çevirmişdir.

 

Qeyd edək ki, Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” eposu xalqımızın söz abidəsidir. Bu dastan yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dastanın boylarının əsas mahiyyətinin xalqımızın qəhrəmanlıq tarixi, onun müdrikliyi, yurdun və xalqın qorunması, milli mədəniyyətimizin, adət və ənənələrimizin tərənnümü, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı mübarizəsi və s. xüsusiyyətlərin olduğunu qeyd edərək bu gün də sözügedən görüşlərin aktual və əhəmiyyətli olduğunu bildirib.

Diplomat sözügedən əsərin insanlar arasındakı gözəl münasibətlər, humanizm, məhəbbət, ailə münasibətləri, anaya-qadına hörmət, övlad-valideyn münasibətləri, böyüklərə hörmət məsələlərinin bütün dastan boyu öz əksini tapdığını vurğulayaraq, dastanın gələcək nəsillərimiz olan uşaq və gənclərə, habelə cəmiyyətimizə daha çox tanıtmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.  O, Türk dünyasının bir hissəsi olan, böyük mədəniyyət, ədəbiyyat beşiyi olan Özbəkistanda da “Kitabi Dədə Qorqud” dastanına marağın böyük olduğunu və dastanın ölkənin elm, tədqiqat müəssisələrində öyrənildiyini, tədqiq edildiyini vurğulayıb.

Məhz, bu marağı nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, Türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə Özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.

Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədi ilə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb. Yaradılmış səhifə ilə https://uz.wikipedia.org/wiki/Kitobi_dadam_Qo%CA%BBrqut linkində tanış olmaq mümkündür və sözügedən bölmədə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, dastanın boyları, qəhrəmanları, dastanın dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer alıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.