Super User
Türkdilli ölkələrin radiosu - “Radio TMB ” fəaliyyətə başlayır
Fevralın 1-dən Azərbaycanda yeni radio fəaliyyətə başlayır.
Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə TMB (Türk Millətlər Birliyi) media qrupu yenilikləri ilə efir yayımına start verir. Türkdilli ölkələrin və xalqların müasir musiqisini təmsil edən “Radio TMB” beynəlxalq radio kanalı https://100.5fm.az/ platformasında dövlətlərarası informasiya məkanının inkişafına töhfəsini verəcək.
“TMB – Türk Musiqisini Birləşdirən radio” devizi ilə fəaliyyətə başlayan radionun fəaliyyətinin əsas prioriteti informasiya və media sahəsində layihələr hazırlamaqla yanaşı, dünya mədəniyyətinin populyarlaşdırılması, möhkəmləndirilməsidir. Türkdilli ölkələrin mədəni platformada birləşdirilməsi missiyasına artıq beynəlxalq TÜRKSOY təşkilatı da öz dəstəyini nümayiş etdirib.
“Gənclər sabahımızdır" adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər sabahımızdır" adlı tədbir keçirib.
Baş İdarədən bildirilib ki, tədbirdə ilk olaraq 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblının, "Ailə" xalq ansamblının üzvlərinin və "Şəlalə" xalq çalğı alətləri ansamblının solistlərinin ifasında muğam və bəstəkar musiqiləri səsləndirilib.
Sonda İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadə çıxış edərək gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.
Sankt-Peterburqda “Yeddi gözəl” sərgisi uğurla davam edir
Sankt-Peterburqda, Dövlət Rus Muzeyinin Mərmər sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Yeddi gözəl” sərgisi öz işini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Dövlət Rus Muzeyinin elmi işlər üzrə direktor müavini Qriqori Qoldovski çıxış ediblər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqlar üçün kurator turu keçib.
Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin, klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.
Nizaminin poeziyası əsrlər boyu sənətkarları ilhamlandırıb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin klassikaya çevrilmiş “Yeddi gözəl” baleti buna bir nümunədir. Balet məşhur “Xəmsə” poemalarından birinin motivləri əsasında yazılıb. “Yeddi gözəl” baleti ilk dəfə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.
Sərginin ekspozisiyasında ədəbi və musiqili-xoreoqrafik mənbəyə əsaslanaraq, qiymətli dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi üçün xüsusi mühit yaradılıb. Ekspozisiya XVI əsrə aid “Kitab oxuyan gənc oğlan” Təbriz miniatürü əsasında Azərbaycanın məşhur konseptualist rəssamı Rəşad Ələkbərovun işıq və kölgə vasitəsilə yaratdığı “Miniatür” instalyasiyası ilə başlayır.
Layihənin konsepsiyası səs və vizual obrazların vəhdətini nəzərdə tutur. Videoinstalyasiyaların köməyi ilə tamaşaçının baş verən hadisələrdə şəxsi iştirakı effekti əldə olunur. Məsələn, qədim əlyazma kitabları təsvir edən videoinstalyasiyalarda miniatür personajları canlanaraq, tamaşaçını sehrli dünyalarına dəvət edirlər. Canlanmış orta əsrlər kitabının təmtəraqlı saraylarında səyahət edərkən tamaşaçı özünü balet məkanında tapır, burada onu kainatın hədsiz hüdudlarından xəyal kimi peyda olan rəqs edən balerinalar əhatəsinə alır.
Sərginin interaktiv davamı olaraq Heydər Əliyev Fondu və ICOM Azərbaycan Milli Komitəsinin təşkil etdiyi “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı nümayiş olunur. Videoçarxda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 150-dən çox tanınmış incəsənət və mədəniyyət xadimləri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri deklamasiya edirlər.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərginin kuratorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin sədri Emin Məmmədovdur. Sərginin ekspozisiyasını Heydər Əliyev Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından eksponatlar təşkil edir.
Sərgi 9 may 2022-ci il tarixinədək davam edəcək.
Günün fotosu: Güclü şaxtalar Avropanı iflic edib
Ötən uik-end günlərində güclü şaxtalar, qar və yağış basqısı, çovğun Avropanın şimal hissəsində güclü fəsadlar törədib. Xüsusən Danimarkada “Malik” çovğunu nəticəsində böyük dağıntılar, ölən və yaralananlar var.
Foto: Euronews
Bu axşam Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gəl, ümid” adlı kamera vokal musiqisi təqdim olunacaq
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “BakuOperArt” layihəsi olan “Komm, Hoffnung” (Gəl, ümid!) adlı konsert proqramı təqdim ediləcək.
Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi layihəsi (Liederabend ) hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə ərsəyə gəlib.
İki istedadlı musiqiçi Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunacaq əsərlər təşkil edir. Təşkilatçılar konsertin xüsusi ab-havasını yaradan fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkür edir.
Konsertə giriş dəvətnamə ilə olacaq.
Opera və Balet Teatrının fevral repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fevral repertuarını təqdim edirik:
2 fevral- “Leyli və Məcnun”
5 fevral –“Leyli və Məcnun”, “Don Kixot”
6 fevral – “Arşın mal alan”
9 fevral- “Don Kixot”
12 fevral – “Kənd namusu”
13 fevral-“Aşıq Qərib”
19 fevral- “Məhəbbət tanqosu”
20 fevral-“Manon Lesko”
23 fevral – “Şah İsmayıl”
27 fevral-“Paxita”, “Şopeniana”
Gənc Tamaşaçılar Teatrının fevral repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fevral repertuarını təqdim edirik:
2 fevral – “Mən öləndə ağlama” (monotamaşa)
5 fevral – “Şirinlər”, “Aydın”
6 fevral – “Cəza” (monotamaşa)
12 fevral – “Tıq-tıq xanım”, “Mənim ağ göyərçinim”
19 fevral – “Qoğalın sərgüzəştləri”
26 fevral – “Yarımçıq qalmış...”
27 fevral – “Kontrabas” (monotamaşa)
"Muz-TV" telekanalı yeni "Nəsillərin Savaşı" şousuna başlayacaq
Qəhrəmanlar arasında Diana Arbenina, Nikolay Baskov, Arthur Pirojkov, Zivert, Danya Miloxin də var
Mart ayında "Muz-TV" telekanalı yeni "Nəsillərin Savaşı" şousunu buraxacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portal TASS agentliyinə istinadən məlumat verir.
"Birinci dərəcəli Ulduzlar - freşmenlər və ustalar musiqi döyüşündə eyni səhnədə görüşəcək və canlı ifalar, hitlərin gücü, xarizma və yaradıcı ekspromte kimi qüvvələrlə üz-üzə qalacaqlar",- yayımçının mətbuat xidmətindən bildirib.
Qəhrəmanlar arasında Diana Arbenina, Nikolay Baskov, Arthur Pirojkov, Zivert, Danya Miloxin kimi ulduzlar olacaq.
Telekanalın baş direktoru Zaxar Babinin sözlərinə görə, "Biz ustaların aktual ola bilməyəcəyi, gənclərin isə heç vaxt usta səviyyəsinə çatmayacağı barədə stereotipləri pozmağa çalışacağıq".
Hər həftə müxtəlif nəsillərin iki nümayəndəsi hit, lirik track, yenilik və rəqib hit haqqında çıxış edəcək. Çıxışları gənc artistlərdən, blogerlərdən, şou-biznesin məşhur nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Aparıcıların adları hələlik açıqlanmır, lakin mətbuat xidmətindən qeyd edildiyi kimi, onlar da ümumi ideyanın təcəssümü olacaq: biri 90-cı illərin artistlərinin tarixini, miqyasını və uğurunu xatırladacaq, ikincisi isə müasir musiqidən yaxşı xəbərdardır.
Yeni türk filmi "UFO"nun treyleri yayımlanıb
“Netflix” yayım şirkəti romantik janrda olan "UFO" filminin treylerini nümayiş edib.
Onur Bilgetayın rejissorluq etdiyi filmdə baş rolları İpek Filiz Yazıcı və Mert Ramazan Demir canlandırırlar.
Filmin ssenaristi isə "Azize", "Gönül İşleri" kimi serialların ssenarilərinə imza atan Meryem Gültabakdır.
"UFO" çox fərqli həyatlar yaşayan iki gənc arasındakı münasibətdən bəhs edir. Film həvəskar bir motosiklet yarışçısı olan və "UFO" adlandırdığı motosikleti ilə küçə yarışlarına qatılan gənc Ese (Mert Ramazan Demir) təhsilli bir ailənin qızı Dənizlə (İpək Filiz Yazıcı) arasındakı münasibətlərdən bəhs edir. Fərqli dünyanın adamları olan bu gənclər özlərini heyranedici bir sevginin içində tapırlar.
"Vəhşətlər xiyabanı" filmi həftəsonu Rusiya və MDB-də kino prokatına başçılıq edib
ABŞ-ın “Vəhşətlər xiyabanı" trilleri Rusiya Federasiyası və MDB ölkələrində kino prokatının lideri olub, film ötən həftə sonu 61,5 milyon rubl yığıb. “Ədəbiyyat və incəsənət” portalı bu barədə Kinobusiness.com portalına istinadən məlumat verir.
Meksikalı rejissor Gilyermo del Toronun "Vəhşətlər xiyabanı" filmi yanvarın 20-də Rusiya prokatına çıxıb. Süjetə görə, qurbanlarını heç kimin aldada bilməyəcəyi şəkildə aldada bilən iddialı dələduz qadın psixiatrla görüşür, özündən baş açmaq istəyir. Baş rolları Bradley Cooper, Keyt Blanşett, Uillem Defo, Pol Anderson və Rooney Mara oynayıblar.
İkinci yerdə həftə sonu 44,3 milyon rubl toplayan "King' s Man: start" komediyası qərarlaşıb. Rejissor Metyu Vonun filmində korrupsiya ilə məşğul olan siyasətçilərin və kriminal dahilərin birləşməsi nəticəsində dünyanın milyonlarla insanının həyatına son qoymağa qadir müharibə həddinə çatmasından bəhs edilir. Yalnız bir nəfər - Baddies bunu dayandırmağa cəhd edə bilər. Film yanvarın 13-də Rusiya prokatına çıxıb, baş rolları Reyf Fayns, Cemma Arterton, Ris İvans və Metyu Qud ifa ediblər.
Üçüncü yer 39 milyon rubl toplayan "Spider-Man: heç bir yol" filminə məxsusdur. Rejissor Con Uotsun fantastik döyüş filmi dekabrın 15-də Rusiya prokatına çıxıb. Misterio ifşa edildikdən sonra Hörümçək adamın, yaxud Peter Parkerin nüfuzu təhlükə altındadır. Peter vəziyyəti düzəltmək üçün doktor Strenjdən kömək istəyir, amma hər şey daha təhlükəli olur. Filmdə Tom Holland, Benedikt Kamberbetç, Marisa Tomey və başqaları çəkiliblər.