Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının rəhbəri professor Həməd bin Əbdüləziz Əl-Kavari Nizami Gəncəvi irsinin təbliğində və tanıdılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı” ilə təltif edilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov xatirə nişanını dövlət nazirinə təqdim edib.
Qətərin dövlət naziri Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O əlavə edib ki, ötən ay Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabının ərəb dilinə tərcümə olunaraq çap edilmiş nəşrinin təqdimatı böyük maraqla qarşılanıb.