Super User

Super User

Çərşənbə axşamı, 08 Fevral 2022 09:05

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı

 

Son bir neçə gün ərzində bəzi qərəzli xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlarla bağlı qeyd etmək istərdik ki, Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşmışdır. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir. Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, 2 xristian kilsəsini də göstərmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir.

 

Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır.

İşğaldan azad edilmiş ərazilərimizdə qədim Alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki,  bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcəkdir. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir.

Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının rəhbəri professor Həməd bin Əbdüləziz Əl-Kavari Nizami Gəncəvi irsinin təbliğində və tanıdılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı” ilə təltif edilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov xatirə nişanını dövlət nazirinə təqdim edib.

Qətərin dövlət naziri Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O əlavə edib ki, ötən ay Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabının ərəb dilinə tərcümə olunaraq çap edilmiş nəşrinin təqdimatı böyük maraqla qarşılanıb.

Çərşənbə axşamı, 08 Fevral 2022 10:30

Şair Əli Vəkil vəfat edib

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib. 

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 10 iyun 1938-ci ildə Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Yuxarı Şorca kəndində anadan olmuşdu. Şair, tərcüməçi olan Əli Vəkil Azərbaycan Yazıçılar (1972) və Azərbaycan Jurnalistlər Birliklərinin  (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998) idi. 

Allah rəhmət eləsin!

Çərşənbə axşamı, 08 Fevral 2022 10:00

Kitab nəşrinin vəziyyəti müzakirə obyekti olub

 

Fevralın 7-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab nəşri və Ədəbiyyat işçi qrupu Azərbaycan Nəşriyyatları Assosiasiyasının idarə heyətinin üzvləri ilə birgə “Müasir dövrdə  ölkədə kitab nəşrinin vəziyyəti və qarşıda duran vəzifələr” adlı müzakirələr keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müzakirələrdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, sədrin müavini Şahin Qədirov, İctimai Şuranın üzvü Rauf Zeyni, Kitab nəşri və Ədəbiyyat işçi qrupunun rəhbəri, yazıçı Varis, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, “Hədəf” şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq, Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü, “Altun Kitab” Nəşriyyatının rəhbəri Rafiq İsmayılov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədr müavini, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq, Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü, “Qədim Qala” Nəşriyyat Evinin icraçı direktoru Şöhlət İxtiyaroğlu iştirak ediblər.

Ölkə nəşriyyatlarının hazırkı durumu, nəşriyyat-yazıçı, nəşriyyat-mətbəə, nəşriyyat-kitab satışı şəbəkəsi arasındakı münasibətlərin tənzimlənməsi, kitab sərgilərinin və yarmarkalarının keçirilməsi, piratçılıq və plagiatçılıqla mübarizə, keyfiyyətsiz, oxucu zövqünü korlayan ədəbiyyatın dərci ilə mübarizə yolları müzakirə obyekti olub.

Çıxışçılar Mədəniyyət Nazirliyinin yeni komandasının ölkənin kitab industriyasındakı qüsur və nöqsanların aradan qaldırılması yolunda səmərəli fəaliyyətindən ruhlandıqlarını, gündəmdə dayanan bütün problemlərin tezliklə həll olunacağına inandıqlarını ifadə ediblər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab nəşri və Ədəbiyyat işçi qrupunun məqsədi Mədəniyyət Nazirliyinin kitab nəşri işinin tənzimlənməsi, ədəbi istedadların üzə çıxarılması, onların dərcinə kömək etmək kimi məsuliyyətlərinə yardımçı olmaq, bu sahələrdəki boşluqların doldurulmasına, nöqsanların aradan qaldırılmasına kömək etməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı gənc şair İltimas Səmiminin “Ulduz” jurnalının “Şeir vaxtı” bölümündə dərc edilmiş şeirlərini təqdim edir. 

 

YORULDU

 

Əllərin istisini itirmiş

Soyuq ocaq kimidir.

Kövrək baxışların

Dörd divar arasında

Xatirələri 

Saf-çürük etməkdən

Bezikmiş tənhaları

Xatırladır...

İçində intihar etmiş

Arzuların,

Gözlərində ümidsizlik,

Nəfəsin ölüm qoxuyur.

Daha heç nə

Təsəlli deyil,

Bu yolları adlamaqdan

Çoxları yoruldu.

 

XOŞBƏXTLİYİN       

 

Sən də belə yaşamısan,

Əllərin hələ

Nə qış görüb,

Nə ayrılığın soyuğundan

Üşüyüb.

Ürəyin təkliyin,

Tənhalığın nə olduğunu

Hardan bilsin?

Gözlərin yol çəkməyib...

Danışmağa

Dənizə üz tutmamısan,

Gecə dörd divar arasında

Taleyindən bezikib

Hönkür-hönkür ağlamamısan.

Sən də belə yaşamısan,

Qəmsiz-kədərsiz.

Üzündə xoş təbəssüm,

Ürəyində arzular.

Atalı-analı,

Bir də yanında xoşbəxtliyin...

     

DANIŞAR              

 

Ruhumu yoran

Bu yolun

Sonu bilinmir.

Ünvanım bir damla

Göz yaşıdı,

Süzülür yanağıma.

Bir ovuc torpaq,

Bir arşın ağ,

Bir də göy üzünə son pıçıltım...

Əlvida, kölgəsində

Dincəldiyim şam ağacı,

Budaqlarına quşlar qonar,

Xatirələrimi yağış yuyub apararaq.

Ayaq izlərim yollara tökülən

Payız yarpağı kimi...

Sükut yoxluğumdan

Danışar...

    

 QIRILAN ÜRƏYİMDİR       

 

Xatirələrə bürünən yollar

Göz yaşı qoxuyur.

Nə bir qapı var

Çıxıb getməyə,

Nə dərdləşməyə

Adam...

Məndən qabaq

Bu məkanda kim olub?

Qan qoxuyur elə bil.

Bu saralan yarpaqlar

Kimin arzularıdır?

Artdıqca qayğılarım

Kədərimi bükməyə

Bir arşın ağ tapılmır:

Qırılan ürəyimdir.

     

KƏSİLİR                   

 

Sevmədiklərim

Gözümə yaman dürtülür,

Sevdiklərimin xatirələrin

Ürəyim daşımaqdan

Köz-köz yanır.

Döyür məni

Payız yağışı,

Ayaq izlərim yollardan silinir...

İllər ötdükcə

Ümid də azalır.

Ruhuma yad olan duyğular

İçimdə ot-ot göyərdikcə

Elə bil nəfəsim kəsilir.

     

DUYURSANMI?

 

Çevir üzünü

Bir də keçmişə,

Darıxır səndən ötrü

Unutduğun doğmalar.

Darıxır səndən ötrü

Adladığın yollar,

Döydüyün qapılar...

Sevincindən süzülən

Göz yaşların

Xatirələrə çevrilib.

Daha nə sevinə bilirsən,

Nə də darıxmağa

Vaxtın var.

Zaman qapını döyən

Küləklər kimi,

Sənə nələri xatırladır...

Uşaqlığına,

Gəncliyinə əlvida

Deyə-deyə

İçindəki ağrılarını duyursamı?

 

GÖRMƏDİYİM  YUXULARDIR

 

Tanrım,

Gördüyüm yuxulardan

Bir nicat tapmadım,

Susdum…

Yuxular mənə

Nə bir qarış yol oldu,

Nə bir isti ocaq.

Nə üstümə işıq saldı,

Nə üzümə açılan

Bir qapı...

Heç nə təsəlli deyilmiş,

Çiynimdə daşıdığım

İllərin ağrılarıdır.

Yorğunluğum bitməz,

Ürəyimi köz-köz yandıran

Görmədiyim yuxulardır…

             

QOXUYUR

 

Bir də səsini eşitməzsən,

Bir də səni çağırmaz.

Nə sevincdən,

Nə kədərdən...

Büküldü beş arşın ağa,

Bir ovuc torpaq olub susdu.

Kölgəsi bir də

Bu yollarda dolaşmaz,

Yuxu kimi

Göy üzünə çəkildi...

Gözünün önündə xatirələri,

Bir də o illər.

Qayğısız,

Xoş arzularla

Böyüdüyün çağlar...

Daha qayğılardan

Nəfəsin kəsilir.

Çiynlərində

Tabut-tabut daşıdığın

Taleyin ağrıları,

Göz yaşların

Xatirələr qoxuyur...

                    

DONDUĞU KİMİ

 

Sənə bir yol deyim –

Hələ heç kimin

Adlayıb gedə

Bilmədiyi yol...

Nə uzundur,

Nə qısa.

Bir az qarşıda gördüyün

Kölgəyə bənzəyir,

Bir az da

Xəzərin sahilə çırpılan

Dalğalarına.

Bir kimsə adlayıb gedə bilmir,

Donur yerindəcə,

Göz yaşın yanaqda

Donduğu kimi.

  

TƏNHALAR                    

 

Hardan yağış qoxusu

Burnuna gəlsə,

Bil ki,

Hələ ümidlərim solmayıb.

Yollar ayaq səsindən

Ötrü darıxdığı kimi,

Darıxır əllərim

Qara tellərindən ötrü.

Buludlar arxasında

Günəş də darıxır,

Dənizin küləkdən ötrü

Darıxdığı kimi.

Hələ rahatlıq tapmayıb

Nə günəş,

Nə dəniz,

Nə də yalqızlıqdan

İlan-ilan qıvılan tənhalar...

 

ÜMİDLƏRİMDİR                       

 

Toxunma o ağaca,

Kölgəsində xatirələrim

Dincəlir.

Gəncliyimin son anları –

Qayğılarla dolu...

Şeirə çevrilən

Ümidlərim

Buludlar arxasında

Günəş kimi,

Yayın bürküsündə,

Şəhərin küçələrində

Yorğun-yorğun yeriyən

Ümidlərimdir.

 

ARZULAR

 

Gedəsi bir ünvanım varsa,

O da yaşadığın küçə,

Hər gün açıb-bağladığın

Qırmızı qapı –

Sevgi dolu yol,

Ömrümə işıq saçan

İlıq nəfəsin,

Ürəyinin səsi,

Döyünən nəbzin,

Qara saçlarının bahar qoxusu.

Xəyalımda sən,

Qulağımda gülüş səslərin,

Qarlı qışı bahara çevrilən

Sevgidir.

Böyüyür yarpaq-yarpaq,

Qovuşmaq ümidiylə

Sevgi adlı arzular.

             

YAŞAMAQDAN

 

Gülməz üzümüzə

Bir yarpaq

Kölgəsi olmayan

Ümid ağacı.

Hər açılan sabahı

Təsəlli bilib,

Bəlkə də, aldanmışıq.

Küçə-küçə yorulan şəhər –

Dəniz də yorulub,

Biz də.

Sən  səs-küydən,

Dəniz küləkdən,

Biz isə gümansız yaşamaqdan.

 

Fevralın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli”nin açılış tədbiri keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə çap etdirdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski. Biblioqrafiya” nəşrləri təqdim olunub.

 

Milli Kitabxananın direktoru Tahir Kərimov qonaqları salamlayaraq kitabxana tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr edilmiş ilk fundamental əsər olduğunu söyləyib.. Bildirib ki, Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada qədim şəhərimizin tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri, habelə Prezident İlham Əliyevin Şuşaya səfərləri ilə bağlı kitablarda, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda xarici dillərdə Şuşa haqqında dərc olunan materiallar, həmçinin dünyanın milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib. Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 2022-ci ilin çox əlamətdar olduğunu qeyd edib: “Sevinirik ki, əsasının qoyulmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Sənəddə il ərzində keçiriləcək tədbirlərin siyahısı yer alacaq”.

Nazir deyib ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb. Bu, böyük xoşbəxtlikdir ki, Şuşa öz mədəniyyətinə qovuşub. Ötən il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Üzeyir Hacıbəyli musiqi festivalı və Milli Musiqi Günü Şuşada qeyd edilib. Üzeyir bəyin Şuşada yenidən ucaldılan abidəsi önündə konsert proqramı təşkil olunub. Bu konsertlərdə Xan Şuşinskinin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin mahnıları səslənib.

Dövlət başçısının sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” edilməsini yüksək qiymətləndirən nazir əlamətdar ilin qədim şəhərimizin tarixi və zəngin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Şuşa İli” tədbirlərinə, maarifləndirmə işlərinə Milli Kitabxanadan başlandığını bildirən Anar Kərimov ötən ildən həyata keçirilən “Qarabağa kitabla gedək” layihəsi barədə də söz açıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanaların fondları üçün nəzərdə tutulan layihə üzrə 60 mindən çox kitab toplanıb. Bu istiqamətdə işlər davam etdiriləcək və il ərzində Şuşada çoxsaylı tədbirlər keçiriləcək.

Təqdimatda çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Şuşanın ədəbi-mədəni mühiti ilə bağlı fikirlərini bölüşüb: “Şuşa deyəndə mütləq muğam yada düşür. Şuşada yaranan muğam əsl Azərbaycan muğamıdır. Bu, təkcə muğamın deyil, Azərbaycanın inkişafıdır. Şuşa həm də yeni Azərbaycan poeziyasının vətənidir. Molla Pənah Vaqif yeni dövr ədəbiyyatımızın ən parlaq nümayəndəsidir. Vaqifin dili Füzulinin dili demək deyil, müasir Azərbaycan dili deməkdir. Şuşanın əsl qiymətini Prezident İlham Əliyev verdi”.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva şuşalıların 30 il bu şəhərin həsrətini çəkdiyini, ancaq heç zaman ümidlərini itirmədiyini söyləyib. Qələbəyə, azad Şuşaya görə Azərbaycan xalqının hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqlarını dilə gətirib. V.Fətəliyeva həmçinin Qarabağ xanı İbrahimxəlil xanın Şuşada tikdirdiyi kitabxananın bölgədə ən zəngin kitabxana olduğunu, Şuşanın mədəniyyət və incəsənət xadimlərinin yetişməsində də bu elm ocağının əhəmiyyətli rolundan söz açıb.

“Xan Şuşinski. Biblioqrafiya” nəşrinin ön söz müəllifi, Xalq artisti Sərdar Fərəcov muğam sənətimizdə iz qoyan sənətkarlardan bəhs edib. Dedi ki, Azərbaycan muğamının gözəlliyi, möhtəşəmliyi haqqında söz açılanda onun görkəmli ifaçıları yada düşür: “Bu ifaçılar arasında elə xanəndələr olub ki, onların oxuduqları muğam onların adları ilə qoşa çəkilib. Məsələn, “Zabul Qasım”, “Segah İslam” və ya şəkili Ələsgərin “Rəhabı”, Məşədi Məmməd Fərzəliyevin “Şüştər”i, Seyid Şuşinskinin “Çahargah”ı və sair. Lakin elə xanəndələr olub ki, onların ifasında bir yox, iki yox, bəlkə də bütün muğamlar və bu muğamların şöbələri ən xırda detalları ilə səslənib, dinləyicilərin ürəklərini fəth edib. Belə xanəndələrdən biri də Xalq artisti Xan Şuşinski idi. O, hələ sağlığında Azərbaycan xalqının ən sevimli sənətkarı olub, adı əfsanələşib, dillərə düşüb, muğam kimi qədim bir sənətin rəmzinə çevrilib. Bu kitabla yaxından tanış olduqca görürük ki, dahi şəxsiyyətlərin həyatı heç də adi olmayıb. Onların ömrü sonradan dastana çevrilib”. 

Xan Şuşinskinin qızı, muğam ustadının adını daşıyan fondun rəhbəri  Bəyimxanım Cavanşirova-Verdiyeva layihənin əhəmiyyətdən söz açaraq ailəsi adından təşəkkürünü bildirib: “Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Qarabağ torpaqlarını bizə qaytararaq adını dövlətçilik tariximizə əbədi yazdıran Prezident İlham Əliyevin Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı, daha sonra 2022-ci ili “Şuşa İli” elan etməklə elə bil dünyanı bizə bağışladı. O, bununla ulu öndərin vəsiyyətini yerinə yetirdi, bir övlad kimi onun qoyduğu yolu davam etdirdi. Prezident bu ili “Şuşa İli” adlandırmaqla beynəlxalq miqyasda sübut etdi ki, həqiqətən də, Şuşa tarixi, əzəli-əbədi Azərbaycan şəhəridir”.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxana tərəfindən hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı kitab sərgisi ilə tanış olublar.

 

Fevralın 5-i dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günüdür.

Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Qeyd edilib ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (N.Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərinə, bir sıra teatr tamaşalarına musiqi yazıb.

Bəstəkar “Vətən” operasının (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Bəstəkarın A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətinin gözəl nümunələridir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verən Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.

Bazar ertəsi, 07 Fevral 2022 13:00

Günün fotosu: İslandiya balina ovunu dayandırır

 

İslandiya 2024-cü ildən balina ovunu rəsmən dayandırır. Buna səbəb heç də hansısa humanizm deyil amma. Yaponiyanın kommersiya məqsədi ilə balina ovlamaqla dünya bazarının təminatını tam ödəməsi İslandiya balina ovçularını bazarsız qoyub. 

 

Foto: Euronews

Bazar ertəsi, 07 Fevral 2022 12:30

Misirdə ətir saçan Azərbaycan çiçəkləri

 

Həmyerlimiz, istedadlı karikaturaçı-rəssam Soltan Soltanlı ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının iki yeni xəbəri var. 

 

Öncə ondan başlayaq ki, Malayziyada nəşr olunan "Rossem Cartoon House" sənət dərgisinin fevral sayında Soltan Soltanlının bir əsəri yer alıb.

İkinci xəbər: Misirdə "Çiçəklər" mövzusunda keçirilən 1-ci Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Soltanın bir əsəri sərgidə yer alıb.

Şəkildə Soltanın “Çiçəklər” karikaturasını görürsünüz.

Bazar ertəsi, 07 Fevral 2022 12:00

“Cəza” monotamaşası nümayiş olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşasını fevralın 6-da teatrsevərlərə təqdim edib.

 

Bu psixoloji oyun dramında baş rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.