Super User
Adel 3 nominasiyada Brit Awards mükafatlarını qazanıb
Dünən Britaniyanın məşhur Brit Awards mükafatlarının təqdimetmə mərasimi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, Adel eyni zamanda İlin musiqiçisi, İlin mahnısı və İlin albomu – 3 prestijli mükafata yiyələnib.
Ömrünün hər ilini bir albom buraxan və bu albomları yaşı ilə adlandıran Böyük Britaniyanın ifaçısı 2021-ci ildə 30 yaşında “30” albomunu buraxıb bu albomla mütləq rekord qoydu: altı həftə ərzində "30" albomunu 600 min nəfər aldı, o, HIT-paradların əvəzsiz lideri olaraq qaldı.
Üç yeni mükafatla Adele Brit Awards mükafatları tarixində ən titullu sənətçilər siyahısında ikinci yerə yüksəldi. İndi onun hesabında 12 mükafat var, birincilik isə 13 mükafatla Robbi Uilyamsdadır.
Təqdimetmə mərasimində ictimaiyyətə müraciət edən Ade, zəfərini oğluna və keçmiş ərinə həsr etdiyini söylədi. Qeyd edək ki, "İlin musiqiçisi" adı uğrunda Adellə yanaşı daha 4 ifaçı - onların arasında Ed Şiran da var idi - mübarizə aparırdı. Ed Şiran ən yaxşı mahnı müəllifi kimi tanıyırlar.
Britaniyanın Səsyazma Sənayesi Assosiasiyası 2022-ci ildən laureatların gender mənsubiyyətini dəqiqləşdirmir və "ifaçı" və "musiqiçi" neytral terminləri ilə kifayətlənir. Yəni, kişi və qadın bölgüsü daha aparılmır.
Azərbaycan Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda qonaq ölkə statusunda iştirak edəcək
Azərbaycan Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda qonaq ölkə statusunda iştirak edəcək.
AzərTAC xəbər verir ki, forumun rəhbəri Yeqor Moskvin bunu Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşündə bildirib. Forumda Azərbaycandan başqa Almaniya və Fransa da qonaq ölkə statusunda iştirak edəcək. Yeqor Moskvinin sözlərinə görə, mədəniyyət forumunun dörd əsas istiqamətdə - incəsənət, muzeylər və mədəni irs, kino, həmçinin kreativ sənaye istiqamətlərində təşkil olunması nəzərdə tutulur.
RF mədəniyyət naziri Olqa Lyubimova ölkələr tərəfindən foruma həm rəsmi şəxslərin, həm də intellektual və yaradıcı elitanın göndərilməsinin mühümlüyünü qeyd edib. Nazir deyib: “Postpandemiya reallıqları forumun gündəliyinin əsasını təşkil edə bilər. Bizim qurumlar əldə olunan təcrübə və perspektivlər barədə söhbət aça, əcnəbi həmkarları ilə onların ölkəsində baş verən dəyişiklikləri müzakirə edə bilərlər”.
Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunun cari ilin 10-12 noyabr tarixlərində keçirilməsi planlaşdırılır.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri təltif olunub
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 27.12.2021-ci il tarixli 1532 saylı Fərmanı ilə yubiley medalı ilə təltif etmək səlahiyyətlərini Dövlət Gömrük Komitəsi daşıyır.
Qənirə Paşayeva özünün facebook hesabında yazır: “Mənim təltif edilməyim barədə qərar qəbul edən Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə, Komitənin bütün əməkdaşlarına təşəkkür edir, ölkə iqtisadiyyatının çiçəklənməsi yolunda uğurlar diləyirəm.
Özəlliklə vurğulamaq istərdim ki, ali dövlət rəhbərliyinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq, Gömrük Komitəsi şəhid ailələri üzvlərinin, qazilərimizin işlə təminatı sahəsində fəal mövqe tutan dövlət qurumlarımızdandır. Bu mövzuda Milli Məclisin Mədəniyyət Komitəsinə edilən müraciətlər əsasında Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubların, demək olar, hamısı müsbət cavablandırilmışdır. Komitənin rəhbərliyinə belə nəcib, xeyirxah qərarlarına gorə bir daha təşəkkür edirik.”
Bu gün Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzinin "Vokal musiqisi axşamları" layihəsi çərçivəsində Əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin konserti keçiriləcək. Bu layihədən əldə edilən vəsait "YAŞAT" Fonduna köçürüləcək.
Qeyd edək ki, BMM-nin "Vokal musiqisi axşamları", " Muğam axşamları", “Aşıq musiqisi axşamları" və sair layihələri musiqi irsimizin təbliğinə xidmət edir.
Türkiyənin mədəniyyət və turizm naziri Azərbaycan stendini ziyarət edib
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən “EMİTT 2022” - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Azərbaycan milli stendini ziyarət edib. Ziyarət zamanı türkiyəli nazir Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə görüşüb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Mehmet Nuri Ersoy milli stendlə tanışlıq zamanı Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin hazırkı inkişafını yüksək qiymətləndirib və gələcək prespektivdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Qeyd edək ki, fevralın 9-da Türkiyənin İstanbul şəhərində start götürən “EMİTT 2022” - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri təmsil olunur.
AzTV-nin “Şuşa İli”nə töhfəsi
Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar olaraq yeni layihəyə start verir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a verilən məlumata görə, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq.
İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.
Hər buraxılış mövzular üzrə işlənəcək: məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s.
Layihənin məqsədi erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir.
Azərbaycan Televiziyasının bu layihəsi “Şuşa İli”nə töhfələrdən biri olacaq.
Makinaçı fəlsəfə elmləri namizədi - Nüşabə xanım Vaqif Səmədoğlu barədə kitab yazıb
Bir neçə gün öncə Səməd Vurğunun Ev-muzeyində Nüşabə Babayeva-Vəkilovanın “Mən sənin yuxunam” adlı xatirələr kitabının təqdimatı oldu. Xalq şairi Vaqif Səmədoğlunun ömür-gün yoldaşının onun barəsində yazdığı bu kitab o qədər içdən, o qədər səmimi yazılıb ki, onu adi qaydada oxumaq olmur. Mütləq qüssəyə, kədərə batır, dünyanın ən tənha müdrik insanının keçirdiyi yaşantılarla baş-başa qalırsan.
O cür insanlar həmişə tənha olurlar, ətraf insanlarla dolu olduğu halda belə. Amma bir gün, gec də olsa, Allah onların cəftəsi paslanmış qapısını açır, o qapıdan o insanı təklikdən qurtaracaq birisi içəri daxil olur. Necə ki, Allah Vaqif Səmədoğlu üçün Nüşabə xanımı göndərdi.
Ayrıca onu da qeyd edək ki, bu son dərəcə oxunaqlı kitab “Parlaq imzalar” nəşriyyatında nəfis tərtibatla çıxıb.
“Ədəbiyyat və incəsənət” portalı məhz Nüşabə xanımın öz seçimində kitabdan kiçik bir fraqmenti oxucularına təqdim edir.
Münasibətlərdə vəfa, sədaqət, arxa – hər birimizin ehtiyac duyduğu hisslər. Sevginin ən əsas göstəricisi. İki insanın bir yerdə yaşaması, dil tapması mürəkkəb bir işdir. Yaradıcı insanla münasibət qurmaq, yaşamaq isə daha çətindir. Çünki onlar üçün həyatda ən əsas öz sənətləridir və ən gözəl hisslərini də onlar yaradıcılıqları vasitəsilə ifadə edirlər. Təbii, belə insanlardan özünü bütünlüklə ailəyə həsr etməsini tələb etmək düzgün olmazdı. Bir də, böyük sənətkarlarda eqoizm və fərdçilik xüsusiyyətləri daha qabarıq olur. Bu haqqı onlara istedadları verir.
Xoşbəxt o adamdır ki, ilk evliliyindən qarşısına ruhən ona doğma, onu duyan, başa düşən insan çıxsın. Yaradıcı insan üçün bu daha vacibdir.
Sənin yaradıcılığınla mən biz evlənəndən sonra tanış oldum. Sən ilk böyük kitabını – “Mən burdayam, İlahi...”ni nəşrə hazırlayırdın. Bloknotlarından müxtəlif illərdə yazdığın şeirləri yazı makinasına köçürürdün. İş çox ləng gedirdi. Sənə kömək etmək qərarına gəldim. Düzü, bunu necə qarşılayacağını bilməsəm də, Sən otaqda olmayanda yazı makinasının arxasına keçib, şeirlərini çap etməyə başladım. Arxaya baxanda gördüm ki, dirsəyini qapıya söykəyib gülümsəyirsən. İnamsız-inamsız soruşdum: “Mən şeirlərini çap eləyirəm, olar?”
Kövrək səsinlə: “Əlbəttə, olar. Mən ömrüm boyu rus yazıçılarına, xanımlarının onlara kömək etmələrinə həsəd aparmışam. Bu mənim çoxdankı arzum idi...”- söylədin.
O an gülən gözlərin sanki deyirdi: “Şükür, İlahi, bu günü də gördüm...”
Çox sonralar gündəliyində oxudum: “Jena – pomoşnik, jena pravaya ruka. Kakoe eto v suşnosti sçastye, ay Allah...” (1985) (Həyat yoldaşı köməkçidir, həyat yoldaşı sağ əlindir. Ay Allah, əslində, bu nə böyük xoşbəxtlikdir...)
İlk dəfə mən onda Sənin yaradıcılığına toxundum, Sənin dünyanla üz-üzə qaldım. Sənin dünyanı qəbul etdim, sevdim və bu aləmdə özümü tapdım. Böyük həvəslə şeirlərini yazı makinasına köçürür, kitablarını çapa hazırlayırdım. Baxmayaraq ki, fəlsəfə elmləri namizədi idim, işlədiyim elmi institutda plan işlərim də var idi, ancaq Sənin əsərlərini makinada yığmaq, tərtib etmək, nəşrə hazırlamaq mənə daha böyük zövq verirdi.
...Mənə sevib ayrılmağa bir qadın verin,
Ürəyimdə bir ayrılıq qəribsəyib,
Və bu ayrılıqdan bir şeir...
Azərbaycanda ilk polis serialı çəkilib
Yeni yaradılmış PS ssenari mərkəzinin ilk senarisi əsasında "İfşa: Çətin hədəf" adlanan ilk polis serialı çəkilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin yaradıcı heyəti imkanlar daxilində ən yaxşısını etməyə çalışıb. Xırdalıqlarına qədər qurulmuş əsl detektiv ortaya qoyulub. Ailə-məişət mövzulu seriallardan yorulmuşuq deyənlər üçün iki qat istirahət olacaq bu seriala baxmaq.
Filmin yaradıcı heyətini təqdim edirik:
Prodüsserlər: Ramiz Əliyev və Sevda Əliyeva;
Quruluşçu rejissor: Elvin Rüstəmzadə;
Ssenari müəllifləri: Pərviz Seyidli və Kamal Hüseynzadə;
Quruluşçu operator: Anar Dadaşov;
İkinci rejissor: Dilarə Vəliyeva;
Quruluşçu rəssam: Vüqar Qurbanov;
Bəstəkar: Azər Haciəskərli.
Filmin ssenari müəllifi Pərviz Seyidli öz facebook hesabında yazıb:
“Uşaq vaxtı evimizə oğrular girmişdi. Atam evdə yox idi. Anamın başından küt alətlə vurub yıxmışdılar. Bizim isə əl-qolumuzu bağlamışdılar. Oğrulardan biri əli ilə ağzımdan tutmuşdu. Əlindən “salyarka” iyi gəlirdi. O qoxu iyirmi ilə yaxın mənimlə oldu. Nə vaxt nədənsə həyəcanlananda həmin nöyüt iyi burnuma gəlirdi.
Bir il olar ki, təmiz çəkilib gedib o iy. Həmin cinayətkar dəstəni tutdular. Yeganə ev bizim ev idi qətl hadisəsi olmamışdı. Uşaqlığımın ən qəribə xatirələri bununla bağlıdır.
Polislər məni maşına mindirib gəzdirirdilər. Deyirdilər, gör, sizin evə girənlərdən kimisə gördünmü? Bir yaşlı, uzunsaç rəssam kişi var idi. Mənə dedi ki, gözlərini yum və evinizə girənlərin əlamətlərini bir-bir mənə de. Elə də etdim. Foto-robotlar hazır olanda uşaq həyəcanıyla gözlərimə inana bilmədim. Evimizə girənlərin şəkli qarşımdaydı.
Daha sonra məhkəmə oldu, məni ora da apardılar. Bir sözlə, uşaqlıq xatirələrimdə polis, cinayətkar mövzusu hər zaman diridir.”
Serialın komandasına uğurlu premyera arzilayır, serial industriyamıza yeni nəfəs gətirəcəklərinə əminlik ifadə edirik.
Xatırladaq ki, "İfşa: Çətin hədəf" serialı ATV telekanalı ilə nümayiş olunacaq.
Şəkillərdə: Filmdən fraqmentlər; ssenarist Pərviz Seyidli.
Məşhur Cem Yılmaz yazıçı ampluasında
Türkiyəli məşhur komediya ustası, aktyor, ssenarist, karikaturaçı rəssam və rejissor Cem Yılmazın son filmlərinin ssenarisi kitab halında nəşr edilib.
Türk mediası bildirir ki, məşhur komediya ustası Cem Yılmazın “Karakomik filmler” seriyasının ssenarisi kitab halında işıq üzü görüb. Seriyanın ssenariləri və ssenari qeydlərinin yer aldığı kitablar “İnkılap Kitapevi” nəşriyyatı tərəfində nəşr edilib.
Qeyd edək ki, iki ayrı kitab halında nəşr olunan seriyanın ilk kitabında “2 Arada” və “Kaçamak”, ikinci kitabda isə “Deli” və “Emanet” filmlərinin ssenarisi yer alıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat yayıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı alqışlaması barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:
“Məlum olduğu kimi, Ermənistan ərazisində əsrlər boyu yaşamış Azərbaycanlılara məxsus zəngin tarixi-mədəni-dini irs nümunələri mövcud olmuşdur. Hələ 1869-cu ildə Qafqaz Rusiya qubernatorluğunun dərc etdiyi “1870-ci il üçün Qafqaz təqvimi” adlı sənəddə verilən statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olmuşdur. Məscidlərdən savayı, bu siyahıya həmçinin, İrəvanda xanın sarayı, İrəvan qalasının divarları, ümumilikdə hazırkı Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamam, karvansaray, türbə, qəbiristanlıq və s. əlavə etmək olar.
Ümid edirik ki, UNESCO-nun qarşıdan gələn missiyası Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından əhəmiyyətli olacaqdır.”