Yeni yaradılmış PS ssenari mərkəzinin ilk senarisi əsasında "İfşa: Çətin hədəf" adlanan ilk polis serialı çəkilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin yaradıcı heyəti imkanlar daxilində ən yaxşısını etməyə çalışıb. Xırdalıqlarına qədər qurulmuş əsl detektiv ortaya qoyulub. Ailə-məişət mövzulu seriallardan yorulmuşuq deyənlər üçün iki qat istirahət olacaq bu seriala baxmaq.
Filmin yaradıcı heyətini təqdim edirik:
Prodüsserlər: Ramiz Əliyev və Sevda Əliyeva;
Quruluşçu rejissor: Elvin Rüstəmzadə;
Ssenari müəllifləri: Pərviz Seyidli və Kamal Hüseynzadə;
Quruluşçu operator: Anar Dadaşov;
İkinci rejissor: Dilarə Vəliyeva;
Quruluşçu rəssam: Vüqar Qurbanov;
Bəstəkar: Azər Haciəskərli.
Filmin ssenari müəllifi Pərviz Seyidli öz facebook hesabında yazıb:
“Uşaq vaxtı evimizə oğrular girmişdi. Atam evdə yox idi. Anamın başından küt alətlə vurub yıxmışdılar. Bizim isə əl-qolumuzu bağlamışdılar. Oğrulardan biri əli ilə ağzımdan tutmuşdu. Əlindən “salyarka” iyi gəlirdi. O qoxu iyirmi ilə yaxın mənimlə oldu. Nə vaxt nədənsə həyəcanlananda həmin nöyüt iyi burnuma gəlirdi.
Bir il olar ki, təmiz çəkilib gedib o iy. Həmin cinayətkar dəstəni tutdular. Yeganə ev bizim ev idi qətl hadisəsi olmamışdı. Uşaqlığımın ən qəribə xatirələri bununla bağlıdır.
Polislər məni maşına mindirib gəzdirirdilər. Deyirdilər, gör, sizin evə girənlərdən kimisə gördünmü? Bir yaşlı, uzunsaç rəssam kişi var idi. Mənə dedi ki, gözlərini yum və evinizə girənlərin əlamətlərini bir-bir mənə de. Elə də etdim. Foto-robotlar hazır olanda uşaq həyəcanıyla gözlərimə inana bilmədim. Evimizə girənlərin şəkli qarşımdaydı.
Daha sonra məhkəmə oldu, məni ora da apardılar. Bir sözlə, uşaqlıq xatirələrimdə polis, cinayətkar mövzusu hər zaman diridir.”
Serialın komandasına uğurlu premyera arzilayır, serial industriyamıza yeni nəfəs gətirəcəklərinə əminlik ifadə edirik.
Xatırladaq ki, "İfşa: Çətin hədəf" serialı ATV telekanalı ilə nümayiş olunacaq.
Şəkillərdə: Filmdən fraqmentlər; ssenarist Pərviz Seyidli.